Hər bir azərbaycanlı üçün qədim Bakı, Gəncə, Bərdə,
Şəki, Dərbənd, Naxçıvan, Təbriz, Ərdəbil şəhərləri nə qədər əzizdirsə, İrəvan
şəhəri də bir o qədər əziz və doğmadır. Müxtəlif dövrlərdə İrəvan şəhərinin
yerləşdiyi ərazi Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər,
Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar,
Qacarlar, çar Rusiyası dövlətlərinin tərkibinə daxil olmuşdur. Yalnız 1918-ci
ildə Cənubi Qafqazda ilk erməni dövləti yarandıqdan sonra İrəvan şəhəri
Ermənistanın paytaxtına çevrilmişdir.
İrəvan şəhəri 40°08′ şimal en dairəsi və 44°10′ şərq uzunluğunda,
Ağrı vadisinin şimal-şərq hissəsində yerləşir. Dəniz səviyyəsindən təqribən
900-1000 metr yüksəklikdə salınan İrəvan şəhəri hər tərəfdən bağlarla əhatə
olunmuşdur.
Qədimdən
yalnız Azərbaycan türklərinin məskun olduqları bu şəhərin adı orta əsr yazılı
mənbələrində Rəvan, İrəvan, İrivan kimi qeyd edilmişdir. XIX əsrin əvvəllərində
rus qoşunları tərəfindən işğalından sonra şəhərin adı Erivan (Эривань) kimi
yazılmış, daha sonralar, XX əsrdə tarixdə ilk dəfə erməni dövlətinin paytaxtına
çevrildikdən sonra Yerevan adlandırılmışdır. Erməni tarixçiləri hazırda Yerevan
adlandırdıqları şəhərin adının Urartu çarı I Argiştinin dövründə (e. ə. 782-ci
ildə) salınmış Erebuni (İrpuni) qalasının adı ilə bağlamağa çalışırlar. Erebuni
qalası yalnız hərbi-istehkam məqsədilə inşa edilmişir və onun ətrafında heç vaxt
şəhər infrastrukturu formalaşmamışdır. Urartuluların ermənilərə heç bir
aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə
məkan, nə də tarixi baxımdan əlaqəsi olmuşdur. Qədim yaşayış məntəqəsi olan,
orta əsrlərdən şəhər kimi formalaşan İrəvan yaşayış məntəqəsi ilə, 1950-ci ildə
arxeoloji qazıntılar zamanı üzə çıxan Erebunu qalası arasında xeyli məsafə
olmuşdur. Yalnız XX əsrin ikinci yarısından Erebuni qalasının yerləşdiyi Qanlı
təpəni də şəhərətrafı əraziyə daxil etmişlər. Urartulular dövrünə aid tapılan
mixi yazılardan aydın olmuşdur ki, e.ə. VIII əsrin birinci rübündə Ağrı vadisi
(Araz çayının sol sahili və Arpaçayın aşağı axarı) urartulular tərəfindən işğal
edilənədək həmin ərazi Aza xalqının ölkəsi adlanmışdır.
İrəvan şəhəri və onun ətrafındakı hidronimlərin (çay, göl, bulaq və s.),
oronimlərin (dağ, dərə, aşırım, düzənlik və s.), oykonimlərin (yaşayış
məntəqələri, küçələr, məhəllələr və s.) mütləq əksəriyyətinin Azərbaycan
türkcəsində olması bir daha onu göstərir ki, bu ərazi azərbaycanlıların qədim
yaşayış məskənlərindən olmuşdur. İrəvan şəhəri ərazisində aparılan qazıntılar
zamanı aşkara çıxan maddi-mədəniyyət nümunələri içərisində indiyədək ermənilərə
məxsus hər hansı nümunəyə rast gəlinməmişdir. Urartuluların süqutundan ərəb
xilafətinin bərqərar olmasınadək keçən təqribən 1200 il ərzində heç bir mənbədə
bu yaşayış məntəqəsinin adı çəkilmir. Bunları bəzi obyektiv erməni tarixçiləri
də etiraf edirlər.
