İndi Ermənistan Respublikası adlanan tarixi
Azərbaycan ərazisində çoxsaylı qalalar, qala-şəhərlər, hərbi istehkam obyektləri
mövcud olmuşdur. Orta əsrlər dövrünə və Rusiya işğalı dövrünə aid ədəbiyyatlarda
indiki Ermənistan ərazisində mövcud olmuş və hərbi istehkam xarakteri daşıyan
İrəvan qalası, Keçi qalası, Sərdarabad qalası, Talın qalası, Gümrü qalası,
Şörəyel qalası haqqında məlumatlar verilir. Bu qalaların içərisində ən möhtəşəm
olanı və tədqiqatlarda indi də tez-tez adı çəkilən qala İrəvan qalasıdır. Adları
sadalanan bütün bu qalaları İrəvan xanlığının Rusiya qoşunları tərəfindən
işğalından sonra ermənilər tədricən dağıdaraq yer üzündən silmişlər.
İrəvan qalası haqqında ilkin yazılı məlumat Səfəvilər dövrünə aiddir. 1502-ci
ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayılın qoşunları Qaraqoyunlu əmirləri
üzərində qələbə çalaraq İrəvan şəhərini ələ keçirmişdir. XVII əsrin 40-cı
illərində Cənubi Qafqazda səfərdə olmuş məşhur türk səyyahı və coğrafiyaşünası
Övliya Çələbi yazır ki, Şah İsmayıl hicri 915-ci ildə (1509-1510) qala salınması
barədə öz vəziri Rəvanqulu xana göstəriş vermiş, o da öz növbəsində 7 ilə qalanı
tikdirərək adını “Rəvan” qoymuşdur. [223]
İstər Səfəvilərin, istər Nadir şahın, istər Qacarların, istərsə də Osmanlıların
hakimiyyəti dövründə İrəvan hakimlərinin, bəylərbəylərinin və xanlarının
iqamətgahı İrəvan qalasında olmuşdur. İrəvan qalası Səfəvilərlə Osmanlılar
arasında gedən müharibələrdə 14 dəfə əldən-ələ keçmişdir.
1514-cü ildə Səfəvi hökmdarı Şah İsmayılla Osmanlı hökmdarı Sultan Səlim
arasında Çaldıranda gedən döyüşdən sonra Səfəvilərin məğlubiyyəti nəticəsində
İrəvan qalası türklərin əlinə keçir və 7 il osmanlıların hakimiyyəti altında
qalır. 1521-ci ildə Sultan Səlimin vəfatından sonra Şah İsmayıl İrəvanı
türklərin əlindən geri alır. 1534-cü ildə İrəvan qalası yenidən türklərin əlinə
keçir və 1551-ci ildə Şah Təhmasibin dövründə səfəvi qoşunları şəhəri yenidən
azad edirlər. 1554-cü ildə Sultan Süleymanın Cənubi Azərbaycana yürüşü zamanı
İrəvan qalası yenidən türklərin əlinə keçir. Türk tarixçisi İbrahim Peçevi yazır
ki, miladi təqvimi ilə 19 iyul 1554-cü ilə təsadüf edən tarixdə türk qoşunları,
sözün həqiqi mənasında İran ölkəsinin ürəyi olan Rəvan şəhərinə daxil olmuş,
xanların, sultanların saraylarını, parkları, bağları, xüsusən də “Bağ-i
sultaniyyə” adlanan cənnətəbənzər bağı yandırmış və yerlə bir
etmişdir. [224]
1555-ci
ildə osmanlılarla səfəvilər arasında bağlanan sülh müqaviləsinə əsasən İrəvan
yenidən Səfəvilərin hakimiyyətinə qayıtmışdır. 1579-cu ildə İrəvan xanı Toxmaq
xanın (əsl adı Məhəmməd xandır) hakimiyyəti dövründə Osmanlı qoşunlarının baş
komandanı Lələ Mustafa paşanın komandanlığı altında türk qoşunları İrəvan
qalasına hücum edərək onun daşını daş üstə qoymamış, qala içərisində olan bütün
tikililəri yerlə yeksan etmişdi. Sonra iki dövlət arasında bağlanan müqaviləyə
əsasən türk qoşunları İrəvan əyalətini tərk etmiş, Toxmaq xan qısa müddətdə
bütün dağıntıları aradan qaldıraraq İrəvanı yenidən abad diyara
çevirmişdi.
