Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri
kimi, İrəvan şəhərində sənətkarlıq və tətbiqi sənət xüsusilə inkişaf etmişdi.
Hələ orta əsrlərdən etibarən İrəvanda şəhərlər üçün xas olan bütün infrastruktur
yaranmışdı. İrəvan şəhəri müharibələr və zələzələlər nəticəsində dəfələrlə yerlə
yeksan edilsdə də, qısa müddət ərzində yenidən bərpa edilmişdi. Şəhərin
əlverişli coğrafi mövqeyi, onun Şərqdən Qərbə və əksinə gedən ticarət yollarının
üzərində yerləşməsi orada çoxsaylı karvansaların, məscidlərin, bazarların,
zərbxanaların meydana gəlməsinə səbəb olmuşdu. Ərzurum yolu adlanan ticarət
yollarından biri Hindistan, Mərkəzi Asiya və İranı Təbriz və Naxçıvan vasitəsilə
İrəvana bağlayan karvan yolu idi. İrəvandan Tiflisə gedən digər karvan yolu isə
Trabzon limanına qədər uzanırdı.
İrəvan şəhərində böyük sənətkarlar zümrəsi formalaşmışdı. Şəhərdə toxuculuq,
dulusçuluq, dabbaqlıq, çəkməçilik və papaqçılıq kimi sənətkarlıq sahələri xeyli
inkişaf etmişdi. Dərzilik, zərgərlik, dəmirçilik və misgərlik də inkişaf etmiş
sahələrdən idi. Azərbaycanın inkişaf etmiş şəhərlərində olduğu kimi, İrəvan
şəhərində də əsnaflar sex (emalatxana) təşkilatlarında birləşirdilər.
Rus tarixi-statisti İ.Şopenin şəhərin işğalından sonrakı dövrə aid verdiyi
məlumata görə, İrəvanın Dərəkənd hissəsində, Zəngi çayının sahilində dəri emalı
emalatxanarı fəaliyyət göstərirdi. Üstəlik həmin emalatxanalarda Bəyaziddən və
Makudan gətirilən dərilər emal olunur və satışa çıxarılırdı. Müəllifin yazdığına
görə, XIX əsrin əvvəllərində İrəvan şəhərində ildə 4 min iribuynuzlu, 25 min
xırdabuynuzlu heyvanların dəriləri emal edilirdi. Həmin dövrdə İrəvanda təkcə
dəri istehsalçılarının 32 köşkü mövcud olmuşdur.
[283]
İrəvan xan sarayının və digər memarlıq abidələrinin bəzəyən rəngli şüşələr
şəhərin özündə istehsal olunurdu. İrəvanlda 7 rəngdə – moruğu, qırmızı,
çəhrayı, göy, mavi, yaşıl və narıncı rənglərdə şüşələr istehsal edilirdi. Lakin
rus qoşunlarının şəhərə hücumu zamanı şüşə zavodu
dağıdılmışdı. [284] İrəvan dülgərləri böyük Asya pəncərələri
düzəltməkdə ad çıxarmışdılar. Onalrın düzəltdikləri pəncərələrin kənarları
çoxsaylı naxışlarla bəzədilir, kaleydoskopda göründüyü kimi, müxtəlif rəngli
şüşələr gözəl rəsm əsərini xatırladırdı. [285]
İrəvanda boyakarlıq sənəti xüsusilə inkişaf etmişdi. İrəvan şəhərinin və onun
yerləşdiyi ərazinin zəngin florası təbii boyaq maddələrinin alınması rəngarəng
parçaların istehsalına və həmin məhsulların ticarət yolları ilə xarici bazarlara
çıxarılmasına şərait yaradırdı. İrəvanda boyakarlıqla məşğul olan sənətkarlar
məhəlləsi Şiləçi məhəlləsi adlanırdı. İ. Şopen boyaqçıların məhsulları göy
rəngində, şiləçilərin isə qırmızı rəngə boyadıqlarını, digər rənglərdə boyamağın
isə sərbəst olduğunu yazır. Boyaqçılar pambıq parçanın üzərinə müxtəlif naxışlar
vurur, at, əjdaha şəkillərini həkk edir, süfrələrin üzərində isə boşqab, çəngəl,
qaşıq təsvirlərini basırdılar. [286]
Rusiya
işğalından sonra azərbaycanlı sahibkarların bir çoxu şəhəri tərk etdiklərindən,
boyakarlıq məhsullarının istehsalına tələbat da azalmışdı. Rus tədqiqatçısı
A.Erisov İrəvanda olarkən qızmar günəş altında boyakarlıqla məşğul olan iki
müsəlmanın taxtadan düzəldilmiş basmaqəliblə parçanı necə rənglədiklərini təsvir
etmişdir. [287]
İrəvan xanlığının ərazisində hər bir ailədə toxuculuq dəzgahı mövcud idi.
