Azərbaycanlıların İrəvandan 1988-89-cu illər
deportasiyası, 1828-ci ildən etibarən Rusiyanın həyata keçirdiyi şəhərin etnik
tərkibinin erməniləşdirməsi siyasətinin və sonrakı dövrlərdə isə Ermənistan
hökumətinin reallaşdırdığı etnik təmizləmə siyasətinin son mərhələsi oldu.
“İrəvan şəhərinin əhalisi” adlanan bölməmizdə şəhər əhalisinin dinamikası
haqqında ətraflı məlumat vermişik. Azərbaycanlıların Ermənistandan, o cümlədən
də İrəvan şəhərindən son kütləvi deportasiyasına hazırlıq hələ 1960-cı illərin
ortalarından başlanmışdı. Ermənistanda antitürk, antiazərbaycanlı təbliğatı
həmin vaxtdan etibarən var gücü ilə işə salınmışdı. 1964-cü ildə Moskvanın
razılığı ilə Ermənistan KP MK uydurma “böyük qırğın”ın (o vaxt indi işlədilən
“erməni soyqırımı” termini əvəzinə, “böyük qırğın” (“medz yeğerni”) ifadəsi
işlədilirdi) 50 illiyinin 1965-ci il aprelin 24-də qeyd edilməsi haqqında qərar
qəbul etmişdi. Ermənistanın bütün kütləvi informasiya vasitələri, nəşriyyatları,
redaksiyaları 1915-ci il uydurma qırğınların təbliği ilə məşğul olmuşdular.
Həmin dövrdə İrəvanda Ermənistanı Yenidənbirləşdirmə Hərakatı yaradılmışdı. Yüz
minlərlə azərbaycanlı və türk dinc əhalisinin qətlinə rəhbərlik etmiş Andranik
Ozanyanın anadan olmasının 100 illiyi 1965-ci ilin fevralında təntənəli surətdə
qeyd edilmiş, sonra isə Ucan kəndində onun heykəli ucaldılmışdı. Həmin vaxtadək
gizli fəaliyyət göstərən “Daşnaksutyun” partiyası fürsətdən istifadə
edərək, bir növ açıq fəaliyyətə keçmişdi.
Rusiya tarixçisi Vladimir Kozlov “Неизвестный СССР. Противостояние народа и
власти. 1953-1985 гг.” əsərində yazır ki, Dövlət Təhlükəsizliyi Komitəsi (DTK)
aprelin 24-də İrəvanda millətçilik şüarları və ərazi iddiası tələbi ilə mitinq
keçirmək istəyən gənclərin bir qrupunu həbs etsə də, həmin gün baş verən
iğtişaşların qarşısını ala bilməmişdi. Həmin hadisələr barədə SSRİ DTK-sının
sədri V.Semiçastnı Sov.İKP MK-nın katibi P.Demiçevə göndərdiyi məlumatda belə
ifadə etmişdi: “Aprelin 24-də səhərdən gecə saatlarınadək İrəvanda Lenin adına
meydanda və digər yerlərdə keçirilən kortəbii mitinqlərdə 3 mindən 8 minədək
adam iştirak etmişdir. Orada çıxış edənlər Ermənistan torpaqlarının
qaytarılmasını (aydındır ki, Dağlıq Qarabağı – Kozlov V.),
“erməni məsələsi”nin ədalətli həllini və həbs edilən 7 nəfər gəncin (1964-cü
ildə həbs edilən millətçi qrupun üzvləri nəzərdə tutulur - Kozlov
V.) azad edilməsini, həmçinin xaricdən ermənilərin köçürülməsinin
sürətləndirilməsini və Ermənistanda əhalinin sıxlığı böhran hədinə çatdığı üçün
onların Naxçıvanda yerləşdirilməsini tələb etmişlər. Bu tələblər meydanda tərtib
edilmiş müraciətə daxil edilmiş və Sov.İKP MK-ya, Nazirlər Sovetinə və SSRİ Ali
Soveti Rəyasət Heyətinə ünvanlanmışdı.” [123] Mitinq
iştirakçıları həmin tələbləri gün ərzində şəhərin müxtəlif yerlərində
səsləndirmiş, axşam isə Spendiarov adına teatrın binasında Eçmiədzin kilsəsi ilə
birlikdə keçirilən anım tədbirinin rəsmi hissəsindən sonra teatrın qapılarını
sındıraraq içəri daxil olmuş, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları
barədə rəsmi bəyanat verilməsini respublika rəhbərliyindən tələb
etmişdilər.
