İrəvan şəhəri Azərbaycanın qədim mədəniyyət
mərkəzlərindən biri olmuşdur. Təbriz, Ərdəbil, Bakı, Gəncə, Şuşa şəhərlərində
olduğu kimi, İrəvan şəhərində məşhur şairlər, nasirlər, elm və mədəniyyət
xadimləri yetişmişdir. İrəvan şəhərində olduqca zəngin ədəbi mühit
formalaşmışdır. İrəvan şəhərində yazıb-yaradan şair və yazıçıların əsərlərinin
bir çoxu İrəvan qalası uğrunda gedən döyüşlər və yerli azərbaycanlı əhalinin
dəfələrlə öz yer-yurdlarından didərgin düşmələri nəticəsində itib-batmışdır.
Xüsusən, XIX əsrin əvvəlində rus qoşunlarının şəhəri işğalından sonra qiymətli
əlyazmaların böyük əksəriyyəti məhv edilmişdir. Əsasən məscidlərdə və
mədrəsələrdə saxlanılan qiymətli əlyazmaların əksəriyyəti yandırılmışdır.
Bununla belə, Azərbaycandakı və qonşu dövlətlərdəki arxivlərdə və kitabxanalarda
İrəvan ədəbi mühitinə aid bir çox nümunələrə rast gəlinir.
Orta əsrlərdə şərq poeziyasının görkəmli nümayəndələrinin əsərləri şairlər
tərəfindən tərcümə edilir və ədəbi məclislərdə qiraət ustaları tərəfindən
oxunurdu. Sədi Şirazinin 1258-ci ildə farsca qələmə aldığı “Gülüstan” əsəri
Yaxın və Orta Şərqdə ən çox oxunan və üzü köçürülərək məktəblərdə tədris edilən
və tərcümə edilən əsərlərdən idi. “Gülüstan”ın Azərbaycan dilinə tərcüməsinin
nadir əlyazmalarından biri Məhəmməd ibn Hüseyn Rəvaniyə aiddir. Rəvaninin
1657-58-ci illərdə tamamladığı “Tərcümeyi Gülüstan”ın gözəl nəsx xəttilə
köçürülmüş əlyazmasının həcmi 107 vərəqdir və hazırda Təbrizdəki Milli
Kitabxanada saxlanılır (şifri: 2444). Həmin əlyazmanı Azərbaycan kitabşünası
Hacı Məhəmməd Naxçivani 1923-cü ildə kitabxanaya hədiyyə etmişdir.
[168]
İrəvan
xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra 1829-1831-ci illərdə
xanlığın ərazisini hərtərəfli tədqiq edən rus tarixçi-statisti İvan Şopen yazır
ki, İrəvanda gənclərin əksəriyyəti Rudəkinin, Firdovsinin, Ənvarinin, Nizaminin,
Caminin, Hafizin, Sədinin və Şərqdə məşhur olan digər şairlərin əsərlərini
əzbərdən söyləyərdilər. [169]
Hələ orta əsrlərdən İrəvan xanlığının ərazisində bir sıra aşıq məktəbləri
formalaşmışdır. Bunlardan ən zəngini Göyçə aşıq məktəbidir. Göyçə aşıq
məktəbinin parlaq simalarından Miskin Abdal (1430-1535), Ağ Aşıq adı ilə tanınan
Aşıq Allahverdi (1754-1860), Aşıq Alı (1800-1911), Aşıq Ələsgər (1821-1926)
özlərindən sonra zəngin irs qoyub getmişlər. Həmin irs İrəvan ədəbi mühitinin
zənginləşməsində mühüm rol oynamışdır. .
Azərbaycan dilinin zənginliyi, poetikliyi, onun musiqi kimi ahəngdar olması
İrəvan xanlığının ərazisində yaşayan ermənilərin də bu dildə yazıb-yaratmalarına
səbəb olmuşdur. Erməni yazıçısı Xaçatur Abovyan yazırdı: “Türkcəni qadınlar və
uşaqlar belə bilir. Buna görə də xalq içərisində məşhur və fitrətən şairlik
istedadına malik olan adamların tatarca (yəni – Azərbaycan
dilində) şeir yaratmaları çox təbii bir haldır”.
Azərbaycan dilinin köməyi ilə erməni aşıqları özlərinə çoxlu dinləyici və
tamaşaçı toplaya bilirdilər. Professor A.Arşaruni də təsdiq edir ki, azəri dili
“demək olar ki, erməni aşıqlarının və erməni xalqının doğma dili olmuşdur. Əks
təqdirdə, onlar (yəni – erməni aşıqları) dinləyicilər qarşısında
müvəffəqiyyət qazana bilməzdilər və onların dili dinləyicilər üçün anlaşılmaz
olardı.” [170]
Erməni aşıqlarının Azərbaycan dilindən, həm də şifahi xalq ədəbiyyatının forma
və məzmun zənginliyindən istifadə etmələrinin səbəblərindən biri də XV-XVI
əsrlərdən başlayaraq Azərbaycan şifahi xalq ədəbiyyatının çox sürətlə inkişaf
etməsi olmuşdur. Digər səbəb isə XIX əsrin birinci yarısınadək müasir erməni
ədəbi dilinin – aşxarabarın formalaşmaması olmuşdur. Erməni yazarlarının
əksəriyyəti əski erməni ləhcəsində – qraparda yazıb-yaratdıqlarından həmin
əsərləri erməni xalqı başa düşmürdü. Məşhur erməni tarixçisi Leo (Arakel
Babaxanyan) belə qənaətə gəlmişdir ki, erməni dilinin yoxsulluğu üzündən erməni
aşıqları öz mahnılarını azəri dilində qoşmuşlar. Leo yazır: “Aşıqlar üçün
nağıllarda, mahnılarda təsvir olunan həyatı ifadə etmək üçün türk dili (yəni
– Azərbaycan dili) erməni ləhcələrindən daha səlis, daha ifadəli
və daha zəngindir” [171]
Azərbaycan dilində yazıb-yaradan XVII əsr erməni aşıqları haqqında xeyli məlumat
vardır. Onların əsərlərindən bəzi nümunələr Matenedaranda və Ermənistan
Ədəbiyyat və İncəsənət Muzeyində saxlanılır. XVIII əsrdə Azərbaycan dilində
nəğmələr qoşan Sayat Nova, Miran, Bağıroğlu, Əmiroğlu, Qul Yeqaz, Turab Dədə,
Şamcı Meleko, Kiçik Nova, Qul Hovanes və başqalarının adları məlumdur. İrəvanda
Aşıq Şirinin və Gümrüdə Aşıq Bavenin türk-azəri dilində yazıb-yaradan aşıq
məktəbləri olmuşdur.[172]
Ermənilər yalnız əhatəsində yaşadıqları xalqların folklorunu və musiqisini
yamsılamaqla məşğul olmuşlar. Ermənilərin başqa xalqlardan istifadə etdikləri,
bu xalqların təsiri sayəsində yaratdıqları nəğmələr və havalar haqqında erməni