Ticarət yollarının üzərində yerləşən və şəhər kimi orta əsrlərdə formalaşan,
yalnız Azərbaycan türklərinin yaşadığı bu qala-şəhər, eyni zamanda Azərbaycanın
zəngin mədəniyyət mərkəzlərindən biri olmuşdur. İrəvan şəhəri bir mərkəz kimi,
Çuxur-Səəd bəylərbəyliyi və İrəvan xanlığı dövrlərində sosial-iqtisadi cəhətdən
sürətlə inkişaf etmişdir.
Zəngi (indi Hrazdan adlandırıblar) və Gedər çaylarının arasında yerləşən İrəvan
şəhəri orta əsrlərdə şimal-qərb və şimal-şərq tərəfdən dağlarla və təpələrlə,
cənub və cənub-qərb tərəfdən isə əkinə yararlı vadi ilə əhatə olunmuşdu. İrəvan
qalası Zəngi çayının sol sahilindəki sıldırımlı təpənin üzərində salınmışdı.
Coğrafi baxımdan strateji əhəmiyyət kəsb etdiyi üçün İrəvan şəhəri daim
müharibələr meydanına çevrilmiş, dəfələrlə əldən-ələ keçmişdir. Müharibələr və zəlzələlər nəticəsində böyük
dağıntılara məruz qalan şəhər, hər dəfə qısa müddətdə yenidən bərpa edilmişdir.
Çox məşhur olan İrəvan qalası və bağları şəhərə gələn bütün səyyahların diqqət
mərkəzində olmuş, onlar haqqında geniş məlumatlar verilmişdir.
Quru subtropik iqlim zonasında yerləşən İrəvan şəhəri, olduqca münbit və
bərəkətli torpaqlarla əhatə olunmuşdur. Məşhur İrəvan bağları və bostanları
İrəvan xanlarının müxtəlif dövrlərdə Zəngi və Gedər çaylarından çəkdirdikləri
kanallarla suvarılmışdır. Zəngi çayından şəhərdəki və ətrafdakı bağları suvarmaq
üçün 4 kanal – Mamrə, Abuhəyat, Dəlmə və Təzəkənd kanalları çəkilmişdi. Şəhərin
cənubundakı bağlar isə (Qırxbulaq) çayından çəkilən kanal və arxlarla
suvarılırdı. İrəvan torpaqlarından ildə 2-3 dəfə məhsul götürülürdü. XX əsrin
əvvəllərinədək İrəvan şəhəri 4 mənbədən – Zəngi çayı, Söyüdlük adlanan ərazidəki
çoxsaylı bulaqlar, Gedər (Qırxbulaq) çayının şəhər bağlarından keçən hissəsində
tikilən su anbarı və müxtəlif yerlərdə qazılan kəhrizlər vasitəsilə içməli su
ilə təmin edilirdi. XX əsrin əvvəlində İrəvandan təqribən 19 km uzaqlıqda Gedər
çayının mənbəyindən (Qırxbulaqdan) şəhərə su kəməri çəkilmişdi. Bu kəmərin
çəkilməsində şəhərin imkanlı azərbaycanlılarının müstəsna xidmətləri
olmuşdu.
Xanlıqlar dövründə İrəvan şəhəri dörd kvartaldan – Qala, Şəhər (Şəhri), Təpəbaşı
və Dəmirbulaq yaşayış massivlərindən ibarət olmuşdur. Sayca çox az olan
ermənilər yalnız şəhərin ətrafındakı bəzi qəsəbələrdə yaşayırdılar. Şəhər
(Şəhri) massivi İrəvanın ən qədim hissəsi olmuşdur. Şəhəri qərbində yerləşən
Təpəbaşı massivində (hazırda Kond adlanır) Hindistandan gəlmiş 50-yə yaxın
erməni qaraçı ailələri (boşalar) məskunlaşmışdılar. Təpəbaşı massivini Şəhər
massivindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Şəhərin
cənubunda yerləşən Dəmirbulaq massivində (hazırda Karanki Tağ adlanır) yalnız
azərbaycanlılar yaşayırdılar. İrəvan qalasında isə fransız səyyahları J.Tavernye
və J.Şardenin qeyd etdikləri kimi, yalnız müsəlmanlar (yəni azərbaycanlılar)
yaşayırdılar.