1583-cü ildə Sulan III Murad xanın dövründə türk qoşunlarının komandanı Fərhad
paşa İrəvan qalası üzərinə hücum etmiş və onu döyüşsüz ələ keçirmişdi. Fərhad
paşa qalanı ələ keçirdikdən sonra müdafiə qurğularının tikintisinə başlamışdı.
O, İrəvan qalasını yenidən inşa etdirərək daha da genişləndirmişdi. Ö.Çələbi
yazır ki, Osmanlı əsgərlərindən ibarət 150 minlik ordu 45 gün ərzində Zəngi
çayının sahilində qalanı yenidən tikib, 40 gün müddətində lazım olan sursat və
hərbi ləvazimat ilə təchiz etdirmişdi. [225] Sonralar İrəvan
qalası yenə də dəfələrlə əldən-ələ keçsə də, Fərhad paşanın tikdirdiyi qala
divarları bütün hücumlara tab gətirmişdi.
1604-cü ildə 8 aylıq mühasirədən sonra I Şah Abbasın qoşunları İrəvan qalasını
türklərdən geri almışdı. 1635-ci ilin avqustunda IV Sultan Muradın qoşunu 9
günlük mühasirədən sonra İrəvan qalasını ələ keçirir. Artilleriya zərbələri
nəticəsində qala divarları, onun qüllələri, müdafiə qurğuları ciddi dağıntılara
məruz qalır və İrəvan xanı Təhmasibqulu xanın sarayı yerlə yeksan edilir.
Təhmasibqulu xan əsir alınaraq İstanbula göndərilir. Qalada 15 minlik türk
qarnizonu yerləşdirilir. 1639-cü ildə Səfəvilər dövləti ilə Osmanlı dövləti
arasında imzalanan Qəsri-Şirin müqaviləsinə əsasən iki dövlət arasında sərhəd
qərbi Arpaçaydan müəyyən edilmiş, bununla da təqribən 80 il sakitlik hökm
sürmüşdü.
Fransız
səyyahı Jan Tavernye 1655-ci ildə İrəvanda olmuşdur. Yol qeydlərinə əsasən
yazdığı kitabında Tavernye İrəvan şəhərini və qalasını təsvir etmiş, şəhərin
planını öz əsərinə daxil etmişdir. Tavernyenin yazdığına görə, Zəngi çayının
sahilindəki təpədə salınan, 5 qülləyə və möhkəm müdafiə divarlarına malik olan
İrəvan qalasının şimal tərəfə açılan bir darvazası olmuşdur. Tavernye qalanın
sakinlərinin yalnız müsəlmanlarda ibarət olduğunu yazmışdır.
[226]
1673-cü ildə İrəvanda olmuş fransız səyyahı və kolleksioneri Jan Şardən İrəvan
qalasını belə təsvir etmişdir: “Qala kiçik bir şəhərdən böyükdür. O, oval
formadadır, dairəsi dörd min addım olub, təxminən səkkiz yüz evdən ibarətdir.
Orada ancaq təmizqanlı səfəvilər yaşayırlar… Qalanın müdafiəsi üçün üç min
əsgər ayrılmışdır. Hakimin sarayı qalanın içərisindədir… Qalanın şimal
tərəfində təpədə kiçik bir qala da vardır. Aralarındakı məsafə min addım olar.
O, ikiqat divarla və artilleriya ilə möhkəmləndirilmişdir. Orada iki yüz adam
yerləşə bilər. Onun adı Keçi qalasıdır.” [227]
1679-cu ildə Zal xanın hakimiyyəti dövründə İrəvanda baş verən zəlzələ şəhərin
bütün tikililərini, həmçinin qala divarlarının bəzi yerlərini uçursa da,
Naxçıvan, Gəncə, Qarabağ, Təbriz və Maku bəylərbəyliklərinin köməyi ilə tezliklə
bərpa edilmişdi. Zəngi və Qırxbulaq çaylarından saxsı tünglər vasitəsilə qalaya
su kəmərləri çəkilmişdi.
