Birinci Dünya müharibəsi illərində Şərqi Anadolunu
ələ keçirmək üçün hücuma keçən Rusiya ordusunun tərkibində hərbi xidmət keçən
150 min erməni əsgəri var idi. Üstəlik, tərkibində təqribən 10 min könüllünü
birləşdirən 4 erməni drujinası da Eçmiədzin kilsəsinin xeyir-duası ilə Cənubi
Azərbaycan ərazisindən (Xoy, Urmiya, Səlmas əyalətləri üzərindən) və Qars
vilayəti üzərindən hərəkət edərək rus qoşunlarına qoşulmuşdu.
[94] Fürsətdən istifadə edən erməni silahlıları keçdikləri
yolların üzərindəki azərbaycanlı və türk kəndlərini darmadağın edir, əhalisini
ucdantutma məhv edirdilər.
1917-ci ilin noyabrında Rusiyada hakimiyyət çevrilişi nəticəsində rus
qoşunlarının silah-sursatı erməni komandirlərinə təhvil verərək Şərqi Anadoludan
geri çəkilməsindən sonra ermənilər qırğınların miqyasını daha da
genişləndirmişdilər. 1918-ci ilin fevralından etibarən türk qoşunları əks hücuma
keçərək erməni qoşunlarını Şərqi Anadoludan təmizləmişdi.
Ermənilərin və onların havadarlarının Birinci Dünya müharibəsi dövründə Şərqi
Anadoluda müstəqil erməni dövləti yaratmaq niyyətləri baş tutmamasından sonra
İrəvan quberniyası və ona bitişik ərazilərdə erməni dövləti yaratmaq ideyası
gündəliyə gəlmişdi.
Andranikin, Hamazaspın, Dronun, Njdehin komandanlığı altında geri çəkilən erməni
ordusu əvvəlcə Ərzurum və Qars vilayətlərində, sonra isə İrəvan quberniyasında
və Zəngəzurda müsəlmanlara qarşı əsl soyqırım həyata keçirmişdi. Şərqi
Anadolunun Rusiya işğalı dövründə qırğınlar törədilməsində iştirak edən
ermənilər də erməni qoşunları ilə bərabər Cənubi Qafqaza axışmışdılar. Həmin
dövrdə Türkiyədən gələn 350 min erməninin böyük bir qismi İrəvan quberniyasında
məskunlaşmış, nəticədə azərbaycanlıların vəziyyəti daha da ağırlaşmışdı.
1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının
İrəvan qəzasında 32, Eçimədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli
qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda
təqribən 135 min nəfər soydaşımız soyqırıma məruz
qoymuşdu. [95]
İrəvan quberniyasından olan qaçqınların problemi ilə məşğul olmaq üçün hələ
1918-ci ilin martında Cənubi Qafqaz (Zaqafqaziya) Seymi nəzdindəki Müsəlman
fraksiyasının qaçqınlar şöbəsi yaradılmışdı. Müsəlman fraksiyası Seym hökuməti
qarşısında məsələ qaldırmış, nəticədə İrəvan quberniyasında müsəlmanlara qarşı
edilən qırğınlara son qoyulması məqsədilə nümayəndə heyəti göndərilmiş,
araşdırmaların nəticələri Seymin iclasında müzakirə edilmiş, qaçqınların
vəziyyətinin müəyyən dərəcədə yüngülləşməsinə nail olunmuşdusa da, qırğınları
dayandırmaq mümkün olmamışdı.[96]
İrəvan quberniyasında yaşayan müsəlmanlara yardım etmək üçün Bakı Müsəlman
Xeyriyyə Cəmiyyətinin İrəvan şəhərində şöbəsi yaradılmışdı.
İrəvan quberniyasında azərbaycanlıların kütləvi qırğınlarının birinci
mərhələsi tarixi Azərbaycan torpaqlarında ilk dəfə müstəqil erməni
dövlətinin yaranması ərəfəsinə təsadüf edirdi. 1918-ci il mayın 26-da Cənubi
Qafqaz Seymi özünü buraxmış və Gürcüstan müstəqilliyini elan etmişdi. Müsəlman
Milli Şurasının mayın 27-də keçirilən iclasında Nəsib bəy Yusifbəyov bildirir
ki, Batum konfransında təmsil olunan Türkiyə nümayəndə heyətinin qənaəti belədir
ki, Cənubi Qafqaz müstəqilliyini qorumalıdır, onun birliyinin və həmrəyliyinin
qorunması üçün ermənilərə bir qədər torpaq güzəşt
olunmalıdır.[97]
1918-ci il mayın 28-də Azərbaycanın və Ermənistanın müstəqilliyi elan edilir.