tədqiqatçısı S.Palasanyan yazır: “Bizim mahnıların havası müxtəlifdir. Türkiyədə
türkün, Gürcüstanda gürcünün, İrəvan, Şuşa, Ağkilsə və İranda farsın,
ümumiyyətlə hansı xalqın təsiri altında olmuşuqsa, həmin xalqın mahnilarının
havalarını götürmüşük.” [173]
Bu gün dünyaya “Erməni havaları” kimi təqdim olunan havalar və nəğmələr haqqında
erməni yazıçısı Mikael Nalbandyan təqribən 150 il bundan öncə yazırdı: “Ancaq
havaların əksəriyyəti türklərdən götürülübdür. Mən ermənilərin yaşadıqları çox
yerləri dolaşmışam, həmişə də çalışmışam sırf ermənicə nəsə eşidəm. Lakin həmin
şeyi dinləmək mənə nəsib olmamışdır.” [174]
Azərbaycan-erməni ədəbi əlaqələrini dərindən araşdıran, Matenadaranda və
Ermənistan arxivlərində uzun illər tədqiqat aparan filologiya elmləri doktoru
İsrafil Abbasov qeyd edir ki, XVII-XVIII əsrlərə, daha çox isə XIX əsrə aid elə
bir erməni əlyazması yoxdur ki, orada Azərbaycan xalqının qədim nəğmələrinə
təsadüf edilməsin. İ.Abbasov həmçinin Matenadaranda saxlanılan və Azərbaycan
folkloru nümunələrini, habelə bir sıra yazılı ədəbiyyat materiallarını özündə
əks etdirən qiymətli əlyazmaların inventar nömrələrini göstərməklə, onların
yazılma tarixini müəyyənləşdirən cədvəl tərtib etmişdir. (Həmin cədvəl elektron
resursun “Sənədlər” bölməsində olduğu kimi verilir).
İrəvan xanlığının ərazisində yeganə işlək dil Azərbaycan türkcəsi olmuşdur.
İrəvan və Naxçıvan xanlıqlarının ərazisində 1829-1831-ci illərdə kameral
siyahiyaalma keçirən rus tarixçi-statisti İ.Şopen “tatar dilinin” – yəni
Azərbaycan dilinin yayılma arealı haqqında belə qənaətə gəlmişdir: “Bu məşhur
dil haqqında bir neçə söz deməmək mümkün deyildir, hansı ki, Adriatik dənizindən
tutmuş, Sakit, Hind və Atlantik okeanlarının sahillərinədək, Qədim Dünyanın
üçdəbir hissəsində milyonlarla xalqlar bu dildə
anlaşırlar”.[175]
Böyük rus şairi M.Y.Lermontov Qafqazı gəzdikdən sonra bu qənaətə gəlmişdi:
“Tatar dilini (yəni Azərbaycan dilini) öyrənməyə başlamışam, fransız dili
Avropada zəruri olduğu kimi, bu dil də burada və ümumiyyətlə Asiyada
zəruridir” [176]
2001-ci ildə Tehranda “Zufa” nəşriyyatı tərəfindən görkəmli Azərbaycan alimi,
uzun müddət Təbriz radio-televiziyasında çalışmış Səməd Sərdariniyanın
(1947-2008) “İrəvan müsəlman sakinli şəhər olmuşdur” (“İrəvan yek vilayəte
muselman neşin bud”) kitabı çap olunmuşdur. Müəllifin uzun illər apardığı
araşdırmalarının nəticəsi olan 247 səhifəlik bu kitab tarixi Azərbaycan
torpaqlarında süni surətdə bir erməni dövləti qurulduğunu, yüzilliklər boyu
Azərbaycan şəhəri olan İrəvanın necə Ermənistan Respublikasının paytaxtına
çevrildiyini tarixi-elmi faktlarla əks etdirir. Kitabın son hissələrindəki
bölmələrdə ermənilərin İrəvanda törətdiyi soyqırımlardan nicat tapmış bir sıra
ailələr haqqında sənədlərə və fotoşəkillərə əsaslanan materiallar təqdim
edilmiş, İrəvanın məşhur Göy məscidi və digər məscidləri, Ermənistanda qalıqları
mövcud olan islam abidələri, İrəvanlı alimlər və ruhanilər, görkəmli
şəxsiyyətlər, şair və yazıçılar haqqında məlumatlar verilmişdir. “İrəvan
müsəlman sakinli şəhər olmuşdur” əsərinin üstün cəhətlərindən biri də irəvanlı
şair Mirzə Müslüm Qüdsinin İrəvana həsr etdiyi 300 beytlik məsnəvisinin həmin
kitaba daxil edilməsidir. S.Sərdariniya qeyd edir ki, M.M.Qudsinin adı çəkilən
məsnəvisinin də daxil edildiyi divanının bir nüsxəsi hazırda mərhum Hacı
Məhəmməd Naxçıvaninin kitabxanasında 2814 saylı bölmədə saxlanılır.
[177]
S.Sərdariniya öz kitabına Əziz Dövlətabadinin 1991-ci ildə çap olunan “Qafqazda
fars dilində yazılan şeirlər” kitabına istinadən “İrəvani” imzası ilə şeirlər
yazan 12 şair – Aşüftə İrəvani, Aşub İrəvani, Çeşmə İrəvani, Bidil
İrəvani, Höccət İrəvani, Hərif İrəvani, Dəlil İrəvani, Şakir İrəvani, Fəxri
İrəvani, Qabil İrəvani, Qüdsi İrəvani, Nazim İrəvani kimi Azərbaycan dilində və
farsca yazan şairlər haqqında qısa məlumatlar və onların şeirlərindən nümunələr
daxil etmişdir.
Məlum olur ki, Aşüftə İrəvani (əsl adı Kəlbəhüseynbəydir)
İrəvanın əsil-nəcabətli ailəsindən çıxmış və bu şəhərin şeyxülislamı Hacı Molla
Məhəmmədin qardaşı oğlu olmuşdur. O, cavanlığında Tehrana getmiş, Fətəli şahın
oğlu Zillüssultan Əlişahın mehribanlığı və kəraməti sayəsində firavan ömür
sürmüşdür. Onun gözəl məzmunlu və ürəyəyatan şeirləri vardır. Aşüftə İrəvaninin
lətafətli nitqi olmuşdur.[178]
Əsl adı Mirzə İsmayıl olan Aşub İrəvani şeirlərində əsasən
Fətəli şah Qacarı mədh etmişdir. O, İrəvan xanı Hüseynqulu xan və qardaşı Həsən
xan tərəfindən Müslümün oğlanlarının məzarı üzərində ucaldılmış günbəz binasının
inşa edilməsi tarixini nəzmə çəkmişdir. Halbuki, indi nəinki vaxtilə İrəvanda
müsəlman qəbirlərinin üzərində tikilmiş günbəzlər, hətta şəhərdə salınmış bütün
müsəlman qəbiristanlıqları yerlə yeksan edilmişdir.