Ermənistanda sovet hakimiyyətinin qurulmasından keçən müddət ərzində ilk dəfə
idi ki, açıq şəkildə, izdiham qarşısında Azərbaycana və Türkiyəyə qarşı ərazi
iddiası irəli sürülürdü. 1965-ci il aprel hadisələrindən sonra azərbaycanlılara
qarşı diskriminasiya siyasəti gücləndirilmiş, nəticədə İrəvan şəhərindən və
ətraf rayonlardan yüzlərlə azərbaycanlı ailəsi təzyiqlərə tab gətirməyərək
Azərbaycana köçməyə məcbur olmuşdu. Bu, Ermənistanda yaşayan azərbaycanlılar
üçün sonun başlanğıcı demək idi.
XX əsrin 60-70-ci illərində Ermənistan rəhbərliyi dəfələrlə Dağlıq Qarabağın və
Naxçıvanın Ermənistana birləşdirilməsi məsələsini qaldırmışdı. Dağlıq Qarabağda
erməni separatizmi Ermənistan rəsmiləri və ziyalıları tərəfindən körüklənirdi.
Vaxtaşırı olaraq Dağlıq Qarabağda və Ermənistanda yaşayan erməni ziyalıların
imzası ilə SSRİ-nin müxtəlif instansiyalarına “tarixi ədalətsizliyin bərpa
edilməsi” – yəni ermənilərin Azərbaycana və Türkiyəyə qarşı ərazi
iddialarının təmin edilməsi üçün müraciətlər göndərilirdi. Bütün bunlara paralel
olaraq, azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından
sıxışdırılıb çıxarılması üçün rəsmi İrəvan tərəfindən hər cür vasitələrə əl
atılırdı.
Ermənistanın iqtisadiyyatı, onun sənaye müəssisələri bütövlükdə Azərbaycandan
qidalanmasına baxmayaraq, erməni ziyalıları, mədəniyyət və incəsənət xadimləri
mütəmadi olaraq antitürk, antiazərbaycan təbliğatını gücləndirir, erməni və
Azərbaycan xalqları arasında ədavət toxumu cücərdirdilər.
1983-cü il aprelin 24-də ermənilər genosid gününü bəhanə edərək İrəvan şəhərinə
bitişik Masis (Zəngibasar) rayonunun mərkəzində (Uluxanlıda) azərbaycanlılar
yaşayan evlərə basqınlar etmiş, qəsəbədəki qəbiristanlıqda qəbir daşlarını qırıb
dağıtmışdılar. Müdafiəsiz əhali Türkiyə sərhədinə sığınmağa məcbur olmuşdu.
Yalnız hərbiçilər işə qarışdıqdan sonra azğınlıqlara son qoyulmuşdu. Bu cür
hadisələr İrəvan şəhərində və azərbaycanlıların kompakt şəkildə yaşadıqları
Ermənistanın 22 rayonunda müxtəlif vaxtlarda, müxtəlif formada baş
verirdi.
Ermənistanda azərbaycanlı kadrların məsul vəzifələrə irəli çəkilməsinə qadağa
qoyulmuşdu. Həmin dövrdə Ermənistanda iki yüz mindən artıq azərbaycanlı yaşadığı
halda, Ermənistan KP MK aparatında мэ Nazirlər Sovetində onları bir nəfər
inspektor təmsil edirdi. Yalnız Ermənistan KP MK-nın, Ali Sovetin və Nazirlər
Sovetinin orqanı olan və Azərbaycan dilində nəşr edilən “Sovet Ermənistanı”
qəzetinin azərbaycanlı redaktorları ənənəvi olaraq Ermənistan SSR Ali Sovet
sədrinin ictimai əsaslarla müavini seçilirdi. Komsomolun Mərkəzi Komitəsində isə
yalnız 1981-ci ildən etibarən bir nəfər azərbaycanlı təlimatçı işləyirdi.