Mayın 29-da Müsəlman Milli Şurasının iclasında İrəvanın siyasi mərkəz kimi
Ermənistana güzəşt edilməsi haqqında qərar qəbul edilir. Milli Şuranın İrəvandan
olan üzvləri bu güzəştə dərhal öz etirazını bildirirlər. Lakin qərar Milli
şuranın 28 üzvündən 16-sının razılığı, üç nəfərin bitərəf qalması və bir nəfərin
etiraz səsi ilə qəbul edilir. [98] Milli Şuranın iyunun 1-də
keçirilən iclasında Şuranın İrəvandan olan üzvləri Mir Hidayət Seyidov, Bağır
Rizayev və Nəriman bəy Nərimanbəyov İrəvanın Ermənistana güzəşt edilməsi
haqqında qərara yazılı şəkildə etirazlarını bildirsələr də nəticəsi olmur.
İrəvan quberniyasından alınan həyəcanlı xəbərləri yerində öyrənmək üçün
nümayəndə heyəti göndərmək qərara alınır. [99]
Şərqi Anadoluda türklərə qarşı kütləvi qırğınlar törədən erməni silahlı
dəstələrini təqib edən türk qoşunları 1918-ci ilin mayında Gümrü və Böyük
Qarakilsə şəhərlərini erməni dəstələrindən təmizləmişdi. Türk ordusu İrəvan
şəhərinin 7 kilometrliyindəki Uluxanlı stansiyasınadək gəlib çatsa da, şəhərə
daxil olmadan Naxçıvan istiqamətində hərəkət etmişdi. İyunun 4-də Batumda
Türkiyə ilə Ermənistan arasında imzalanan sülh və dostluq haqqında barış
müqaviləsinə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 10 min kv.km,
əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min müsəlman, 5 min
yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın
ərazisinə Novo-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının
dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil idi.
[100]
Milli Şuranın iyunun 13-də keçirilən iclasında ermənilərin müsəlmanlara qarşı
törətdikləri qırğınlar barədə İrəvandan gələn xəbərlər müzakirə edilir. İrəvan
quberniyası ərazisində ev-eşiyindən didərgin salınan və ac-yalavac dolanan
qaçqınların sayının 150 min nəfərə çatdığı, ermənilərin 206 kəndi dağıtdığı
bildirilir. Milli Şura İrəvan quberniyasındakı qaçqınlara maddi yardım
göstərilməsi üçün nümayəndə göndərməyi qərara alır. Həmçinin İrəvan quberniyası
ərazisində mövcud olan türk qoşunlarının komandanlığından xahiş edilmişdi ki,
qaçqınlara ərzaq yardımı etsin və onların öz yer-yurdlarına qayıtmaları üçün
Ermənistan hökumətinə təsir göstərsin. [101]
Andranikin komandanlığı altinda erməni silahlı dəstələrinin Zəngəzuru ələ
keçirməsi, Ermənistan hökumətinin Dağlıq Qarabağı mübahisəli ərazi hesab etməsi
Azərbaycan diplomatiyasını adekvat addım atmağa vadar etmişdi. Azərbaycanın
Gürcüstandakı diplomatik nümayəndəsi Ermənistanın Gürcüstandakı nümayəndəsinə
məktubunda Qarabağın mübahisəli zona hesab edilməsi haqqında Ermənistanın
iddiasının tərəflər arasında əldə olunmuş razılığın pozulması demək olduğunu,
Azərbaycan tərəfinin də İrəvan şəhərinə, İrəvan quberniyasının Eçmiədzin,
Novo-Bəyazid və İrəvan qəzalarının bir hissəsinə ərazi iddiası hüququnu özündə
saxladığını bildirmişdi. [102]
1918-ci il oktyabrın 30-da imzalanan Mudros sazişinə əsasən türk qoşunlarinin
Cənubi Qafqazdan geri çəkilməsindən sonra ermənilərin İrəvan quberniyası
ərazisində azərbaycanlılara qarşı kütləvi qarət-qırğınlarının ikinci
mərhələsi başlanmışdır. Azərbaycan hökuməti dekabrın sonlarında
Məhəmməd xan Təkinskini Ermənistanda diplomatik nümayəndə təyin edir.
