Teatr

İrəvan şəhərində ilk teatr tamaşaları XIX əsrin ikinci yarısında göstərilmişdir. Qədim mədəniyyət mərkəzlərindən biri kimi, İrəvan şəhərində də azərbaycanlıların yüzillər boyu formalaşdırdığı müxtəlif səpkili bayramlar, el şənlikləri və kütləvi dini mərasimlər keçirilirdi. Musiqili ədəbi-bədii məclislərin keçirilməsi, şənlik və toy ənənələri, aşıqların günlərlə dastan söyləmələri, tərəf müqabilləri ilə tamaşaçılar qarşısında deyişmələri bir növ səhnələşdirilmiş teatr tamaşalarını xatırladırdı. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri sonralar müstəqil xalq teatrlarının yaranmasında mühüm rol oynamışdır.
Hələ orta əsrlərdə Avropadan gələn səyyahlar İrəvanda gördükləri musiqili-əyləncəli məclisləri heyranlıqla təsvir etmişlər. Fransız səyyahı Jan Şardən 1673-cü ildə İrəvanda olarkən Xan sarayında olarkən göstərilən musiqili kompozisiyanı Avropadakı teatr sənətinə oxşatmış,  musiqiçilərin və rəqqasələrın oyunlarını operaya bənzətmişdi. [208]
Professional teatrının təşəkkülündə xalq teatrları əhəmiyyətli rol oynamışdır. 1873-cü ildə Bakıda və Tiflisdə bir-birinin ardınca göstərilən tamaşalar haqında qəzetlərdə verilən xəbərlər İrəvanda da teatr sənətinə böyük maraq və həvəs oyatmışdı.
Erməni müəllifləri hər sahədə olduğu kimi, İrəvanda azərbaycanlı teatrının tarixini də özlərinə sərf edən tərzdə saxtalaşdırmağa çalışmışlar. Erməni tarixçisi Tadevos Hakopyan “İrəvan tarixinin oçerki” kitabında yazır ki, azərbaycanlı müəllimlərin təşkil etdikləri teatr həvəskarları dərnəyi özünün ilk tamaşasını gimnaziyanın müəllimi Firudin bəy Köçərlinin rəhbərliyi altında 1884-cü ildə göstərmişdir. [209]
Tarixçi alim İsrafil Məmmədovun üzə çıxardığı bir məqalə isə İrəvanda Azərbaycan dilində oynanılan ilk tamaşanın səhnələşdirmə tarixini üzə çıxarmağa imkan verir. İrəvanda erməni dilində nəşr edilən “Psaq” (“Çələng”) qəzetində 10 aprel 1882-ci il tarixində “Xryusi” imzası ilə dərc edilən “Fars teatrı” başlıqlı məqalədən bəlli olur ki, 1882-ci il aprelin 2-də İrəvanda Müqəddəs Qayane məktəbinin salonunda İrəvanın kasıb müsəlman tələbələrinə kömək məqsədilə, Azərbaycan türkcəsində “Tamahkarlıq düşmən qazanır” pyesi ikinci dəfə tamaşaya qoyulmuşdur. Adı çəkilən məqalədə göstərilir ki, pyesin məzmununu İrəvan şəhər məktəbinin müəllimi Məşədi İsmayıl söyləmiş, “Qırt-qırt” pyesinin müəllifi Vasak Mədətov onu komediya şəklinə salmışdır. Məşədi İsmayılın söyləməsinin əsasında qələmə alınan həmin əhvalat orta əsrlərdə Təbriz şəhərində baş vermişdir. [210] 
Firudin bəy Köçərli Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra 1885-1895-ci illərdə İrəvan gimnaziyasında müəllim işləmiş, həmin dövrdə azərbaycanlı gənclərin teatr tamaşaları hazırlamalarına yaxından köməklik göstərmişdir. O, 1890-cı il aprelin 20-də “Kəşkül” qəzetində dərc edilən “İrəvandan məktub” məqaləsində şəhərdə göstərilən tamaşalar haqqında yazırdı ki, aprelin 4-də darülmüəllimində (yəni – Müəllimlər seminariyasında) müsəlman cavanları hökumətin icazəsi ilə Mərzə Fətəli Axundovun “Məstəli şah” komediyası oynanılmışdır. [211]
Araşdırmalarımız göstərir ki, Firudin bəy Köçərlinin adını çəkdiyi Rzayev familiyalı şagird həmin Əkbər Rizayevdir ki, sovet hakimiyyəti qurulduqdan sonra Ermənistan KP MK-nın şöbə müdiri və “Sovet Ermənistanı” qəzetinin və Mərkəzi Komitənin orqanı olan rusca nəşr edilən “Kommunist” qəzetinin redaktoru işləmiş, müharibə illərində Moskvada “İnostrannaya literatura” nəşriyyatında Türk ədəbiyyatı redaksiyasının müdiri olmuşdur. Əkbər Rizayevin oğlu Sabir Rizayev Sovet Ermənistanında görkəmli kinoşünas və teatrşünas olmuşdur. Sabir Rizayev 1963-cü ildə Bakıda rus dilində çap olunan “Ermənistanda Azərbaycan teatrı” kitabının müəllifidir.