Ermənistanda azərbaycanlılara qarşı aparılan milli ayrıseçkilik siyasətinə,
onların müxtəlif bəhanələrlə sıxışdırılmasına nəhayət ki, Sov.İKP MK reaksiya
verməyə məcbur olmuşdu. Sov.İKP MK-nın 17 oktyabr 1984-cü il tarixli qərarında
göstərilirdi ki, son vaxtlarda Ermənistanda millətçilik əhval-ruhiyyəsini
qızışdıran əsərlər yazılır, tarixi həqiqətlər təhrif edilir, azlıqda qalan
millətlərin dilinin və mədəniyyətinin inkişafına imkan yaradılmır, partiya,
sovet və təsərrüfat strukturlarında onların nümayəndələri təmsil olunmurlar və
s. Bütün bunlarla müqayisədə, həmin dövrdə Azərbaycanda yaşayan ermənilər bütün
instansiyalarda məsul vəzifələrə təyin edilirdilər. Azərbaycanda erməni
millətindən olan nazir və neçə-neçə nazir müavini, rayon partiya komitələrinin
katibləri, icraiyyə komitələrinin sədrləri, respublika miqyaslı idarələrin
rəisləri var idi. Xüsusən, hüquq-mühafizə orqanlarında ermənilər həddindən artıq
kök salmışdılar. Dağlıq Qarabağda isə əhalinin təqribən 30 faizini təşkil edən
azərbaycanlılar həmin nisbətdən xeyli aşağı səviyyədə vilayətin idarəçiliyində
təmsil olunrdular.
1985-ci ilin martında Mixail Qorbaçovun Sov.İKP MK-nın baş katibi seçilməsindən
sonra ermənilər xeyli fəallaşmışdılar. M.Qorbaçovun elan etdiyi “yenidənqurma”
və “aşkarlıq” prinsipləri Dağlıq Qarabağda erməni separatizminin yenidən baş
qaldırmasına şərait yaratmışdı. Kremldə yüksək vəzifəli ermənilərin tam
əhatəsində olan M.Qorbaçov 1987-ci ilin oktyabrında Heydər Əliyevin SSRİ
Nazirlər Soveti Sədrinin birinci müavini və Siyasi Büro üzvlüyündən istefaya
göndərilməsinə nail oldu. 1987-ci il noyabrın 16-da M. Qorbaçovun iqtisadi
məsələlər üzrə müşaviri Abel Aqanbekyanın Parisdə “İnterkontinental” hotelində
Fransada yaşayan ermənilərin nümayəndələri qarşısında etdiyi çıxışında Dağlıq
Qarabağın Ermənistana “qaytarılması” təqdirində özünü xoşbəxt hiss edəcəyini
bildirmiş, bir iqtisadçı kimi, Dağlıq Qarabağın Azərbaycandan çox Ermənistana
bağlı olduğunu söyləmiş və əlavə etmişdi ki, artıq o, belə bir təklif irəli
sürmüşdür, ümid edir ki, demokratiya və yenidənqurma işığında həyata keçəcəkdir.
[124]
1987-ci ilin avqustunda ermənilər Dağlıq Qarabağdan və Ermənistandan 75 min imza
toplayaraq Kremlə göndərmişdilər. Dağlıq Qarabağdan iki nümayəndə heyəti
Moskvaya göndərilmişdi. Oktyabrın 18-də İrəvan şəhərində “ekoloji problemlər”
pərdəsi altında ilk mitinq keçirilmişdi. Mitinqdə Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsini tələb edən şüarlar qaldırılmışdı. İrəvanda yaranan gərginlik
tədricən Ermənistanın rayonlarını da əhatə etməyə başlamışdı. Ermənistanda
yaşayan azərbaycanlılardan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün
tərtib edilən vərəqələri imzalamaq tələb edilir, əks təqdirdə onlar döyülür,
söyülür, təhqir edilirdilər. Kremldəki erməni lobbisi, Rusiyadakı və
Ermənistandakı erməni elitası Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün
bütün gücünü səfərbər etmişdi.