Azərbaycanın İrəvanda diplomatik nümayəndəliyi fəaliyyətə başlayanadək İrəvan
quberniyası ərazisində ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq
təşkilatları, Azərbaycan mətbuatını və rəsmi dairələrini İrəvan Müsəlman Milli
Şurası, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti və İrəvan Quberniyası Həmyerliləri
Təşkilatı məlumatlandırırdı.
İrəvan Quberniyası Həmyerliləri Təşkilatının sədri Teymur xan Makinskinin 4
yanvar 1919-cu ildə göndərdiyi məlumatda deyilirdi ki, 1917-ci ilin dekabrından
1918-ci ilin iyun ayına – yəni türk qoşunlarının gəlişinədək İrəvan
quberniyasında erməni hərbi dəstələri tərəfindən 200-dən çox müsəlman yaşayış
məntəqəsi dağıdılmış, qarət edilmiş, yandırılmış, əhalisinin bir qismi
öldürülmüş, bir qismi də dağlara qaçaraq aclıqdan və soyuqdan məhv olmuşlar.
Onun məlumatına görə, erməni silahlı dəstələri Sürməli qəzasını bütünlüklə,
İrəvan, Eçmiədzin, Şərur-Dərələyəz qəzalarının bir hissəsini ələ keçirərək
Naxçıvan istiqamətində hərəkət edirlər. Təqsirsiz müsəlman əhalisi ya məhv
edilir, ya da öz kəndlərindən qovularaq dağ yolları ilə İrana qaçırlar ki, bu da
elə labüd ölüm deməkdir. Teymur xan Makinski zorla boşaldılmış müsəlman
kəndlərində Türkiyədən gələn erməni qaçqınlarının məskunlaşdığını
yazırdı. [103]
4 yanvar 1919-cu ildə parlamentin üzvləri Teymur xan Makinskinin, Məhərrəm
Mәhәrrәmovun, Әkbәrağa Şeyxülislamovun və İrəvan quberniyası ziyalılarının bir
qrupunun imzası ilə parlament sədrinə ünvanlanan müraciətdə deyilirdi ki, İrəvan
quberniyasında sırf müsәlmanlar ilә mәskun 500 min әһali özlərini Azәrbaycanın
ayrılmaz bir parçası hesab edir və arzu edirlәr ki, talelәri Paris sülһ
konfransında һәll oluncaya qәdәr asayiş içində yaşamalarına ermənilər mane
olmasınlar. Erməni qoşunlarının törətdikləri qırğınların miqyası sadalandıqdan
sonra parlamentdən xahiş edilirdi ki, İrәvan müsәlmanlarının mövcudiyyətinin
müһafizәsi üçün lazım gәlәn tәdbirlər görülsün.[104]
İrəvan quberniyası müsəlmanlarının nümayəndələri adından 1919-cu ilin yanvar
ayında Mir Hidayət Seyidovun Azərbaycan hökumətinin başçısına ünvanlanmış
müraciətində isə qeyd edilirdi ki, Ermənistan hökuməti erməni qaçqınlarını silah
gücünə qovulmuş müsəlmanların məskun olduqları ərazilərdə məskunlaşdırır. Məqsəd
ondan ibarətdir ki, mümkün olan qədər müsəlmanları məhv edərək bütün qəzalardan
onları təmizləsinlər ki, Paris konfransında həmin ərazilərin ermənilərə
məxsusluğunu sübut edə bilsinlər. [105]
Müttəfiqlərin Cənubi Qafqazdakı qoşunlarının komandanı general A. Tomsonun
ermənipərəst mövqeyi erməniləri yeni-yeni əraziləri ələ keçirməyə
iştahlandırırdı. 1919-cu il mayın 28-də Ermənistan Parlamenti Türkiyənin 6
vilayətinin Ermənistana ilhaq edilməklə “Birləşmiş Ermənistan” dövlətinin
qurulması haqqında akt qəbul edir. “Birləşmiş Ermənistan”a Ermənistan
hökumətinin Azərbaycana qarşı iddia etdiyi ərazilər də daxil edilmişdi.