Hər iki gözdən məhrum olan Şeyx Musa İrəvani şeirlərini “Şakir”
təxəllüsü ilə yazmışdır. Şakir İrəvani güclü hafizəyə malik olmuşdur.
Şair Çeşmə İrəvaninin əsl adı Rzaqulu xan olmuşdur. O, Fətəli
şahın oğlu Mahmud Mirzənin əmirlərindən olan Məhəmməd xan Qacar İrəvaninin oğlu
idi. Yüksək şairlik təbinə malik olan, xalq arasında hörmət-izzət qazanan Çeşmə
İrəvani uzun müddət Nəhavənddə Mahmud Mirzənin xidmətçilərinin rəhbəri olmuşdur.
Məhəmmməd xan Qacar İrəvaninin digər oğlu, cavanlığında kamil təhsil alan Həsən
öz şeirlərini “Şəhab” təxəllüsü ilə yazmışdır. O, qəzəl
yaradıcılığında xeyli püxtələşmişdir. Məhəmmməd xan Qacar İrəvaninin üçüncü oğlu
Hüseynəli şeirlərini “Qabil” təxəllüsü ilə yazmışdır.
Şair Nazim İrəvaninin əsl adı Əli xandır. Əli xanın atası Əli
Əkbər xan İrəvandan İrana köçdükdən sonra Nəsrəddin şahın yaxınlarından biri
olmuşdu. Əli Əkbər xan bir müddət xarici işlər naziri, bir müddət isə ədliyyə
naziri olmuşdu. Tehranda doğulan Əli xan fars dilini mükəmməl öyrəndikdən sonra
orduda xidmət etmiş, general rütbəsinə qədər yüksəlmişdi. Əhməd şah dövründə (XX
əsrin əvvəli) İranın qoşunlar komandanlığının baş müşavirlər idarəsində xidmət
etmişdir. Yaradıcılığının əsas üslubu qəzəlxanlıq olmuşdur.
Dəlil İrəvani Fətəli şah Qacarın müasirlərindən olmuşdur. Şahı
mədh edən qəsidəsinin bir yerində İrəvan xanı Hüseynqulu xanın bünövrəsini
qoyduğu İrəvan məscidinin binasının tikilməsi tarixinə işarə etmişdir.
Görkəmli Azərbaycan ədəbiyyatşünası və pedaqoqu Firudin bəy Köçərli 1885-1895-ci
illərdə İrəvan gimnaziyasında müəllim işləyərkən İrəvan ədəbi mühitinin
nümayəndələrinin əsərlərini toplamışdır. Firudin bəy Köçərli “Azərbaycan
ədəbiyyatı” əsərində İrəvan şairlərinə ayrıca bölmə həsr etmişdir. Bölmənin
əvvəlində Firudin bəy Köçərli qədim İrəvan şəhərinin tarixinə qısa nəzər salmış,
onun coğrafi mövqeyi haqqında məlumat vermişdir. Müəllif bir zamanlar
“mərkəzi-üləma, füzəla və şüəra” şəhəri olan, böyük alimlər və müctəhidlər
yetirən İrəvanın XIX əsrin əvvəllərində rus qoşunları tərəfindən işğalından
sonra ədəbi mühitinin tənəzzülə uğradığını yazır.
Firudin bəy Köçərli İrəvan şairləri arasında “Bəzmi” təxəllüsü
ilə şeirlər yazan Məşədi İsmayıl Hacı Kazımzadənin məşhur olduğunu yazır.
1846-cı ildə İrəvan şəhərində anadan olan İsmayıl Kazımzadə XIX əsr Azərbaycan
şairi, jurnalisti və maarif xadimi Mirzə Məhəmmədtağı Sidqi Naxçıvaninin
məktəbində təlim almış, öz fitri istedadı sayəsində qısa müddətdə fars və türk
dilini mükəmməl öyrənmişdir. İsmayıl Kazımzadə İrəvanın sərvət sahibi
tacirlərindən olsa da, gözəl təbi, şirin danışığı ilə şəhərin əyanları arasında,
xüsusən də şairlər içərisində əziz və hörmətli olmuşdur. Firudin bəy Köçərlinin
yazdığına görə, Bəzminin farsca və türkcə yazdığı şeirlər bir kitablıq olardı.
Lakin dağınıq olduğu üçün onun qələmindən çıxanları bir yerə toplayan
olmamışdır. Bəzminin şeirlərinin çoxu qəzəl, rübai və müxəmməs janrında
olmuşdur. Bunlarla yanaşı, Bəzminin həcvləri və satirik məzmunlu şeirləri də
olmuşdur. Firudin bəy Köçərli həm də “Əndəlib” (“Bülbül”) təxəllüsü ilə
yazıb-yaradan Məşədi İsmayıl Kazımzadənin yaradıcılığından nümunələri
“Azərbaycan ədəbiyyatı” kitabına daxil etmişdir. İsmayıl Kazımzadə həmçinin
ömrünün son 20 ilini maarifə həsr etmiş, İrəvanda məktəb açmışdır ki, bu haqda
kitabın “Elm və təhsil” bölməsində ətraflı yazılmışdır.
Firudin bəy Köçərli “Mütəlle” təxəllüslü şair kimi təqdim
etdiyi 1832-ci il təvəllüdlü Mirzə Kazım Qazi Əsgərzadə Axund Əhmədovun gənc
yaşlarında Təbriz mahalından İrəvana gəldiyini, sonra ömrü boyu İrəvanda
yaşadığını və orada vəfat etdiyini yazır. İrəvan ziyalısı Mirzə Abbas
Məhəmmədzadəyə istinadən Firudin bəy Köçərli qeyd edir ki, Mütəlle bütün
şeirlərini farsca yazmışdır. Lakin elə oradaca Firudin bəy Köçərli Mirzə Kazımın
həm farsca . həm də azəbaycanca yazdığı şeirlərdən nümunə gətirir. Mirzə Kazım
da İsmayıl Kazımzadə kimi, İrəvanda məktəb açmışdı. O, ibtidai məktəb şagirdləri
üçün kitab tərtib etmiş, həmin kitaba uşaqlar üçün yazdığı şeirlərini də daxil
etmişdi. Mirzə Kazımın uşaqları oxuyub-yazmağa həvəsləndirmək məqsədilə yazdığı
düzgülər o qədər rəvandır ki, onu uşaqlar çox asanlıqla əzbərləyirdilər.