Həmin ilin noyabrında M. Qorbaçov ABŞ-da səfərdə olarkən onun xanımı Raisa
Qorbaçova erməni diasporunun nümayəndələri ilə görüşmüşdü. Görüşün təşkilində
SSRİ-nin həmin vaxt ABŞ-dakı səfiri Yuri Dubininin xanımı Liana Zavenovna
Dubinina xüsusi fəallıq göstərmişdi. Raisa Qorbaçovanın tamahına bələd olan
ermənilər ona qiymətli hədiyyələr bağışlamış, M.Qorbaçovdan Dağlıq Qarabağ
ermənilərinin tələblərini müdafiə etməyi xahiş etmişdilər.
Ermənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları nəticəsində 1988-ci il
yanvarın 25-də Ermənistan SSR-in Qafan və Meğri rayonlarından ilk azərbaycanlı
qaçqınlar qatarla Azərbaycana gəlmiş, onlar Abşeron rayonunda
yerləşdirilmişdilər. Lakin bu, ictimaiyyətdən gizli saxlanılmışdı.
1988-ci il fevralın 12-də Xankəndində (keçmiş Stepanakert) ilk mitinq
keçirilmişdi. Fevralın 18-də Qorbaçov Qarabağ məliklərinin törəmələrindən olan
Georgi Şahnazarovu özünə yeni köməkçi təyin etməsi ilə hadisələr ermənilərin
istəyinə uyğun şəkildə sürətlə cərəyan etməyə başlamışdı. Fevralın 20-də
Xankəndində yalnız erməni deputatların iştirakı ilə keçirilən DQMV Xalq
Deputatları Sovetinin sessiyasında muxtar vilayətin Azərbaycanın tərkibindən
çıxarılıb Ermənistanın tərkibinə daxil edilməsi haqqında qərar qəbul etdi.
Azərbaycan SSR Ali Soveti DQMV XDS-nin konstitusiyaya zidd qərarını rədd
etdikdən sonra, Ermənistanın millətçi rəhbərləri “Daşnaksutyun” partiyasının
“Türksüz Ermənistan” proqramını həyata keçirməyə başladılar.
1988-ci il fevralın 20-dən etibarən İrəvanda da kütləvi mitinqlər başlanır.
Mitinq iştirakçıları “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistan yalnız
ermənilər üçündür!” kimi şüarlar irəli sürürdülər. Mitinqlərin ikinci günü
İrəvanda fəaliyyət göstərən Dəmirbulaq məscidi (XX əsrin əvvələrində şəhərdə 8
məscid var idi) və M.F.Axundov adına azərbaycanlı orta məktəb, C.Cabbarlı adına
İrəvan Dövlət Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu
hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od
vurdular.
Fevralın 26-da Kremldəki erməni lobbisinin başçısı, M.Qorbaçovun köməkçisi
Georgi Şahnazarovun və Sov.İKP MK-nın katibi Aleksandr
Yakovlevin («Латинская Америка» jurnalının redaktoru Serqo Mikoyanın qayını
Yakovlevin köməkçisi idi) müşayiəti ilə Sov.İKP MK-nın baş katibi
M.Qorbaçov Silva Kaputikyanı və Zori Balayanı qəbul etmişdi. Saatyarım müddətdə
onlar M.Qorbaçova türk dünyasının xəritəsini və saxta tarixi arayışlar təqdim
etmiş, onu DQMV-nin Azərbaycanın tərkibində qalmasının mümkünsüzlüyünə
inandırmağa çalışmışlar. Lakin Qorbaçov onlara Dağlıq Qarabağın Ermənistana
veriləcəyini vəd etmir. DQMV-nin sosial-iqtisadi inkişafı üçün o dövrün
miqyasına görə çox böyük məbləğ olan 400 milyon rubl ayırılacağını vəd edir.
