XIX əsrin sonları, XX əsrin əvvəllərində Cənubi
Qafqazda Azərbaycan dilində nəşr edilən mətbuatın sıralarının genişlənməsi
İrəvanda da mətbuata olan marağın artmasına səbəb olmuşdu. Həmin dövrdə artıq
İrəvanda ədəbi-ziyalı mühiti formalaşmağa başlamışdı. İrəvanlı ziyalılar,
xüsusən də İrəvandakı məktəblərin müəllimləri və məzunları “Əkinçi” (1875-1877),
“Kəşkül” (1883-1891), “Kaspi” (1881-1919), “Şərqi-Rus” (1903-1905), “Həyat”
(1905-1906), “İrşad” (1905-1907), “Füyuzat” (1906-1907), “Molla Nəsrəddin”
(1906-1931) kimi qəzet və jurnallarla əməkdaşlıq edirdilər.
İrəvanda Azərbaycan dilində ilk mətbuat çar Rusiyası dövründə işıq üzü
görmüşdür. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyası ərazisində ilk erməni
dövləti – Ermənistan (Ararat) Respublikasının mövcudluğu dövründə İrəvanda
Azərbaycan dilində mətbuat nəşr olunmamışdır. Ermənistanda sovet hakimiyyəti
qurulduqdan sonra, 1921-ci ildən etibarən müəyyən fasilələrlə İrəvanda
Azərbaycan dilində qəzet çap olunmuşdur. Ona görə də İrəvanda Azərbaycan dilində
nəşr olunan mətbu orqanlarının tarixini iki mərhələyə bölmək olar: Çar Rusiyası
dövrü və Sovet hakimiyyəti dövrü.
Çar Rusiyası dövründə İrəvan ziyalılarından Mirzə Kazım Qazi Əsgərzdə
(“Mütəlle”) və Hacı Seyid Rza Əmirzadə (“Sabir”), Məhəmmədəli bəy Vəliyev
“Əkinçi” qəzeti ilə əməkdaşlıq etmişlər. Firudin bəy Köçərli, Haşım bəy Vəzirov
İrəvanda yaşadıqları dövrdə “Kəşkül” qəzetinin səhifələrində çıxış
etmişlər.
Görkəmli Azərbaycan ədibi Cəlil Məmmədquluzadənin həyatının müəyyən dövrü İrəvan
şəhəri ilə bağlı olmuşdur. Mirzə Cəlil 1901-1903-cü illərdə İrəvanda yaşadığı
dövrdə həm məhkəmə vəkili olmaq üçün imtahanlara hazırlaşmış, həm də “Kaspi”
qəzetində İrəvanda yaşayan azərbaycanlıların hüquqların tapdalanmasından bəhs
edən məqalələr dərc etdirmişdir. Mirzə Cəlilin “Kaspi” qəzetinin 7 mart 1902-ci
il tarixli nömrəsində “İrəvan müxbirimizdən” başlıqlı yazısında şəhərin
cənub-qərbində, Zəngi çayının sahilində salınan Dəlmə arxı ilə suvarılan
azərbaycanıların minbir əziyyətlə saldıqları, sayı 60-a çatan meyvə-üzüm
bağlarını şəhər bələdiyyəsinin ələ keçirmək üçün həyata keçirdiyi qanunsuz
əməllərdən bəhs edilir. Müəllifin “C.M.” imzası ilə 28 mart 1902-ci ildə “Kaspi”
qəzetində dərc edilən “İrəvan” başlıqlı məqaləsində şəhər Dumasının iclaslarında
azərbaycanlıların ərizələrini müzakirə etmədən onlara rədd cavablarının
verilməsindən bəhs edilir. [190] Ədibin bu məqalələri XX əsrin
əvvəllərində İrəvan şəhərində yaşayan azərbaycanlıların hüquqlarının rəsmi
dövlət orqanları tərəfindən kobudcasına pozulmasının əyani nümunələridir.
Azərbaycan ədəbi-mədəni fikir tarixində özünəməxsus yeri olan, 1886-cı ildə
İrəvan Oğlanlar Gimnaziyasını bitirən, “Kaspi” qəzetinin İrəvan quberniyası üzrə
müxbiri, yazıçı-publisist Eynəli bəy Sultanovun 1905-1906-cı illərdə İrəvan
şəhərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar
haqqında həmin qəzetin səhifələrində silsilə məqalələri dərc olunmuşdur. Məhz
həmin məqalələr o vaxt İrəvan şəhərində baş verən hadisələr haqqında obyektiv
məlumatlar əldə etmək imkanı verir.
1906-cı ildə öz dövrünün nöqsanlarını, eybəcərliklərini satira dili ilə və
karikatura vasitəsilə oxucularına çatdıran “Molla Nəsrəddin” adlı jurnalın işıq
üzü görməsi böyük əks-səda doğurmuşdu. “Molla Nəsrəddin” qısa bir zamanda
İrəvanda da özünə xeyli oxucu kütləsi qazanmışdı. İrəvanlı ziyalılar içərisindən
mollanəsrəddinçilər dəstəsi formalaşmışdı. Cabbar Əsgərzadə (Mirzə Cabbar Əsgər
oğlu Əsgərzadə, 1885-1966), Əli Məhzun (Əli Hacı Zeynalabdinzadə Rəhimov,
1886-1934), Məmmədəli Nasir (Məmmədəli Nasir Hacı Məmmədzadə İrəvani,
1899-1982), Mirzə Məhəmməd Axundov, Məşədi Mehdi Sadıqzadə kimi ziyalılar “Molla
Nəsrəddin” jurnalının səhifələrində çıxış edirdilər. İrəvanda meydan sulayan
cəhalətpərəstlərin, xalqın savadlanmasını istəməyən bəzi din xadimlərinin,
müasir tipli məktəblərin açılması və gənclərin maariflənməsi üçün var-dövlətini
əsirgəyən bəzi varlı irəvanlıların qorxusundan “Molla Nəsrəddin”in İrəvandan
olan müxbirləri gizli imzalarla çıxış edirdilər. Müxbirlərdən Əli Məhzun “Anaş
qurbağa”, “Yetim cücə”, Cabbar Əsgərzadə (Aciz) “Məhkəmə pişiyi” kimi imzalardan
istifadə edərək özlərini qaragüruhçulardan qorumağa çalışırdılar.
“Molla Nəsrəddin”in səhifələrində 1905-1906-cı illərdə İrəvan quberniyasında və
Zəngəzur qəzasında erməni silahlı dəstələrinin törətdikləri kütləvi qırğınlardan
canını qurtararaq Bakı və Yelizavetpol (Gəncə) quberniyalarına pənah gətirən
qaçqınların acınacaqlı vəziyyətinə biganə qalan sahibkarlar, varlı və imkanlı
adamlar tez-tez tənqid atəşinə tutulurdu.
