İstər çar Rusiyası dövründə, istərsə də Sovet
hakimiyyəti illərində erməni siyasi dairələri tarixi şəraitin verdiyi fürsətdən
istifadə edərək öz məkrli niyyətlərini həyata keçirmişlər. Ermənilərin
azərbaycanlılara qarşı 1905-1906-cı və 1918-1920-ci illərdə həyata keçirdikləri
kütləvi qırğınlar və soyqırım aksiyaları məhz müəyyən tarixi şəraitin onlara
verdiyi fürsətin nəticəsi idi ki, bu haqda əvvəlki bölmələrdə ətraflı söhbət
açılmışdır. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki
tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası isə ermənilərin və
onların havadarlarının İkinci Dünya müharibəsinin sonunda Sovet İttifaqının
üstün mövqeyə çıxması ilə yaranan şəraitdən bəhrələnmək siyasətinin növbəti
mərhələsi idi.
1944-cü ilin iyununda Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci
katibi Qurgen Arutinov məşhur sovet tarixçisi akademik Yevgeni Tarleni İrəvana
dəvət edərək, onunla “Qərbi Ermənistan”ın (yəni Türkiyənin Şərqi Anadoludakı
ərazisinin bir hissəsinin) Sovet Ermənistanına “qovuşdurulması” aspektlərini
müzakirə etmişdi. Nəticədə akademik Tarlenin Sov.İK(b)P MK-ya təqdim etdiyi
arayış SSRİ Xalq Komissarları Sovetinin sədri İosif Stalinin yanında müzakirə
edilsə, də heç bir qərar qəbul edilməmişdi. [113]
İkinci Dünya müharibəsinin sonlarına yaxın ermənilərin Türkiyəyə qarşı ərazi
iddiası ilə SSRİ-nin Türkiyəyə hücum etmək planları üst-üstə düşürdü. İ.Stalin
Rusiya ilə Türkiyənin 1914-cü il sərhədlərini bərpa etmək, yəni Qars və Ərdahan
vilayətlərini yenidən Türkiyədən qoparmaq istəyirdi. Lakin Türkiyədən
qoparılması nəzərdə tutulan ərazilərin məskunlaşdırılması problemi qarşıya
çıxmışdı. Bu problemin xaricdə məskunlaşan Türkiyə əsilli ermənilərin hesabına
həll edilməsi nəzərdə tutulurdu. Qarşıdan isə bütün ermənilərin katolikosunu
seçmək kampaniyası gəlirdi. İ.Stalin bu məqamdan istifadə edərək, Eçmiədzin
kilsəsinin arxiyepiskopu, katolikos postuna real namizəd Gevorq Çörəkçyanı
Moskvaya çağırır. 1945-ci il aprelin 19-da Gevorq Çörəkçyan Stalinlə görüşür.
Görüşün sonunda Stalin deyir ki, Sovet hökuməti 1921-ci ildə Türkiyəyə verilmiş
torpaqları qaytarmaq istəyir, arzu olunandır ki, həmin torpaqlarda Türkiyədən
qaçmış və hazırda xaricə səpələnmiş ermənilər məskunlaşdırılsınlar. Stalin
təqribən 100 min erməninin immiqrasiyasını təşkil etmək haqqında tezliklə
hökumətin qərarının olacağını bildirir və Eçmiədzin kilsəsinin bu işdə köməklik
göstərməsini istəyir. [114] Məhz bu görüşdən sonra ermənilərin
xaricdən Ermənistana köçürülməsinə və paralel olaraq, azərbaycanlıların
deportasiya edilməsinə ciddi hazırlıq görülür. Sovet hökuməti azərbaycanlıların
Ermənistandan köçürülməsinin (əslində, deportasiya edilməsinin) zəruriyyətini
Mingəçevir su anbarı tikilib istifadəyə verildikdən sonra Kür-Araz ovalığında
yeni suvarılan torpaq sahələrinin yaranacağı və həmin torpaqlarda pambıq
yetişdirmək üçün işçi qüvvəsinə ehtiyac olacağı ilə əsaslandırmağa
çalışrdı.