Çünki Qorbaçov bilirdi ki, SSRİ ərazisində 19 potensial milli münaqişə ocağı
mövcuddur və sərhədlərin dəyişdirilməsi yolu ilə Dağlıq Qarabağın Ermənistana
verilməsi SSRİ-nin süqutuna gətirib çıxara bilər. Şahnazarov onlara deyir ki,
gedin İrəvanda deyin ki, tezliklə milli məsələyə həsr olunacaq Ümumittifaq
konfransı keçiriləcək və o zaman qərar qəbul ediləcək.
[125]
Fevralın 27-də Sov.İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci
müavini Karen Brutens Xankəndinə gələrək erməni separatçılarının rəhbərləri ilə
tam məxfi görüş keçirmiş, onlara təzyiqləri artırmağı və tələblərindən geri
çəkilməməyi məsləhət görmüşdü.
M.Qorbaçovun Dağlıq Qarabağı Ermənistana verməyə cəsarət etmədiyinə əmin olan
ermənilər, əvvəlcədən hazırladıqları planı işə saldılar – Sumqayıt
iğtişaşlarını törətdilər. Fevralın 28-də başlanan və iki gün davam edən,
kortəbii olaraq azərbaycanlı gənclərin də qoşulduğu iğtişaşların törədilməsində
ermənilərin məqsədi “vəhşi” azərbaycanlılarla birgə yaşayışının mümkünsüzlüyünü
dünya ictimaiyyətinin nəzərinə çatdırmaq və Dağlıq Qarabağda baş qaldıran erməni
separatizminə bəraət qazandırmaqdan ibarət idi. İrəvanda yaradılan “Qarabağ”
hərəkatının liderlərindən biri, sonralar Ermənistanın ilk prezidenti olan Levon
Ter-Petrosyan öz müsahiblərinin birində demişdi ki, Sumqayıt hadisələrindən
sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü. Əgər ölkə rəhbərliyi bu
məqamdan istifadə edib DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar
çıxarsaydı, Azərbaycan xalqı buna etiraz edə bilməyəcəkdi.
26 nəfər erməninin (istintaq müəyyən etmişdir ki, onlardan 5-ni iğtişaşların
təşkilatçılarından biri olan Eduard Qriqoryan adında erməni qətlə yetirmişdi) və
6 azərbaycanlının qətli ilə nəticələnən Sumqayıt iğtişaşları Ermənistanda
yaşayan azərbaycanlılara qarşı qətl və qarətlər törədilməsi üçün erməni
millətçilərinə əlavə fürsət vermişdi. Sov.İKP MK Siyasi Bürosunun fevralın 29-da
keçirilən iclasında Dağlıq Qarabağ və Sumqayıtla bağlı məsələnin müzakirəsi
zamanı M. Qorbaçov demişdi: “İrəvanda vərəqələr yayılıb: Ermənilər, mitinqləri
dayandırın, silahları götürün və türkləri qovun!.”
Ayrı-ayrı rayon rəhbərləri azərbaycanlılara qarşı iqtisadi təzyiq üsullarından
istifadə edir, kəndlərə ərzaq və gündəlik tələbat mallarının verilməsini
məhdudlaşdırırdılar. Hər hansı iş üçün şəhərlərə və rayon mərkəzlərinə getməyə
məcbur olan azərbaycanlılar təhqir edilir, döyülür və qarət edilirlər. Rayon
mərkəzlərində, xüsusən də İrəvan şəhərində yaşayan azərbaycanlılar üçün dözülməz
şərait yaranmışdı. Artıq şəhərdə mövcud olan bir orta və bir səkkizillik
azərbaycanlı məktəbi, İrəvan azərbaycanlı dram teatrı, İrəvan Pedaqoji
İnstitutunun filologiya fakültəsinin azərbaycanlı bölməsi bağlanmış, ziyalılar
şəhəri tərk etmək məcburiyyətində qalmışdılar.
