İrəvan xanlığının əhalisinin etnik tərkibini
oğuz-türk boyları təşkil etmişdir. Tarixi qaynaqlar göstərir ki. Xanlığın
əhalisinin əsasını qaraqoyunlu, ağqoyunlu və qızılbaş tayfa birliklərinə daxil
olan bayat, əfşar, səədli, baharlı, bayandur, qaçar, şamlı, rumlu, ustaclı,
təkəli, ayrımlı, muğanlı və s. kimi tayfalar təşkil etmişlər. Həmçinin 1441-ci
ildə Qaraqoyunlu hökmdarı Cahanşahın dövründə erməni katolikosluğunun
Kilikiyadan Çuxur-Səəd əmirliyinin Vağarşabad kəndindəki Üçkilsə (Eçmiədzin)
monastırına köçürülməsindən sonra müxtəlif yerlərdən axışıb gələn azsaylı
ermənilər (haylar) xanlığın ərazisində tədricən məskunlaşmışdılar.
Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin himayəsindən sui-istifadə edən
Üçkilsə katolikosları və onların Avropadakı havadarları Azərbaycanın olduqca
münbit bu ərazisində ermənilərin məskunlaşmasına başçılıq edirdilər. Xristian
dövlətlərinin və missionerlərinin vəsaiti hesabına varlanan erməni kilsələri
yerli müsəlman hakimlərdən yeni-yeni torpaqlar alırdılar. Matenadaranda saxlanan
alqı-satqı sənədlərinə görə, hələ 1432-ci ildə Ağqoyunlu Yaqub padşahın
nümayəndəsi iri torpaq mülkiyyətçisi Əmir Rüstəm xəzinə torpaqlarında yerləşən 7
kəndi – Eçmiədzin (Üçkilsə) monastırının yerləşdiyi Vağarşabad kəndini və
Əştərək, Batrinc, Noraqavit, Ağunatun, Kirəcli və Muğni kəndlərini Qriqor
Makuluya satmış, o da öz növbəsində həmin kəndləri Üçkilsə monastırına
bağışlamışdı. Sonralar Üçkilsə monastırı daha 16 kəndi və digər torpaqları və
mülkləri ələ keçirmişdi.33Bu yolla ermənilər Azərbaycan
torpaqlarında özlərinə yeni yaşayış məskənləri yaradırdılar.
Tarixi ədəbiyyatda İrəvan xanlığının əhalisi haqqında səhih məlumatların
olmaması həmin ərazidə gedən çoxsaylı müharibələrlə bağlıdır. İrəvan xanlığını
ələ keçirmək uğrunda Osmanlı imperiyasının Səfəvilər və Əfşarlar imperiyaları
ilə apardığı müharibələr əhalinin etnik tərkibinə ciddi təsir göstərmişdir.
Osmanlı sultanlarının şiə məzhəbli qızılbaş türklərin təqib edilməsi haqqında
verdikləri fərmanlar İrəvan xanlığı ərazisində də yerli qızılbaş əhalinin türk
qoşunları gəlməzdən öncə öz yurdlarını tərk etmək məcburiyyətində qoymuşdu.
Həmin fərmanların qızılbaş kürdlərə şamil edilməməsi öz növbəsində kürdlərin də
İrəvan xanlığı ərazisinə axınına səbəb olmuşdu.
İrəvan xanlığının ərazisində gedən müharibələrdən daha çox ermənilər
faydalanırdılar. Məsələn, səfəvilərlə müharibə zamanı Osmanlı sultanı III
Muradın 28 aprel 1578-ci il tarixli fərmanında ərz edilirdi ki, rəiyyət və vergi
ödəyicisi olan erməni tayfasının mallarına və canlarına zərər verilməsin.
1579-cu ilin sentyabrında osmanlı ordusunun İrəvan üzərinə hücumundan öncə
Abaran nahiyəsindən 3 min ailə Ərzurum vilayətinə köçürülmüşdü. Həmin ilin
oktyabr ayında osmanlı ordusu Şərabxana nahiyəsindən 20 min əsir aparmışdı.