1945-ci il mayın 15-də Ermənistan Kommunist (Bolşeviklər) Partiyası Mərkəzi
Komitəsinin birinci katibi Q.Arutinov məktubla İ.Stalinə müraciət edərək,
xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına “qaytarılması” haqqında qərarın
qəbul edilməsini xahiş edir. İyunun 6-da Stalin Kremldə Arutinovu qəbul edir.
Arutinov Stalinə Türkiyə ilə 1914-cü ildəki vəziyyətə uyğun sərhədləri bərpa
etmək haqqında məktubunu təqdim edir. İ.Stalin xarici işlər naziri Vyaçeslav
Molotova tapşırır ki, ona 1914-cü il və 1921-ci il xəritələrini təqdim
etsin.
Oktyabrın 27-də Arutinov yenidən Stalinin qəbulunda olarkən Stalin ona Sovet
hökumətinin Türkiyəyə qarşı ərazi iddiasının gündəlikdən düşmədiyini bildirir.
Arutinov 300 mindən artıq erməninin Sovet Ermənistanına can atdığını, lakin ilk
öncə “mövcud ədalətsizliyin” aradan qaldırılmasını – yəni Dağlıq Qarabağ və
Naxçıvan məsələsinin həll edilməsini xahiş edir. Arutinov görüşün sonunda Dağlıq
Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında növbəti
məktubunu Stalinə təqdim edir. [115]
SSRİ Xalq Komissarları Soveti 21 noyabr 1945-ci il tarixdə “Ermənilərin xaricdən
Sovet Ermənistanına qayıtmaları ilə əlaqədar tədbirlər haqqında” qərar qəbul
edir. Bundan bir həftə sonra ÜİK(b)P MK-nın ikinci katibi G.Malenkov Dağlıq
Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi barədə Arutinovun Stalin
qarşısında qaldırdığı vəsatəti Azərbaycan K(b)P MK-nın birinci katibi
M.C.Bağırova göndərir. 1945-ci il dekabrın 10-da M.C.Bağırov həmin məktuba cavab
olaraq göndərdiyi məktubda bildirir ki, o, Arutinovun təklifi ilə o şərtlə
razıdır ki, Şuşa istisna olmaqla, Ermənistanın əhalisinin əksəriyyətini
azərbaycanlılar təşkil edən Əzizbəyov, Vedi və Qarabağlar rayonları Azərbaycana
birləşdirilsin. [116] Bundan sonra həmin məsələ qapadılmış,
əvəzində azərbaycanlıların Ermənistandan deportasiyası məsələsi
aktuallaşmışdı.
SSRİ Ali
Sovetinin 19 oktyabr 1946-cı il tarixli fərmanına əsasən xaricdən Ermənistana
“repatriasiya” edilən ermənilərə (Əslində, xaricdən köçürülüb gətirilən
erməniləri “repatriant” adlandırmaq elmi nöqteyi-nəzərdən düzgün deyildi. Çünki
köçürülüb gətirilən ermənilər heç vaxt indiki Ermənistan ərazisində
yaşamamışdılar) Sovet İttifaqının ərazisinə daxil olduqları andan etibarən SSRİ
vətəndaşı statusu verilməsi qərara alınır. Təkcə 1946-cı ildə Suriya,
Yunanıstan, Livan, İraq, Bolqarıstan və Rumıniyadan 50 min 900 nəfər erməni
immiqrasiya edilir. 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan,
Misir, İraq və Livandan 35,4 min nəfər erməni qəbul edilərək Ermənistanda
yerləşdirilir. Ermənistan rəhbərliyi 1946-cı ilə nisbətən 1947-ci ildə xaricdən
köçürülüb gətirilən ermənilərin sayının azalmasının səbəbini onunla izah edirdi
ki, xaricdən gələn ermənilər əsasən şəhər sakinləridir, onları dağlıq rayonlarda
yerləşdirmək mümkün deyil, köçürülənlər isə yalnız İrəvan və onun ətraf
rayonlarında məskunlaşmaq istəyirlər. Ümumiyyətlə, 1946-1949-cu illərdə xarici
ölkələrdən Ermənistana 96 min erməni köçürülmüşdü ki, onların da xeyli hissəsi
İrəvanda məskunlaşmışdıı. Onlar əsasən şəhər ətrafındakı Nor-Areş, Zeytun, Nor
Kilikiya massivlərində məskunlaşdırılmışdılar. [117]
Tarixçilər SSRİ-nin Türkiyəyə qarşı ərazi iddiasını İkinci Dünya müharibəsindən
sonra SSRİ ilə Qərb dövlətləri arasında “soyuq müharibənin” başlanğıc mərhələsi
kimi izah edirlər. Sovet hökuməti ilə ABŞ və İngiltərə arasında aparılan uzun
sürən diplomatik danışıqlar nəticəsində nəhayət ki, Sovet hökuməti Türkiyəyə
hücum etmək niyyətindən əl çəkmişdi. Ermənilər Sovet hökumətinin köməyi ilə Qars
və Ərdahanı ələ keçirmək fürsətini əldən versələr də, 100 mindən artıq
azərbaycanlı əhalinin tarixi-etnik torpaqlarından deportasiya edilməsinə nail
oldular.