1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV-nin
Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edərək SSRİ Ali Sovetinə
müraciət etdi ki, buna razılıq versin. Azərbaycan SSR Ali Soveti iyunun 17-də bu
qanunsuz tələbi rədd etdikdən sonra Ermənistandakı azərbaycanlıların vəziyyəti
daha da ağırlaşdı.
İyunun 17-20-də İrəvanda Teatr meydanında toplaşan silahlı erməni dəstələri
İrəvan ətrafında azərbaycanlıların kompakt yaşadıqları Masis (Zəngibasar)
rayonunun mərkəzinə, Zəngilər, Zəhmət, Dəmirçi, Dostluq, Nizami, Sarvanlar
kəndlərinə basqınlar etdilər. Müdafiəsiz on mindən çox azərbaycanlılar
Sovet-Türkiyə sərhədinə toplaşmış, orada gecələməyə məcbur olmuşdular. Həmin
günlər 20-dən çox azərbaycanlı yaralanmışdı. Rayon mərkəzi Masisdən 3 mindən çox
azərbaycanlı evlərindən çıxarılmışdılar. Bütün bu iğtişaşlar zamanı SSRİ Daxili
İşlər Nazirliyinin rayonda olan qüvvələri hadisələri müşahidə etməklə
kifayətlənmişdilər.
1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında DQMV
haqqında məsələ müzakirə edilmiş və respublikalar arasında sərhədlərin
dəyişdirilməsinin yolverilməzliyi haqqında qərar qəbul edilmişdi. Bundan sonra,
erməni millətçiləri azərbaycanlıların Ermənistandan qovulması üçün hər yerdə
mitinqlər təşkil etməyə başladılar. Ermənistan EA-nın müxbir üzvü, “Qarabağ”
hərəkatının liderlərindən biri Rafael Kazaryan 1988-ci il noyabrın 4-də İrəvanda
keçirilən mitinqdə demişdi: “Dəstələrin köməyi ilə emiqrasiyanı (yəni
azərbaycanlıların qovulmasını- N.M.) təmin etmək lazımdır. Bizə bütün
onilliklər ərzində ilk dəfə Ermənistanı təmizləmək imkanı verilmişdir. Mən bunu
bu on aylıq mübarizəmizin ən böyük nailiyyəti hesab
edirəm. [126]
Rusiya tarixçisi Yuri Pompeev 1988-ci ilin payızında azərbaycanlıların
Ermənistandan deportasiyasını belə təsvir edir: “Müdafiəsiz, silahsız
azərbaycanlıları adətən çılpaq və əliyalın evlərindən qovaraq deyirdilər:
“Ləənətə gəlmiş türklər, rədd olun Ermənistandan!” [127]
Ermənistanda azərbaycanlıların yaşadıqları şəhər və kəndlərin içərisində ən ağır
vəziyyət İrəvan şəhərində yaranmışdı. Mitinqlər həftələrlə və fasiləsiz davam
etdiyi üçün azərbaycanlılar evlərindən bayıra çıxa, iş yerlərinə və bazar-dükana
gedə bilmirdilər. Sumqayıtı tərk edib İrəvana gələn ermənilər azərbaycanlı
ailələrinin ünvanlarını öyrənir, silahlı dəstələrin köməyi ilə onları
mənzillərindən qovur və həmin mənzillərdə yerləşirlər. Mənzillərini Azərbaycanda
yaşayan ermənilərlə dəyişdirən ailələrin ev əşyalarının yükləndiyi maşınları
erməni silahlıları yollarda saxlayır, onları qarət edir və yaxud yandırır,
maşını müşayiət edən azərbaycanlıları ya öldürür, ya da ağır bədən xəsarəti
yetirirdilər.
1988-ci il noyabrın ortalarında Ermənistandan Azərbaycana 80 mindən artıq qaçqın
pənah gətirmişdi. Noyabrın 17-də Bakıda “Azadlıq meydanı”nda təqribən yarım
milyon iştirakçının toplaşdığı mitinq zamanı Ermənistanda yaşayan
azərbaycanlılara muxtariyyət verilməsi tələbi ilə qətnamə qəbul edilmişdi.
