İrəvan xanlığının işğalından bir neçə gün sonra –
1827-ci il oktyabrın 6-da həmin ərazidə Paskeviçin əmri ilə yeni Rusiya
üsul-idarəsi kimi, “İrəvan Müvəqqəti İdarəsi” yaradılır. Yerli qoşunların
komandanı general Krasovski idarənin rəisi, qalanın müvəqqəti komendantı
podpolkovnik Bronevski və arxiyepiskop Nerses Aştarakesi isə idarənin üzvü təyin
edilirlər. Müvəqqəti idarənin qarşısında ölkədə hakimiyyəti ələ almaq,
qayda-qanun yaratmaq, ordunu daimi ərzaqla təchiz etmək, İrəvan, Sərdarabad və
Abbasabad qalalarını müdafiə etmək, Gürcüstanla əlaqə yaratmaq, pambıqçılığı
inkişaf etdirmək, duz istehsalını artırmaq, İrəvan xanının mülklərinin,
sürülərinin, gəlirlərinin hesabatını aparmaq, onun bütün daşınar və daşınmaz
əmlakını müsadirə etmək vəzifəsi qoyulmuşdu. [74]
Lakin
Krasovskinin Nersesə verdiyi qeyri-məhdud səlahiyyətlər sayəsində ermənilər
istədiklərinə nail olurlar. Müharibədən çıxmış əhaliyə paylamaq üçün verilən
4500 çetvert taxılın böyük hissəsi sayca azlıq təşkil edən ermənilərə
paylanmışdı. Müsəlmanlar dövlət himayəsindən məhrum edilmişdilər. Bununla
əlaqədar Paskeviç baş qərargah rəisinə 2 aprel 1828-ci ildə göndərdiyi
məktubunda yazırdı: “Mən təsəvvür etməzdim ki, Krasovski yalnız Nersesin iradəsi
ilə hərəkət edəcək, mənim ona verdiyim təlimata məhəl qoymayıb, yenicə ələ
keçirilmiş əyalətin idarə edilməsi qayğısına qalmayacaq, bütün əhalinin dörddə
üçünü təşkil edən müsəlmanlara himayədarlıq etməyəcək, lazımi vəsait
ayırmayacaq”.[75] Yerli müsəlmanlara qarşı edilən ayrıseçkilik
narazılığın artmasına səbəb olur, nəticədə onların bir qismini İran və
Türkiyəyə köçüb getməyə vadar edirdi. Rusiyadan narazı müsəlman əhalinin
sərhədin əks tərəfində cəmlənməsi Paskeviçi narahat edirdi. Ona görə də o,
Nersesi İrəvan
müvəqqəti idarəsindəki fəaliyyətindən uzaqlaşdırmışdı. Türkmənçay müqaviləsi
imzalandıqdan sonra Paskeviç general Krasovskini İrəvan müvəqqəti idarəsinin
rəisi vəzifəsindən azad etmiş, müsəlmanlara qarşı bəd əməllərindən əl çəkməyən
arxiyepiskop Nersesi isə Bessarabiyaya sürgün etdirmişdi.
1828-ci il fevralın 10-da imzalanan Türkmənçay müqaviləsi ilə İrəvan və Naxçıvan
xanlıqıarı Rusiyaya birləşdirilıir. Martın 20-də I Nikolay bu müqaviləni təsdiq
edir və ertəsi gün Erməni vilayəti yaradılması haqqında fərman verilir. Fərmanda
deyilirdi: “İranla bağlanmış müqaviləyə əsasən İrandan Rusiyaya birləşdirilən
İrəvan və Naxçıvan xanlıqlarını bundan sonra Erməni vilayəti adlandırmağı hökm
edir və öz titulumuza daxil edirik. Həmin vilayətin quruluşu və onun idarə
edilməsi qaydası haqqında Ali Senat lazımi fərmanları öz vaxtında
alacaqdır.” [76]
Ermənilərin İrəvan xanlığının işğalındakı xidmətləri
nəzərə alınaraq, yeni yaradılan inzibati-ərazi vahidi “Erməni vilayəti”
adlandırılmışdı. Əslində isə bu ad ermənilərin İran və Türkiyə ərazisindən
köçürülüb gətirilərək yeni işğal olunmuş ərazilərdə ermənilərdən ibarət xristian
bufer zolağı yaratmağa xidmət edirdi. Rusiyanın hakim dairələri öz niyyətlərinə
çatdıqdan sonra vilayətin adından “erməni” ifadəsi götürülmüşdü. İrəvan
xanlığının işğalından dərhal sonra rus üsul-idarəsi tətbiq edilməmiş, bir müddət
xanlıq dövründəki idarəçilik forması saxlanılmışdı.
Erməni vilayəti İrəvan və Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə bölünmüşdü.
