1905-1906-cı illərdə Rusiyada baş verən
iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər, Bakı, İrəvan, Yelizavetpol
(Gəncə) və Tiflis quberniyalarında dinc azərbaycanlılara qarşı kütləvi qırğınlar
törətmişlər. Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ və
Qazax-Gəncə istiqamətlərində yerləşən azərbaycanlı yaşayış məskənlərinin
əhalisini qırmaqla, qovmaqla və həmin ərazilərdə erməniləri məskunlaşdırmaqla
gələcəkdə qurmaq istədikləri “Böyük Ermənistan” dövlətinin əsasını qoymaq
istəyirdilər. XIX əsrin 90-cı illərində xarici dövlətlərin təhriki ilə Türkiyə
ərazisində baş qaldıran erməni üsyanlarının yatırılmasından sonra 400 mindən
artıq erməni (onların bir çoxu silahlı idi) cənubi Qafqaza
axışmışdı. [82] Qaçqın erməni ailələrini məskunlaşdırmaq üçün
erməni kilsəsi, erməni siyasi partiyaları və erməni ziyalıları birgə “çıxış
yolu” tapmışdılar: silah gücünə, kütləvi qırğınlar törətməklə azərbaycanlıları
öz tarixi-etnik torpaqlarından qovmaq, boşaldılan ərazilərdə erməni ailələrini
məskunlaşdırmaq. “Kaspi” qəzetinin müxbiri həmin dövrdə İrəvandan alınan
məktublar əsasında yazırdı ki, ermənilər İrəvan quberniyasından bütün
müsəlmanları sıxışdırıb çıxarmağı və sərbəst surətdə onların yerində Türkiyədən
gələn erməniləri məskunlaşdırmağı qərara alıblar [83] 1897-ci
il Ümumrusiya siyahıyaalmanın nəticələrinə görə, İrəvan quberniyasında mövcud
olan 1301 kənddən 959-da türklər, 342-də ermənilər məskunlaşmışdı. İrəvan
şəhərinin daxil olduğu İrəvan qəzasında mövcud olan 221 kənddən 151-də türklər,
55-də ermənilər, 15 kənddə isə ermənilərlə türklər qarışıq şəkildə yaşayırdılar.
Azərbaycanlı kəndləri üzük qaşı kimi İrəvan şəhərini əhatə edirdi. Ona görə də
ermənilərin törətdiyi qırğınlar İrəvandan başlayaraq ətraf bölgələrdə davam
etdirilmişdi.
1905-ci il fevralın əvvəlində Bakıda ermənilər tərəfindən bir nəfər
azərbaycanlının şəhərin mərkəzində qətl edilməsindən sonra o dövrün mətbuatında
“erməni-müsəlman qırğınları” adlandırılan kütləvi iğtişaşlar başlanmışdı. Erməni
siyasi partiyaları “Daşnaksutyun” və “Hnçak” partiyalarının terrorçu silahlı
dəstələrinin törətdikləri qırğınlara Çar Rusiyası administrasiyasının biganə
qalması qırğınların miqyasının genişlənməsinə səbəb olmuş, iğtişaşlar tezliklə
İrəvan şəhərinə də sirayət etmişdi.
Əsərlərini A-do imzası ilə çap etdirən erməni müəllifinin (onun əsl adı Hovanes
Ter-Martirosyandır) verdiyi məlumata görə, İrəvan
şəhərində birinci erməni-türk toqquşması 20-22 fevral 1905-ci
il tarixində baş vermişdir. Fevralın 20-də bazar günü səhər saat 10-da şəhərdə
ermənilər şayiə yayırlar ki, guya Qantar (Tərəzi) meydanında türklər erməniləri
doğrayırlar”. Şəhərdə böyük çaxnaşma yaranır. Bazardakı ermənilər şəhərin erməni
hissəsinə, türklər isə türklər yaşayan hissəsinə qaçışırlar, bir neçə saniyə
ərzində bazar tamamilə boşalır. Təxminən 15 dəqiqə davam edən atışmadan sonra
şəhər xəstəxanasına bir-birinin ardınca ölülər və yaralılar daşınır. Bir qədər
sonra ölən və yaralanların sayı 14-ə çatır.