1583-cü ildə osmanlı ordusu İrəvan əyalətinə daxil olduğu zaman İrəvan şəhərinin
və eyniadlı əyalətin müsəlman əhalisi Ağrıdağ yaylaqlarına çəkilmiş, şəhərdə və
kəndlərdə yalnız ermənilər qalmışdı. [34]
Eçmiədzin ətrafındakı torpaqlarda ermənilərin daha da möhkəmlənməsinə Səfəvi
hökmdarı I Şah Abbas daha geniş imkanlar yaratmışdı. 1605-ci ildə onun fərmanı
ilə Səfəvilər dövlətinin ərazisində pərakəndə şəkildə yaşayan ermənilərin yığcam
halda yaşamaları üçün xüsusi ərazilər ayrılmışdı. Həmin dövrdə paytaxt olan
İsfahan şəhərinə yaxın ərazidə Yeni Culfa şəhəri salınmış, buraya köçürülən
ermənilər üçün kilsə və monastır inşa edilmiş, onların xarici ticarətlə məşğul
olmaları üçün geniş imtiyazlar verilmişdi. Hətta I Şah Abbas bu tikililər üçün
xəzinədən vəsait ayırmışdı. I Şah Abbas hətta Səfəvilər dövlətinin xarici
siyasət məsələləri ilə məşğul olmaq və Avropa ölkələri ilə diplomatik danışıqlar
aparmaq səlahiyyətini özünün müşaviri Xoca Səfər adlı bir erməniyə etibar
etmişdi. 1608-ci ildə I Şah Abbas Xoca Səfərin başçılığı ilə Avropaya gedən
nümayəndə heyəti vasitəsilə Roma papasına, İspaniya kralına, Toskano hersoquna
və Venetsiya dojuna məktublar göndərmişdi. Xoca Səfər şahın məktubunu təqdim
etdikdən sonra, ermənilərin (Eçmiədzin kilsəsinin) Roma papası və digər Avropa
ölkələrinin başçılarına məktublarını da təqdim etmişdi.
[35] Bu məktublarda xristian Avropa ölkələrindən Şərqdə
– müsəlman ölkələrində yaşayan xristian erməniləri öz himayələrinə
götürmələri haqqında xahişlər edilmişdi.
I Şah Abbasın xələfi Şah Səfi 1629-cu ildə katolikos Movsesin adına verdiyi
fərmanla Eçmiədzin katolikosluğunu hər il şah xəzinəsinə ödədiyi 100 tümən
vergidən azad etmişdi. Şah Səfinin 1638-ci ildə verdiyi digər fərmanla şah və
xan məmurlarına Eçmiədzinin daxili işlərinə qarışmamağı əmr etmiş, hər hansı
vergi, rüsum və s. tələb etməyi qadağan etmişdi. Eçmiədzin kilsəsinə qarşı II
Şah Abbas (1642-1667) və Şah Süleyman (1667-1694) da xeyirxah siyasət
yürütmüşdülər. [36]
Eçmiədzin kilsəsi Səfəvi hökmdarlarının ermənilərə olan xeyirxah
münasibətlərindən ustalıqla faydalanırdı. Katolikos I Filippos 1650-ci ildə II
Şah Abbasa müraciətində yazırdı: “İtəatkarcasına ərz edirəm ki, hazırda yerli
ermənilərdən bir çoxu paytaxt İsfahanda, bir çoxu da bizim vilayətdə yaşayırlar
ki, onlar buraya Siz Əlahəzrətin tükənməz qayğı və məhəbbəti sayəsində müxtəlif
vilayətlərdən gəlib məskunlaşıblar. Əlahəzrət hökmdar, üç yüz mömin, – qoy buna
bənzər yüz min mömin sizin müqəddəs atınızın dırnaqlarının qurbanı olsun, –
Üçkilsədə gecə və gündüzlərini sizə dua etməklə keçirirlər ki, onlar yaşamaları
üçün tamamilə Əlahəzrət hökmdarın mərhəmətinə
borcludurlar”. [37]
Digər tərəfdən, katolik missionerləri də Vatikanın və Avropa dövlətlərinin
başçılarının adından xristian azlıq kimi, ermənilərin himayə və müdafiə
edilməsini Səfəvi hökmdarlarından xahiş edirdilər. Məsələn, Fransa kralı XIV