4 iyun 1919-cu ildə Azərbaycan xarici işlər nazirinin müavini A.Ziyadxanov
Ermənistandakı diplomatik nümayəndə M.Təkinskiyə göndərdiyi məktubda Fövqəladə
Parlament Komissiyasının yaradılacağını bildirmiş və həmin Komissiya üçün İrəvan
quberniyasında ermənilərin törətdikləri qırğınlar barədə məlumat toplamağı
tapşırmışdı. Azərbaycan hökuməti İrəvan quberniyası ərazisində azərbaycanlılara
qarşı qırğınların dayandırılması üçün intensiv surətdə Ermənistanın müvafiq
qurumları ilə əlaqə saxlayırdı. Ermənistan hökuməti isə diplomatik yazışmalarla
baş qataraq işğalçılıq siyasətini davam etdirirdi. Arxiv sənədləri sübut edir
ki, ermənilər bircə gün də olsun İrəvan quberniyasında azərbaycanlılara qarşı
qətl və qarət hərəkətlərini dayandırmamışlar.
“Azərbaycan” (rusca) qəzeti 29 iyun-1 iyul 1919-cu il tarixlərində dərc edilmiş
“Ermənistanda müsəlmanların vəziyyəti” məqaləsində İrəvan şəhərinin azərbaycanlı
əhalisinin faciəli vəziyyət haqqında yazırdı: “Ermənistan Respublikasında
müsəlmanların vəziyyəti faciəvidir. İrəvanda gözəl evlərin və bağların böyük
əksəriyyəti müsəlmanlara məxsus idi… Türk qoşunları İrəvana yaxınlaşdığı
zaman şəhərin müsəlman əhalisi nədənsə qorxaraq şəhəri tərk etmişdi. Onların
malına, mülkünə Türkiyədən olan erməni qaçqınlar sahib çıxmışdılar. Ermənistan
hakimiyyətini qəbul edən müsəlmanlar şəhərə geri qayıdarkən yollarda erməni
silahlıları tərəfindən tamamilə qarət edilmişdilər… Varlı bağlara, gözəl
evlərə malik müsəlmanları erməni qaçqınları öz evlərinə buraxmadıqlarından
qışdan bu yana məscidlərdə sığınacaq tapmışlar… Ermənistan hökuməti
minlərlə qarət edilmiş, ac-yalavac, xəstə müsəlmanları açıq havada yaşamağa
məcbur edir…
Müsəlmanların çəkdiyi işgəncələri təsvir etmək çətindir. Çoxları buna dözmür və
dəli olurlar… Müsəlmanların evlərini zəbt edən ermənilər, onlardan külli
miqdarda vəsait aldıqdan sonra evlərini qaytarır və müsəlmanlar bundan sonra
sığındıqları məscidlərdən evlərinə qayıda bilirlər.
Ermənistan hökuməti qəsdən və düşünülmüş surətdə erməni qaçqınlarını müsəlman
məhəllələrində və evlərində məskunlaşdırır… [106]
“Azərbaycan” qəzeti (rusca) 9 iyul 1919-cu ildə “İrəvan və Qarabağ” məqaləsində
isə yazırdı: “Daşnakların İrəvan quberniyasında müsəlman əhaliyə qarşı törətdiyi
cinayətlər cəzasız qalıb və nə ictimaiyyətə, nə də mətbuata bəllidir. 1918-ci
ilin martında “Bütün müsəlmanlara ölüm” məqsədini elan edən daşnaklar tərəfindən
İrəvan quberniyasının Sürməli qəzasının bütün müsəlman kəndləri məhv edilmiş və
yandırılmışdır. Qəzanın sakinləri ucdantutma məhv edilmişdir. Quluna, Yaycı,
Oba, Qazıqışlaq, Amarat kəndlərinin demək olar ki, bütün əhalisi doğranmışdır.