Fevralın 21-22-də də qırğınlar davam etmişdir. A-donun məlumatına görə, İrəvan
şəhərində baş verən birinci toqquşma nəticəsində hər iki tərəfdən 54 nəfər
öldürülmüş və yaralanmışdır. Şəhərdə ticarətə 5 gün ərzində ara
verilmişdir. [84]
Erməni silahlı dəstələrinin növbəti hədəfi Naxçıvan qəzası olmuşdur. 1905-ci il
mayın 5-də erməni silahlılarının ermənilər yaşayan Şıxmahmud kəndinin
yaxınlığından keçən üç nəfər Cəhri kəndinin sakinlərini yaralamaları ilə
Naxçıvan qəzasında erməni-müsəlman qırğınları başlanmışdır. Qafqazın canişini
Voronsov-Daşkov iğtişaşların qarşısının alınması üçün general Maqsud
Əlixanov-Avarskini Naxçıvana göndərir. (M. Əlixanov-Avarski general Hüseyn
Naxçıvanskinin bacısının əri idi. Ona görə də “Daşnaksutyun” partiyası
Əlixanov-Avarskiyə ölüm hökmü çıxartmışdı. İkinci Qafqaz diviziyasının
komandanı olan general-leytenant Əlixanov-Avarski 1907-ci il iyulun 3-də
Gümrüdə erməni terrorçuları Dro, Kamo tərəfindən qətlə
yetirimişdi). Ermənilər Naxçıvan qəzasında azərbaycanlılardan layiqli
cavab aldıqdan sonra qınlarına çəkilmiş, qırğınların mərkəzini Şərur-Dərələyəz
və İrəvan qəzarlarına keçirməyə nail olmuşdular.
Naxçıvanda qırğınlar dayandırılan kimi, ermənilər İrəvanda yenidən qarışıqlıq
olacağı haqda xəbərlər yaymağa başlamışdılar. Qarşıdan gələn təhlükəni aradan
qaldırmaq üçün şəhərin erməni və müsəlman nümayəndələri yığışıb birgə tədbirlər
həyata keçirməyi qərara almışdılar. Quberniya rəhbərliyinin yardımı ilə hər iki
millətin nümayəndələrindən ibarət 22 nəfərlik sərəncamçı komissiya təşkil
olunmuşdu. Şəhərə nəzarət etmək üçün onu kvartallara bölmüş və hər bir kvartala
nəzarət etmək üçün bir neçə nüfuzlu erməni və müsəlman ayrılmışdı. Şəhər
polismeysterindən xahiş edilmişdi ki, komissiyaya yardım etsin və mühafizəni
gücləndirsin. [85]Lakin görülən tədbirlər İrəvanda
növbəti qırğınların qarşısının alınması üçün yetərli olmamışdı.
Mayın 23-26-da İrəvan şəhərində baş verən ikinci qırğınlar
miqyasına görə daha dəhşətli olmuşdu. İrəvan şəhərində baş verən qırğınlar,
ermənilərin törətdikləri qətl və qarətlər haqqında o dövrün qəzetlərindən
bəziləri doğru-dürüst xəbərlər vermişdilər. Nisbətən tərəfsiz qəzet hesab olunan
«Qafqaz» qəzetində verilən xəbərə görə, İrəvanda iğtişaşların davam etdiyi ilk
üç gün ərzində 31 nəfər – 9 erməni, 21 müsəlman, 1 aysor öldürülmüş, 24
erməni, 10 müsəlman, 1 yəhudi və 1 rus yaralanmışdır.
[86]
Mayın 26-da baş verən qırğınlar haqqında isə “Kaspi” qəzeti “Tiflisskiy listok”
qəzetinə istinadən yazırdı ki, bir tatarın (azərbaycanlının) evinə atılan
bombadan 24 nəfər ölüb və yaralanıb, tatarların məskun olduqları Təpəbaşı
məhəlləsində də bombalarla evlər partladılıb, çoxlu adam tələf olub, Zəngi
dərəsində də çoxlu həlak olanlar var. [87]
Erməni silahlı dəstələri İrəvan şəhərini üzük qaşı kimi əhatə edən azərbaycanlı
kəndlərinə silahlı hücumlar edərək onları yandırmış, əhalisinin böyük
əksəriyyətini məhv etmişdilər.