Firudin bəy Köçərlinin oxuculara təqdim etdiyi digər irəvanlı
şair “Sabir” təxəllüsü ilə şeirlər yazan Hacı Seyid Rza
Əmirzadədir. Seyid Rza 1846-cı ildə Xoy şəhərində anadan olsa da, 27 yaşından
ömrünün sonunadək İrəvan şəhərində yaşamışdır. Firudin bəy Köçərli Seyid Rzanı
xoşsöhbət, rəvan təbə malik zərif bir şair kimi xarakterizə edir. Şairin
qələmindən gözəl qəsidələr, qəzəllər, qitələr çıxsa da onların hamısını toplamaq
mümkün olmamışdır. Şairin İrəvana gəlməsi vaxtı Həsən bəy Zərdabinin “Əkinçi”
qəzetini çap etdirdiyi vaxta təsadüf etmişdir. Seyid Rza Əmirzadə imzası ilə
“Əkinçi” qəzetində şairin nəsrlə və nəzmlə yazılmış yaradıcılıq nümunələri dərc
olunmuşdur. XIX əsrin sonlarında Hüseyn Əfəndi Qayıbov “Azərbaycanda məşhur olan
şüəranın əşarına məcmuədir” adlı topluya 107 Azərbaycan şairinin şeirlərindən
nümunələr daxil etmişdir. Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunda saxlanılan həmin “Məcmuə”də Seyid Rza Əmirzadənin müxəmməs,
müstəzad, tərkibbənd və tərcibəndlərindən nümunələr də öz əksini tapmışdır.
Seyid Rza 1896-cı ildə İrəvan şəhərində təqribən 60 yaşında vəfat etmişdir.
“Zari” təxəllüsü ilə şeirlər yazan Mirzə Abbas Seyid Rza Sabirin doğum və vəfatı
tarixini məzar daşı üstünə həkk etmək üçün qitə (iki beytdən ibarət şeir)
yazmışdır. [179]
İrəvanlı şairlərdən biri də “Ləli” təxəllüsü ilə şeirlər yazan
Ləli Mirzə Ağa Əli İrəvani olmuşdur. O, 1836-cı ildə İrəvanda anadan olmuşdur.
İbtidai təhsilini mollaxanada almışdır. Kiçik yaşlarından atası Hacı Ağa Mirzə
ilə bərabər Təbrizə getmiş, ədviyyat ticarəti ilə məşğul olmuş, sonra isə
nüsxəbəndlik (qədim tibb kitablarına baxıb dərman yazan ara
həkimi) etmişdir. Daha sonra Mirzə Mirzə Ağa Əli İstanbulda tibb
fakültəsini bitirmişdir. Təbrizə qayıtdıqdan sonra həkim kimi şöhrət qazanmış,
nəhayət Tehranda Nəsrəddin şahın saray həkimi olmuşdur. Şərq və Qərb ölkələrini
şahla bərabər gəzmiş, fransız dilini bildiyi üçün həm də şahın tərcüməçisi
olmuşdur. Şeirlərini fars və Azərbaycan dillərində yazmışdır. Onun şeirləri sadə
və aydın, hər cür mürəkkəblikdən uzaq, eyni zamanda dil şirinliyinə və gözəl
məzmuna malik idi. Qəzəl, qəsidə, mərsiyə, mədhiyyə və həcvlərdən ibarət divanı
1882, 1898, və 1907-ci illərdə kütləvi tirajla çap edilmişdir. Ləli Mirzə Ağa
Əli İrəvaninin təkmilləşdirilmiş “Divan”ı 1944-cü ildə iki cilddə Təbrizdə
kütləvi tirajla çap edilmişdir. Firudin bəy Köçərli “Azərbaycan ədəbiyyatı”nda
Ləli Mirzə Ağa Əli İrəvanini Mirzə Əlixan Şəmsül-Hükəma (“Ləli”) kimi təqdim
edərək onun şeirlərindən iki nümunə vermişdir. Ləli Mirzə Ağa Əli İrəvani
1907-ci ildə Tiflisdə vəfat etmişdir. [180]
Firudin bəy Köçərlinin şəxsi arxivində İrəvan şairlərinin şeirlərindən ibarət
əlyazmalar mövcud olmuşdur. Firudin bəyin şəxsi arxivində saxlanılan Bəzminin
(Məşədi İsmayıl Hacı Kazımzadə), Mütəllenin (Mirzə Kazım Qazi Əsgərzadə Axund
Əhmədov), Sabirin (Hacı Seyid Rza Əmirzadə) şeirlərinin əlyazmalarından ibarət
36 səhifə həcmində bir dəftər, Ləlinin (Mirzə Ağa Əli İrəvani) şeirlərinin
əlyazmalarından ibarət 8 səhifə həcmində digər bir dəftər 1937-ci ildə “NKVD”
tərəfindən məhv edilmişdir. [181]
Şeyxülislam Fazil İrəvani 1782-ci ildə İrəvan şəhərində anadan
olmuşdur. İlk təhsilini şəhərdəki molla məktəbində alıb. 20 yaşında ikən
dünyanın ən qədim universtetlərindən biri olan Qahirədəki Əl-Əzhər
Universitetində oxumağa getmişdir. 20-25 il Qahirədə qalaraq mükəmməl təhsil
almışdır. Sonra İsfahan və Təbriz şəhərlərində axundluq etmişdir. Şərq tarixinə,
dini elmlərə dair əsərlər yazmışdır. Vətənə qayıdandan sonra İrəvandakı Göy
məscidin baş axundu olmuşdur.
Müctəhid Fazil İrəvani 1843-cü ildə Qafqaz Müsəlmanları Şiə Ruhani İdarəsi
sədrinin müavini, 1847-1872-ci illərdə Qafqazın şeyxülislamı olmuşdur. 1872-ci
ildə Şeyxülislam vəzifəsindən istefa verən Fazil İrəvani yenidən İrəvana
qayıtmış, onun adı ilə adlandırılan “Şeyxülislam” məhəlləsində yaşamışdır. Fazil
İrəvani 1885-ci ildə doğma İrəvan şəhərində 103 yaşında vəfat etmişdir.