Publisist, teatrşünas və salnaməçi Qulam Məmmədlinin toplayaraq tərtib etdiyi iki hissədən ibarət “Azərbaycan teatrının salnaməsi” kitablarında İrəvan teatrının keçdiyi keşməkeşli yola aid qiymətli materiallar toplanmışdır.
İrəvanda Azərbaycan teatrının formalaşması Yunis Nurinin adı ilə bağlıdır. 1878-ci ildə İrəvan şəhərində anadan olmuş Yunis Hacı Süleyman oğlu Süleymanov fitri istedadlı aktyor, teatr təşkilatçısı və rejissor kimi ömrünü İrəvan teatrına həsr etmişdir. 1950-ci ildə vəfat edən Yunis Nurinin həyat və fəaliyyətinə həsr edilmiş kitablar və məqalələr yazılmışdır.[212]  XX əsrin əvvəllərində İrəvan teatrının formalaşmasında Yunis Nuri ilə yanaşı, Mirzə Mustafa Rəcəbovun, Kərim Əhmədovun, Mirabbas Mirbağırzadənin, Cəfər Əhmədovun, Əkbər Rzayevin, Məcid Rəcəbovun, Mehdi Kazımovun, Asif bəy Şəfibəyovun xidmətləri böyük olmuşdur. İrəvanın adlı-sanlı zadəganlarından Pənah xan Makinskinin və Əli xan İrəvanskinin mülklərində xeyriyyəçilik məqsədilə İrəvan teatrının tamaşaları oynanılmışdır.
1903-cü ildə İrəvandakı Azərbaycan teatr truppası o dövrdə çox dəbdə olan “Qırt-qırt” vodevilini tamaşaya qoymuşdur. Tamaşa Pənah xan Makinskinin malikanəsində göstərimişdir. Onun təşkilatçısı və rəhbəri Yunis Nuri idi. [213] 1906-cı ilin avqustunda Pənah xan Makinskinin mülkündə qiraətxana təşkil etmək məqsədilə teatr tamaşası göstərilmiş, bu məqsədlə 426 manat pul yığılmışdır. [214]
İrəvan teatrının aktyorları daha təcrübəli Bakı və Tiflis teatrlarının repertuarlarını izləyir, orada oynanılan tamaşaları öz repertuarlarına daxil edirdilər. 1908-ci ilin 19 yanvarında İrəvan ziyalıları məşhur türk yazıçısı Namiq Kamalın “Vətən” əsəri Asif bəy Şəfibəyovun rejissorluğu ilə Şəhər klubunda tamaşaya qoyulmuşdu.
1909-cu ilin mayında Hüseyn Ərəblinskinin teatr truppası İrəvana qastrola gəlmiş, Şəhər klubunda “Bəxtsiz cavan”, “Nadir şah”, “Zorən təbib”, “Yəhudilər” əsərlərini tamaşaya qoymuşdu. [215]
Məşhur aktyor Sidqi Ruhulla 1910-cu il mayın 19-da səyyar aktyor sifətilə İrəvana gəlmiş, yerli həvəskarların iştirakı ilə “Müsibəti Fəxrəddin” tamaşasını səhnələşdirmişdi.
“Erivanskiy vestnik” qəzeti 9 oktyabr 1911-ci il tarixli sayında xəbər verirdi ki, Tiflisdən gəlmiş Mirzə Ağa Əliyevin truppası yekun tamaşa kimi, “O olmasın, bu olsun” operettasını oynamışdır. Qastrol ərzində Zülfüqar Hacıbəyovun “Əlli yaşlı cavan” operettası da oynanılmışdı. 1912-ci ildə Zülfüqar Hacıbəyov yenidən İrəvana gəlmişdir. Noyabrın 22-də “İqbal” qəzeti Z.Hacıbəyovun İrəvana qastrol səfərinə aid xüsusi məqalə dərc etmişdi.