İrəvanda 1911-1912-ci illərdə və 1914-cü ildə “Эриванский вестник” (“İrəvan
xəbərləri”) qəzeti nəşr olunmuşdur. Faydalı Biliklərin Yayılması üzrə İrəvan
Cəmiyyətinin orqanı olan bu gündəlik qəzet “İctimai-ədəbi qəzet” rubrikası
altında üç dildə – rus, tatar (Azərbaycan) və erməni dillərində məqalələr
dərc edirdi. [191] Bu qəzetdə rus dilində təhsil almış İrəvanın
azərbaycanlı ziyalıları, İrəvan Gimnaziyasının və İrəvan Müəllimlər
Seminariyasının azərbaycanlı tələbələri də öz məqalələrini dərc
etdirirdilər.
İrəvan şəhərində Azərbaycan dilində ilk mətbu orqanı “Lək-lək” (Leylək”) adlı
satirik məcmuə olmuşdur. İrəvan ziyalılarından Mirməhəmməd Mirfətullayev və
Cabbar Əsgərzadə İrəvan qubernatorunun 21 yanvar 1914-cü il tarixdə onlara
verdiyi icazəyə əsasən həmin il fevralın 22-də “Lək-lək”in ilk nömrəsini
buraxmışdılar. İrəvandakı “Luys” (“İşıq”) mətbəəsində həftədə bir dəfə 8 səhifə
həcmində nəşr edilən “Lək-lək”in hər nömrəsində başlığının altında “Lək-lək”
türk dilində həftəlik məzhəkəli məcmuədir” sözləri yazılırdı. Məcmuənin ilk
nömrəsində verilən “Baş məqalə”də və irəvanlılara ünvanlanan “Lək-lək”in salamı”
şeirində “Ləl-lək” öz məsləyini “Molla Nəsrəddin” sayağı bəyan etmişdir. Elə
jurnalın ilk nömrəsindən başlayaraq İrəvanın ictimai-siyasi həyatındakı
eybəcərliklər, xalqın balalarının məktəbdən, təhsildən uzaq qalması, xalqı avam
yerinə qoyan “möminlərin” din pərdəsi altında çıxardıqları hoqqalar, satirik
dillə oxuculara çatdırılırdı. Jurnalın səhifələrindəki tənqidi yazılar
“Lək-lək”, “Hərif”, “Kələmbaş”, “Şeytan”, Yetim cücə”, “Kefli”, Şərxəta”, “Dul
toyuq” “Naqqal”, “Məlik Naqqal”, “Bayquş”, “Hərdəmxəyal”, “Palazqulaq”, “Məhkəmə
pişiyi”, “Həpənd” və s. kimi imzalarla təqdim edilirdi. Bu imzalardan bir çoxuna
“Molla Nəsrəddin”in səhifələrində də rast gəlinmişdir. “Hərdəmxəyal” gizli
imzası Məmməd Səid Ordubadiyə, “Məlik Naqqal” imzası Əliqulu Qəmküsara, “Şeytan”
və “Dul toyuq” imzaları isə Məmmədəli Nasirə məxsus idi.
İrəvanda qaragüruhçular əhalini maariflənməyə, dünyada gedən proseslərdən
xəbərdar olmağa səsləyən qələm sahiblərinə qarşı fiziki terror tətbiq edir,
onlara hədə-qorxu gəlirdilər. “Molla Nəsrəddin”in İrəvan müxbirləri Əli Məhzun
və Cabbar Əsgərzadəni öldürmək haqqında hökm verilmişdi. Gənc müxbir Məmmədəli
Nasiri xəncərlə yaralamışdılar. “Lək-lək” 28 may 1914-cü il tarixli nömrəsində
“Nəsihət” başlıqlı şeirdə xəbərdarlıq edirdi:
Özünü topla a “leylək”, bircə rahət otur!
Olmasın çox da işin seyid ilən, həm bəy ilən!
Görmüyürsən a quzum, Nasiri xəncərlədilər,
Mərvdə Yusifi öldürmədi bir çəkməsilən? [192]
Şeirdə adı çəkilən Yusif İrəvan qəzasının Qəmərli kəndində anadan olmuş, bir
müddət İrəvanda yaşadıqdan sonra Mərv şəhərinə (Türkmənistan) getmiş, oradakı
məktəbdə müəllimlik etməklə yanaşı, Bakıda nəşr edilən “İqbal” qəzetində
məqalələrlə çıxış edirdi. Yusif Heydərzadə Mərv şəhərindəki Əhmədiyyə məktəbində
uşaq teatrı təşkil etmişdi. O, çıxışlarının birində bəzi əyanların xeyir işlərdə
laqeydlik göstərdiklərini tənqid etdiyinə görə, 1914-cü ilin fevral ayında
vəhşicəsinə öldürülmüşü. “Lək-lək” məcmuəsi 1914-cü il 17 iyun tarixlı sayında
Yusif Heydərzadənin ölümü ilə bağlı nekroloq dərc etmişdi.
Jurnalın səhifələrində İrəvan şəhəri ilə yanaşı, Bakıdan, Tiflisdən,
Naxçıvandan, Ordubaddan, Makudan, Təbrizdən alınan xəbərlər satira janrında
oxuculara çatdırılırdı. “Lək-lək” xarici ölkələrdə baş verən prosesləri
ibrətamiz şəkildə oxucularına çatdırmaqla, onlarda milli özünüdərk prosesinə
xeyli təkan vermişdi. Məcmuənin səhifələrində İrəvandakı Müsəlman Xeyriyyə
Cəmiyyətinin fəaliyyəti tez-tez işıqlandırılır, cəmiyyət üzvləri arasında olan
narazılıqların dolayısı ilə təhsilin və mədəniyyətin inkişafına maneçilik
törətməsi oxucuların nəzərinə çatdırılırdı.
“Lək-lək”in 5 may və 19 may 1914-cü il tarixli nömrələrində “Dil məsələsi”
başlıqlı yazı dərc olunmuşdur. Məmmədəli Nasirin “Dul toyuq” imzası ilə dərc
edilən bu yazısında öncə danışığında rus kəlmələri işlədən “intiligentlər”,
sonra isə ərəb və fars dillərindəki qəliz ifadələri işlədərək dilimizi korlayan
mollalar, vaizlər, xanəndələr, savaddan yarımçıqlar tənqid atəşinə
tutulmuşdur.