Fazil İrəvaninin “Kitabüt-təharət” (“Paklıq kitabı”) əsəri 1883-cü
ildə Təbrizdə daşbasması (litoqrafiya) üsulu ilə çap olunub. Onun “Qızılgül və
bülbül” povesti Sankt-Peterburqda yaşayan Xocens Markar Geğamyan tərəfindən
tərcümə olunaraq 1812-ci ildə erməni və rus dillərində çap edilmişdir. Sonra isə
bu əsər Xocens Markarın öz orijinal əsəri kimi, Avropada fransız və alman
dillərində dönə-dönə çap edilmişdir. Əsəri fransız dilinə Vayyan de Floribal,
alman dilinə Yozef fon Hammer tərcümə etmişlər. Fransız tədqiqatçısı Şarl
Jorjien 1892-ci ildə məsələyə aydınlıq gətirərək yazmışdır ki, “Qızılgül və
bülbül” əsəri Fazil və ya Fazili adlı türk müəllifinin əsəridir, Xocens Markar
sadəcə olaraq, “Qızılgül və bülbül”ü erməni və rus dillərinə tərcümə edərək öz
əsəri kimi çap etdirmişdir. Kitabın əsl müəllifinin Fazil Irəvani olduğu bəlli
olduqdan sonra belə, ermənilər “Qızılgül və bülbül”ü 1950-ci ildə yenə də erməni
müəllifinin əsəri kimi, Freznoda (ABŞ) çap
etdirmişlər. [182] “Qızılgül və bülbül” əsərinin orijinalı
Matenadaranda – Mesrop Maştos adına Qədim Əlyazmalar İnstitutunda
saxlanılır.
İrəvanlı müəlliflər öz əsərlərini kənar yerlərdə, başqa dillərlə çap etdirməklə
yanaşı, ana dilində də çap etdirmişlər. Bu ilk təşəbbüsü Molla Hüseyn
İrəvani göstərmişdir. Onun 201 səhifəlik şəkilli
“Müseyibnamə” kitabı 1888-ci ildə Təbrizdə çap olunmuşdur. Bir il
sonra Təbrizdə Mirzə Ağa Əli Həkimi İrəvanininnövhə və
qəzəllərindən ibarət divanı çap olunub. 239 səhifəlik bu divan Azərbaycan və
fars dillərində nəşr edilmişdir.
XIX əsrin ikinci yarısından etibarən bir-birinin ardınca İrəvanda dövlət və özəl
məktəblərin açılması həm tərcümə ədəbiyyatının, həm də ayrı-ayrı azərbaycanlı
müəlliflərin kitablarının çap edilməsini zəruri edirdi. XIX əsrin sonlarında
İrəvanda yaşayan ziyalılardan Əbülfət Şahtaxtinskinin tərcümə
etdiyi İohann Volfhanq Hötenin “Gənc Verterin
iztirabları”, Ə.Z.Qəmərlinskinin tərcümə etdiyi Molyerin “Zorən
təbib”, Firudin bəy Köçərlinin tərcümə etdiyi “Təlimati-Sokrat”
kitabları azərbaycanlı ziyalıların ilk tərcümə ədəbiyyatı hesab edilir. Həmin
vaxtdan etibarən İrəvanda mövcud olan mətbəələrin bir qismi ərəb əlifbası
şriftləri gətizdirərək Azərbaycan dilində kitab çapına başlamışdılar. Firudin
bəy Köçərlinin A.S.Puşkindən tərcümə etdiyi “Torçu və balıq” hekayəsi 1892-ci
ildə İrəvanakı “Güləmiryan” mətbəəsində çap
edilmişdi. [183]
XX əsrin
əvvəllərində İrəvanda “Güləmiryan”, “R.K.Edilson” mətbəələri ilə yanaşı,
“Kultura” və “Luys” (“İşıq”) mətbəələri də Azərbaycan dilində kiablar çap
edirdilər. İrəvan rus-tatar məktəbinin müəllimi Məhəmməd Vəli
Qəmərlinskinin “Atalar sözü” kitabı 1899-cu ildə “R.K.Edilson”
mətbəəsində çap olunmuşdu. Cabbar Əsgərzadənin uşqlar üçün
yazdığı “Qızıl yarpaq, yaxud Ənvər” şeirlər kitabı 1913-cü ildə “Kultura”
mətbəəsində çap olunmuşdu. 1875-1877-ci illərdə “Əkinçi”,
“Ziyayi-Qafqaziyyə” qəzetlərinin, 1880-1891-ci illərdə “Kəşkül”
jurnalının nəşr edilməsi İrəvanda ədəbi mühitin formalaşmasına təkan vermişdi.
XX əsrin əvvəllərində İrəvanda xeyli sayda püxtələşmiş qələm sahibləri mövcud
idi. 1906-cı ildə “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının nəşrə başlamaları
İrəvanda yazıb-yaradan qələm sahiblərini də hərəkətə gətirmişdi. İrəvanda “Molla
Nəsrəddin”çilər məktəbi yaranmışdı. 1914-cü ildə İrəvanda həftəlik “Lək-Lək”
(“Leylək”) satirik jurnalı, 1917-ci ildə ayda iki dəfə nəşr edilən ədəbi,
siyasi, tarixi və elmi “Bürhani həqiqət” jurnalı işıq üzü görmüşdür. Bu
jurnalların səhifələrində İrəvan ədəbi mühitinin tanınmış simalarından Əli
Məhzunun, Cabbar Əsgərzadənin (Aciz), Cabbar Məmmədzadənin, Məmmədəli Nasirin,
qadın şairlərdən Şöhrət xanımın, Səri xanımın, Nigar xanımın, Əbdülhəqq
Mehrinisə xanının və digər qələm sahiblərinin məqalələri, felyetonları, şeirləri
və tərcümələri dərc olunmuşdur.
“Bürhani-həqiqət” jurnalının müdir-redaktoru Əlli
Məhzun (Əli Hacı Zeynalabdinzadə Rəhimov) 1886-cı ildə İrəvanda anadan olmuşdur.