Avropa və Rusiya səyyahlarından Moritz fon Kotzebue, Avqust fon Hakshauzen,
Ceyms Morier, Dübua de Monpere, Henri Linç və başqaları da müxtəlif vaxtlarda
İrəvanda olmuş, İrəvan qalasını və onun içərisində olan Xan sarayını, onun
Güzgülü salonunu, qaladakı məscidləri, hovuz və hamamları, Zəngi çayından enib
keçən yeraltı mərmər pilləkənli yolu öz əsərlərində təsvir etmişlər.
İrəvan qalası şəhərin 4 massivindən biri idi. Qala ilə digər yaşayış massivləri
(Şəhri (yaxud Köhnə şəhər), Təpəbaşı və Dəmirbulaq) arasında Bazar meydanı
yerləşirdi.
XVIII əsrin əvvəllərində I Pyotrun Qafqaz üzərindən isti dənizlərə və Hindistana
çıxmaq arzusunun olduğunu bilən ermənilərin nümayəndəsi İsrael Ori Rusiya çarına
göndərdiyi məktubunda İrəvan qalasının strateji əhəmiyyətini qeyd edərək, onu
ələ keçirmək yollarını göstərir və qeyd edirdi ki, şəhərdəki barıt və digər
hərbi sursat anbarı ermənilərin əlindədir. İ.Ori şəhərdə 300 nəfərdən artıq
erməninin yaşadığını və həmin ermənilərlə sövdələşməklə onların qalanın qapısını
rus qoşunların üzünə aça biləcəklərini, bununla da qəfil hücumla şəhərin ələ
keçirilə biləcəyini göstərirdi. [228]
1722-ci ildə I Pyotrun Səfəvilər dövləti üzərinə yürüşə başlaması, Dərbəndi.
Bakını, Rəşti ələ keçirməsi Osmanlı dövlətini qabaqlayıcı tədbirlər görməyə
vadar edirdi. 1723-cü ildə Osmanlı qoşunları Tiflisi, bir il sonra isə böyük
itkilər hesabına olsa da İrəvanı ələ keçirmişdi. Türk qoşunlarının komandanı
Rəcəb paşa İrəvan qalasının divarlarını daha da möhkəmləndirmiş, qalanın
içərisində məscid inşa etdirmişdi.
Təqribən
11 ildən sonra İrəvan qalasını Nadir şah osmanlılardan azad etmişdir. 1747-cildə
Nadir şahın öldürülməsindən sonra İrəvan xanlığı müstəqillik qazanır. Xanlıqlar
arasında ixtilaflar və çəkişmələr olsa da, İrəvan xanlığı əsasən öz
müstəqilliyini qoruyub saxlaya bilmişdi.
XIX əsri əvvəllərində Rusiya Cənubi Qafqazda möhkəmlənmək üçün hərbi
əməliyyatlara başlamışdı. 1804-cü ilin yanvarında Gəncə xanlığının işğalından
sonra rus qoşunlarının növbəti hədəfi İrəvan xanlığı idi. İrəvan qalasını ələ
keçirməklə, Rusiya həm hərbi-strateji mövqe əldə edir, həm də İran və Türkiyə
sərhədlərində möhkəmlənmiş olurdu. 1804-cü ildə rus qoşunlarının İrəvan
xanlığına hücumu ərəfəsində İrəvan xanı Məhəmməd xan qalanı daha da
möhkəmləndirmək üçün ciddi tədbirlər həyata keçirmişdi. Qalanın müdafiəçilərinin
sayı 7 min döyüşçüyə, qala bürclərindəki atəşə hazır topların sayı isə 22-yə
çatdırılmış və xeyli ərzaq ehtiyatı tədarük edilmişdi. İrəvan qalasını uzun
müddət mühasirədə saxlamaq cəhdləri bir nəticə verməmiş, həmin ilin payızında
rus ordusunun baş komandanı general Pavel Sisianov daha böyük tələfatla
üzləşməmək üçün qalanın mühasirəsindən əl çəkmiş və qoşunla birgə Tiflisə
qayıtmışdı.