Möcüzə nəticəsində qurtulan 6000 nəfər Dizə kəndinə toplaşırlar ki, Araz
çayından keçib İrəvan qəzasına gəlsinlər. Erməni qoşunları bu kəndi mühasirəyə
alıb, əhalini qırırlar. Bədbəxt qurbanların qanını məscidin hovuzuna
axıtmışlar…Sürməli qəzasında daş-daş üstə qalmayıb…
Digər qəzaların – Novo-Bəyazid, Eçmiədzin və İrəvan qəzalarının müsəlmanlarının
vəziyyəti daha acınacaqlıdır. Bu qəzalarda qırğınlar daha qeyri-insani həyata
keçirilmişdir. Burada süngülərlə hücum və bombardman edilməkdə əsl müharibə
gedib. Ermənilərin hücumlarının qarşısı qəhrəman oğulların sayəsində “Qurd
qapısı”nda alınması sayəsində yalnız Şərur və Naxçıvan salamat qalmışdır…
İrəvanın və qəzaların kütləvi surətdə Qarsa köçən müsəlman əhalisinin vəziyyəti
ermənilərin ora gəlməsindən sonra daha da ağırlaşıb. Onlar (yəni
azərbaycanlılar) Anadolu dağlarında sığınacaq axtarmağa məcburdurlar.
Görünür, azsaylı erməni xalqına İrəvan quberniyasında müsəlman əhaliyə törətdiyi
dəhşətlərin miqyası kiçik gəlir. Xaricdən aldıqları köməklə daşnaklar İrəvan
faciəsini Qarabağda da törətməyə çalışırlar.
Azərbaycandakı ermənilərin vəziyyəti ilə İrəvandakı müsəlmanların vəziyyətini
müqayisə etmək maraqlı olardı. Ermənilər bizim respublikamızda tamhüquqlu
vətəndaşdırlar. Onlar bütün vətəndaş azadlıqlarından istifadə edirlər,
parlamentdə və hökumətdə təmsil olunublar, onların övladlarının təhsili üçün
dövlət külli miqdarda vəsait xərcləyir, heç kim onlara toxunmur, onlar digər
quberniyalarda özlərinə sığınacaq axtarmırlar. İrəvan müsəlmanlarının isə bir
hissəsi məhv edilmiş, bir hissəsi səpələnmişlər və özlərinə heç yerdə sığınacaq
tapa bilmirlər.” [107] Bu məqalə Azərbaycanda yaşayan
ermənilərlə Ermənistan Respublikasında yaşayan azərbaycanlıların fərqini əyani
şəkildə ifadə edirdi.
Azərbaycan Parlamenti 17 iyul 1919-cu il tarixli iclasında Zəngəzur qəzasından
və İrəvan quberniyasından olan qaçqınların vəziyyəti ilə bağlı məsələ müzakirə
etmişdir. Bağır bəy Rizayev bir il əvvəl İrəvanda 22 min müsəlman yaşadığını və
onların çoxunun şəhəri tərk etdiklərini, son vaxtlar isə tək-tək qayıdanların
evlərini və əşyalarını dağıdılmış gördüklərini söyləyir. O, erməni hökumətinin
müsəlman qaçqınlarına kömək etmədiyini bildirir. Qarabəy Qarabəyov deyir:
“Erməni aclarına, erməni hökuməti tərəfindən və Amerika heyətindən güclü taxıl
gətirilib verilib. Amma oradakı müsəlmanların hamısı başdan-başa ac, paltarsız
qapıdan-qapıya dolanırlar. Halları xeyli pisdir… Ermənistanda müsəlmanlar
üçün bu cür yaşamaq mümkün deyildir… Müsəlman kəndlərində olan
müsəlmanları çıxarıblar. İrəvan aclar ilə doludur. Xahiş edirlər ki,
(xeyriyyə təşkilatları nəzərdə tutulur) onlar kəndlərinə gedib ot ilə,
ələfiyyat ilə yaşasınlar. Amma onları kəndə buraxmayıb deyirlər ki, kənddə 45 ev
varsa, hamısı ermənilər ilə dolub, artıq müsəlman gələ bilməz. Xülasə, rəsmi
xəbərlərə görə, ermənilər müsəlmanlar olmazın zülmlər edirlər. Qabaqda da
ediblər. Qəbiristanlığın daşlarını belə çıxarıb, dağıtmışlar. Məscidlərin