Ermənistan televiziyası dərhal həmin mitinqdən fraqmentlər göstərmiş və
qətnamənin tələblərini dəfələrlə səsləndirmişdi. Bu tələblərdən narahat olan
Ermənistan rəhbərliyi noyabrın 22-də keçirilən Ali Sovetin sessiyasını “Qarabağ”
komitəsinin tələbi ilə yarımçıq saxlamış, deputatları, rayon rəhbərlərini
yerlərdə “qayda-qanun bərpa etməyə” göndərmişdilər. Əslində isə onlara tapşırıq
verilmişdi ki, bir həftə ərzində Ermənistandan azərbaycanlıları təmizləmək
aksiyasını həyata keçirsinlər.
Noyabrın 25-də Ermənistan KP MK, Ali Sovet və Nazirlər Soveti adından Ermənistan
zəhmətkeşlərinə ünvanlanan müraciətdə qeyd edilirdi ki, ayrı-ayrı rayonlarda
toqquşmalar baş vermişdir, dövlət orqanları gərginliyin azaldılması üçün bütün
tədbirləri ələ alırlar. Əslində isə, heç bir toqquşma olmamışdı. Erməni silahlı
dəstələri 1918-1920-ci illərdə olduğu kimi, azərbaycanlı yaşayış məntəqələrinə
hücumlar edir, əhalini silah gücünə qovur, əmlaklarını talayırdılar. Həmin gün
İrəvan şəhərində komendant saatı tətbiq edilsə də vəziyyət dəyişməmişdi. İrəvan
şəhərinin köklü sakinləri, sonuncu azərbaycanlı ailələri şəhəri tərk
edirdilər.
1988-ci ilin noyabr ayının sonuncu ongünlüyü Ermənistanda azərbaycanlıların
sonuncu deportasiyasının sonuncu mərhələsi idi. Amasiya rayonunda blokada
şəraitində qalan 10 min nəfərdən artıq azərbaycanlı əhali istisna olmaqla,
Ermənistanda demək olar ki, azərbaycanlı qalmamışdı. Rəsmi İrəvan isə “Sovet
Ermənistanı” qəzetinin çapını və İrəvan radiosunda gündə yarım saat Azərbaycan
dilində yayımlanan verilişin davam etdirilməsini istəyirdi. Bununla elə
təəssürat yaratmaq istəyirdilər ki, guya azərbaycanlılar İrəvanda nəinki
təhlükəsiz şəraitdə yaşayır, hətta qəzet buraxır, radio ilə verilişlər
yayınlayırlar. Lakin İrəvan şəhərində yaşayan azərbaycanlıların son günlərini
“Sovet Ermənistanı” qəzetinin redaktoru Zərbəli Qurbanovun həmin günlərdə
Ermənistan KP MK-ya göndərdiyi məktublardan aydın təsəvvür etmək olar. Onun
avqustun 14-də Ermənistan KP MK-nın ikinci katibi Y.Koçetkova ünvanlandığı
məktubunda İrəvan şəhərində cəmisi 24-25 azərbaycanlı ailəsinin qaldığı
bildirilirdi. Redaktorun noyabrın 25-də Ermənistan KP MK Bürosuna göndərdiyi
məktubunda isə yazılırdı ki, DQMV və onun ətrafında baş verən hadisələr
nəticəsində qəzetin normal fəaliyyət göstərməsi mümkün deyil. Z.Qurbanov 32
nəfər işçisi olan redaksiya əməkdaşlarından 23 nəfərinin yalnız iyun-iyul
aylarında onlara göstərilən təzyiqlərdən, məsuliyyətsiz elementlərin birbaşa
təhdidlərindən sonra işdən azad olunaraq daimi yaşayış üçün Azərbaycana
getdiklərini, noyabrın 22-də vəziyyətin kəskin dəyişməsindən sonra isə daha 5
əməkdaşın (makinaçıların, korrektorların və ədəbi işçilərin) respublikanı
məcburi tərk etdiklərini bildirir və yaranmış vəziyyətdə “Sovet Ermənistanı”
qəzetinin nəşrinin mümkünsüzlüyünü yazırdı. [128]
Ermənistandan azərbaycanlıların silah gücünə etnik təmizlənməsi prosesi başa
çatdıqdan sonra 1988-ci il dekabrın 2-də SSRİ Nazirlər Soveti sədrinin müavini
B.Şerbinanın rəhbərliyi ilə qaçqınlara yardım göstərilməsi üçün hökumət
komissiyası yaradılmışdı. 1988-ci il dekabrın 6-da Sov. İKP MK və SSRİ Nazirlər
Soveti “Vətəndaşların daimi yaşayış yerlərini məcburi tərk etməsində Azərbaycan
SSR və Ermənistan SSR-in yerli orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin
yolverilməz hərəkətləri haqqında” qərar qəbul etmişdi. Lakin artıq gec idi.