Cəmisi 12 nömrəsi işıq üzü görən məcmuənin sonuncu nömrəsində “Lək-lək”in müdir
və naşirləri M.Mirfətullayev və C.Əsgərzadənin imzası ilə oxuculara müraciət
dərc olunub. Müraciətdə “Lək-lək”in qapanacağını, əvəzində müştərilərinə “Çınqı”
adında yeni məcmuənin göndəriləcəyi bildirilirdi. Həmçinin qeyd edilirdi ki
“Çınqı” məcmuəsi Əli Məhzun Hacı Zeynalabdinzadə və Cabbar Əsgərzadənin birgə
redaktorluğu və müdirliyi ilə, İrəvanın bir neçə maarifpərvər gənclərinin maddi
və mənəvi köməyi ilə nəşr olunacaq. Lakin “Çınqı”nın taleyi indiyədək qaranlıq
qalır.
Fədakar tarixçi alim, publisist və tərcüməçi, 1972-ci ilə İrəvanda “Ermənistanda
Azərbaycan mətbuatının tarixi” mövzusunda namizədlik dissertasiyası müdafiə edən
İsrafil Məmmədov ilk dəfə “Lək-lək” və “Bürhani-həqiqət” məcmuələrinin bütün
nömrələrini müxtəlif aspektlərdən təhlil etmişdir. İsrafil Məmmədovun 2002-ci
ildə çap etdirdiyi “İrəvan dəftəri” kitabında “Lək-lək” və “Bürhani-həqiət”
jurnallarının hər birinə ayrıca fəsillər ayrılmışdır.
[193]
“Lək-lək” məcmuəsinin bağlanmasından 1916-cı ilin sonunadək keçən müddət ərzində
İrəvanda Azərbaycan dilində hər hansı bir mətbuat orqanının işıq üzü görməsi
haqqında heç bir məlumat yoxdur.
Birinci Dünya müharibəsi dövründə rus qoşunları Qafqaz cəbhəsindən Şərqi Anadolu
üzərinə hücuma keçmişdi. Rusiyanın Türkiyə torpaqlarını işğalına yardım etmək
üçün İrəvan şəhərində erməni könüllü dəstələri formalaşdırılır və bir müddət
sonra cəbhə bölgələrinə göndərilirdi. Şəhərdə əllərində silah dolaşan erməni
əsgərləri azərbaycanlılara qarşı zorakılıqlar edirdilər. Digər tərəfdən, Şərqi
Anadoludan kütləvi surətdə Cənubi Qafqaza gələn erməni qaçqınlarının əksəriyyəti
İrəvan şəhərinə və onun ətraf kəndlərinə üz tuturdular. Belə bir şəraitdə
Azərbaycan dilində mətbuat nəşr etdirmək olduqca çətin bir iş idi.
Lakin uzun yazışmalardan sonra tanınmış mollanəsrəddinçi, şair, publisist Əli
Məhzunun müdir və redaktorluğu və İrəvanın nüfuzlu ziyalılarından Həsən
Mirzəzadə Əliyevin naşirliyi ilə 1917-ci il yanvarın 1-də “Bürhani-həqiqət”
məcmuəsi işıq üzü görmüşdür. “Bürhan” kəlməsi ərəbcədir və mənası dəlil, sübut,
isbat deməkdir. “Bürhani-həqiqət” birinci sayında “Həqiqət” adlı redaksiya
məqaləsində məcmuənin adı ilə əməlinin üst-üstə düşdüyünü gələcək nömrələrində
oxucularına sübut edəcəyini bəyan etmişdi. [194]
İstiqaməti ədəbi, siyasi, tarixi, elmi və fənni olan
“Bürhani-həqiqət”in işıq üzü görməsi İrəvanın ictimai-siyasi həyatında, ədəbi
mühitində mühüm hadisə idi. İrəvandakı “Luys” mətbəəsində ayda iki dəfə nəşr
edilən məcmuənin cəmisi 9 nömrəsi işıq üzü görmüşdür. Əli Məhzun İrəvan
şəhərində yaşayan müxtəlif ixtisaslı ziyalıları, İrəvan Müəllimlər
Seminariyasının tələbələrini xalqın maarifləndiriləsi üçün məcmuə ilə
əməkdaşlığa cəlb etmişdi. Tanınmış mollanəsrəddinçi Cabbar Əsgərzadə (Aciz),
fars və rus dillərində dərsliklər müəllifi Mirzə Cabbar Məmmədov, təbiət elmləri
və təbabət mövzusunda məqalələr yazan ziyalılardan Rəhim Naci, Vahid Muğanlı və
Təhvil İrəvani, şairə xanımlardan Şöhrət, Nigar, Səri, Əbdülhəqq Mehrinisə,
Fatma Müfidə, Rəmziyyə kimi qələm sahibləri “Bürhani-həqiəti”in müəllifləri
idilər.
“Bürhani-həqiqət” öz oxucusunu cəhalət zülmündən xilas etməklə yanaşı, baş verən
hadisələri həqiqətin dili ilə izah etmək, ayrı-ayrı partiyaların və qurumların
əsl məqsədini kütlələrə izah etmək, qətl və qarətlərin, kütləvi qırğınların
arxasında duran qüvvələri göstərmək, ermənilərin İrəvandakı maddi-mədəniyyət
abidələrimizin tarixini saxtalaşdırmaq cəhdlərinin qarşısını almaq kimi bir
missiyalar da daşıyırdı.
1917-ci il fevral inqilabından sonra “Bürhani-həqiqət” məcmuəsi “Hürriyyət,
müsavat, ədalət” başlıqlı məqalə dərc edərək yazırdı ki, azadlığı qazanmaq nə
qədər çətindirsə, onu əldə saxlamaq ondan da çətindir. Məcmuə azərbaycanlı
seçiciləri seçki prosesinə ciddi yanaşmağa, öz aralarından layiqli nümayəndələr
seçməyə çağırırdı.
Əli Məhzun “Bürhani-həqiqət”də yazdığı “Azadlıqmı, əsarətmi?” məqaləsində
ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə etiraz səsini
ucaldaraq yazırdı: “Bulvarda, küçədə, bazarda hər gün yüzlərcə müsəlmanlar
erməni soldatları tərəfindən təhqir olunurlar. Gecələr saat səkkizdə belə
bulvarda bir nəfər də olsun papaqlı müsəlman tapılmayır. Hətta teatroya getməyə
belə bir çoxları cürət edə bilməyirlər. Səbəbi isə hər halda təhqir olunub
döyülməkdir. Azadlıqmı? Əsarətmi? Əvət, lap da qorxulu bir əsarətdir. Kimə rücu
(yəni – müraciət) etməli? Və kimdən əlac istəməli?”