Lüdovik 1688-ci ildə şah Sultan Hüseynə məktub və vəsatətlə müraciət etmişdi ki,
Şamaxıda və İrəvanda kilsə və iezuitlər (Roma katolik kilsəsinin missionerləri)
üçün məktəb açılsın. Tədqiqatçıların qənaətincə, bu missiyaların arxasında daha
dərin iqtisadi və siyasi xarakterli mətləblər, həmçinin kəşfiyyat mahiyyətli
məqsədlər gizlənirdi. 1708-ci ildə Səfəvilərlə Fransa arasında bağlanan ticarət
müqaviləsinin bəndlərinin birində ifadə edilirdi ki, Səfəvilər dövlətinin
ərazisində kök salan xristian missionerləri harada istəsələr orada yaşaya
bilərlər, bütün ermənilər və xristianlar, onların övladları missionerlərə baş
çəkmək, onların yanında təlim görmək və moizələrinə qulaq asmaq istəyirlərsə,
heç kim onların qarşısını ala və maneə ola bilməz. [38]
1723-cü ildə osmanlı qoşunlarının İrəvan üzərinə növbəti hücumu zamanı
İstanbulda sarayda qulluq edən Seqbos adında bir erməni Sultan III Əbdülhəmiddən
xahiş etmişdi ki, qoşunların Eçmiədzin kilsəsinə və ermənilərə toxunmaması
haqqında göstəriş versin. Osmanlı qoşunlarının komandanı Abdulla paşa sultanın
verdiyi fərmana əsasən qoşunun Eçmiədzin üzərinə hücumuna icazə verməmiş,
üstəlik onun müdafiəsi üçün bir polk ayırmışdı. [39]
1726-cı il fevralın 22-də imperatriçə I Yekaterina ermənilərin yüksək mərhəmətə
və himayəyə layiq görülmələri haqqında fərman vermişdi.
Bütün bunlar müsəlmanlar içərisində azlıq təşkil edən erməniləri xüsusi
imtiyazlı təbəqə halına gətirir, bölgənin etno-demoqrafik vəziyyətinə tədricən
təsir göstərirdi. XIX əsrin əvvəlində ermənilər İrəvan xanlığı ərazisində 50-dən
artıq qədim oğuz-türk yaşayış məntəqələrinə sahib olmuşdular.
1801-ci ildə rus qoşunlarının İrəvan xanlığının şimal sərhədində yerləşən Pəmbək
əyalətini, 1804-cü ildə Şörəyel sultanlığını işğal etməsindən sonra
azərbaycanlıların deportasiyası və ermənilərin həmin ərazilərə kütləvi axını
başlanmışdır. Rus qoşunlarının Pəmbək və Şörəyel əyalətlərini işğalınadək
bölgədə mövcud olan 200 azərbaycanlı yaşayış məntəqəsindən 190-ı XIX əsrin
əvvəlində azərbaycanlılardan təmizlənmişdi. 1813-cü ildə imzalanan Gülüstan
müqaviləsi ilə İrəvan xanlığından Rusiyanın tabeçiliyinə keçən ərazilərdə,
xüsusən də müharibə nəticəsində boşalmış azərbaycanlı kəndlərinin əksəriyyətində
ermənilər məskunlaşmışdı. Həmin müddətdə təkcə Pəmbək-Şörəyel bölgəsinə
Türkiyədən 32 mindən artıq erməni köçürülmüşdü.
İngiltərənin Qacarlar İranındakı səfirliyinin katibi Ceyms Morier 1813-cü ildə
İrəvanda olmuş, xanlığın ərazisində təqribən 100 min nəfər əhalinin yaşadığını
göstərmişdir. [40]
Bu məlumat rus müəlliflərinin əsərlərində də öz təsdiqini tapmişdır. XIX əsrin
əvvəllərində Rusiya xarici işlər nazirliyinin Asiya departamentinin direktoru
olmuş Semyon Bronevskinin verdiyi məlumata görə, İrəvan xanlığında 18 min ailə
yaşamışdır. [41]
Rus qoşunlarının İrəvan xanlığı üzərinə 1827-ci ildə sonuncu həmləsi nəticəsində
müsəlman əhalinin bir qismi öz yer-yurdlarını tərk edərək qonşu İran və
Türkiyəyə sığınmışdılar.
