İrəvan xanlığının idarəçilik sistemi həmin dövrdə
mövcud olan digər Azərbaycan xanlıqlarının idarəçilik sisteminin bənzəri idi.
Xanlıqda rəsmi dövlət dili Azərbaycan türkcəsi idi, rəsmi yazışmalarda isə
zəruri olduqda fars dilindən istifadə olunurdu.
Zəngin dövlətçilik ənənələri formalaşmış İrəvan xanlığında idarəçilik sisteminin
başında bir qayda olaraq azərbaycanlılar dururdular. İrəvan xanlığının
ərazisində yaşayan azsaylı ermənilər xanlığın idarəçiliyində təmsil
olunmurdular, onlar yalnız və yalnız adi vergi ödəyiciləri idilər.
Xanlığın idarəçilik sistemi haqqında həmin dövrün salnaməçilərinin və
tədqiqatçılarının əsərlərindən və səyyahların yol təəssüratlarından kifayət
qədər məlumat əldə etmək olar. Rus tədqiqatçılarından İvan Şopenin, İlya
Petruşevskinin, erməni tədqiqatçılarından Yervand Şahəzizin, Vardan Parsamyanın,
Tatevos Hakopyanın əsərlərində İrəvan xanlığının və İrəvan şəhərinin idarəçilik
sistemi haqqında kifayət qədər məlumat vardır.
Tipik feodal dövləti hesab olunan İrəvan xanlığında, müasir terminlərlə ifadə
etsək, ali hakimiyyət – qanunverici, icraedici və məhkəmə hakimiyyəti xana
(yaxud sərdara) məxsus idi. Xanın özü isə bir qayda olaraq mərkəzi hakimiyyət,
başqa sözlə şah tərəfindən təyin edilirdi.
Ölkənin
taleyi ilə bağlı olan ən mühüm məsələlər barədə xanın təkbaşına qərar çıxarmaq
hüququ var idi. Xanlığın təsərrüfat işlərini xandan sonra ikinci şəxs hesab
edilən vəzir idarə edirdi. Qeyri-məhdud səlahiyyətlərə
malik olmasına baxmayaraq, xanın yanında xüsusi məşvərətçi şura
- divan və yaxud xan
şurasıfəaliyyət göstərirdi. Divanın tərkibi xan və vəzir
də daxil olmaqla, sarayda mühüm vəzifə tutan şəxslərdən və şeyxülislamdan ibarət
idi. Divana bir qayda olaraq xana ən yaxın olan və nüfuzlu şəxs hesab
edilən divanbəyi başçılıq edirdi. Xanın divanında yüzə
qədər məmur çalışırdı. Xan sarayında vəzirlə birlikdə maliyyə işlərinə
baxan sərkər-ali, xanın saray təsərrüfatını idarə
edən eşikağası, xəzinəyə başçılıq
edən xəzinədar, xəzinənin mədaxil və məxaricinə
nəzarət edən sandıqdarağası, məhsul yığılan anbarlara
nəzarət edən anbardarağası, saray mühafizəçilərinin
başçısı qoruqbaşı və digər vəzifələr də var idi.
Mühafizə xidməti xanın buyruqlarının vaxtında yerinə yetirilməsini təmin edir,
ölkədə qayda-qanun yaradılmasında mühüm rol oynayırdı. Xanın əmrlərinin və
məhkəmə qərarlarının icrası ilə müsaillər məşğul
olurdular. Məhsulla alınan vergilərin yığılması ilə
yerlərdə darğalar məşğul olurdu.
İrəvan şəhərində bir neçə zərbxana mövcud olmuşdur. XVIII əsr səyyahı Cemelinin
verdiyi məlumata görə, İrəvandakı zərbxanalarda gümüş və mis pullar zərb
edilirdi. İrəvanda başlıca olaraq gümüş “abbası” və “şahı” nominalları
buraxılırdı. Bəzən “abbası” 4 “şahı”ya , bəzən də 5 “şahı”ya bərabər tutulurdu.
Abbasıdan əlavə İrəvanda müxtəlif ölçülü mis “qara pul” da kəsilirdi.
Erməni
tarixçilərinin iddia etdikləri kimi, İrəvan xanlığının ərazisində haçansa
erməni dövləti və yaxud erməni idarəçiliyi mövcud olmuş olsaydı onda həmin
ərazidə dövlətçilik atributlarından biri hesab edilən pul kəsilər və dövriyyəyə
buraxılardı. Arxeoloji qazıntılar zamanı və başqa yollarla Qafqaz regionunda üzə
çıxan qədim sikkələrin məşhur sovet numizmat Yevgeni Paxomov tərəfindən tədqiqi
göstərmişdir ki həmin sikkələr içərisində ermənilərə aid bir dənə də olsun
nümunəyə rast gəlinməmişdir. [48]
İrəvan şəhəri bir mərkəz olaraq xanılığın tərkibinə ayrıca inzibati vahid kimi
daxil edilmişdi. Şəhər rəisi vəzifəsini xan tərəfindən təyin
edilən naibidarə edirdi. Naib təsərrüfat və inzibati
işlərlə məşğul olur, vergilərin vaxtında toplanılmasına nəzarət edirdi. Xan
müvəqqəti olaraq şəhəri tərk etdikdə bütün şəhərin idarəsi naibin əlində
cəmləşirdi. İrəvan qala-şəhər olduğundan, qala daxilində asayişi qorumaq, onun
müdafiəsinə nəzarət etmək qalabəyinin vəzifəsi idi.