[195]
“Bürhani-həqiqət” öz yazılarını əsasən beş başlıq – “Lüğətin lüğəti”,
“Ədəbiyyata dair”, “Məişət məsələləri”, “Elmi məqalələr” və “Elanlar şöbəsi”
başlıqları altında oxucularına təqdim edirdi. Məcmuənin ilk nömrələri İrəvanda
yığıldıqdan sonra Tiflisə göndərilir, senzuradan icazə alındıqdan sonra çap
edilirdi. Senzura əngəlləri üzündən məcmuənin 2-ci və 4-cü nömrələr vaxtında
çıxmamış, yazıların bir qismi dəyişdirilmişdi. Məcmuənin naşiri və redaktoru
“Bürhani-həqiqət”i 16 səhifə həcmində çıxarmağa hazırlaşsalar da, buna müvəffəq
ola bilməmişdilər. Məcmuə iyunun 29-da çıxan 9-cu nömrəsindən sonra bağlanmışdı.
[196]
1917-ci ildə İrəvanda “İrşad”, “İttihad”, “Yeni firqə”, sosial-demokrat
təmayüllü “Müdafieyi məzluman” adlı firqələr, İrəvan Müsəlman Milli Şurası,
İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti kimi bir sıra ictimai qurumlar fəaliyyət
göstərirdi. Şübhəsiz ki, onlardan bəzilərinin mətbu orqanları olmuşdur. Lakin
həmin dövrdə İrəvanda yalnız “Cavanlar şurası” adlı qəzetin buraxılması haqqında
məlumat gəlib çatmışdır. İrəvan Müsəlman Milli Şurası öz ətrafında vətənpərvər
qüvvələri birləşdirirdi. Bu şura İrəvanda milli zəmində qanlı toqquşmaların
qarşısının alınması üçün erməni siyasi təşkilatları ilə əməkdaşlıq edirdi. Nazim
Axundovun tərtib etdiyi “Azərbaycanda dövri mətbuat (1832-1920)”
biblioqrafik-məlumat kitabında həftəlik siyasi-ictimai, ədəbi qəzet olan
“Cavanlar şurası”nın İrəvan azərbaycanlılarının Milli Şurası tərəfindən 1920-ci
ildə nəşr edildiyi, tələbə Rza Tağıyev, M.Ə.Nasir və Mir Fətullayev tərəfindən
redaktə olunduğu göstərilmişdir. [197]
İrəvanda
Azərbaycan mətbuat tarixinin ilk tədqiqatçısı İsrafil Məmmədovun da qeyd etdiyi
kimi, 1920-ci ildə İrəvanda azərbaycanlılara qarşı soyqırım həyata keçirildiyi
dövrdə Azərbaycan dilində qəzet nəşr etdirmək mümkün deyildi. Digər tərəfdən,
qəzetin redaktorlarından Məmmədəli Nasir 1918-ci ildə daşnakların təqibindən
qurtularaq Gəcə şəhərinə gəlmiş, orada jurnalistlik fəaliyyətini davam
etdirmişdi. İrəvan Müsəlman Milli Şurası 1918-ci ilin mayında daşnakların
hakimiyyətə gəlməsinədək aktiv fəaliyyət göstərdiyindən, “Cavanlar şurası”nın
1917-ci ilin ikinci yarısı, 1918-ci ilin birinci yarısında nəşr edildiyini
təxmin etmək olar.
1918-1920-ci illərdə Ermənistan daşnak hakimiyyəti dövründə İrəvanda Azərbaycan
dilində mətbuat nəşr olunmadığı halda, həmin dövrdə Bakıda erməni dilində “Arev”
(“Günəş”), “Aşxatavori dzayn” (Əməkçinin səsi”), “Aşxatanki droşak” (“Əmək
bayrağı”), “Banvori xosk” (“Fəhlə sözü”), “Qordz” (“İş”), “Yerkir” (“Ölkə”) və
s. kimi mətbu orqanları işıq üzü görürdü. Bu gün erməni tarixçilərinin iddia
etdikləri kimi, əgər 1918-ci ildə Bakıda ermənilərə qarşı “soyqırım” törədilmiş
olsaydı, bu qədər qəzet və jurnal işıq üzü görə bilməzdi.
Sovet
Ermənistanında Azərbaycan dilində nəşr olunan ilk qəzet kimi “Kommunist”in adı
çəkilir. Məlumdur ki, 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti
qurulduqdan az bir müddət sonra yenidən öz yer-yurdlarına qayıdıb gələn
azərbaycanlı əhalinin mərkəzi hakimiyyət orqanlarında təmsilçiliyi məsələsi
gündəliyə gəlmişdi. İlk dövrlərdə Ermənistana rəhbər kadrlar Azərbaycandan
göndərilirdi. 1921-ci ilin yanvarın ortalarında Azərbaycan İnqilab Komitəsinin
zəmanəti ilə rəhbər vəzifə tutmaq üçün Süleyman Nuri adında şəxs Ermənistan
İnqilab Komitəsinin sərəncamına göndərilmişdi. Mustafa Sübhinin başçılıq etdiyi
Türkiyə Kommunist Partiyasının üzvü olan Süleyman Nuri Bakıda qalmış,1920-ci
ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının I qurultayının
təşkilatçılarından olmuşdu. 1921-ci il yanvarın ortalarında Ermənistan
Hərbi-İnqilab Komitəsinin üzvü sifətiylə İrəvana göndərilən Süleyman Nuri
Ermənistan Xalq Komissarları Şurasının qərarı ilə Xalq Ədliyyə komissarı və Ali
Məhkəmənin sədri təyin edilir. Süleyman Nuri xatirələrində yazır ki, o, eyni
zamanda, tərkibi İrəvan şəhərində yaşayan yerli türklərdən təşkil edilmiş
kommunist özəklərinin yaradılması ilə məşğul olmuşdur. Süleyman Nuri yazır
“… təklifim əsasında Ermənistan Kommunist Partiyası mərkəzi Komitəsi
Bakıya məktub göndərmiş, qəzetəçi Semih
Hüseyn adında bir yoldaş redaktor olaraq İrəvana dəvət edilmiş və İrəvanda yerli
türklərin dilində çıxan bu qəzetin yayınları daha verimli hala
gəlmişdir.” [198]
Süleyman Nuri xatirələrinin başqa bir yerində yazır ki, Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin sərəncamında Semih Hüseyn adlı İstanbullu türk
zabitinin komandanlığında bir ehtiyat polis taburu var idi. Semih Hüseyn də bəzi
türklər kimi, Xalq Cümhuriyyətinin süqutundan sonra Bakıda qalmış, kommunist
partiyasına üzv olmuş, Süleyman Nuri ilə birgə çalışmışdı.