Rus qoşunlarının komandanı general Paskeviç 1827-ci il iyulun 27-də qraf
Nesselorda göndərdiyi məktubunda bildirirdi ki, İrəvan xanlığında yaşayan türk
tayfaları qarapapaqlardan 900, ayrımlardan 300, uluxanlılardan 600,
çobankərəlilərdən 200 ailə, müsəlman kürdlərindən üst-üstə 2600 ailə Türkiyənin
müxtəlif yerlərinə qaçmışlar. [42]
İrəvan xanlığının əhalisi haqqında həqiqətə yaxın məlumatı 1829-1832-ci illərdə
xanlığın ərazisində kameral siyahiyaalma keçirən İvan Şopenin 1852-ci ildə
Sankt-Peterburqda çap edilən “Исторический памятник состояния Армянской области
в эпоху её присоединения к Российской империи” kitabından əldə etmək olar.
İ.Şopeni müşayiət edən tərcüməçinin erməni olması əhalinin milli tərkibinin
ermənilərin xeyrinə qeydə alınmasına təsir göstərmişdir. Həmçinin kitabın
əvvəlində İ.Şopeninin verdiyi tarixi xülasəni əsasən erməni müəlliflərinin
əsərlərinə istinadən qələmə alması bəzi məqamlarda müəllifin obyektiv nəticə
çıxarmasına mane olmuşdur. Bununla belə, İ.Şopenin əsəri İrəvan xanlığı haqqında
ən müfəssəl məlumat verən əsər hesab edilməlidir.
Müəllifin verdiyi məlumata görə, işğal ərəfəsində İrəvan xanlığının ərazisində
831 kənd mövcud olmuşdur ki, onlardan 310-u müharibə nəticəsində dağıdılmışdı.
Hər kənddə orta hesabla 25 ailə, hər ailədə 5-6 nəfər hesabı ilə götürdükdə,
dağıdılmış 310 kənddə təqribən 43 mindən artıq əhalinin yaşamış olduğunu müəyyən
etmək olur. İ.Şopenin məlumatına görə, işğaldan sonra İrəvan şəhərində 7331
nəfər, mahallarda isə 57364 müsəlman qeydə alınmışdır. Əslində isə İrəvan
şəhərində işğaldan öncə 16 min nəfər müsəlman yaşamışdır. Bu rəqəmlərin üzərinə
dağıdılmış kəndlərdə yaşamış olan 43 min nəfəri də əlavə etsək, onda İrəvan
xanlığında işğaldan öncə azı 116 min nəfər müsəlman yaşadığı bəlli olur.
Ermənilərə gəlincə, İ.Şopen mahallarda 20073 nəfər, İrəvan şəhərində isə 2369
nəfər yerli erməninin yaşadığını yazır: cəmisi 22442
nəfər. [43] Əslində isə həmin 22442 nəfər erməninin bir çoxu
yerli sakin deyil, 1804-cü ildən bəri xanlığın ərazisində gedən müharibələrdən
sonra Türkiyə ərazisindən gəlib regionda məskunlaşmışdı. Bununla belə, faizlə
ifadə etsək, işğaldan öncə ermənilər xanlığın ümumi əhalisinin təqribən 19
faizini təşkil etmişdir.
Erməni əsilli ABŞ tədqiqatçısı Georgi Burnoutyan da İ.Şopenin kameral
siyahıyaalmasının nəticələrini təhlil edərək belə qənaətə gəlmişdir ki, işğaldan
öncə İrəvan xanlığının ərazisində 20 minə yaxın erməni yaşamışdır ki, bu da
ümumi əhalinin 20 faizini təşkil etmişdir.[44]
İ.Şopenin İrəvan xanlığının əhalisinin müxtəlif təbəqələri haqqında verdiyi
məlumat xanlığın köklü əhalisinin kimlərdən ibarət olması mənzərəsini ortaya
qoyur. Kameral siyahıyaalmanın nəticələri göstərir ki, İrəvan xanlığı ərazisində
zadəgan sayılan 270 xan və bəy müsəlman ailəsi, 30 erməni məlik və ağa ailəsi
qeydə alınmışdı. [45] Deməli, erməni zadəganları xanlığın
ərazisindəki zadəganların cəmisi 10 faizini təşkil etmişdi.