25 mart 1913-cü ildə Əli Məhzun Rəhimzadə və Əsgər Axundov İslam Dram Şirkəti adlı bir şirkətin fəaliyyəti üçün rəsmi dairələrdən icazə almışdılar. Bu şirkət öz ətrafında gənc aktyorları birləşdirirdi. Qısa müddət ərzində şirkətin aktyorları Canpoladovun teatr binasında “Kimdir müqəssir?”, “Pul dalınca”, “Ac həriflər”, “Sevgili övlad”, “Millətpərəstlər, yaxud ürəfa qiyafəsində süfəha” (süfəha – yəni səfeh), “İbrahim bəy, yaxud istibdad qurbanı”, “Aldandılar” əsərlərini tamaşaya qoymuşdular. [216]
1914-1917-ci illər İrəvan teatrı üçün çox uğurlu illər olmuş, daşnakların hakimiyyətə gəlməsinədək İrəvan teatrı sözün həqiqi mənasında intibah dövrünü yaşamışdır.
Sənətşünaslıq elmləri doktoru İlham Rəhimli arxiv sənədləri, dövri mətbuat materialları, aktyorların canlı ifadələri əsasında İrəvan teatrının 1882-2006-cı illəri əhatə edən yaradıcılıq yolu haqqında “İrəvan Dövlət Azərbaycan Dram Teatrı” adlı sanballı monoqrafiya qələmə almışdır. Həmin əsərdə müəllif qeyd edir ki, 1918-1920-ci illərdə ermənilər İrəvan şəhərində kütləvi qırğınar törətdiklərindən başda Yunis Nuri olmaqla İrəvanın həvəskar aktyor truppası İranın Xoy şəhərinə mühacirət etmiş, üç ilə qədər orada qalmış, hərdən teatr tamaşaları da göstərmişdilər. [217]1921-ci ilin ikinci yarısından etibarən İrana, Türkiyəyə və Azərbaycana sığınmış irəvanlı qaçqınlar tədricən geri qayıtmağa başlamışdılar. 1922-ci ilin fevralından Mərkəzi türk klubu adlanan klubun nəzdində Yunis Nurinin başçılığı ilə həvəskar artistlərin cəmləşdiyi Türk teatr truppası fəaliyyətini bərpa etmişdir. Türk truppasının tamaşaları Mərkəzi türk klubunda hazırlanır və orada da nümayiş etdirilirdi.
İrəvanda yaşayan qeyrətli ziyalıların və uzun illər böyük fədakarlıqla fəaliyyət göstərən teatr həvəskarları 1928-ci il mart ayının 15-də istəklərinə nail oldular: – Ermənistan hökumətinin qərarı ilə səyyar tipli İrəvan Dövlət Türk (Azərbaycan) Dram Teatrı yaradıldı.
1928-1933-cü illərdə İrəvan Dövlət Türk Teatrı türk dilində təmiz danışan, əslən İstanbul ermənisi, Ermənistan Dövlət Teatrının aktyoru olmuş Mkrtıç Cananın, irəvanlı ziyalı, aktyor Rza Şeyxzadənin və Leninqradda (indiki Sankt-Peterburq) Səhnə Sənəti İnstitutunda rejissor və dram aktyorluğu fakültəsini bitirmiş Yusif Yulduzun (Əliyev) rejissorluqları ilə tamaşaları səhnələşdirirdi.
1933-cü ilin sonlarında isə Xankəndində anadan olmuş, Bakı Teatr Texnikumunu və Leninqrad Səhnə Sənəti İnstitutunu bitirmiş Baxşı Qələndərli İrəvan Dövlət Türk Teatrında rejissorluq fəaliyyətinə başlamışdı.
Ümumiyyətlə, 1934-1935-ci illərdə İrəvan Türk Teatrı 142 kənddə 160-dan çox tamaşa göstərmişdi.1935-ci ildə İrəvandakı Teatr Texnikumu nəzdindəki türk qrupunda 4 qız və 21 oğlan təhsil almışdı. Tələbələr yataqxana ilə və təqaüdlə təmin edilmişdilər. [218]
1935-ci ildən teatr “C.Cabbarlı adına Ermənistan Dövlət Türk Teatrosu” adlanırdı.