[199] Çox ehtimal ki, Bakıdan qəzet redaktoru kimi İrəvana
dəvət edilən Semih Hüseyn elə Süleyman Nurinin bəhs etdiyi həmin şəxs olmuşdur.
Belə qənaət hasil olur ki, bəzi tədqiqatçıların “Kommunist”in redaktorunun Həmid
Qənizadə adlı şəxsin olması haqqında irəli sürdükləri fikir yanlışdır. Həmid
Qənizadə “Kommunist”in deyil, 1921-ci ilin ikinci yarısından nəşr edilən
“Rəncbər” qəzetinin redaktoru olmuşdur. [200]
1921-ci il fevralın ikinci yarısında daşnaklar qiyam qaldıraraq Ermənistanda
sovet hakimiyyətini yıxmış, İrəvan şəhəri daşnakların əlinə keçmişdi. Bununla da
“Kommunist” qəzeti öz fəaliyyətini dayandırmışdı. Aprel ayında İrəvanda sovet
hakimiyyəti yenidən bərpa edilmiş, may ayında yeni hökumət – Xalq Komissarları
Soveti təşkil edilmişdi. Erməni dilini bilməyən, tərcüməçi vasitəsi ilə ədliyyə
komissarı vəzifəsində işləməyin səmərəli olmadığını söyləyən
Süleyman Nuri yenidən İrəvana qayıtmaqdan imtina etmişdi. 1921-ci ilin iyul
ayında Azərbaycandan göndərilən Bala Əfəndiyev xalq daxili işlər komissarının
müavini vəzifəsinə təyin edilmişdi. Bala Əfəndiyev 1922-ci ilin yanvarından
Ermənistan KP MK-nın təbliğat-təşviqat şöbəsinin nəzdində Türk seksiyasının
müdiri vəzifəsində işləməklə yanaşı, Ermənistan KP MK-nın və İrəvan şəhər
Partiya Komitəsinin orqanı olan “Rəncbər”, sonra isə “Zəngi” qəzetinin redaktoru
olmuşdu. Bala Əfəndiyevin xanımı Fatma Əfəndiyeva da ictimai-siyasi işlərdə fəal
iştirak edirdi. O, “Rəncbər” qəzetinin ilk qadın müxbiri olmaqla yanaşı,
İrəvanda azərbaycanlı qadınlar üçün təşkil edilmiş Qadınlar klubunun rəhbəri
olmuşdu. Sonralar Bülbül Kazımovanın rəhbəri olduğu həmin klub azərbaycanlı
qadınlar içərisində mədəni-maarif işlərinin aparılmasında, dini mövhumata qarşı
mübarizədə mühüm işlər görmüşdü. 1949-cu ilədək fəaliyyət göstərən Qadınlar
klubunun nəzdində savadsızlığın ləğv edilməsi, dərzilik kursları, özfəaliyyət və
dram dərnəkləri fəaliyyət göstərirdi. [201]
Əvvəlcə 500, sonra isə 1000 nüsxə ilə 4 səhifə həcmində nəşr olunan “Rəncbər”
qəzetinin 1921-ci ildə 31 nömrəsi, 1922-ci ildə isə 46 nömrəsi işıq üzü
görmüşdür. “Rəncbər” qəzeti 1922-ci il dekabrın sonunda nəşrini dayandırmışdır.
Ermənistanın bolşevik qiyafəsinə girmiş millətçi-şovinist rəhbərləri
Azərbaycanlıların doğma yer-yurdlarına qayıtmalarını istəmirdilər. Üstəlik,
Azərbaycan dilində qəzetin buraxılmasını heç istəmirdilər. Mərkəzi Komitənin
katiblərindən biri olan Aşot Hovanisyan “Rəncbər”in abunəçilərinin az olmasını
bəhanə edərək qəzetin bağlanmasına göstəriş vermişdi. Digər tərəfdən, 1922-ci
ilin dekabrında Zaqafqaziya Ölkə Partiya Komitəsi Zaqafqaziyada nəşr edilən bir
sıra qəzetlərin vəziyyətini müzakirə edərək qərar qəbul etmişdi. Qərarda
deyilirdi: “İrəvan və Batumidə türk dilində nəşr edilən qəzetlərin çıxarılması
dayandırılsın. Zaqafqaziya türkləri üçün ümumi bir ölkə qəzetinin nəşri zəruri
hesab edilsin. Gürcüstan K(b)P MK-nın orqanı olan “Yeni fikir” qəzeti
Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Şurasının orqanı
olaraq gündəlik nəşr edilsin.” [202]
Ermənistan K(b)P MK-nın nəzdindəki Türk seksiyasının müdiri Bala Əfəndiyev
seksiyanın 1922-1925-ci illərdə gördüyü işləri əhatə edən hesabatında göstərirdi
ki, 1923-cü ildən Ermənistan KP MK-nın orqanı olan “Rəncbər” qəzeti Zaqafqaziya
Ölkə Komitəsinin qərarı ilə bağlanmış. əvəzində “Yeni fikir” qəzeti alınmışdır,
hansı ki, Ermənistanın türk rayonlarının ehtiyac və tələbatını ödəyə bilmir.
[203]
Məhz
Bala Əfəndiyevin gərgin əməyi nəticəsində, 1925-ci il noyabrın 29-da onun
redaktorluğu ilə Ermənistan KP MK-nın və Ermənistan SSR Xalq Komissarları
Şurasının orqanı kimi, “Zəngi” qəzeti nəşr olunmağa başlamışdı. Əvvəlcə həftədə
bir dəfə, sonra isə iki dəfə çap olunan bu qəzet azərbaycanlıların
maariflənməsi, onların hüquqlarının qorunması, yeni türk əlifbasına keçid
məsələlərində müstəsna rol oynayırdı. 1928-ci ilin sonuna kimi “Zəngi” adı ilə
nəşr olunan qəzet 1929-cu ilin yanvarından “Qızıl şəfəq” adı ilə nəşr olunmağa
başlamışdı. “Qızıl şəfəq” öz sələfi haqqında yazırdı: “Zəngi” qəzeti
Ermənistanda yaşayıb da türkcə danışan işçi və kəndli kütləsinin mədəni inqilab
tarixini yaratmağa birinci vasitə və ilk bayraqdar olaraq meydana gəlmişdir.