qapısını, pəncərəsini çıxarıb aparıblar. Damını uçurub orada rəzalətlər
yapırlar.” Sultan Məcid Qənizadə isə Ermənistan hökumətinin əsl simasını açaraq
deyir: “Orada qardaşlarımızı kəsirlər, öldürürlər. Məqsədləri odur ki,
müsəlmanlardan bir dənə qalmasın. Ata-baba yerlərindən tərk olsunlar…”
[108]
Himayəçilik Nazirliyinin Ermənistandakı müvəkkili Teymur xan Makinskinin 11
noyabr 1919-cu ildə Himayəçilik Nazirliyinə göndərdiyi məruzəsində Ermənistan
hökumətinin əsl siması açılırdı: “1918-ci ilin fevralından davam edən qırğınlar
nəticəsində 0,5 milyon əhali dilənçi vəziyyətinə düşüb. (Naxçıvan qəzasından,
Şərur məntəqəsindən, Sürməli məntəqəsinin 2-3-cü polis sahələrindən və
Zəngibasar rayonundan başqa). Həmin ərazilərdə müsəlman əhali hər şeyini itirib.
Dağıntıya məruz qoyulan rayonlarda əhali 200 min nəfərdən artıqdır. Onlar
xəstəlikdən və aclıqdan məhv olurlar, dəfələrlə talanlara və qırğınlara məruz
qalıblar. Bu kateqoriyaya İrəvan şəhərinin müsəlmanları, Zəngibasarın Göykümbət,
Arbat, Ağcaqışlaq və Çarbax kəndləri aiddir. Qəti demək olar ki, ölənlərin sayı
100-120 min nəfərdir. 50 min nəfər Azərbaycana qaçqın kimi gəlib. Təqribən bir o
qədər İrəvanda, Zəngibasar rayonunda, Sürməli qəzasının 2 məntəqəsində və
Eçmiədzində yaşayırlar. Qalan qaçqınlar Naxçıvan qəzasına, Şərur məntəqəsinə,
Sürməli qəzasının 3-cü sahəsinə və Qars vilayətinin Qağızman dairəsinə
sığınıblar. Bəziləri Maku xanlığına və Türkiyə ərazisinə köçüblər. İndiki
məqamda 50 min nəfərə ərzaq yardımı (un, taxıl və çörək şəklində)
göstərilməlidir. İrəvan şəhərində aclıq keçirən əhalinin sayı 8 min nəfərdir.”
[109]
1919-cu il dekabrın 20-də Tiflisdə İrəvan quberniyası və Qars vilayətindən gələn
qaçqınların söylədiklərinə əsasən tərtib edilən protokolda qeyd olunurdu ki,
Araz və Tarasum çaylarının digər sahilində, Uluxanlı stansiyasından 17 verst
məsafədə, daha təhlükəsiz yerdə mal-mülkü talan edilmiş və tamamilə yandırılmış
50 min qaçqın toplaşmışdır. Bundan əlavə, Azərbaycanın İrəvandakı
nümayəndəliyinin sərəncamında 14 nəfər əməkdaşın çalışdığı, onların da
vəzifəsinin İrəvandakı qaçqınları himayə edərək, onları Azərbaycana göndərməkdən
ibarət olduğu, lakin İrəvandan 20 verstdən artıq uzaq məsafədə olan qaçqınların
isə taleyin hökmünə buraxıldıqları da protokolda qeyd
edilmişdi. [110]
Azərbaycan Parlamentinin 5 yanvar 1920-ci ildə keçirilən iclasında qaçqınların
məsələsi müzakirə edilmiş, Ermənistandan 300 min qaçqının gəldiyi qeyd
olunmuşdur. [111]
Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyindən Mir Mahmud Mirbabayevin
25 yanvar 1920-ci ildə Azərbaycan XİN-ə göndərdiyi məxfi məktubunda göstərirdi
ki, İrəvan şəhərində müsəlmanların vəziyyəti daha ağırdır: müsəlman mağazaları
yoxdur, evlər dağıdılıb, təhlükəsiz yaşayış üçün heç bir zəmanət
yoxdur.” [112]
1920-ci ilin aprelində Azərbaycanda bolşeviklərin hakimiyyəti ələ almasından
sonra yaranmış fürsətdən istifadə edən daşnak hökumətinin azərbaycanlılara qarşı
törətdikləri qırğınlar yeni mərhələyə qədəm qoyaraq daha kütləvi və kəskin
xarakter almışdı.