İrəvan əyalətinə keçmiş İrəvan xanlığının 15 mahalı, Naxçıvan əyalətinə 5 mahal
və Ordubad dairəsinə 5 mahal daxil idi. Vilayət idarəsinin rəisi vəzifəsinə
yerli qoşunların komandanı general-mayor Aleksandr Çavçavadze təyin edilmişdi.
Vilayət idarəsinin üzvləri iki rus hərbçisindən və azərbaycanlıların və
ermənilərin təmsilçilərindən ibarət idi. (Çavçavadzenin qızı Nina rus
dramaturqu və diplomatı, 1829-cu ilin fevralında Tehranda səfir olarkən
qətlə yetirilən Aleksandr Qriboyedovun arvadı idi).
13 fevral 1830-cu ildə vilayətin rəisi vəzifəsinə Tiflis ermənisi general-mayor
Vasili Bebutov (Behbudov) təyin edilir. Erməni tarixçisi Z.Qriqoryan ermənilərin
vilayətin idarəçiliyində iştirakına qadağa qoyulmasını təsdiq edərək yazır ki,
V.Bebutovun vilayət rəisi olduğu dövrdə ruslaşdırma siyasəti daha da
gücləndirilmiş, nəinki administrasiya mərkəzində, hətta mahallarda belə bütün
hərbi və mülki vəzifələrə rus məmurları təyin
edilmişdi.[77]
23 iyun
1833-cü ildə çar I Nikolay “Erməni vilayəti”nin yeni adminstrativ quruluşunu
təsdiq edir. İrəvan qəzası 4 dairəyə – İrəvan, Şərur, Sürməli və
Sərdarabad dairələrinə bölünür.
1840-cı il aprelin 10-da Cənubi Qafqazın yeni inzibati quruluşu haqqında qanun
qəbul edilir. Yeni qanunla “Erməni vilayəti” buraxılır. İrəvan qəzası yeni
yaradılan Gürcü-İmereti quberniyasının tərkibinə daxil edilir. Pəmbək-Şörəyel
distansiyası isə Aleksandropol qəzasının tərkibinə daxil edilir. 1844-cü ildə
Qafqaz canişinliyi yaradılır. 14 dekabr 1846-cı il qanunu ilə Qafqazın yeni
inzibati bölgüsü təsdiq edilir. İrəvan və Aleksandropol qəzaları yeni yaradılan
Tiflis quberniyasının tərkibinə daxil edilir. Senatın 9 iyun 1849-cu il fərmanı
ilə İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad və Novo-Bəyazid qəzalarından ibarət
İrəvan quberniyası təşkil edilir.
1870-ci ildə İrəvan quberniyasının tərkibində yeni Şərur-Dərələyəz qəzası,
1875-ci ildə isə Sürməli qəzası yaradılır. 1918-ci ilə qədər İrəvan quberniyanın
tərkibinə 7 qəza – İrəvan, Aleksandropol, Naxçıvan, Novo-Bəyazid, Sürməli, Şərur-Dərələyəz və
Eçmiədzin qəzaları daxil idi.
Rusiya işğalı dövründə İrəvan və Gümrü (Aleksandropol) şəhərlərinin, habelə
İrəvan quberniyasının gerbləri təsdiq edilmişdir. İrəvan şəhərinin gerbi 21 may
1843-cü ildə təsdiq olunmuşdu. Gerbin təsviri belə idi: Gerbin ikiyə bölünmüş
qalxanvari lövhəsinin yuxarıdan 1-ci qızılı sahəsində zirvəsində Nuhun gəmisini
simvolizə edən Ağrı (Ararat) dağı təsvir olunmuşdu. Gerbin ikinci qızılı
sahəsində mavi dalğalı kəmər Qara dənizi simvolizə edirdi. Bu sahələrin
ortasında gümüşü fonda əlində nizə tutan süvari təsvir olunmuşdu. Gerbin aşağı
hissəsinin sahəsi Gürcü-İmereti quberniyasının gerbinin təsvirindən
götürülmüşdü.
İrəvan
quberniyasını idarə edənlər arasında nəinki erməni qubernator, heç
vitse-qubernator belə olmamışdr. (Qubernatorların və vitse-qubernatorların
siyahısı ayrıca təqdim edilir).
Çar Rusiyası dövründə İrəvan quberniyası ərazisində mövcud türkmənşəli
toponimlər olduğu kimi saxlanılırdı. Yalnız İrəvan Erivanla (1828) , Gümrü
Aleksandropolla , Kəvər isə Novo-Bayazetlə (1850) əvəz edilmişdi. Rusiya işğalı
dövründə çap edilən inzibati-ərazi və topoqrafik xəritələrdə qeyd olunan
toponimlər həmin ərazinin tarixən Azərbaycan türklərinə məxsusluğunu əyani
şəkildə göstərir.
Rusiya işğalı dövrü
Nazim
Mustafa
tarix üzrə fəlsəfə doktoru