1806-cı ilin iyulunda Qafqazdakı rus qoşunlarının baş komandanı təyin edilən
general-feldmarşal İvan Qudoviçin qarşısında qoyulan əsas vəzifələrdən biri
İrəvan xanlığının işğal edilməsi idi. İrəvan xanı Hüseynqulu xan Qacar İrəvan
qalasını 1807-ci ildə fransız mühəndislərinin iştirakı ilə daha da
möhkəmləndirilməsinə nail olmuşdu. İrəvan qalasında toptökmə və barıt zavodları
inşa edilmiş, əlavə qoşun hissələri toplanmış, qala divarları
möhkəmləndirilmişdi. İ.Qudoviç yazırdı ki, İrəvan qalası bütün Avropa hərb
qaydaları əsasında möhkəmləndirilmişdir, iki divarı vardır, divarlarının
qarşısında xəndəklər qazılmışdır, xəndəyin qarşısında isə torpaq və qumdan
ibarət təpələr əmələ gətirilmişdir ki, onun üzərində də toplar quraşdırılmışdır,
qalada əvvəllər mövcud olmayan fuqas bombaları vardır.
[229]
Rus qoşunlarının İrəvan qalası üzərinə ikinci hücumu 1808-ci il sentyabrında baş
tutmuşddu. Ruslar sentyabrın 27-də Üçkilsə (Eçmiədzin) monastırını ələ keçirmiş,
sonra isə İrəvan ətrafında düşərgə qurmuşdular. Lakin bu dəfə də rus qoşunları
İrəvan qalasını ələ keçirə bilməmişdilər. Nəhayət, 1827-ci ilin sentyabrın 15-də
rus qoşunları uzun surən mühasirədən sonra Sərdarabad qalasını ələ keçirirlər.
Bundan sonra bütün qüvvələr İvan Paskeviçin komandanlığı altında İrəvan qalasına
yönəlmişdi. Hüseynqulu xan qardaşı Həsən xanla birlikdə İrəvan qalasını daha da
möhkəmləndirmək üçün əvvəlcədən ciddi tədbirlərə əl atmışdılar. Qala ətrafındakı
istehkam qurğuları təkmilləşdirilmiş, qaladan tüfəng atəşi məsafəsində olan
bütün tikililər məhv edilmiş, qalanın ətrafını daha yaxşı müşahidə etmək üçün
torpaq istehkam xeyli ucaldılmış, xanın hərəmxanasına məxsus olan və qala ilə
şəhər arasında yerləşən bağın ağacları tamamilə kəsilmişdi ki, ətrafı daha yaxşı
müşahidə etmək mümkün olsun. [230]
Qalanın divarlarında 52 top yerləşdirilmişdi. Bayır şəhərdən və ətraf
bölgələrdən 18 min nəfər köçrülərək qalada yerləşdirilmiş, onların bir neçə
aylıq ərzaq təminatı məsələsi həll edilimişdi.[231]
1827-ci il oktyabrın1-də rus qoşunları əvvəlcə qalanın cənub-qərb qülləsini ələ
keçirmiş, sonra isə qalanın şimal darvazasını (Şirvan darvazası) sındıraraq
qalaya daxil olmuşdu. Qalanı işğalından sonra İ.Paskeviç I Nikolaya göndərdiyi
raportunda yazırdı ki, İmperatorun bayrağı artıq İrəvan qalasının divarlarında
dalğalanır, çox məşhur qalanın açarları onun əlindədir, bütün qarnizon əsir
götürülmüşdür, 37 top, 2 qaubisa (qısalüləli ağır top), 9 mortir (qısalüləli
top), 50-yə qədər falkonet (kiçik çaplı top) qənimət kimi ələ
keçirilmişdir. [232]
“Alınmaz qala” adlandırılan İrəvan qalasının rus qoşunlarının fasilələrlə 23 il
apardıqları müharibələr nəticəsində işğal olunması ilə Şimali Azərbaycan
xanlıqlarının Rusiya tərəfindən işğalı başa çatdırıldı. İrəvan qalasının
alınmasında yenə də erməni xəyanəti və satqınlığı mühüm rol oynamışdı. Regionun
relyefinə bələd olan ermənilər rus hərbçilərinə bələdçilik etmiş, qalanın zəif
müdafiə olunan yerlərini onlara nişan vermiş, casusluq fəaliyyəti
göstərmişdilər.