Lakin İrəvan xanlığının 1827-ci ildə rus qoşunları tərəfindən işğalından sonra
da bir müddət həmin ərazidə azərbaycanlılar sayca ermənilərdən üstün olmuşdur.
Yalnız Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələri əsasında İran və
Türkiyədən ermənilərin kütləvi surətdə İrəvan xanlığı ərazisinə köçürülməsindən
sonra demoqrafik vəziyyət ermənilərin xeyrinə dəyişmişdir ki, bu haqda irəlidə
ayrıca məlumat veriləckdir.
Çar Rusiyasının köçürmə siyasəti nəticəsində ermənilər kompakt şəkildə əsasən
azərbaycanlı yaşayış məntəqələrində məskunlaşdırılmışdılar. Bunun nəticəsində
azərbaycanlılar ermənilərdən sayca azlıq təşkil etsə də, azərbaycanlı yaşayış
məntəqələri erməni yaşayış məntəqələrindən sayca çox idi. 1865-ci ilin
məlumatına görə, İrəvan quberniyasında mövcud olan 1198 kəndə 694-də
müsəlmanlar, 413-də ermənilər, 10 kənddə ruslar, 91 kənddə isə ermənilərlə
müsəlmanlar qarışıq şəkildə yaşayırdılar.
Azərbaycanlılar İrəvan şəhərini üzük qaşı kimi əhatə edən və quberniyanın nüvəsi
hesab olunan İrəvan qəzasında işğaldan sonra da sayca çoxluq təşkil edirdilər.
1865-ci ildə qəzada qeydə alınan 79661 nəfər əhalinin 46617 nəfərini
azərbaycanlılar (tatarlar), 26709 nəfərini isə ermənilər təşkil edirdi.Başqa
sözlə, əhalinin 58,5 faizini azərbaycanlılar, 33,5 faizini isə ermənilər təşkil
edirdilər. [46]
XX əsrin əvvəllərində azərbaycanlılar İrəvan qəzasında hələ də əhalinin
əksəriyyətini təşkil edirdi. Həmin vaxt İrəvan qəzasında yaşayan 121809 nəfər
əhalinin 65871 nəfərini azərbaycanlılar, 45624 nəfərini ermənilər, 7865 nəfərini
kürdlər, 869 nəfərini isə ruslar təşkil edirdi. Faiz nisbəti ilə əhalinin 54, 1
faizini azərbaycanlılar, 37,5 faizini ermənilər, 6,5 faizini kürdlər, 0,7
faizini isə ruslar təşkil edirdi.[47]
İrəlidə hər biri haqqında ayrıca söhbət açacağımız azərbaycanlılara qarşı
1905-1906, 1918-1920, 1948-1953, 1988-1989-cu illərdə həyata keçirilən
soyqırımlar və deportasiyalar nəticəsində keçmiş İrəvan xanlığı – indiki
Ermənistan Respublikası ərazisində hazırda bir nəfər də olsun azərbaycanlı
qalmamışdır.
Yuxarıda sadalanan faktlar bir daha sübut edir ki, İrəvan xanlığının yerli
əhalisi yalnız Azərbaycan türklərindən ibarət olmuşdur, ermənilər isə orta
əsrlərdən etibarən müxtəlif yollarla gəlib həmin ərazidə məskunlaşmışlar. Erməni
tarixçilərinin İrəvan xanlığının ərazisinin qədim erməni torpağı, əhalisinin
əksəriyyətinin isə erməni olması haqında iddialarının da cəfəngiyatdan başqa bir
şey olmadığı yuxarıda göstərilən rəqəmlərdən aydın görünür.
Xanlığın əhalisi
Nazim
Mustafa
tarix üzrə fəlsəfə doktoru