Ermənilər tarixi Azərbaycan torpaqlarına haradan və nə vaxt gəlmişlər?
XX əsrin sonlarında SSRİ adlanan
imperiyanın dağılması ilə tarixşünaslıq elmində mövcud olan bir sıra
stereotiplər və saxta konsepsiyalar da aradan qalxmışdır. Sovet hakimiyyəti
illərində indiki Ermənistan ərazisinin tarixini yazmaq bir qayda olaraq
ermənipərəst və erməni tədqiqatçıların monopoliyasında olmuşdur. Onlar da
uydurma “Qədim Ermənistan”, “Böyük Ermənistan” konsepsiyalarını müdafiə edərək,
həmin ərazidə yaşamış yəhudilərin, yunanların, urartuluların, aysorların,
farsların, gürcülərin, albanların, xüsusən də qədim türklərin və onların
xələfləri olan azərbaycanlıların tarixini ermənilərin xeyrinə saxtalaşdırmaq
yolunu tutmuşlar. Halbuki, dünya tarixşünaslığında hazırda erməni
adlandırdığımız hayların tarixi qədər qarmaqarışıq və saxta tarixə rast gəlmək
mümkün deyil. Tarixləri qədər, onların etnogenezi də ziddiyyətli və dolaşıqdır.
Bunu bir çox insaflı erməni alimləri və Avropa tədqiqatçıları da etiraf
etmişlər.
Erməni xalqı kimi, erməni dilinin də hibrid olmasını məşhur dilçi alim Manuk
Abeğyan da təsdiq etmişdir. [1]
İlk mənbələr təsdiq edir ki, indi Ermənistan (Hayastan) adlandırılan əraziyə
haylar ilk dəfə xristianlığın dövlət dini səviyyəsinə yüksəlməsindən sonra
missionerlər kimi gəlmişlər. Haylar ərəb xilafəti dövründə islam dinini qəbul
edən aborigen türkmənşəli boyların tərk etdikləri dini məbədlərə sahib çıxmış,
həmin məbədləri kilsəyə çevirmiş, elə oradaca saxta tarix əsərləri
quraşırılmışdır. Bu gün erməni əlifbası kimi təqdim edilən, əslində Ön Asiyada
mövcud olmuş və tarix səhnəsindən silinən xalqlara mənsub olmuş əlifbanın da
hayların yaşadıqları ərazilərdə missionerlər tərəfindən yayılması xristianlığın
təbliğinə xidmət etmişdir. Erməni əlifbasının müəllifi kimi təqdim edilən Mesrop
Maştos da xristian missioneri olmuş və heç vaxt indiki Ermənistan ərazisində
yaşamamışdır.
Hayların tarixi xristianlığın ən qədim kitabı hesab edilən İncilə və müxtəlif
xalqların mifoloji qaynaqlarına uyğunlaşdırılmış, orada adları sadalanan
şəxslərin prototipləri uydurulmuş və yer-yurd adları saxta tarixdə əks
etdirilmişdir. Hayların tarixinin atası hesab olunan və V əsr salnaməçisi kimi
təqdim edilən yepiskop Movses Xorenasinin (Moisey Xorenski) “Hayların
tarixi”ni (ermənicə “Hayos patmutyun” adlanan bu kitab rus dilinə
«История армян» kimi tərcümə edilməli olduğu halda, bilrəkdən «История
Армении» kimi tərcümə edilərək mahiyyət təhrif edilmişdir) bir çox
ermənişünaslar kompilyativ xarakter daşıyan, başdan-ayağa anaxronizmlərdən
ibarət olan cızmaqara hesab edirlər. Qəribidir ki, erməni tarixçiləri Eçmiədzin
monastırının IV əsrin əvvəllərindən, hayların əlifbasının isə V əsrin
əvvələrindən mövcudluğunu iddia etsələr də, M.Xorenasinin “Hayların tarixi”nin
ən qədim əlyazması XIV əsrdən o tərəfə keçmir. Çünki həmin əlyazmalara
zaman-zaman erməni din xadimləri tərəfindən region xalqlarının və dövlətlərinin
tarixinə aid bütöv dövrlər calaq edilmişdir. M.Xorenasinin “Tarixi” Avropada ilk
dəfə 1695-ci ildə tərcümə edilərək Amsterdamda çap edilmişdir. Bir sıra Qərbi
Avropa alimləri La Kroza, A.Karriere, S.Marten, A.Qutşmid, erməni
tarixçilərindən N.Emin, K.Patkanov, Qr.Xalatyans, Qaraqaşyan belə nəticəyə
gəlmişlər ki, M.Xorenasinin “Tarixi”ndə Bibliyadan, eləcə də yunan tarixçiləri
Strabon, Herodot, Kteziya, Ksenofontun əsərlərində əks olunmuş urartululara,
assuriyalılara, midiyalılara, sasanilərə aid hadisələrin üzü köçürülərək, bu
xalqların sərkərdələri, tarixi şəxsiyyətləri haylar kimi, həmin ərazilər isə
Hayastan kimi təqdim edilmişdir. Məşhur erməni tarixçisi Leo (Arakel Babaxanyan)
M. Xorenasinin “Tarixi”ndə Haykın (Haykazyanlar dövrü) törəmələrinin 1800 illik
tarixində 59 hakimin adlarının yazıldığını, həmin hakimlərdən 32-sinin yalnız
quruca adlarının göstərildiyini, hakimlik dövrlərinin isə göstərilmədiyini qeyd