Müasir İrəvan şəhərində ermənilərə məxsus yaşı 200 ildən artıq bircə dənə də
olsun tarixi-memarlıq abidəsi mövcud deyil. Çünki İrəvan şəhərində ermənilər XIX
əsrin əvvəllərində Rusiyanın İrəvan xanlığını işğalından sonra tədricən İran və
Türkiyədən köçüb gətirilərək məskunlaşdırılmışlar. İrəvandakı tarixi-memarlıq
abidələri Şərq memarlığı üslubunda inşa edilmişdi. Səyyahlar və salnaməçilər öz
əsərlərində İrəvanı tipik müsəlman şəhəri kimi təsvir etmişlər.
İrəvan şəhəri karvan yollarının kəsişdiyi məkanda yerləşdiyi üçün burada çoxlu
karvansaralar və ticarət meydanları salınmışdı. Daşdan hörülmüş, ortasında
kvadratşəkilli meydançaları, su hovuzları olan karvansaralar İrəvanın gözəl
tikililərindən hesab olunurdu. XIX əsrin əvvəllərində İrəvanda 8 karvansara
mövcud olmuşdur. Culfa, Gürcü, Zərrabi xan (Sərrafxana), Tahir, Sulu, Susuz,
Avşar, Hacı Əli karvansaralarında üst-üstə 851 köşk mövcud olmuşdur.
Şəhərin
mərkəzi hissəsində Böyük Meydan adlanan 400×400 m ölçüdə meydan yerləşirdi.
Ağır yükləri çəkmək üçün Qantar tərəzisi, yüngül yükləri çəkmək üçün Mizan
tərəzisi bu meydanda yerləşirdi. Digər meydanlar Xan bağı, Zal xan, Hüseynəli
xan, Fəhlə bazarı meydanı adlanırdı. Pənah xan Makinskinin imarətinin yerləşdiyi
ərazi isə son vaxtlaradək Pənah xan meydanı adlanırdı.
İrəvanda Şərq memarlıq üslubunda 8 hamam – Şəhər, Zal xan, Şeyxülislam, Mehdi
bəy, Hacı Bəyim (sonuncu İrəvan xanının qardaşı Həsən xanın qızı), Təpəbaşı,
Hacı Əli, Hacı Fətəli, Kərim bəy hamamları mövcud idi. Hazırda İrəvanın
mərkəzindəki Respublika meydanının yerləşdiyi yerdə vaxtilə mövcud olan Zal xan
hamam kompleksində yeraltı çayxana ilə yanaşı, muğamat məclislərin keçirilməsi
üçün xüsusi otaq ayrılmışdı.
XIX
əsrin sonları, XX əsri əvvəllərində İrəvan şəhərində adları azərbaycanca
səslənən onlarla küçə mövcud idi. Qədim İrəvanda bu küçələr məşhur idi: Şəriət,
Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəriblər
ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər,
Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Kətan, Dükanlı, Sallaxlar və s.
Bağlar diyarı İrəvanda və onun ətrafında 1473 bağ mövcud olmuşdur ki, onlardan
772-si şəhərin içərisində idi. Sərdar bağı, Dəlmə, Abbasdərəsi, Abuhəyat,
Keşağlı, Qızılqala, Dərə bağı, Səvzikəri, Xosrovabad, Söyüdlü, Qul dərəsi,
Kənkan, Kərpicxana bağlarının ad-sanı İrəvandan çox-çox uzaqlara yayılmışdı.
İrəvan bağlarının bəzi məhsulları qurudulmuş şəkildə Avropaya ixrac
edilirdi.
Şəhərdə və onun ətrafında 45 dəyirman mövcud idi. Azərbaycanlılara məxsus
Hacıbəyim, Məhəmməd xan, Sübhanqulu xan, Qala, Xan, Doqquz dəyirmanlar şəhərin
ən böyük dəyirmanları olmuşdur.