İrəvan qalasının alınmasındakı xidmələrinə görə İ.Paskeviç imperator tərəfindən
“Qraf Erivanski” tituluna və II dərəcəli Müqəddəs Georgi ordeninə layiq
görülmüşdü. Digər generallar da yüksək mükafatlar almışdılar. Bir müddət sonra
“İrəvan qalasının alınması uğrunda” xüsusi medal da təsis edilmişdi. İmperator
buyruğu ilə arxiyepiskop Nerses İrəvan xanlığının işğalı zamanı xidmətlərinə
görə Müqəddəs Aleksandr Nevski ordeni ilə təltif edilmişdi.
İrəvan
qalasının alınması xəbəri Rusiya Imperatoru I Nikolaya Riqada olarkən
çatdırılmışdı. Qalanın süqutundan sonra İrəvan xanının qardaşı Həsən xanın
hazırda Kremlin “Silahlar Palatası”nda saxlanılan qılıncını çara təqdim
etmişdilər. Çar da öz növbəsində həmin qılıncı Riqa şəhərində olmasının xatirəsi
olaraq şəhər ratuşuna bağışlamışdı. Peterburqa qayıtdıqdan sonra İmperator
noyabrın 8-də ailəsi ilə birlikdə Qış sarayındakı kilsəyə gedərək İrəvan
qalasının alınması münasibətilə dualar etmişdi. İrəvan qalasının işğalı zamanı
götürülmüş açarları və 4 bayrağı paytaxt sakinlərinin alqış sədaları altında
küçələrdə gəzdirilmişdi. [233]
Qalanın işğalından dərhal sonra, ilk olaraq 1725-ci ildə Osmanlı sərkərdəsi
Rəcəb paşa tərəfindən inşa etdirilmiş məscidin günbəzindəki ayparanı çıxararaq
onun yerinə xaç asmış, minarəsində isə kilsə zəngi quraşdıraraq pravoslav
kilsəsinə çevirmişdilər. Qaladakı Sərdar məscidini rus qoşunlarının arsenalına
çevirmiş, xanın hərəmxanasını isə hospital etmişdilər. İrəvan xanlığının
süqutundan sonra Xan sarayında yeni yaradılan “Erməni vilayəti”nin inzibati
binası yerləşirdi. Rusiya çarı I Nikolayın Şimali Azərbaycan xanlıqlarının
sonuncu istehkamı olan əfsanəvi İrəvan qalasını görmək arzusu 1837-ci ildə
reallaşmışdı. Xan sarayında qalan I Nikolay şəhərin müxtəlif təbəqələrinin
nümayəndələrini orada qəbul etmişdi.
Rus
qoşunlarının İrəvan qalası üzərinə hücumunu müşahidə edən rəssam akademik
V.Moşkov qalanın şimal-qərb istiqamətindən qoşunalrın artilleriya hücumunu
təsvir edən “Hücumla İrəvan qalasının alınması” adlandırdığı rəsm əsəri hazırda
İrəvan şəhər tarix muzeyində saxlanılır.
Digər rus rəssamı və batalisti, akademik Frans Rubo İrəvan qalasının alınması
mənzərəsini təsvir etmişdir. Bu əsər isə hazırda Ermənistan tarix muzeyində
saxlanılır.
İrəvan qalasının ruslar tərəfindən işğalından sonra qalanın tərtib edilən
çertyojunda göstərilən miqyasa əsasən aparılan hesablamalardan bəlli olur ki,
uzunluğu 850 m, eni 790 m olan qala təqribən kvadrat formasında olub, 7 ha
ərazini əhatə etmişdir. İkiqat qala divarlarının hündürlüyü 10,5-12 m idi.