1947-ci il dekabrın əvvəlində Azərbaycan və Ermənistan K(b)P MK-larının birinci
katiblərinin adından İ. Stalinin adına məktub göndərilir. Birgə məktubda
Ermənistanda yaşayan 130 min nəfər azərbaycanlının köçürülməsi məsələsini həll
etmək xahiş olunurdu. Surəti Azərbaycan Respublikası Siyasi Sənədlər Arxivində
saxlanılan həmin məktubun altında imza, imzalanma tarixi və göndərilmə nömrəsi
qeyd olunmamışdır. [118]
1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər
azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülməsi haqqında” qərar qəbul edir. Həmin qərarda göstərilirdi ki,
1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100
min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülsün. Qərarın 1-ci bəndində 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və
1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Həmin qərarın 11-ci
bəndində göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki,
azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə
əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən
Ermənistana gələn ermənilərin yerləşdirilməsi üçün istifadə
etsinlər. [119] “Digər azərbaycanlı əhali” kateqoriyasına
açıqlıq gətirilməsə də, aydın olurdu ki, bu kateqoriya altında Ermənistanın
şəhərlərində yaşayan fəhlələr və kolxozçu olmayan azərbaycanlıların köçürülməsi
nəzərdə tutulurdu.
10 mart 1948-ci il tarixdə SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci il tarixli
qərarına əlavə olaraq “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan
SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər
haqqında” ikinci qərar qəbul etmişdir. 14 maddədən ibarət olan bu qərarda
köçürmə ilə əlaqədar olaraq SSRİ hökumətinin, habelə Azərbaycan və Ermənistan
Nazirlər Sovetlərinin qarşısında konkret tədbirlərin həyata keçirilməsi vəzifəsi
qoyulmuşdu. [120]
Azərbaycanda köçürmə işlərinə əvvəlcə Nazirlər Sovetinin şöbə müdiri,
milliyyətcə erməni N.Brutens (uzun müddət Sov.İKP MK-nın beynəlxalq əlaqələr
şöbəsi müdirinin birinci müavini olmuş Karen Brutensin atası), sonra isə digər
bir erməni R.Sevumyan rəhbərlik etmişdilər.
Azərbaycan SSR Nazirlər Sovetinin 1948-ci il 13 may tarixli qərarına əsasən
həmin il Ermənistan SSR-in kənd rayonlarının kolxozçuları ilə bərabər İrəvan
şəhərinin Stalin və Spandaryan rayonlarından azərbaycanlıların köçürülməsi
nəzərdə tutulurdu.
1948-ci ilin sonunda Azərbaycan SSR Nazirlər Sovetinin sədri Teymur Quliyev SSRİ
Nazirlər Soveti sədrinin müavini V.Malenkova ünvanlandığı 27 dekabr 1947-ci il
və 10 mart 1948-ci il tarixli yuxarıda sadalanan qərarlarının yerinə
yetirilməsinin vəziyyəti haqqında hesabat xarakterli məktubunda Kür-Araz
ovalığına köçürülən əhali üçün bütün zəruri şəraitin olmadığı – yaşayış
üçün mənzillərin olmaması, torpağın yararlı hala salınmaması, su təchizatının
həll edilməməsi, sanitar-profilaktik müəssisələrinin olmaması vurğulanırdı.