Tarixi ədəbiyyatda İrəvan şəhərində 15-ə yaxın məscidin və iki erməni kilsəsinin
adları keçir. Göy məscid (yaxud Hüseynəli xan), Qala məscidi (Sərdar, yaxud
Abbas Mirzə), Şah Abbas, Təpəbaşı, Zal xan (yaxud Şəhər), Sərtib xan, Hacı
Novruzəli bəy, Dəmirbulaq, Hacı Cəfər bəy, Rəcəb paşa, Məhəmməd Sərtib xan, Hacı
İnam məscidlərinin minarələri uzaqdan İrəvanın müsəlman şəhəri olmasını nişan
verirdi. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra məscidlər bir-birinin
ardınca dağıdılmışdır. Cənubi Qafqazın ən böyük məscidi olan Göy məsciddə İrəvan
şəhərinin tarix muzeyi yerləşdirilmiş, Zal xan məscidi rəssamların sərgi salonuna çevrilmişdi. Yalnız
Dəmirbulaq məscidi 1988-ci ilədək öz məqsədinə xidmət edirdi, hazırda həmin
məscid də yer üzündən silinmiş, onun yerində hündürmərtəbəli bina ücaldılmışdır.
Şəhərdə məscidlərlə yanaşı mövcud olan Poğos-Petros və Katoğke kilsələri vaxtilə
xristian missionerlərinin vəsaiti hesabına tikilmişdi və məqsəd ermənilərin
şəhərə axınını təmin etməkdən ibarət idi.
1918-ci ildə Cənubi Qafqazda ilk dəfə erməni dövləti – Ermənistan Respublikası
yarananda Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İrəvan şəhərinin paytaxt
kimi ermənilərə güzəşt edilməsi haqqında qərar qəbul etmişdir.
XX əsrin əvvəllərinədək İrəvan qalası, onun içərisində yerləşən Xan sarayı,
Abbas Mirzə məscidi şəhərin tarixi-memarlıq incilərindən hesab olunurdu. Erməni
vandalları İrəvan qalasını və onun içərisində yerləşən bütün tarixi-memarlıq
abidələrini tədricən yer üzündən sildilər. 1924-cü ildə İrəvanın baş planı
hazırlanaraq həyata keçirilməyə başlandıqdan sonra şəhərdə mövcud olan
azərbaycanlılara məxsus tarixi-memarlıq baxımından əhəmiyyət kəsb edən bütün
abidələrini bir-birinin ardınca yox etdilər ki, gələcəkdə İrəvanı erməni şəhəri
kimi təqdim edə bilsinlər. XX əsrin 30-40-cı illərində İrəvan şəhərinin mərkəzindəki azərbaycanlı məhəllələri
mövcudluğunu qoruyub saxlayırdı. Ermənilər İrəvanda XIX əsrin əvvəllərindən
etibarən məskunlaşdıqları üçün erməni məhəllələri azərbaycanlı məhəllələrini
üzük qaşı kimi əhatələmişdi. 50-60-cı illərdə azərbaycanlıların kompakt
yaşadıqları məhəllələri, onların qədim qəbiristanlıqlarını yeni tikililər inşa
etmək bəhanəsilə yerlə yeksan etdilər.
Azərbaycanlılara qarşı törədilən 1905-1906-cı illər kütləvi qırğınalrı,
1918-1920-ci illər soyqırımı, 1948-1953-cü illər və 1988-1989-cu illər
deportasityaları İrəvan şəhərinin azərbaycanlı simasını ermənilərin xeyrinə
tamamilə dəyişdirdi. İrəvan şəhərindən azərbaycanlıların maddi-mədəniyyət
izlərini silən, ardınca azərbaycanlı etnik kimliyini yox edərək monoetnik erməni
şəhəri yaratmağa nail olan ermənilər indi də tarix kitablarından, dərsliklərdən
azərbaycanlıların izini silməyə çalışırlar.
Müqəddimə
Nazim
Mustafa
tarix üzrə fəlsəfə doktoru