Həftədə iki dəfə çıxan, üç il davam edən fəaliyyətində apardığı təşviqat və
məfkurəvi mübarizə sayəsində türk zəhmətkeşlərinin maarif və mədəniyyətcə qabağa
getməsində böyük iş görmüşdür. Onun şəfəqləri türk zəhmətkeş kütləsini
maarifləndirmək və sosializm quruculuğuna cəlb etmək işində yardımçı
olacaqdır.” [204]
Bala Əfəndiyevin 1926-cı ildə Ermənistanda ictimai təminat komissarı vəzifəsinə
təyin edilməsindən sonra qəzetin məsul redaktoru Mustafa Hüseynov
olmuşdur.
1930-cu ilin yanvarında Əli Əkərəkli “Qızıl Şəfəq” qəzetinin redaktoru təyin
edilmişdir. Bu barədə Rza Vəlibəyov öz xatirələrində yazır ki, Zaqafqaziya
Kommunist Universitetinin məzunu Əli Əkərəkli Mərkəzi Komitənin tapşırığı ilə
kollektivləşmə işlərinə rəhbərlik etmək üçün Basarkeçər rayonuna təhkim
edilmişdi. Həmin vaxt Basarkeçərə gələn Ermənistan KP MK-nın ikinci katibi Ağasi
Xancyan Əli Əkərəkli ilə görüşəndə deyir ki, Mərkəzi Komitənin bürosu razılığını
soruşmadan onu “Qızıl şəfəq” qəzetinə redaktor təyin etmişdir.
[205] Bu, ondan irəli gəlirdi ki, o vaxt Kommunist Partiyası
qəzetlərə redaktor təyin edərkən həmin şəxsin redaktorluq təcrübəsinə və yaxud
jurnalistlik peşəsinə yiyələnib-yiyələnməməsi baxımından deyil, onun siyasi
yetkinliyi baxımından yanaşırdı.
Ermənistana rəhbər işə göndərilən köhnə kommunist Əli
Tağızadə Bala Əfəndiyevdən sonra 1929-1932-ci illərdə Ermənistan SSR ictimai
təminat komissarı, eyni zamanda “Qızıl şəfəq”in redaktoru olmuş, Ermənistan KP
MK-nın büro üzvü seçilmiş, 1933-1935-ci illərdə Vedi rayon Partiya Komitəsinin
birinci katibi işləmişdi. Ermənistanın daşnak rəhbərliyi köhnə bolşevik Əli
Tağızadənı ləkələmək üçün bəhanə axtarırdı. Nəhayət, işində “ciddi nöqsan
taparaq” Əli Tağızadəni Vedi rayonunun Qaralar kəndinə kitabxana müdiri
göndərmişdilər. Təqiblərdən qurtularaq Bakıya qaçmağa müvəffəq olan Əli Tağızadə
1959-1963-cü illərdə Azərbaycan SSR Ali Sovetinin sədri seçilmişdir.
1932-1936-cı illərdə Mustafa Hüseynov yenidən “Qızıl şəfəq”in redaktoru təyin
olunmuşdur. Türkiyədə doğulan Mustafa Hüseynovu redaksiyada qapıçı vəzifəsinə
vaxtilə Türkiyədən gələn bir türk dostunu işə götürdüyü üçün həbs etmiş, ona
“Türkiyənin agenti” damğasını vuraraq 1936-cı ildə güllələmişdilər.
1936-cı ilin noyabrından 1937-ci ilin aprelinədək “Qızıl şəfəq”in redaktoru
Səfər Alməmmədov olmuşdur. Səfər Alməmmədov bir müddət Ermənistan SSR-in xalq
ədliyyə komissarı, sonralar isə Azərbaycanda ədliyyə naziri olmuşdu.
1937-ci il oktyabrın 2-dən etibarən qəzet “Kommunist” adı altında nəşr
edilmişdir. Bu arada qəzetin redaktoru Əkbər Rizayev olmuşdur. İrəvanda
azərbaycanlı gənclərdən ibarət ilk komsomol özəklərinin yaradılmasında fəal
iştirak edən Əkbər Rizayev bir müddət Ermənistan komsomolunun Mərkəzi
Komitəsində və sonra isə Ermənistan KP MK-da şöbə müdiri, daha sonra Moskvada
“İnostrannaya literatura” nəşriyyatında Türk ədəbiyyatı redaksiyasının müdiri
vəzifəsində işləmişdi.
Qəzet 1939-cu il sentyabrın 26-dan 1989-cu ilin sonunda nəşrini dayandıranadək
“Sovet Ermənistanı” adı ilə çap olunmuşdur.
Qisa
fasilə ilə Cəfər Vəlibəyov təqribən 20 ilə yaxın qəzetin (əvvəlcə “Qızıl
şəfəq”in, sonra isə “Sovet Ermənistanı”nın) redaktoru olmuşdur. O, 22 yaşında
İrəvan Türk Dram Teatrının direktoru, 25 yaşında Basarkeçər rayon Komsomol
Komitəsinin katibi, sonra Amasiya rayonunda çıxan “Maldarlıq cəbhəsində”
qəzetinin redaktoru, daha sonra Amasiya rayon Partiya Komitəsinin katibi
vəzifələrində işləmişdi. 1938-ci ildən 1947-ci ilədək Cəfər Vəlibəyov “Sovet
Ermənistanı” qəzetinin redaktoru, 1947-1949-cu illərdə isə Qarabağlar rayon
Partiya Komitəsinin birinci katibi işləmişdi. 1949-cu ildə Cəfər Vəlibəyov
yenidən “Sovet Ermənistanı”nın redaktoru təyin edilmiş, 1961-ci ilədək redaksiya
kollektivinə rəhbərlik etmişdi.