Məcmuənin bütün nömrələrini transfoneliterasiya edən tədqiqatçı alim Şəfəq Nasir
yazır ki, Əli Məhzun hələ yeniyetmə çağlarından ədəbiyyata maraq göstərmişdir və
yüksək erudisiyaya malik bir ziyalı, istedadlı qələm sahibi idi. Əli Məhzun
“Bürhani-həqiqət” jurnalını nəşr edənə qədər Cənubi Qafqazın bir sıra mətbuat
orqanlarında şeirləri, ictimai-siyasi mövzuda yazdığı məqalələri, felyetonları
ilə çıxış edirdi. O, “Molla Nəsrəddin” jurnalının İrəvan müəllifləri sırasında
jurnalla ən çox əməkdaşlıq edən müəlliflərdən idi. Əli Məhzun həm də milli ruhda
yazılmış roman və hekayələrin müəllifi idi. Cəhaləti, dini-xurafatı tənqid edən
əsərlərindən biri olan “Şəriət xadimi” 1927-ci ildə Bakıda “Azgiz”də nəşr
olunmuşdu. Türk dili (Azərbaycan) və ədəbiyyatını tədris edirdi. Müəllimlik
sənəti ona xalqın qəflət yuxusundan ayılması, gözünün açılmasında, ictimai
şüurunun formalaşmasında daha çox işlər görməsinə şərait yaratmışdı. O, İrəvanın
tərəqqipərvər ziyalıları ilə qüvvələrini birləşdirərək xalqın cəhalət
girdabından azad olması yolunda ideoloji mübarizə aparır, şəhərin ictimai-siyasi
həyatında yaxından iştirak edirdi. 1934-cü ildə vəfat edən Əli Məhzun
maarifpərvər ziyalı, qüdrətli qələm sahibi kimi, ictimai-ədəbi fəaliyyətini
dilimizin, mədəniyyətimizin, mənəvi-əxlaqi dəyərlərimizin qorunmasına və yeni
ənənələrlə inkişafına həsr etmişdir. Şəfəq Nasir qeyd edir ki, Ə.Məhzunun
“Bürhani-həqiqət”in ikinci sayından başlayaraq jurnalın sonuncu nömrəsinədək
dərc olunmuş “Ədəbiyyata dair” əsəri yaradıcılığa yeni başlayan şair, ədiblər
üçün, ümumən ədəbiyyatın qayda-qanunları, ədəbi terminlər, bədii ifadə və təsvir
vasitələri haqqında elmi bir mənbədir. Ə.Məhzun həmin əsərində ədəbiyyatda və
sənətdə yaradıcı təxəyyülün növləri, onların tərifi və izahından bəhs etmişdir
ki, bu yazılar bütövlükdə ədəbiyyat elmi haqqında bitkin bir tədqiqat əsəri,
ədəbiyyatşünaslıq nəzəriyyəsidir.” [184]
Ermənilərin İrəvanda azərbaycanlılara qarşı törətdikləri 1905-1906-cı illər
qırğınları, 1918-1920-ci illər soyqırımı nəticəsində İrəvan ədəbi mühiti demək
olar ki, məhv edilmişdir.
1920-ci ildə Ermənistanda sovet hakimiyyətinin qurulmasından bir qədər sonra
İrəvan şəhərindən didərgin düşən azərbaycanlı ziyalıların az bir qismi öz doğma
şəhərlərinə qayıtmışdılar.
İrəvan xanlığı dövrünə aid və Rusiya işğalı dövründən qalan bir sıra əlyazmalar
XX əsrin 30-40-cı illərinədək ayrı-ayrı ziyalıların evlərində, əsasən də
İrəvandakı Göy məscidin kitabxanasında saxlanılırdı. İrəvan ziyalılarının ədəbi
məclisləri Göy məsciddə keçirilərdi. Azərbaycanı Tədqiq-Tətəbbö Cəmiyyətinin
əməkdaşı İsa Əzimbəyov ekspedisiyanın nəticəsi olaraq 1929-cu ildə dərc
etdirdiyi “Tiflis, İrəvan və Naxçıvan SSR-in müsəlman kitabələri” məqaləsində
yazır ki, o, İrəvandakı Göy məsciddə olarkən Hacı Mirzə Hüseynlə (1868-1938)
tanış olmuşdur. Mirzə Hüseyn ağa onu məscidin kitabxanası ilə tanış etmişdir.
İ.Əzimbəyov həmin məqaləsində kitabxanada mövcud olan İslam dininə aid
kitabların adları ilə yanaşı, Firdovsinin, Nizaminin, Hafizin, Caminin,
Xaqaninin kitablarının adlarını da sadalamşdır. [185]
İrəvanda həkim ailəsində doğulan və istedadlı şərqşünas alim kimi tanınan Mirzə
Hüseyn ağa Bağdadda və Nəcəfdə mükəmməl təhsil almışdı. Məqalələri Türkiyədə və
İranda dərc olunmuşdu. 1938-ci ildə bir çox azərbaycanlı ziyalılar kimi, Mirzə
Hüseyn ağa da repressiyaya məruz qoyularaq Kaluqa şəhərinə sürgün edilmiş və bir
qədər sonra sürgündə vəfat etmişdir. Onun zəngin kitabxanası və əlyazmaları
ermənilər tərəfindən qarət edib yandırılmışdır.[186]
XX əsrin 20-ci illərinin ortalarından yaradıcı insanlar qarşısında partiyalı
ədəbiyyat səpkisində əsərlər yazmaq, sovet siyasi sistemini tərifləmək, keçmiş
quruluşu lənətləmək kimi tələblər irəli sürülürdü. 1924-cü ilin noyabrından
İrəvanda rəsmi dövlət orqanı kimi, Azərbaycan dilində “Zəngi” qəzeti müntəzəm
nəşrə edilmiş və bu qəzet azərbaycanlı yazarları öz ətrafında birləşdirmişdi.
1925-ci ildən İrəvanda Azərbaycan dilində Ermənistanın ali dövlət orqanlarının
qərarlıarının, direktivlərinin, təlimatlarının kitab və kitabçalar şəklində çap
olunmasına başlanılmışdır. 1926-cı ildə Ermənistan Yeni Türk Əlifbası Komitəsi
fəaliyyətə başlamışdır. 1927-ci ildə Ermənistan Proletar Yazıçılar Cəmiyyətinin
nəzdində türk (azərbaycanlı) bölməsi yaradılmışdır. 1929-cu ilin iyununda
İrəvanda Zaqafqaziya şair və yazıçılarının ədəbi toplantısı keçirilmişdir. Cəlil
Məmmədquluzadə, Hüseyn Cavid, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov,
Cəfər Cabbarlı, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Abdulla Şaiq, Əhməd Cavad,
Əbülhəsən Ələkbərzadə kimi şair və yazıçıların Bakıdan İrəvana gəlmələri,
onların azərbaycanlı ziyalıları ilə görüşləri İrəvan ədəbi mühitinin
canlanmasına təkan vermişdi.