İrəvan teatr truppasında Məmmədbağır Qaraxanov, Abbasqulu Tağıyev, Cəmil Əliyev kimi yerli aktyorlar yetişmişdi. 30-cu illərin ortalarından etibarən neçə-neçə aktyor Bakıdan gələrək, İrəvan teatrında parlaq obrazlar yaratmışdılar. Gənc və istedadlı aktyorlar, sonralar Azərbaycan teatr salnaməsinin parlaq səhifələrinə adları həkk olunan Əli Zeynalovun, Ətayə Əliyevanın, Həsən Mirzəyevin, Rza Əfqanlının, İsmayıl Dağıstanlının, Kazım Ziyanın, Kamil Qubuşovun, Adil Əsgərovun, Əşrəf Quliyevin Bakı və Tiflis teatrlarından gəlib, İrəvan teatrında fədakarcasına çalışmaları teatra ikinci nəfəs vermişdi. Tiflis teatrında peşəkar aktyor və rejissor kimi formalaşan Əli Şahsabahlı və həyat yoldaşı Nübar Əlixanovanın İrəvan teatrında işləməyə gəlmələri teatrın həyatında mühüm hadisə olmuşdu. Əli Şahsabahlı həmçinin bir müddət teatrın direktor müavini, sonra isə direktoru olmuşdu.
1944-cü ilin aprelində Şekspirin anadan olmasının 380 illiyi münasibətilə İrəvanda VI Ümumittifaq elmi-tədqiqat konfransı və Şekspir tamaşalarının festivalı keçirilmişdi. Sekspir festivalına Teatrın rejissoru Baxşı Qələndərli “Otello”nu Cəfər Cabbarlının tərcüməsi əsasında yeni quruluşda tamaşaya hazırlamışdı. Tamaşada Əli Zeynalov Otello, Abbasqulu Tağıyev Yaqo, Əziz Süleymanov Rodriqo, Zarik (Zarina) Teryan Dezdomona, Həsən Mirzəyev Kassio, Əhməd Şəfai Brabansio rollarını yüksək peşəkarlıqla ifa etmişdilər. Münsiflər heyəti kollektivin işinə yüksək qiymət vermişdi. Münsiflər heyətinin üzvü professor Mixail Morozov faciənin azərbaycanca mətninin üzərində bu ifadəni yazmışdı: “Mən Şekspir festivalında əsl ləzzəti azərbaycanlıların “Otello” tamaşasından aldım”. [219]
SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarı İrəvan teatrına da ağır zərbə vurdu. 1949-cu ilin sentyabrında İrəvan teatrı azərbaycanlı ailələrinin demək olar ki, yaşamadığı Basarkeçər rayon mərkəzinə sürgün edildi.
1952-ci ildə isə teatrın maliyyələşdirilməsi tamamilə dayandırıldı. Lakin bu teatrın fədakar aktyorları onun tamamilə sıradan çıxmasına imkan verməmiş, onu xalq teatrı kimi yaşatdılar. [220]
Lakin maddi çətinlik üzündən teatrın istedadlı kollektivinin üzvlərinin əksəriyyəti Bakı və Gəncə teatrlarında özlərinə yeni iş yerləri tapmaq məcburiyyətində qalmışdılar.
C.Cabbarlı adına İrəvan teatrı bir müddət sonra xalq teatrı adı altında yenidən fəaliyyətə başlamışdı. Xalq teatrı İrəvandakı Nor Areş (Yeni Ərəş) qəsəbəsində tamaşalarını hazırlayırdı. Lakin teatr burada da qərar tuta bilməmiş, bir müddət də İrəvan şəhərinə bitişik Zəngibasar (Masis) rayonundakı mədəniyyət evində fəaliyyət göstərməli olmuşdu. Əvvəl onu Zəngibasar rayon xalq teatrı, bir qədər sonra isə Hrazdan rayon xalq teatrı, ara bir də C.Cabbarlı adına rayonlararası teatr adlandırmışdılar. [221]
Nəhayət, 1967-ci ilin əvvəlində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 15 illik fasilədən sonra bərpa edildi. Yunis Nurinin böyük oğlu Əziz Süleymanov teatrın direktoru, Leninqrad Dövlət Teatr İnstitutunu bitirmiş Tofiq Ağayev isə baş rejissor təyin edilmişdilər. Həmin ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun sonuncu kurs tələbələrindən 11 nəfəri buraxılış kursu işləmək üçün mart ayında İrəvana göndərilmişdilər. Bu arada Bakının Gənc Tamaşaçılar Teatrından Tamilla Abdullayeva, Zərnişan Fətəliyeva, Zemfira Sadıqova, Naxçıvan teatrından Aydın Şahsuvarov, Tariyel Qasımov, Zemfira Əliyeva, Gəncə teatrından Nisə Rzayeva aktyor ştatına işə qəbul edilmişdilər. [222]
Yeni açılan teatrın kollektivi quruluşçu rejissor Nəsir Sadıqzadənin rəhbərliyi altında C.Cabbarlının “Sevil” tamaşasını təntənəli açılış mərasimi üçün hazırlamışdı. Böyük uğurla keçən tamaşanın premyerası aprelin 28-də göstərilmişdi.