Qadınların əyirdikləri saplardan ailənin ehtiyacına görə pambıq parça toxunurdu.
Irəvan xanı hər bir toxuculuq dəzgahından bir qədər pambıq parça vergisi
tuturdu. [288]
İrəvanda əsasən qırmız böcəyindən alınan və rusdilli mənbələrdə “koşenil”
adlanan boyaq maddəsinin müxtəlif növlərindən geniş istifadə edilirdi. Bu boyaq
maddəsi haqqında xüsusi tədqiqat aparan Rusiya elmlər akademiyasının akademiki
Qammel İrəvan qırmızını yararlılığına görə Meksika qırmızı ilə müqayisə
edirdi.[289]
İrəvanda ipəkçilik sənayesi də inkişaf etmişdi. Basmanaxışlı parçalar daha çox
istehsal edilirdi. Bu qəbildən olan parçalar üzrəində bitkilər aləminin realist
motivləri, xüsusən də bir-birinə sarınmış şəkildə güllər və çiçəklər öz əksini
tapırdı. Basmanaxışlı parçalar adətən 2-3 zolaqdan ibarət olurdu. Ornamentlərlə
bəzədilmiş bu zolaqlar al-əlvan və qırmızı xətlərdə bir-birbirindən ayrılırdı.
Basmanaxışlıar həmçinin dulusçuluq məmulatlarında da tətbiq
edilirdi. [290]
Xalq yaradıcılığının geniş yayılmış növlərindən biri də bədii tikmədir. İrəvan
xanlığı dövrünün bədii tikmə nümunələrindən 2-si hazırda Azərbaycan Tarix
Muzeyində saxlanılır. 1827-ci il oktyabrın 1-də İrəvan qalası rus qoşunları
tərəfindən işğal edildiyi zaman İrəvan xanlığının 4 bayrağı rus qoşunlarının
əlinə keçmişdi.[291] Sonralar bu bayraqlar Tiflisdəki Qafqaz
Hərb Tarixi Muzeyində saxlanılırdı. Qafqaz Hərb Tarixi muzeyinin bələdçi
kitabındakı məlumat həmən bayraqların bu muzeyin fondlarında saxlanılmasından
xəbər verirdi. [292]
1924-cü ildə bu bayraqlardan yalnız ikisi Azərbaycan SSR Dövlət Muzeyinə
(Azərbaycan Tarixi Muzeyinə) verilmişdir. Bunlardan biri İrəvan xanlığının
sərdarı Hüseyn xana məxsus 1 oktyabr 1827-ci ildə əldə edilən ştandart (tuğ),
digər üçü isə kitabda “Знамена персидских пехотных полков” (İran piyada
alaylarının bayraqları) adı ilə qeyd olunan bayraqlardır.
Bu
bayraqlar hazırda Azərbaycan Milli Tarix Muzeyində 461 və 1473 №-li inventarlar
altında saxlanılır. Həmin bayraqlar bədii tikmənin nadir və zəngin nümunələri
hesab olunurlar. İrəvan sərdarına məxsus üçkünc bayrağın (standartın) qumaş
hissəsinin ölçüləri 145 x 261 x 217 sm-dir. Tünd qırmızı mahud parçadan
hazırlanmışdır. Bayrağın yuxarı enli hissəsində şir və Günəş (şiri-xurşid)
təsvirləri qurama üsulu ilə tikilmişdir. Sarıya çalan açıq qəhvəyi rəngli
quramadan hazırlanmış şir yandan təsvir olunmuşdur. Şir quyruğunu belinə
qatlanmış, sağ qabaq pəncəsini qaldırılmışdır. Şirin gözləri qara və sarı,
dişləri, dili və caynaqları Sarı sapla tikilmişdir. Şirin arxasından yarımdairə
formasında çıxan insan sifətli Günəş sarı mahud parçadan quranmışdır. Günəşin
burnu və qaşları qara, gözləri isə qara və sarı saplardan tikilmişdir. Mavi
parçadan olan günəşin şüaları açıq qəhvəyi ipək saplarla bayrağın qumaşına
tikilmişdir. Şir və günəşin təsvirindən yuxarıda, ona paralel olaraq, bir
birinin yanında, açıq qəhvəyi mahud parçadan iki altıguşəli kartuş quranmışdır.