Qalanın birqat divarı isə Zəngi çayının divarlarını yuduğu qayalıq üstündən
keçirdi. Qalanın üç qapısı var idi: cənubda Təbriz qapısı, şimalda Şirvan qapısı
(yaxud Meydan qapısı) və Körpü qapısı. 1679-cu ildə Meydan qapısı ilə Köhnə
şəhər arasında Zəngi çayının üzərində Qırmızı körpü adlanan körpü
salınmışdı.
Osmanlı
dövləti ilə Qacarlar dövləti arasında strateji mövqedə yerləşən İrəvan qalasını
ələ keçirmək Rusiya üçün də böyük əhəmiyyət kəsb edirdi. Lakin rus qoşunlarının
1804-cü və 1808-ci illərdə İrəvan qalasını ələ keçirmək cəhdləri puç olmuşdu. 20
ildən artıq müddətdə rus qoşunlarının fasilələrlə hücumuna igidliklə tab gətirən
İrəvan qalası, nəhayət 1827-ci il oktyabrın 1-də ermənilərin qala divarlarının
zəif yerlərini rus komandanlığına nişan verməsi nəticəsində süqut etdi. İrəvan
şəhərinin qara günləri başlandı.
Qalanın işğalından dərhal sonra, ilk olaraq Osmanlı sərkərdəsi Rəcəb paşa
tərəfindən 1725-ci ildə inşa etdirilmiş məscidin günbəzindəki ayparanı çıxararaq
onun yerinə xaç asmış, minarəsində isə kilsə zəngi
quraşdıraraq pravoslav kilsəsinə çevirmişdilər. Qaladakı Sərdar məscidini rus
qoşunlarının arsenalına çevirmiş, xanın hərəmxanasını isə hospital etmişdilər.
İrəvan xanlığının süqutundan sonra Xan sarayında yeni yaradılan “Erməni
vilayəti”nin inzibati binası yerləşirdi. Rusiya çarı I Nikolayın Şimali
Azərbaycan xanlıqlarının axırıncı istehkamı olan əfsanəvi İrəvan qalasını görmək
arzusu 1837-ci ildə reallaşmışdı.
İşğaldan sonra İrəvan qalası dövlət mülkiyyəti elan edilmişdi. XIX əsrin 30-cu
illərində İrəvan qalasındakı 120-dən artıq binada müxtəlif təyinatlı dövlət
müəssisələri və təşkilatlar yerləşirdi. 50-ci illərdə qalanın içərisində
müxtəlif tikinti işləri aparılmış və təmir-bərpa işləri görülmüşdü. Qalada rus
hərbi hissələri və onlarla top saxlanılırdı. İrəvan qalası 1864-cü il martın
12-dək hərbi –istehkam qalası statusunu saxlamışdır. Qala rəsmən buraxıldıqdan
sonra onun divarlarının, qüllələrinin daşlarını ətrafda yaşan sakinlər söküb
aparmışlar. 1880-ci illərdən etibarən isə bir-birinin ardınca qalanın
içərisindəki tikililər və müdafiə qurğuları yoxa çıxmışdır.
[234]
1865-ci
ildə İrəvan qalasının ərazisinin bir hissəsini Nerses Tahiryan adlı tacir satın
alaraq orada şərab zavodu (indiki konyak zavodu) inşa etdirmişdi.
İrəvan qalasının və onun içərisində olan tarixi-memarlıq abidələrinin sökülüb
dağıdlılması prosesi XIX əsrin sonu, XX əsrin əvvəllərində Türkiyə ərazisində
erməni üsyanlarının yatırılmasından sonra Cənubi Qafqaza axışıb gələn erməni
qaçqınlarının böyük bir qisminin İrəvan şəhərində məskunlaşmalarından sonra daha
da sürətlənmişdir. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1924-cü ildə
şəhərin baş planı təsdiq edilmişdir. Əksər tədqiqatçıların təsdiq etdikləri
kimi, Aleksandr Tamanyanın rəhbərliyi altında hazırlanan həmin baş planın
başlıca məqsədi azərbaycanlılara məxsus olan tarixi-memarlıq abidələrini yer
üzündən silməkdən ibarət olmuşdur. 1936-cı ildə İrəvanın yeni baş planı
hazırlanmışdır və onun həyata keçirilməsi nəticəsində qalanın içərisində müasir
tipli hündürmərtəbəli binalar inşa edilmişdir. İkinci Dünya müharibəsi dövrünə
aid şəkillərdə İrəvan qalasının divarlarının müəyyən hissəsinin hələ də mövcud
olduğu görünür. Lakin sonralar qala divarları tamamilə sökülmüş və hazırda ondan
əsər-əlamət qalmamışdır.