1968-ci ilin iyununda şair-jurnalist Hidayət Orucov İrəvan teatrının direktoru təyin edilmiş və 1984-cü ilin əvvəlinədək kollektivə rəhbərlik etmişdi. Bu dövrdə teatrda aktyor problemi demək olar ki, həll edilmiş, sabit, işgüzar kollektiv formalaşmışdı.
1971-ci il martın 25-də görkəmli şair Bəxtiyar Vahabzadənin “İkinci səs” pyesi Naxçıvan teatrının rejissoru Vəli Babayevin rejissorluğu ilə İrəvan teatrında tamaşaya qoyulmuşdur.
Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrına dövlət teatrı statusunun verilməsinin 50 illiyi münasibətilə 1978-ci ildə keçirilən yubiley tədbirləri keçirilmiş, teatrın artistlərindən bir qrupuna fəxri adlar verilmişdi.
1984-cü ildən teatrın direktoru Yunis Nurinin nəvəsi Yunis Süleymanov (Əkbər Yerevanlının oğlu) olmuşdur. Deməli, İrəvan Dövlət Dram teatrında müxtəlif dövrlərdə Sülemanovlar nəslinin üç nümayəndəsi – baba Yunis Nuri, oğul Əziz Süleymanov və nəvə Yunis Süleymanov direktorluq etmişlər. Yunis Süleymanovun direktor olduğu dövr “yenidənqurma” pərdəsi altında erməni millətçiliyinin yenidən baş qaldırdığı dövrə təsadüf edirdi.
Dəfələrlə edilən rəsmi və qeyri-rəsmi müraciətlərə baxmayaraq, Ermənistan hökuməti C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına bina ayırmaq məsələsini həll etmədi. Fədakar teatrın kollektivi öz tamaşalarını gah İrəvandakı Rus Dram Teatrının binasında, gah İrəvan Musiqili komediya Teatrının binasında, gah da Zabitlər Evində göstərmişdi. Ermənistanda elə bir azərbaycanlı kəndi olmazdı ki, İrəvan teatrı orada öz tamaşalarını göstərməsin. Müvafiq bina olmadıqda teatrın kollektivi açıq havada səyyar tamaşa göstərmişdi.
Son əlli ildə İrəvan teatrında Baxşi Qələndərli, Nəsir Sadıqzadə, Tofıq Ağayev, Hilal Həsənov, Ağakişi Kazımov, Rafael Crbaşov kimi tanınmış rejissorlar yaddaqalan əsərlər səhnələşdirmişlər.
100 ildən artıq tarixə malik olan İrəvan teatrı 1988-ci ildə özünün son iki tamaşasını hazırladı. Həmin ilin fevralından etibarən İrəvan şəhərinin mərkəzində ermənilər Azərbaycanın Dağlıq Qarabağ ərazisinə qarşı iddia ilə fasiləsiz mitinqlər keçirirdilər. Vəziyyətin günü-gündən gərginləşdiyini görən teatrın rəhbərliyi ləvazimatların bir hissəsini M.F.Axundov adına azərbaycanlı orta məktəbin üçüncü mərtəbəsinə yığsa da, erməni quldurları, məktəblə birlikdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının ləvazimatlarını da yandırdılar. Ermənistan Mədəniyyət Nazirliyi İrəvan teatrını məcburən Azərbaycana qastrol səfərinə ezam etmişdi ki, bir daha geri qayıtması mümkün olmasın. Belə də oldu. Lənkəran, Cəlilabad və Neftçalaya qastrol səfərini dekabrın 3-də başa vuran teatrın geri qayda bilmədi. Teatrın aktyorları tək-tək İrəvana qayıdaraq, yalnız orda qalan ailə üzlərini çox çətinliklə olsa da şəhərdən çıxara bildilər.