Üç aylıq
fasilədən sonra 1905-ci il sentyabrın 18-də
İrəvanda üçüncü erməni-müsəlman qırğınları başlanmışdır. İrəvan
quberniyasının general-qubernatoru prins Lui Napoleon Bonapartın (Fransanın
imperatoru Napoleon I Bonapartın nəslindəndir) sentyabrın 19-da İrəvandan
göndərdiyi teleqramda deyilirdi ki, sentyabrın 18-də gündüz saat 3-də 10 nəfər
müsəlman şəhərdən kəndə qayıdarkən şəhərətrafı bağların yanında orada olan
ermənilərdən biri atəş açmış, nəticədə bir nəfər tatar ölmüş, biri isə ölümcül
yaralanmışdır. Dərhal hadisə yerinə mühafizə növbətçisi, pristavın köməkliyi ilə
atlı qoşun hissələri gəlmiş, onlar bağda 5 ermənini həbs etmişlər. Saat 5-də
tutulmuş ermənilər şəhərə gətirilmiş, onların ətrafına erməni və müsəlman
dəstəsi toplaşmış, hay-küy salmağa başlamışlar. Atlı dəstəyə əmr verilmişdir ki,
toplaşan dəstəni dağıtsın, bundan sonra dəstə bazar və bulvar tərəfə
istiqamətlənib. Müsəlmanlardan birinin atəş açması ilə kütləvi atışma başlanıb.
İğtişaşlar zamanı 8 müsəlman, 2 erməni öldürülmüş, 3 müsəlman, 8 erməni
yaralanmışdır. [88]
General-qubernator Napoleonun iğtişaşların qarşısını qətiyyətlə alması
ermənilərə sərf etmirdi. Onlar hər vasitə ilə onun vəzifədən uzaqlaşdırılmasına
çalışırdılar. Qafqazın canişini ermənipərəst Voronsov-Daşkov üçüncü erməni-türk
qırğınlarının yatırılmasından bir müddət sonra Napoleonu general-qubernator
vəzifəsindən azad etmişdi.
Oktyabrın əvvəlində vəziyyət yenidən gərginləşmişdi. İrəvan quberniyasının yeni
general-qubernatoru qraf Vladimir Tizenhauzenin yanında İrəvan şəhərinin
səlahiyyətli nümayəndələrinin iştirakı ilə sakitliyin bərpa edilməsi və
qorunması üçün müvəqqəti komissiya yaradılmışdı. Komissiya üzvlərinə səlahiyyət
verilmişdi ki, milli ədavət nəticəsində ziyan çəkmiş sakinlərə vurulan ziyanın
miqdarını müəyyənləşdirsin və iki həftə ərzində həmin ziyanın qarşı tərəfdən
ödənilməsi üçün şəhər orqanları qarşısında məsələ qaldırsın. İrəvanın adlı-sanlı
ziyalılarından Pənah xan Makinski, Kərbəlayi Məmməd Əliyev, Ağa xan İrəvanski,
Mir Abbas Mirbabayev, Ələkbər bəy İsmayılov, Abbasqulu bəy Hacıbəylinski
komissiyanın üzvləri idilər. [89]
1906-cı il fevralın 20-də Tiflisdə Qafqazın canişini Voronsov-Daşkovun sarayında
erməni-müsəlman toqquşmalarına son qoymaq məqsədilə sülh konfransı keçirilir. O
dövrün mətbuatında “Erməni-müsəlman qurultayı” adlandırılan həmin konfransda
canişinliyin bütün heyəti, Tiflis, Yelizavetpol və İrəvan qubernatorları,
ermənilərin 28, müsəlmanların 29 nümayəndəsi, iki qazı və iki yepiskop iştirak
edir. İrəvan quberniyasının müsəlman nümayəndələrini Ağa xan İrəvanski,
Abbasqulu bəy Hacıbəylinski, şahzadə Şahqulu Mirzə təmsil edirlər.