Rza Vəlibəyov da iki dəfə “Sovet Ermənistanı”nın redaktoru olmuşdur. O,
1924-1928-ci illərdə Zaqafqaziya Kommunist Universitetində təhsil aldıqdan sonra
Basarkeçər rayon Partiya Komitəsinin katibi, sonra isə qısa müddətdə “Qızıl
Şəfəq”in redaktoru işləmişdir. Rza Vəlibəyov Ermənistan KP MK-da şöbə müdiri,
Ermənistan SSR xalq ədliyyə komissarı, Xalq Komissarları Soveti sədrinin müavini
vəzifələrində işlədikdən sonra 1947-1949-cu illərdə yenidən “Sovet Ermənistanı”
qəzetinin redaktoru, 1949-1962-ci illərdə isə Ermənistan SSR maarif nazirinin
birinci müavini vəzifələrində işləmiş, SSRİ və Ermənistan SSR Ali Sovetinin
deputatı olmuşdu. Rza Vəlibəyov yeganə azərbaycanlıdır ki, İrəvanda Fəxri
xiyabanda (Panteonda) dəfn olunmuşdur. [206]
1961-1974-cü illərdə “Sovet Ermənistanı” qəzeti
əvvəllər Amasiya rayon Partiya Komitəsinin birinci katibi olmuş Həbib Həsənovun
redaktorluğu ilə nəşr olunmuşdur. Onun redaktorluğu dövründə qəzetin nüfuzu və
tirajı xeyli yüksəlmişdir. Həbib Həsənovun 1997-ci ildə Bakıda nəşr olunmuş
“Silinməz adlar, sağalmaz yaralar” adlı kitabında hazırda Ermənistan
Respublikası adlandırılan qədim Oğuz yurdunda – Qərbi Azərbaycanda son 200 ildən
artıq bir dövrdə ermənilərin soydaşlarımızın başına gətirdikləri faciələrdən,
deportasiyalardan, soyqırımlardan, bəhs edilir.
1974-1981-ci illərdə “Sovet Ermınistanı” qəzetinin redaktoru filologiya elmləri
namizədi Məhərrəm Bayramov olmuşdur. O, 1966-1969-cu illərdə “Sovet Ermənistanı”
qəzetinin redaktor müavini, 1969-1974-cü illərdə Amasiya rayon Partiya
Komitəsinin birinci katibi, 1974-cü ildən “Sovet Ermənistanı”nın redaktoru
işləmişdir. Məhərrəm Bayramov qəzetin redaktoru olmaqla yanaşı, Ermənistan SSR
Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdu.
“Sovet
Ermənistanı” qəzetinin redaktoru 1981-1984-cü illərdə Cahangir Əliyev olmuşdur.
Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra 1956-1962-ci illərdə Amasiya
rayonunda çıxan “Kolxozçu tribunası” qəzetinin redaktoru olmuşdu. 1962-1964-cü
illərdə Bakı Ali Partiya Məktəbində təhsil aldıqdan sonra rayonlararası “Şirak”
qəzetinin redaktor müavini, daha sonralar 1974-1981-ci illərdə Amasiya rayon
Partiya Komitəsinin birinci katibi işləmişdi. O, 1982-84-cü illərdə Ermənistan
SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdu. 1984-cü ildə Bakıya
köçmək məcburiyyətində qalan Cahangir Əliyev əvvəlcə Azərbaycan KP MK aparatında
mətbuat bölməsində işləmiş, 1991-ci ildən ömrünün sonunadək “Xalq qəzeti”ndə
redaktor müavini və məsləhətçi vəzifələrində çalışmışdır.
Sovetlər dönəmində bir qayda olaraq Kommunist Partiyasının və hökumətin mətbu
orqanlarına abunə yazılışı üçün yerli təşkilatlar qarşısında plan qoyulurdu.
Lakin Ermənistanın millətçi rəhbərləri Ermənistan KP MK-nın, Ali Soveti Rəyasət
Heyəti və Nazirlər Sovetinin orqanı olan “Sovet Ermənistanı” qəzetini abunə
yazılması nəzərdə tutulan qəzetlərin siyahısına daxil etmirdilər. Bununla belə,
qəzetin oxucularının sayı getdikcə artırdı. 80-ci illərin ortalarında qəzetin
tirajı 10 min nüsxəyə çatmışdı.
1985-ci ildən “Sovet Ermənistanı”nın redaktoru Zərbəli Qurbanov olmuşdur.
Əvvəllər Amasiya rayon Partiya Komitəsinin birinci katibi işləmiş Zərbəli
Qurbanovun redaktorluq illəri “yenidənqurma” və “aşkarlıq” pərdəsi altında
erməni şovinizminin yenidən baş qaldırması dövrünə təsadüf etmişdir. 1987-ci
ilin sonlarından etibarən “Sovet Ermənistanı” qəzetinin redaksiyası öz
əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi qayğısına qalmaqla yanaşı, həm
də bütövlükdə Ermənistan ərazisində insan hüquqları kobudcasına pozulan, təzyiq
və təqiblərlə üzləşən, ermənilərin zorakılıqlarına məruz qalan azərbaycanlıların
hüquqlarının müdafiəçisi kimi çıxış etmək məcburiyyətində qalmışdı. Qəzetin baş
redaktorunun imzası ilə azərbaycanlılara qarşı edilən təzyiqlər və zorakılıqlar
barədə Ermənistanın və SSRİ-nin rəhbər orqanlarına müraciətlər edilir,
soydaşlarımızın təhlükəsizliyinin təmin
edilməsi üçün konkret tədbirlərin ələ alınması tələb edilirdi. Lakin “türksüz
Ermənistan” siyasətini həyata keçirən Ermənistan rəhbərliyi ciddi tədbirlər
görmək əvəzinə, azərbaycanlıların respublika ərazisini tərk etməyə məcbur edən
erməni silahlı dəstələrinin hər cür özbaşınalıqlarını ört-basdır edirdi. 1988-ci
ilin sonunda “Sovet Ermənistanı” qəzetinin əməkdaşlarının böyük əksəriyyəti
Azərbaycana köçmək məcburiyyətində qalmışdı. İrəvandakı Opera teatrının
qarşısında keçirilən mitinqlərin birində “Sovet Ermənistani” qəzeti ilə
haqq-hesab çəkmək təklif olunmuş, mitinqçilər redaksiya binasını mühasirəyə
almışdılar. Xüsusi təyinatlı dəstənin mitinqçiləri dağıtması nəticəsində
redaksiyanın 20-yə yaxın əməkdaşı girov vəziyyətindən azad olunmuşdular. Bir
müddətdən sonra Zərbəli Qurbanov və redaksiyanın bir neçə əməkdaşı həmişəlik
olaraq İrəvanı tərk etmək məcburiyyətində
qalmışdılar. [207]
Tarix
elmləri namizədi İsrafil Məmmədov 1989-cu ildə “Sovet Ermənistanı” qəzetinin
sonuncu redaktoru olmuşdur. 1956-cı ildən taleyini “Sovet Ermənistanı” qəzeti
ilə bağlayan İsrafil Məmmədov 30 ildən artıq müddətdə şöbə müdiri, məsul katib,
redaktor müavini kimi məsul vəzifələrin öhdəsindən bacarıqla gəlmişdi. Zərbəli
Qurbanovun İrəvanı tərk etmək məcburiyyətində qalmasından sonra Ermənistan
rəhbərliyi “Sovet Ermənistanı” qəzetinin nəşrini davam etdirməyi İsrafil
Məmmədova həvalə etmişdi. Müxbir, tərcüməçi və korrektor çatışmazlığı, ciddi
erməni senzurası şəraitində qəzetin nəşrini davam etdirmək mümkün deyildi. Lakin
Ermənistan rəhbərliyi orada yaşayan azərbaycanlıların heç bir problemi olmadığı
təəssüratını yaratmaq məqsədilə hər vəchlə çalışırdı ki, “Sovet Ermənistanı”
qəzeti nəşrini davam etdirsin. Çünki həmin dövrdə Bakıda ermənilər firavan
şəkildə yaşayır və erməni dilində nəşr olunan “Kommunist” qəzeti, “Agitatator”
jurnalı, Yazıçılar İttifaqının orqanı olan “Qrakan Adrbecan” (“Ədəbi
Azərbaycan”) jurnalı həmişəki qaydada nəşr edilirdi. Lakin əsasən teletayp
vasitəsilə alınan rəsmi materialları dərc etməyə gücü çatan “Sovet Ermənistanı”
qəzetinin nəşrini davam etdirmək mümkün olmadı. 1989-cu ilin sonunda “Sovet
Ermənistanı” qəzeti həmişəlik qapadıldı. Girov kimi İrəvanda qalan qəzetin
redaktoru İsrafil Məmmədov 1990-cı ilin yanvarında hərbçilərin müşayiəti ilə
Azərbaycan sərhədinə çatdırılmışdı.