İrəvan qalasının həmyaşıdları – Bakıda İçərişəhərin qala divarları, onun
içərisindəki Şirvanşahlar sarayı, Şəkidə Xan sarayını əhatə edən qala divarları
bu gün də yaşayır və keçmişdən bu günə soraq verirlər. İrəvanda isə orta əsr memarlığından soraq
verən bircə dənə də olsun tarixi abidə qalmamışdır. Azərbaycanlılara məxsus
tarixi-memarlıq abidələrinin məhv edilməsinin nəticəsidir ki, İrəvan şəhərində
yaşı 200 ildən yuxarı bircə dənə də olsun tarixi abidə qalmamışdır. Hazırda
İrəvan şəhər tarix muzeyində müasir erməni memarları tərəfindən hazırlanmış
İrəvan qalasının maketi nümayiş etdirilir. Maketdən görünür ki, heç də qalada
mövcud olmuş bütün tikililər orada öz əksini tapmamışdır. Həmçinin həmin muzeydə
qalanın ruslar tərəfindən işğalından sonra ələ keçirildiyi iddia edilən “İrəvan
qalasının açarı” da nümayiş etdirilir.
Son
illərdə Ermənistan rəhbərləri “İrəvan qalası” adı altında yeni layihə həyata
keçirmək fikrinə düşüblər. Bu məsələdə erməni rəsmiləri üç əsas məqsəd güdürlər.
Birincisi, xaricdən gələn qonaqlara “qədim İrəvandan” kiçik bir nümunə göstərmək
imkanı əldə edir, ikincisi, ermənilərin Şərq mədəniyyətinə, müsəlmanların irsinə
tolerant münasibət göstərdiklərini nümayiş etdirmək şansı qazanır, üçüncüsü isə
yeni “İrəvan qalası”nda XVII-XVIII əsrlər memarlığı üslubunda inşa edilməsi
nəzərdə tutulan “Sədar sarayı”ndan, ticarət obyektlərindən, bazarlardan
karvansaralardan, Şərq hamamlarından və s. külli miqdarda gəlir əldə etmək
istəyirlər. Şəhər ətrafında – keçmişdə Yenikənd adlanan, indi isə
ermənilərin Noraqyuğ adlandırdıqları yaşayış massivində 184 hektar ərazidə inşa
edilməsi nəzərdə tutulan layihənin ilkin smeta dəyəri 6-7 milyard ABŞ dolları
civarındadır. Moskva şəhərinin keçmiş meri
Yuri Lujkovun İrəvana 2010-cu ilin yanvarındakı səfəri zamanı erməni rəsmiləri
onu şirnikləndirərək “İrəvan qalası” layihəsinin maliyyələşdirilməsi məsələsini
merin və onun biznes ortaqlarının üzərinə qoymaq üçün onun razılığını
almışdılar. Lakin Y.Lujkov Moskvanın meri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra
“İrəvan qalası” layihəsinin icrası yeni sponsor tapılanadək təxirə
salınıb.
İrəvan qalası bu gün Ermənistan Respublikası adlanan tarixi Azərbaycan
torpağında vaxtilə mövcud olmuş, lakin “mədəni” ermənilərin terroruna məruz
qoyularaq yer üzündən silinən yüzlərlə tarixi-memarlıq abidələrindən
biridir.
İrəvan qalasında mövcud olmuş Xan sarayı kompleksi, və məscidlər haqqında ayrıca
material verdiyimiz üçün bu yazıda yalnız İrəvan qalasının tarixi aqibəti
haqqında söhbət açdıq.
İrəvan qalası
Nazim
Mustafa
tarix üzrə fəlsəfə doktoru