[90]
Martın 7-dək davam edən həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy
Ağayev, Əlimərdan bəy Topçubaşov, Ədil xan Ziyadxanov və başqaları
«Daşnaksutyun» partiyasının niyyətlərini ifşa edir, onun Qafqazda törədilən
qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərir, rəsmi
hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta
yetirirlər. [91]
Tiflisdə keçirilən konfransın nəticəsi olaraq Erməni-müsəlman barışıq
komissiyası yaradılmışdı. Lakin toqquşmaların səngiməsindən bir qədər sonra
erməni silahlı dəstələri yenidən qırğınlara başlamışdılar. Erməni müəllifi
A-donun verdiyi məlumata görə, İrəvan
şəhərində dördüncü erməni-müsəlman toqquşması 1906-cı il mayın
27-də və iyunun 8-9-da baş vermişdir. A-Donun yazdığına görə, toqquşma mayın
27-də İrəvandakı Qantar (Tərəzi) meydanında başlayır. Atışma çox qısa davam
edir. Köməyə gələn qoşunlar qayda-qanunu bərpa edirlər. Lakin 36 nəfər ölü və
yaralı verdikdən sonra. Öldürülən 22 nəfərdən 13-ü erməni, 7-si türk, 1-i
molokan, 1-i yəhudi olmuşdur. 14 yaralının 7-si erməni, 4-ü türk, qalanı başqa
millətlərin nümayəndələri olmuşlar. A-donun məlumatına görə, iyunun 8-də
İrəvanda yenidən toqquşma başlasa da, qoşunların qəti tədbirlərə əl atması
sayəsində t5ezliklə yatırılır. Bu dəfəki toqquşmada hər iki tərəfdən 10 nəfər
öldürülür. Qətlə yetirilənlərdən 5-i türk, 3-ü erməni, 1-i kürd, 1-i yəhudi
olmuşdur. 19 yaralıdan isə 13-ü türk, 6-sı erməni olmuşdur. İyunun 9-da səhər
güclü atəşlə açılsa da, itki olmamışdı. [92]
M. S. Ordubadi 1905-ci ildə indiki Ermənistan ərazisində ermənilərin
törətdikləri soyqırımı belə səciyyələndirmişdir: «İrəvan mahalı bir yanar dağa,
vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi…»
[93]
Yalnız “Difai” partiyasının Gəncədə meydana çıxmasından, onun yerli şöbələrinin
yaranmasından və bu partiyanın üzvlərinin erməni terroruna qarşı eyni üsullarla
mübarizə aparmasından sonra qırğınlara son qoyulmuşdu.
XX əsrin əvvəllərində İrəvan şəhərində azərbaycanlı əhalinin sayı erməni
əhalisinin sayına təqribən bərabər idi (12,5 min nəfər). Lakin 1905-1906-cı
illərdə İrəvanda ermənilərin törətdikləri kütləvi qırğınlardan sonra əhalinin
etnik tərkibi ermənilərin xeyrinə dəyişmişdi. İmkanlı azərbaycanlıların bir
qisminin İrəvandan köçməsi şəhərdə azərbaycanlıların mövqeyini xeyli dərəcədə
zəiflətmişdi.
Araşırmaların nəticəsi göstərir ki, 1905-1906-cı illərdə sayları on min
silahlıdan artıq olan erməni birləşmələri Bakıda, İrəvan şəhərində və onun ətraf
kəndlərində, Eçmiədzin (Üçkilsə), Şərur-Dərələyəz və Naxçıvan qəzalarında,
Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının Gorus, Qapan ( Qafan) və
Qarakilsə (Sisyan) nahiyələrində, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax qəzalarında,
Tiflis şəhərində və Borçalıda kütləvi qırğınlar törətmiş, 200-dən artıq yaşayış
məntəqəsini viran qoymuşlar.
1905-1906-cı illər qırğınları
Nazim
Mustafa
tarix üzrə fəlsəfə doktoru