1931-ci ildə İrəvanda Ermənistan Dövlət Nəşriyyatında “Zərbə” adlı Ermənistan
türk proletar yazıçılarının şeir və hekayələrindən ibarət ilk məcmuə çap
olunmuşdur. 1933-cü ildə Ermənistanda sovet hakimiyyətinin qurulmasının 13-cü
ildönümü münasibətilə azərbaycanlı yazıçılarının əsərlərindən ibarət “XIII
noyabr” adlı almanax Ermənistan Şura Yazıçıları Cəmiyyətinin Türk sektoru
tərəfindən çap edilmişdir. [187]
1934-cü ildə Ermənistan Yazıçılar İttifaqı yaradılmış və onun Azərbaycan
ədəbiyyatı bölməsi təşkil edilmişdir. Həmin ildə İrəvanda gənc azərbaycanlı şair
və yazıçıların yaradıcılıq nümunələrindən ibarət “Gənc səslər” toplusu işıq üzü
görmüşdür. Təbii ki, həmin illərin yazarlarının əsas mövzusunun ağırlığını
sosializm quruluşunun təbliği təşkil edirdi. 1934-cü ildə yazıçı-dramaturq Nəsib
Əfəndiyevin Ermənistan Yazıçılar İttifaqının türk bölməsinə rəhbərlik etməsindən
sonra azərbaycanlı müəlliflərin kitabları daha tez-tez çap olunmuşdur. Abbas
Azəri, Abbas Tahir, Əsgər Əsgərzadə, Telman Nəzərli, Ələşrəf Bayramov, Sərdar
Cəlal, Əbülfət Rəhimov, Məmməd Mübariz kimi azərbaycanlı yazarlar Ermənistan
Yazıçılar İttifaqının türk bölməsinin ətrafında birləşmişdilər. Ermənistan
Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin, Ermənistan Ali Sovetinin
və Xalq Komissarları Sovetinin orqanı olan “Qızıl şəfəq” qəzetində müntəzəm
olaraq azərbaycanlı şair və yazıçıların yaradıcılıq nümunələri çap olunurdu.
Ermənistan Yazıçılar Cəmiyyətinin azərbaycanlı bölməsinin daimi binası olmadığı
üçün ədəbi yığıncaqlar çox zaman ya İrəvan Türk Pedaqoji Texnikumunda, ya da
“Qızlı şəfəq” qəzetinin redaksiyasında keçirilirdi. Bakıdan gələn şair və
yazıçılar həmişə “Qızıl şəfəq”in qonağı olurdular. 1935-ci ildə Yusif Vəzir
Çəmənzəminli, Məmməd Səid Ordubadi, Mikayıl Müşfiq və Sabit Rəhmandan ibarət
nümayəndə heyəti İrəvanda olmuş, əvvəlcə “Qızıl şəfəq”in redaksiyasında, sonra
isə İrəvan Konservatoriyasının iclas salonunda ədəbi ictimaiyyətin nümayəndələri
və tələbələrlə görüş keçirilmişdi. Görkəmli şair və yazıçılardan Səməd Vurğun,
Süleyman Rüstəm, Mikayıl Rəfili, Mir Cəlal İrəvanda olmuş, azərbaycanlı ədəbi
mühitinin nümayəndələri ilə görüşlər keçirmişdilər.
1935-ci ildə Ermənistanda sovet hakimiyyətinin qurulmasının 15-ci ildönümü
münasibətilə “Almanax” buraxılmışdı. “Almanax”a Abbas Tahirin, Nəsib
Əfəndiyevin, Abbas Azərinin, İnsaf Ağazadənin, Əli Şahinin, erməni müəllifi
Stepan Zoryanın və Sərdar Cəlalın şeirləri, poemaları və hekayələri daxil
edilmişdi.
1937-ci ilin repressiya dalğası İrəvanda yazıb-yaradan azərbaycanlıları da öz
ağuşuna almışdı. Azərbaycanlı ziyalıları hansısa “əksinqilabçı-millətçi
təşkilatın üzvü” kimi ittihamla həbs etmək üçün heç bir əsas tapılmasa da,
onların əksəriyyətini “Türkiyəyə casusluqda” ittiham edərək həbs etmişdilər.
İrəvan ədəbi-mədəni mühitinin sayılıb-seçilən nümayəndələrindən Mustafa
Hüseynov, Abbas Azəri, Mirzə Hüseyn ağa, Əhməd Əhmədov, Abdulla Mirzəyev, Əkbər
Rəsulov, Mirzə Əsgərov, Yunis Ağayev kimi ziyalılar 1937-ci il repressiyasının
qurbanı olmuşdular. Bir çox irəvanlı ziyalılar repressiyadan qurtulmaq üçün
Ermənistanı tərk etmək məcburiyyətində qalmışdılar. [188]
1936-1946-cı illərdə İrəvanda erməni yazıçı və şairlərinin əsərlərinin
Azərbaycan dilinə tərcümə edilmiş kitabları çap edilsə də, azərbaycanlı
yazarların kitabları çap olunmamışdır. 1947-ci ildə Abbas Tahirin, 1949-cu ildə
isə Sərdar Cəlalın şeirlər kitabları çap olunmuşdur. Azərbaycanlıların
tarixi-etnik torpaqlarından 1948-1953-cü illər deportasiyası İrəvan azərbaycanlı
ədəbi mühitində durğunluğun yaşanmasına səbəb olmuşdur. Yalnız 1957-ci ildən
etibarən 1959, 1960, 1962, 1963, 1964, 1965, 1967-ci illərdə azərbaycanlı
şairlərin, yazıçıların, publisistlərin bədii yaradıclılq və tərcümə
nümunələrindən ibarət “Ədəbi Ermənistan” seriyasından 8 məcmuə işıq üzü
görmüşdür. 1958-ci ildən etibarən ayrı-ayrı tədqiqatçıların Azərbaycan-erməni
ədəbi əlaqələrinə, Azərbaycan ədəbi mühitinin erməni ədəbi mühitinə təsiri
problemlərinə aid araşdırmaları İrəvanda çap olunmuşdur. 1958-ci ildə İrəvanda
Əkbər Yerevanlının “Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri”, 1962-ci
ildə yenə həmin müəllifin “M.Ə.Sabir və erməni xalqı”, 1966-cı ildə Məhərrəm
Bayramovun “Məslək dostları. C. Məmmədquluzadə və A.Şirvanzadə”, 1967-ci ildə
Teymur Əhmədovun C.Məmmədquluzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş
“Dostluq və səadət nəğməkarı”, 1968-ci ildə Əkbər Yerevanlının “Azəri-erməni
ədəbi əlaqələri. Qədim dövrdən XVIII əsrin sonunadək”, 1971-ci ildə Məhərrəm
Bayramovun “Aleksandr Şirvanzadə və Azərbaycan”, 1974-cü ildə Əkbər Yerevanlının
“Hovanes Tumanyan və Azərbaycan ədəbiyyatı”, 1975-ci ildə yenə həmin müəllifin
“Avetik İsahakyan və Azərbaycan ədəbiyyatı” araşdırmaları işıq üzü görmüşdür. O
dövrün tələblərinə uyğun şəkildə, xalqlar dostluğunun tərənnümü və
beynəlmiləlçilik prizmasından çıxış edərək yazılan bu əsərlər faktların
zənginliyi və əksər
mənbələrin bu gün əlçatmaz olması baxımından indi də öz aktullıqlarını qoruyub
saxlayırlar.