Pərən-pərən düşən İrəvan teatrının aktyorları yalnız bir ildən sonra bir yerə yığıla bildilər. İrəvan teatrı 1989-cu il iyul ayının 4-də akademik Milli Dram Teatrının nəzdində teatr-studiya kimi fəaliyyətə başladı. Teatr Abşeron rayonunun Xırdalan qəsəbəsindəki Mədəniyyət evinin bir neçə otağında özünə sığınacaq tapdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 avqust 1994-cü il tarixli əmri ilə dövlət teatrlarının yaradıcılıq-istehsalat fəaliyyətini tənzimləyən bütün şərtlər C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına da şamil edildi. Həmin əmrə əsasən İrəvan teatrı Bakıdakı Hüseynqulu Sarabski adına Mədəniyyət evində yerləşdirildi. İrəvan teatrının cəfakeş aktyoru, əməkdar artist Vidadi Əliyev teatrın direktoru və bədii rəhbəri təyin edildi. 1989-2000-ci illərdə İrəvan teatrının truppası gənc aktyorlar hesabına yeniləndi, ənənəvi repertuarına yeni-yeni əsərlər əlavə edildi.
2000-ci ildən teatra tanınmış aktyor İftixar Piriyev rəhbərlik edir. Son vaxtlaradək İrəvan teatrında 60-dan artıq tamaşanın premyerası olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 avqust 2006-cı il tarixli “İrəvan Dövlət Azərbaycan Dram Teatrının 125 illik yubileyi haqqında” sərəncamına əsasən 2007-ci il oktyabr ayının 16-da, Bakıda təntənəli şəkildə teatrın 125 illik yubileyi dövlət səviyyəsində keçirildi. Teatrın bir qrup aktyoru fəxri adlarla təltif olundu.
2008-ci il fevral ayının 8-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə paytaxtın Binəqədi rayonunda yerləşən M.Rəsulzadə adına Mədəniyyət Sarayı C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının balansına verildi. Bununla da, İrəvan teatrı dövlət teatrı adını daşıdığı dövrdən keçən 80 il ərzində ilk dəfə özünün daimi isti yuvasına sahib oldu.
Dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunan İrəvan Dövlət Azərbaycan Dram Teatrı son illərdə Türkiyədə, İranda, Gürcüstanda, Rusiya Federasiyasının Dağıstan vilayətində uğurlu qastrol səfərlərində olmuşdur.
Bu gün İrəvan teatrı bəşəri mövzularla yanaşı, xalqımızın ağrılı-acılı problemlərindən, teatrın özünün dəfələrlə üzləşdiyi qaçqınlıq faciəsindən, Xocalı soyqırımından bəhs edən əsərləri səhnələşdirir.
İrəvan teatrının tarixinə həsr olunmuş Sabir Rizayevin, İsrafil Məmmədovun və İlham Rəhimlinin yuxarıda adları çəkilən monoqrafiyaları ilə yanaşı, Əli Vəkilin “Əli Şahsabahlı” (İrəvan, “Hayastan”, 1973) və “Azərbaycan-erməni teatr əlaqələri” (Bakı, “İşıq” 1983) kitabları, Hidayət Orucovun “Bizim teatr” (İrəvan, “ETC”, 1974) bukleti, və “Burdan min atlı keçdi” publisistik yazısı (Hidayət. Sabaha çox var. Bakı, 1989, s.211-319), Əkbər Yerevanlının “Bir teatrın üç aktyoru” (İrəvan, 1977) kitabı, Hrayr Hovakimyanın “Ermənistanda azərbaycanlı teatr tarixindən səhifələr” adlı araşdırması (“Ədəbi Ermənistan” məcmuəsi, İrəvan, 1963), habelə İrəvanda Azərbaycan dilində nəşr olunan “Rəncbər”, “Zəngi”, “Qızıl şəfəq” “Kommunist”, “Sovet Ermənistanı” qəzetləri Azərbaycan teatr salnaməsinin parlaq səhifələrindən olan İrəvan teatrının tarixinə işıq salırlar.
İrəvan teatrının salnaməsi bu gün Ermənistan Respublikası adlanan tarixi Azərbaycan ərazisində minillər boyu yaşamış soydaşlarımızın tarixi taleyinin bir parçasıdır.

Nazim Mustafa
tarix üzrə fəlsəfə doktoru