Azərbaycan mətbuat tarixində silinməz iz qoyan “Sovet Ermənistanı” qəzetində
Tofiq Məmmədov, Lətif Hüseynov, Cümşüd Sultanov, Rza Əsgərov, Əsgər Əsgərov,
Nəcəf Şabanov, Nüsrət Sadıqov, Allahyar Rəhimov, Vidadi Quliyev kimi peşəkar
jurnalistlər dəstəsi formalaşmışdı. Tarix elmləri doktoru Sabir Əsədov,
filologiya elmləri doktoru, “Respublika” qəzetinin redaktoru Teymur Əhmədov,
şair-publisist Hidayət Orucov, Azərbaycan Dövlət Teleradio Verilişləri
Şirkətinin sədri olmuş Babək Məmmədov, Milli Məclisin üzvü olmuş Eldar Səfərov
əvvəllər “Sovet Ermənistanı” qəzetinin əməkdaşı olmuşdular.
“Sovet
Ermənistanı” qəzetinin redaktorları bir qayda olaraq Ermənistan SSR Ali
Sovetinin deputatı seçilir və Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin
müavini olurdular. Qəzetin redaktorlarının bioqrafiyasından görünür ki, 1961-ci
ildən 1989-cu ilədək bir qayda olaraq “Sovet Ermənistanı” qəzetinin
redaktorluğuna bundan əvvəl Amasiya rayon Partiya Komitəsinin birinci katibi
olmuş şəxslər təyin edilmişdir. Lakin bu qəzetin redaktorlarından Rza
Vəlibəyovdan başqa, heç birinə ömrünün sonunadək Ermənistanda yaşamaq nəsib
olmamışdır.
Təəssüf ki, Sovet hakimiyyəti illərində, İrəvan arxivləri azərbaycanlı
tədqiqatçıların üzünə qismən açıq olduğu dövrdə İrəvanda Azərbaycan dilində nəşr
olunan mətbuatın tarixi kifayət qədər araşdırılmamışdır. Yalnız tədqiqatçı alim
İsrafil Məmmədov 1972-ci ilə İrəvanda müdafiə etdiyi “Ermənistanda Azərbaycan
mətbuatının tarixi” mövzusunda namizədlik dissertasiyasında çar Rusiyası
dövründə – XX əsrin əvvəllərində İrəvanda nəşr olunan “Lək-lək” və
“Bürhani-həqiqət” jurnallarını araşdırmışdır. Tədqiqatçı-jurnalist Qəzənfər
Qəribov isə 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika
fakültəsində “Ermənistanda Azərbaycan dilində dövri mətbuat orqanlarının meydana
gəlməsi haqqında” müdafiə etdiyi diplom işində sovet hakimiyyəti illərində
İrəvanda Azərbaycan dilində nəşr edilən qəzetlərin tarixçəsini diqqətlə
araşdırmışdır.
İrəvan
radiosunun Azərbaycan dilində verilişlər redaksiyasında da təcrübəli
jurnalistlər və diktorlar çalışırdılar. Hər gün axşam yarım saat efirə buraxılan
Azərbaycan dilində verilişdə rəsmi xəbərlərlə yanaşı, müxbirlərin əmək
kollektivlərindən hazırladıqları reportajlar, müsahibələr, sonra isə bir qayda
olaraq Azərbaycan musiqisindən ibarət lent yazıları səsləndirilirdi.
Azərbaycanca verilişlər redaksiyasının ilk rəhbəri “Sovet Ermənistanı” qəzetində
işləyən Siddiqə Qədimova olmuşdur. SSRİ Ali Sovetinin deputatı olan Siddiqə
Qədimova jurnalistlik fəaliyyəti ilə yanaşı, tərcümə işi ilə də məşğul olurdu.
Şair-tərcüməçi Əli Vəkil (Səfiyev) də əmək fəaliyyətinə Azərbaycan dilində
verilişlər redaksiyasında diktor-redaktor kimi başlamışdır. Ali dərəcəli diktor
Lətifə Dalqılıcova və Nəcəf Şabanov uzun illər verilişlərin mətnlərini efirdən
səsləndirmişdilər. İsmayıl İsmayılov, Dursun Abbasov, Cəlil Hüseynov, Kamil
Hüseynov redaktor kimi, Ramiz Məşədiyev təcrübəli radio müxbiri kimi
tanınırdılar. 1988-ci ilin dekabrında Azərbaycan dilində verilişlər redaksiyası
fəaliyyətini dayandırmalı oldu. Lakin azərbaycanlılar Ermənistanı bir nəfər kimi
tərk etdikdən sonra belə, Ermənistan radiosunda Azərbaycan dilində verilişlər
erməni diktorlarının səsi ilə siyasi məqsədlər naminə xeyli müddət davam
etdirilmişdi.
Azərbaycan mətbuat salnaməsinin ayrılmaz parçası olan İrəvanda nəşr edilən mətbu
orqanlarının tarixinin daha dərindən araşdırılması mətbuat tarixinin
zənginləşməsinə xidmət edir.
Mətbuat
Nazim
Mustafa
tarix üzrə fəlsəfə doktoru