İrəvanda yaşayan təqribən 3,5 min nəfər azərbaycanlıdan cəmisi 4-5 azərbaycanlı
ailəsi qalmışdı ki, onlar da öz mənzillərini ermənilərlə dəyişdirə bilmədikləri
üçün şəhərdən çıxa bilmirdilər.
Ermənistanda azərbaycanlılara qarşı törədilən qırğınların ən dəhşətlisi İrəvan
şəhərində Estonakan küçəsi ev 12/1, mənzil 56-da yaşayan Misgərovlar ailəsinin
başına gətirilmişdi. “Sovet Ermənistanı” qəzetinin əməkdaşı Cəfər Misgərovun
övladları, 1955-ci ildə anadan olmuş Elza Misgərova və onun qardaşı –
1956-cı ildə anadan olmuş Vidadi erməni “dostlarının” şirin dillərinə aldanaraq
İrəvanda qalıb, mənzillərini Bakıya dəyişdirmək üçün münasib variant
axtarırdılar. Ermənilər Elza və Vidadini hər cür işgəncələrlə qətlə yetirmiş,
sonra isə hər ikisinin meyitini aparıb Artaşat (Qəmərli) rayonunun ərazisindəki
Azat su anbarına tullamışdılar. Bir neçə aydan sonra onların meyiti tapılmışdı.
İrəvanda daha iki nəfər azərbaycanlı 1988-ci ildə ermənilər tərəfindən qətlə
yetirilmişdi.
İrəvandan və ümumiyyətlə Ermənistandan azərbaycanlıların deportasiyası demək
olar ki, 1988-ci ilin sonunda başa çatdırılsa da, ermənilər Azərbaycanda,
xüsusən də Bakıda 1990-cı ilin yanvarında törədilən iğtişaşlaradək normal
şəraitdə yaşayırdılar.
Ümumiyyətlə, 1988-ci il noyabrın 22-dən dekabrın 7-dək ötən müddət ərzində
azərbaycanlılar yaşayan 22 rayonda 170 sırf və 94 qarışıq (ermənilərlə) yaşayış
məskənləri boşaldılmış, nəticədə 250 min azərbaycanlı əhali tarixi-etnik
torpaqlarından qovulmuşdur. Həmin vaxt 216 azərbaycanlı vəhşicəsinə qətlə
yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə
ailənin əmlakı qarət olunmuşdur.
İrəvandan azərbaycanlıların 1988-ci il deportasiyasından bir müddət sonra digər
bir proses də başa çatdırıldı. Əsrlər boyu İrəvan şəhərində zəngin mədəni irs və
monumental tarixi-memarlıq abidələri yaradan azərbaycanlıların izi özünü dünyaya
“ən qədim və mədəni xalq” kimi təqdim etməyə çalışan ermənilər tərəfindən artıq
silinmişdir.
1988-1989-cu illər deportasiyası
Nazim
Mustafa
tarix üzrə fəlsəfə doktoru