etmişdir. Leo “erməni tarixinin atası” hesab edilən, M.Xorenasini yazdığı tarixi
süni surətdə İncilə uyğunlaşdırmaqla xristianlığa süni xidmət göstərdiyini,
“Haykazyanlar” dövrünün isə heç də sədaqətli salnaməçisi olmadığını qeyd edərək,
onun yazdıqlarının uydurulmuş tarix olması qənaətinə
gəlmişdir.[2]
Digər erməni tarixçisi Baxşi İşxanyan isə ermənilərin özlərinə həqiqi vətən
hesab etdikləri “Böyük Ermənistan”ın Rusiyanın hüdudlarından kənarda – Kiçik
Asiyada yerləşdiyini yazır. [3]
Rus tədqiqatçısı Aleksandr Anninski M.Xorenasinin tarixi mənbə kimi əsərlərinə
istinad etdiyi müəlliflərin (Mar Abas Katina, Aqafangel, Zenob, Favst Buzand)
yazdıqlarının Avropa ermənişünasları tərəfindən demək olar ki, tamamilə inkar
edildiyini yazır. [4]
Digər rus Qafqazşünası İvan Şopen qədim müəlliflərin əsərlərini araşdıraraq belə
nəticəyə gəlmişdir ki, haylarla erməniləri eyni mənşəli hesab etmək
olmaz.5 Eramızdan əvvəl XII əsrdə Balkanlardan Kiçik Asiyaya
köçüb gələn haylar onlara qohum olan frako-frikiya tayfaları ilə birlikdə Dəclə
və Fərat çayları arasında məskunlaşmışlar. Mifoloji rəvayətə görə, Assuriya çarı
Belin üzərində qələbə çalan Haykın törəmələri olan haylar, onların Van gölü
hövzəsində məskunlaşdıqları ərazilər Hayasa (Hayastan) adlanmışdır. Haylar,
vaxtilə Anadolunun Ərməniyyə (Armenia) yaylası adlanan ərazilərində, Urmiya gölü
hövzəsində, həmçinin Qafqazda yaşamış və hurrilərlə qarışaraq tarix səhnəsindən
silinmiş subar (mitan) türklərinin ermən adlı boyunun irsinə və
tarixinə sahib çıxmışlar. Məhz ona görədir ki, hazırda bir millətin özlərinin
“hay”, digərlərinin isə “erməni” adlandırdığı iki adı
var. Ermən etnonimi isə təkcə Anadolu və Qafqazda deyil, Orta Asiya və
hətta Baykal gölünün arxasındakı «Erman dağları»na qədər yayılmışdır.
Müasir erməni, eləcə də Avropa, rus, hətta bəzi Azərbaycan tarixçiləri də Cənubi
Qafqazın və Ön Asiyanın qədim tarixindən bəhs edərkən M.Xorenasinin müəllifliyi
ilə təqdim edilən saxta tarixə və sonralar erməni kilsəsi tərəfindən yazılan
digər saxta tarix kitablarına istinad edir və bununla da indiki Ermənistan
ərazisinin qədim erməni torpağı olması iddiasına şərik çıxırlar. İndiki
Ermənistan ərazisində ermənilərin tədricən məskunlaşması 1441-ci ildə
Qaraqoyunlu əmirlərinin hakimiyyəti dövründə erməni katolikosluğunun Kilikiyadan
İrəvan şəhəri yaxınlığındakı Vağarşapad kəndindəki kilsəyə köçürülməsindən sonra
başlanmışdır. Avropa dövlətlərinin maliyyəsi hesabına erməni kilsələri
ətrafındakı torpaqlar satın alınaraq ilk erməni yaşayış məskənləri meydana
gəlmişdir. 1763-1782-ci illərdə Eçmiədzin katolikosu olmuş Simeon Erevansi
“Cambr” [6] əsərində və tarixçi A.Papazyanın Matenadaranda
saxlanılan alqı-satqı sənədləri əsasında tərtib etdiyi kitabda
[7] Eçmiədzin kilsəsinin azərbaycanlılara məxsus torpaqların
kimdən, nə zaman və hansı qiymətə alınması barədə sənədlər əks olunmuşdur.
Əslində, Cənubi Qafqazda ən gec məskunlaşan etnos ermənilərdir. Qədim türklər
olan saklar, skiflər, kimmerlər, hunlar, barsillər, oğuzlar, qıpçaqlar Qafqazda
at oynadanda bu regionda ermənilərin heç izi-tozu belə yox idi. Erməni tarixçisi
Karen Yüzbaşyan təsdiq edir ki, türklər Qafqazda səlcuqların gəlişindən xeyli
əvvəl mövcud olmuşlar. O, türklərin Kiçik Asiyada və Balkanlarda məskunlaşması
tarixinin IV-VII əsrlərə təsadüf etdiyini, VIII-X əsrlərdə isə kütləvi xarakter
daşıdığını yazır. K.Yüzbaşyan ərəb xilafəti dövründə sərhəd bölgələrinin
əmirlərinin türk tayfa başçılarından seçildiyini qeyd edir.
[8]
Ermənilər kütləvi surətdə indi Ermənistan adlanan əraziyə İrəvan xanlığının
Rusiya tərəfindən işğalından sonra imzalanan Türkmənçay (1828) və Ədirnə (1829)
müqavilələrinin şərtlərinə əsasən İran və Türkiyədən köçürülüb
gətirilmişdir.
Bütün yuxarıda deyilənlərdən belə qənaət hasil olur ki, indiki Ermənistan
Respublikasının ərazisinin və onun paytaxtı İrəvanın ermənilərə heç bir
aidiyyəti olmamışdır. Bu ərazi qədim türk-oğuz yurdudur.