Bütün bunları nəzərə alaraq, Ermənistan SSR-dən azərbaycanlıların köçürülmə
planında dəyişiklik edilərək bu rəqəmin 1949-cu ildə 15000-dən artıq nəzərdə
tutulmaması, Ermənistanın dağlıq rayonlarından köçürülənlərin Azərbaycanın
dağlıq rayonlarında yerləşdirilməsinə icazə verilməsi SSRİ Nazirlər Sovetindən
xahiş edilir və həmin şəxslərə də SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il
tarixli güzəştlıərin şamil edilməsinin məqsədəmüvafiq olması qeyd
edilirdi.[121]
Lakin SSRİ Nazirlər Soveti dəfələrlə edilən bu cür müraciətlərə bir qayda olaraq
cavab verirdi ki, təsdiq edilmiş köçürmə qrafikindən kənara çıxmaq olmaz.
SSRİ hökumətinin azərbaycanlıların köçürülməsi haqqında verdiyi qərarlar
Ermənistan hökumətinə şans vermişdi ki, İrəvan ətrafında və Ermənistanın
sərhədləri boyunca mövcud olan azərbaycanlı yaşayış məntəqələrini köçürmək yolu
ilə birdəfəlik xəritədən silə bilsin. Ermənistan hökumətinin nümayəndələri
azərbaycanlı əhalinin psixoloji cəhətdən köçürülməyə hazırlanması üçün müxtəlif
şayiələr yayırdılar. Ermənistan SSR-in daxili işlər naziri general-mayor Xoren
Qriqoryanın imzası ilə 3 may 1948-ci ildə Mir Cəfər Bağırova ünvanlanmış
“Azərbaycan SSR-ə qarşıdakı köçürülmə ilə əlaqədar Ermənistanın azərbaycanlı
əhalisi arasındakı əhval-ruhiyyə haqqında arayış”da təkcə köçürülməsi nəzərdə
tutulan rayonların azərbaycanlı əhalinin deyil, bu işdə marağı olan, Dağlıq
Qarabağın və Naxçıvanın Ermənistana birləşdirilməsini arzulayan ermənilərin
söylədikləri də öz əksini tapmışdır. Azərbaycanlı əhalinin dədə-baba
yer-yurdlarından köçmək istəmədiklərini söyləmələri təbii idi. Ermənilərin
Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası ilə bağlı söylədikələrinə arayışda
yer verilməsi isə dolayısı ilə rəsmi İrəvanın mövqeyini ifadə edirdi. Məsələn,
İrəvanda Sosial Təminat Nazirliyi sistemində işləyən bir erməninin söylədiyi
aşağıdakı fikirlər arayışda öz əksini tapmışdır: “Azərbaycanlıların
Ermənistandan köçürülməsi şübhə doğurmur. İlk növbədə, Araz və Axuryan (Arpaçay)
çaylarının sahilləri boyu yaşayan azərbaycanlılar köçürüləcək, sonra Yerevandakı
azərbaycanlıların köçürülməsinə başlanacaq. Sərhəd rayonlarının kəndləri də
azərbaycanlılardan təmizlənəcək…” Başqa bir erməni isə öz arzularını belə
ifadə edirdi: “Azərbaycanlıları təkcə Ermənistandan deyil, eləcə də Naxçıvan
MSSR-dən köçürmək və Naxçıvanı Ermənistan ərazisinə birləşdirmək
lazımdır”. [122]
Arxiv
sənədlərində İrəvan şəhərindən azərbaycanlıların deportasiyasına dair faktlar öz
əksini tapmışdır. Məsələn, 1948-ci ilin dekabrında İrəvan şəhərindən 64
azərbaycanlı ailəsinin (253 nəfər) köçürüldüyü, 1949-cu ildə isə 400 ailənin
köçürülməsinin nəzərdə tutulması faktı qeyd edilmişdir.