Şəhərdə asayişin qorunmasına darğa (yəni polis rəisi) nəzarət edirdi.
Yüzbaşılar, onbaşılar (yasavullar) darğaya tabe idilər.
Mahalları idarə edənlər mirbölük adlanır, xan (yaxud
sərdar) tərəfindən təyin edilirdilər. Mirbölüklər nüfuzlu bəylərin və digər
yüksək təbəqənin nümayəndələri arasından seçilirdi. Kəndləri isə kəndxudalar və
yaxud koxalar idarə edirdilər. Onlar da öz növbəsində mirbölüklər tərəfindən
təyin olunurdular.
Xarici dövlətlərdən gələn yüksək səviyyəli qonaqlar İrəvan xanı tərəfindən
təmtəraqla qarşılanır və rəsmi mərasimlə yola salınırdı. 1817-ci ildə İrana
səfər edən nümayəndə heyətinin tərkibində İrəvan xanlığında olmuş Moritz fon
Kotzebue yazır ki, nümayəndə heyəti İrəvan qalasına çatanda qalanın divarları
qarşısında Hüseynqulu xanın qardaşı Həsən xanın komandanlıq etdiyi iki minlik
sərbaz alayı və 6 bölükdən ibarət atlı artilleriyası düzülmüşdü. Nümayəndə
heyəti darvazanın önünə yaxınlaşdıqda təbillər çalınmış və musiqiçilər
İngiltərənin “Tanrı Kralı qorusun” adlı milli marşını ifa etmişdilər.
Kotzebuenin yazdığına görə, qalaya daxil olduqdan sonra onları əyanları ilə
birlikdə xanın özü qarşılamış və təmtəraqlı ziyafət təşkil
edilmişdi. [49]
Xan müstəqil xarici siyasət yürüdür, zəruri hesab etdikdə qonşu dövlətlərə
müharibə elan edir, öz qoşununu müttəfiqlərinin köməyinə göndərirdi. Xanın
nizami qoşunu iki sərbaz alayından, süvarilərdən, bir neçə 6 funtluq səhra
toplarından və zəmbərəklərdən (yəni dəvə üstündə quraşdırılmış falkonetləri –
kiçik topları) ibarət idi. Lazım gəldikdə, xanlığın ərazisində yaşayan və əli
silah tuta bilən hər bir şəxs ucdantutma orduya cəlb edilirdi. Bunlardan əlavə
qala bürcləri üzərində xüsusi altilleriya topları mövcud idi. Sonuncu İrəvan
xanı Hüseynqulu xanın dövründə xanın qardaşı Həsən xan ali baş komandan sifətilə
orduya sərkərdəlik edirdi. [50]
Xan ittiham edilən bütün şəxsləri mühakimə etmək, cərimələmək, fiziki cəza
vermək və hətta ölüm hökmü çıxarmaq hüququna malik idi. Hüseynqulu xanın
ədalətli idarəçilik sistemi qurması, quruculuq işlərinə xüsusi fikir verməsi
barədə o dövrün salnaməçiləri, həmçinin erməni müəllifləri geniş məlumat
vermişlər. Lakin Hüseynqulu xan milli mənsubiyyətinə görə heç vaxt ayrıseçkilik
etmədiyi ermənilərin ona qarşı xəyanətini bağışlamırdı. Məsələn, İrəvan
ətrafındakı Nurnus kəndinin sakini Hakop Harutyunyan İrəvan xanının ordusunda
topçu kimi xidmət edərkən, 1827-ci il avqustun 17-də döyüş zamanı top atəşini
rus qoşunlarına deyil, əks istiqamətə – İrəvan xanının qoşunlarına tərəf
yönəltməsi çaxnaşmaya səbəb olmuş və bundan sonra o, döyüş meydanından qaçmışdı.
Ancaq xanın döyüşçüləri onu təqib edərək Eçmiədzin monastırının yaxınlığında
yaxalamış və xanın hüzuruna gətirmişdilər. Hüseynqulu xan satqınlıq yolunu tutan
digər ermənilərə dərs olsun deyə, Hakopun gözlərini çıxartdırmış, burnunu,
dodaqlarını və dabanlarını kəsdirmişdi.” [51]
Bütün müsəlman dövlətlərində olduğu kimi, İrəvan xanlığında da şəriət məhkəməsi
mövcud idi. Şeyxülislamın, qazının və yüksək rütbəli din xadimlərinin daxil
olduğu şəriət məhkəməsi mülki iddialara baxırdı.
İrəvan xanlığında təhsil sistemi digər Azərbaycan xanlıqlarında olduğu kimi idi.
Təhsillə əsasən din xadimləri məşğul olurdular. Hər bir məscidin nəzdində
mədrəsə fəaliyyət göstərirdi.
Bütün yuxarıda qeyd edilənlərdən belə qənaət hasil olur ki, İrəvan xanlığında
dövlətçilik ənənələrinə əsaslanan kifayət qədər təkmil idarəçilik sistemi mövcud
olmuşdur.
İdarəçilik sistemi
Nazim
Mustafa
tarix üzrə fəlsəfə doktoru