1919-cu ildə 29 min əhalisi olan İrəvan şəhərində 14 min nəfər, Eçmiədzin
qəzasında isə 6 ay ərzində 4 min nəfər aclıqdan həlak olmuşdu Təbii ki, aclıqdan
həlak olanların mütləq əksəriyyəti azərbaycanlılar olmuşdular. Çünki həmin
dövrdə azərbaycanlılar evlərindən bayıra çıxa bilmədiklərindən ölümə məhkum
edilmişdilər. Halbuki, həmin dövrdə Ermənistanda doktor Yarrounun sədrliyi ilə
Amerikanın Ermənistana Yardımı Komitəsi fəaliyyət göstərirdi.
İrəvan şəhərində azərbaycanlıların bir qisminin erməni qırğınlarından canlarını
salamat qurtarmalarının başlıca səbəbləri onların kompakt şəkildə (şəhərin
Dəmirbulaq, Təpəbaşı, Qala şəhər və Köhnə şəhər hissələrində) məskun olmaları,
Azərbaycanın diplomatik nümayəndəliyinin, Azərbaycan Himayəçilik nazirliyinin,
Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin İrəvan şəhərində fəaliyyət göstərən
nümayəndələrinin mümkün qədər nəzarətləri olmuşdu. Yerlərdə isə belə nəzarət
olmadığından erməni silahlı dəstələri azərbaycanlılara qarşı qətl və qarətləri
istədikləri şəkildə həyata keçirirdilər.
Ümumiyyətlə, 1918-1920-ci illərdə erməni silahlı dəstələri tərəfindən Şamaxı
qəzasında 58, Quba qəzasında 112, Gəncə quberniyasında 323 (o cümlədən,
Zəngəzurda 166, Qarabağda 157), İrəvan quberniyasında 300, Qars vilayətində 82
yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə
yetirilmiş, bir milyona yaxın əhali öz tarixi-etnik torpaqlarından didərgin
salınmışdır. Ümumiyyətlə, 1905-1920-ci illərdə təkcə indiki Ermənistan
ərazisində 500-dən artıq azərbaycanlı kəndləri dağıdılmış, onların böyük
əksəriyyəti erməni yaşayış məntəqəsinə çevrilmişdi.
1916-cı ildə İrəvan quberniyasında 373582 nəfər azərbaycanlının yaşadığı təsbit
edildiyi halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmisi 12 min nəfər
azərbaycanlı qeydə alınmışdı.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlıların az bir qismi
öz evlərinə qayıda bilmişdi. 1922-ci ildə İrəvanda cəmisi 5124 azərbaycanlı
yaşadığı halda, ermənilərin sayı 40396 nəfərə çatmışdı. Başqa sözlə,
1918-1920-ci illərdə Azərbaycanlılar 2,5 dəfə azalmış, ermənilərin sayı isə
təqribən 4 dəfə artmışdı.
1918-1920-ci illərdə Ermənistanda azərbaycanlılara qarşı sözün həqiqi mənasında
soyqırım törədildiyi qənaətinə gəlmək üçün arxivlərdə və həmin dövrün
mətbuatında kifayət qədər faktlar mövcuddur.
Ermənilərin XIX-XX əsrlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırım və
deportasiya aksiyalarına hüquqi-siyasi qiymət vermək məqsədiliə Azərbaycan
Respublikasının prezidenti 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı
haqqında” fərman imzalamış və bütün soyqırım faciələrini yad etmək məqsədilə 31
mart Azərbaycanlıların Soyqırım günü elan edilmişdir.
1918-1920-ci illər soyqırımı
Nazim
Mustafa
tarix üzrə fəlsəfə doktoru