Köçürülənlər əsasən onların Ermənistanda yaşadıqları rayonların iqlim şəraitinə
uyğun olmayan, Zərdab, Əli-Bayramlı, Kürdəmir, Göyçay, Mirbəşir (Tərtər),
Salyan, İmişli, Sabirabad, Jdanov (Beyləqan), Yevlax, Ucar, Saatlı rayonlarında
yerləşdirilmişdilər ki, onların da bir qismi yoluxucu xəstəliklərə düçar olaraq
tələf olmuşdular.
Köçürülənlər üçün yeni mənzillər tikilib istifadəyə verilmədiyindən onlar əsasən
ictimai binalarda, yararsız tikililərdə, anbarlarda, tövlələrdə, yerli əhalini
sıxışdırmaq yolu ilə onların mənzillərində yerləşdirilmişdi. 1948-1950-ci
illərdə Ermənistandan köçürülmüş 8110 ailədən yalnız 3232-si yaşayış evləri ilə
təmin olunmuşdu.
1953-cü ildə İ.Stalinin ölümündən sonra azərbaycanlıların tarixi-etnik
torpaqlarından deportasiyası sürəti azalmış və yaşayış şəraiti ağır olan
əhalinin öz əvvəlki yer-yurdlarına geriyə qayıtması prosesi
sürətlənmişdir.
Azərbaycanlıların deportasiyası nəticəsində Ermənistan rəhbərləri Əştərək,
Martuni (Aşağı Qaranlıq), Qarabağlar, Abovyan (Ellər), Eçmiədzin və
Hoktenmberyan rayonlarından azərbaycanlıların izinin silinməsinə nail
oldular.
Ermənistandan azərbaycanlıların deportasiyası başa çatdırıldıqdan sonra digər
bir prosesə start verildi. Ermənistanda yaşayan əhalinin azalmasını bəhanə
edərək rayon və respublika miqyasında müəyyən vəzifələr tutan azərbaycanlı
kadrların ermənilərlə əvəz edilməsi aksiyası həyata keçirildi. İlk növbədə bu
proses paytaxt İrəvandan başlandı. Ermənistan KP MK-nın məsul işçiləri Məmməd
İsgəndərov və Cümşüd Sultanov, kənd təsərrüfatı şöbəsi müdirinin müavini Rəhim
Allahverdiyev, kənd təsərrüfatı nazirinin müavini Hüseyn Məmmədov vəzifələrindən
azad edildilər. Ermənistan SSR Ali Soveti sədrinin müavini Mirzə Bəşirov Ali
Sovetin 9 aprel 1949-cu il tarixli sessiyasının qərarı ilə tutduğu vəzifədən
azad edildi. Onların bəzilərini ali partiya təhsili almaq üçün Bakıya
göndərdilər ki, bir daha geri qayıtmaq şansları olmasın.
Qarabağlar, Vedi, Zəngibasar, Krasnoselo rayonlarının partiya komitələrinin
azərbaycanlı birinci katibləri, digər 10 rayonda isə ikinci və üçüncü katibləri
vəzifədən azad edərək yerlərinə erməniləri təyin etdilər. Amasiya, Basarkeçər və Krasnoselo rayonlarından başqa, yerdə
qalan rayonlarda Azərbaycan dilində çıxan qəzetlər
bağlandı.
2007-ci ildə yaradılmasının 125 illiyi təntənəli surətdə qeyd edilən İrəvan
teatrı da azərbaycanlıların deportasiyası haqqında qərarlardan öz payını aldı.