XX əsrin 60-cı illərindən etibarən “Sovet Ermənistanı” qəzetinin redaksiyası və
İrəvan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsi
Ermənistanda yazıb-yaradan ziyalıların toplaşdıqları məkana çevrilmişdi. “Sovet
Ermənistanı” qəzetinin səhifələrində vaxtaşırı olaraq redaksiyanın ünvanına
göndərilən bədii yaradıcılıq nümunələri ədəbi tənqid prizmasından təhlil edilir,
gənc yazarlara lazımi məsləhətlər verilirdi.
İrəvan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinin
müəllimləri İrəvan arxivlərində axtarışlar aparır, Azərbaycan ədəbiyyatının
nadir nümunələrini üzə çıxarır və onları ədəbi ictimaiyyətin nəzərinə
çatdırırdılar. 1436-1467-ci illərdə Azərbaycan Qaraqoyunlu dövlətinin başçısı
olmuş Müzəffərəddin Cahanşah “Həqiqi” təxəllüsü ilə doğma Azərbaycan türkcəsində
gözəl şerilər yazmışdır. Həqiqinin “Divan”ını İrəvan pedaqoji İnstitutunun
müəllimi, filologiya elmləri namizədi Lətif Hüseynzadə üzə çıxarmışdır. Uzun
müddət həmin “Divan”ın harada saxlanması haqqında dəqiq məlumat olmamışdır.
Yalnız 1961-ci ildə əlyazmanın sirri açılmışdır. Məlum olmuşdur ki, Həqiqinin
“Divan”ı uzun müddət İstanbulda, türk sultanlarının saray kitabxanasında
saxlanılmışdır. Sultan Əbdülhəmidin dövründə əlyazma kitabxanadan itmiş, bir
müddət sonra isə Misirdə, İskəndəriyyə kitabxanasında tapılmışdır. Lakin
sonradan buradan da yoxa çıxaraq, dünyanı gəzə-gəzə Londona gəlib çıxmışdır.
Həmin əlyazma buradan da yoxa çıxmış, hansı yollasa Nyu-Yorkda yaşayan erməni
kolleksiyaçısı Arutyun Qazaryanın şəxsi arxivinə gəlib çıxmışdır. Onun
vəsiyyətinə əsasən kolleksiyası İrəvan Dövlət Universitetinə təhvil verilmişdir.
Lətif Hüseynzadə Həqiqinin “Divan”ını burada aşkar etmiş və ona müqəddimə
yazaraq 1966-cı ildə İrəvanda “Hayastan” nəşriyyatında çap
etdirmişdir. [189]
1975-ci ildə Azərbaycan folklorşünası Sədnik Paşayevin toplayaraq İrəvanda çap
etdirdiyi “Erməni aşıqlarının azərbaycanca şeirləri” kitabı Azərbaycan aşıq
mühitinin erməni ədəbi mühitinə təsirini öyrənmək baxımından qiymətli
mənbədir.
“Sovet Ermənistanında Azərbaycan kitabı”nda 1960-1985-ci illərdə İrəvanda
Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı bölməsinin xətti ilə
azərbaycanlı şair və yazıçıların 50-yə yaxın kitablarının çap olunması haqqında
məlumat verilir.
İrəvan
Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri
filologiya elmləri namizədi Əkbər Yerevanlı (Süleymanov Əkbər Yunis oğlu,
1921-1981) 50-ci illərin ortalarından ömrünün sonunadək Ermənistan Yazıçılar
İttifaqının Azərbaycan ədəbiyyatı bölməsinin sədri olmuşdur.
1981-1984-cü illərdə isə bölmənin sədri şair Hidayət Orucov olmuşdur.
1982-ci ildə “Sovetakan qroğ” (“Sovet yazıçısı”) nəşriyyatı şairlər Hidayətin,
Tahir Talıblının Fərhad Vəlizadənin, H.Ələkbərovun və Rafiq Musanın şeirlərindən
ibarət “Sevgi harayı” adlı məcmuə çap etmişdir. “Ədəbi Ermənistan” almanaxının
sonuncu – 9-cu buraxılışı 1985-ci ildə işıq üzü görmüşdür.
1985-ci ildə ermənipərəst Mixail Qorbaçovun SSRİ-nin rəhbəri postuna
yiyələnməsindən sonra Ermənistanda erməni şovinizmi yenidən baş qaldırdı.
Azərbaycanlı ziyalılarının sıxışdırılması, onların Ermənistanı tərk etməyə
məcbur edilməsi ədəbi mühitə də öz mənfi təsirini göstərdi. 1988-ci ildə
Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinə ərazi iddiası irəli
sürməsindən sonra İrəvanda azərbaycanlılara qarşı edilən zorakılıqlar onarın
etnik təmizlənməsi ilə nəticələndi.
Ermənistandakı tarixi vətənlərindən 1988-1989-cu illərdə deportasiya edilərək
Azərbaycanda məskunlaşan qələm sahiblərinin Vətən həsrətini, qaçqınlıq
faciəsini, ermənilərin törətdikləri vəhşilikləri özündə əks etdirən zəngin bədii
yaradıcılıq nümunələri meydana gəlmişdir. 1908-ci ildə İrəvanda doğulan,
ermənilərin azərbaycanlılara qarşı dəfələrlə törətdikləri qırğınların canlı
şahidi olan Səriyyə Xatunun sinəsindən gələn ah-fəryadı “İrəvan bayatıları” adı
ilə Bakıda “Günəş” nəşriyyatında 1998-ci ildə ayrıca kitab şəklində çap
olunmuşdur. Əslən Qərbi Azərbaycandan olan, lakin müxtəlif səbəblərdən
Azərbaycanda məskunlaşan ziyalıların Vətən həsrəti, yurd itkisi ilə bağlı
şeirləri, hekayələri, publisistik yazıları, elmi araşdırmaları toplanaraq
2004-2008-ci illərdə “Ədəbi İrəvan” (toplayanı, tərtib edəni və redaktoru Əli
Vəkil) almanaxları çap edilmişdir. AMEA-nın Folklor İnstitutu 2004-cü ildə
“Azərbaycan folkloru antologiyası” seriyasından “İrəvan çuxuru folkloru”
kitabını çap etmişdir. Bu kitabda yüzillər boyu İrəvan şəhəri və onun ətraf
bölgələrində yaranan folklor nümunələri toplanılmışdır.
İndi də İrəvan ədəbi mühiti ab-havasında yeni-yeni əsərlər yaranır.
Ədəbi mühit
Nazim
Mustafa
tarix üzrə fəlsəfə doktoru