Cəfər Cabbarlının adını daşıyan İrəvan Dövlət Azərbaycan Dram Teatrı deportasiya
illərinin hər cür təzyiq və sıxıntılarına baxmayaraq, 1948-1949-cu illərdə
“Məşədi İbad”, “Leyli və Məcnun”, “Eşq və
İntiqam”, “Şah İsmayıl” kimi əsərləri tamaşaya qoymuşdu. Bütün
bunlara baxmayaraq, 1949-cu ildə teatr azərbaycanlıların yaşamadığı Basarkeçər
rayonunun mərkəzinə köçürülmüş, 1952-ci ildə isə maliyyələşdirilməməsi
səbəbindən bağlanmışdı. Teatrın istedadlı kollektivinin üzvləri Bakı və Gəncə
teatrlarında özlərinə yeni iş yerləri tapmaq məcburiyyətində qalmışdılar. İrəvan
teatrı düz 15 ildən sonra – yəni 1967-ci ildə yenidən İrəvanda
fəaliyyətini bərpa etmişdi.
Ermənistanda azərbaycanlı əhalini başsız qoymaq, ali təhsilli kadrların
çoxalmasına imkan verməmək məqsədilə ilk növbədə X.Abovyan adına İrəvan Pedaqoji
İnstitutunda 1937-ci ildən təhsil Azərbaycan dilində olan bölmələri –
dil-ədəbiyyat, tarix-coğrafiya, fizika-riyaziyyat fakültələri və Ermənistan
Dövlət Qiyabi Pedaqoji İnstitutunda mövcud olan eyniadlı fakültələri bağlanaraq,
1948-ci ildə Azərbaycandakı müvafiq institutlara köçürüldülər. Ermənistanın kənd
rayonlarından köçürülən azərbaycanlı əhalinin Xanlar rayonunda məskunlaşmalarına
hər cür maneçilik törədildiyi halda, 1924-cü ildə açılan və Azərbaycan elminə
görkəmli xadimlər bəxş edən İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu bağlanaraq
onun fakültələri kənd rayonu hesab edilən Xanlar rayon mərkəzinə köçürüldü.
Təbii ki, azərbaycanlı ali məktəb və texnikum müəllimləri də kütləvi surətdə öz
ailələri ilə birlikdə İrəvan şəhərini tərk etmək məcburiyyətində
qalmışdılar.
1948-53-cü illər deportasiyası nəticəsində İrəvan şəhərinin azərbaycanlı əhalisi
yarıbayarı azalmışdı. Bunu 1939-cu ildə keçirilən siyahıyaalma zamanı İrəvan
şəhərində 6569 nəfər azərbaycanlının qeydə alınması müqabilində, 1959-cu ildə
3413 nəfər azərbaycanlının qeydə alınması əyani göstərir. (1949-cu ildə
siyahıyaalma keçirilməməşdir).
Araşdırmalar göstərir ki, azərbaycanlıların indiki Ermənistan ərazisindəki
tarixi-etnik torpaqlarından köçürülməsi (deportasiyası) haqqında SSRİ Nazirlər
Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarı artıqlaması ilə yerinə
yetirilmişdir. Həmin qərarla Ermənistanın 22 rayonundan 100 min azərbaycanlının
köçürülməsi nəzərdə tutulmuşdusa da, əslində, adi insan hüquq normalarına zidd
olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya
qaydaları zorakı üsullarla həyata keçirilmiş, 24 rayondan və İrəvan şəhərindən
(200-dən artıq yaşayış məntəqəsindən) təqribən 100 min nəfər azərbaycanlı
deportasiya edilmişdir.
Xalqımıza qarşı tarixi cinayət kimi qiymətləndirilən bu aksiyaya hüquqi-siyasi
qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 18 dekabr 1997-ci ildə
“1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik
torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman
imzalamışdır.
Beynəlxalq ictimaiyyət hələ də 1948-1953-cü illərdə Azərbaycan xalqının başına
gətirilən bu faciənin miqyasından xəbərsizdir. Sovet hakimiyyəti illərində
repressiyaya və deportasiyaya məruz qoyulan xalqlar haqqında son dövrdə çoxlu
tədqiqat əsərləri yazılmışdır. Lakin azərbaycanlıların Ermənistandan
1948-1953-cü illər deportasiyası o dövrün rəsmi sənədlərinin ruhuna uyğun
olaraq, hələ də sadəcə “köçürülmə” faktı kimi dəyərləndirilir.
1948-1953-cü illər deportasiyası
Nazim
Mustafa
tarix üzrə fəlsəfə doktoru