Şirin quyruğu yanındakı kartuşda ərəb dilində “Mən qanuna (şəriətə) uyğun
hərəkət edirəm”, digərində isə “Kömək Allahdandır, yaxın qələbə” sözləri
təkəlduz tikməsi ilə qara ipək saplarla tikilmişdir. Bayrağa müxtəlif rəngli
(qəhvəyi, açıq qəhvəyi və qızılı) ipək saplardan saçaq salınmışdır. Bayraq
qumaşını bayrağın sapına taxmaq üçün tikilmiş torbacıq yaşıl mahud parçadandır.
Bayraq sapının yuxarı hissəsinə gümüşü saplardan toxunmuş uzun qotaz asılmışdır.
Həmin bayraq 1825-26-cı illərdə (hicri 1241)
hazırlanmışdır. [293]
İrəvan
xanlığının digər bayrağının qumaş hissəsi (ölçüləri: 156 x 156 sm) zoğalı rəngli
dördkünc ipək qanovuz parçadandır. Zamanın təsirindən bayraq bej rəngini
almışdır. Muzeyə qəbul edilərkən tərtib edilən elmi pasportdakı qeydə əsasən
həmin bayraq ağ rəngdə olmuş dördkünc qanovuz parça quranmış, ortasında üstündə
təbii boyalarla şir və günəş (şiri-xurşid) təsvirləri çəkilmişdir. Yan tərəfdən
təsvir edilən şir başını arxaya döndərmiş, qabaq sol pəncəsində qılınc tutmuş,
quyruğunu belinə tərəf yuxarı qaldırmış şəkildə təqdim edilmişdir.
Şirin arxasında doğan sarı rəngli Günəş və onun qızılı şuaları görünür. Şirin
başı üstündə damcıvari sarı kartuşda “Əs-sultan ben əs-sultan şah Fəthəli Qacar,
1239” sözləri yazılmışdır. Bayraq qumaşının zoğalı hissəsində əmələ gəlmiş
üçbucaqların hər birində yerləşdirilmiş yerliyi qara olan dörd kartuşun
içərisində sarı rəngli hərflərlə aşağıdakı Quran ayələri yazılmışdır: aşağıda
sağda – “Möminləri müjdələ”, solda – “Kömək allahdandır və yaxın qələbə”,
yuxarıda sağda – “Həqiqətən biz sənə açıq-aşkar bir qələbə bəxş etdik”, solda –
“Mərhəmətli, rəhimli Allahın adı ilə” sözləri yazılmışdır.
Bayrağın üz və astar üzlərindəki təsvirlər biri digərini təkrarlayır. Bayrağın,
xüsusilə sağ tərəfdən parçası zədəlidir. Parçaya bayraq sapını taxmaq üçün
tikilmiş torbacıq qırmızı mahud parçadandır. Qarağacdan düzəldilmiş bayraq sapı
(uzunluğu 261 sm, kəsikdə diametri 3,8 sm) lakla örtülmüşdür. Sapın aşağı
hissəsinə taxılan alt ucluğu dəmirdən konusvari formada düzəldilmişdir (uzunluğu
14,5 sm). Burulmuş gümüşü iplərdən toxunmuş qotaz bayraq sapının başına
salınmışdır.
Bayrağın üzərindəki hicri 1239-cu il tarixi onun 1823-1824-cü ilə aid olduğunu
bildirir.[294]
İrəvan
şəhərində yaradılan və bu günədək gəlib çatan xeyli miqdarda tətbiqi sənət
nümunələri, daş və ağac üzərində bədiioyma, döymə metal məmulatları, xalçalar,
saxsı qablar və naxıştikmələr mövcuddur. Təəssüf ki, bu cür sənət nümunələrinin
böyük əksəriyyəti hazırda Ermənistan ərazisindəki və xarici ölkələrdəki
muzeylərdə, digər saxlanc yerlərində ermənilərə məxsus nümunələr kimi nümayiş
etdirilir.
XIX əsrin 30-cu illərində İrəvan şəhərində sənətkarlıqla 2318 nəfər məşğul
olmuşdur. Onlardan 1436 nəfərini azərbaycanlılar, 468 nəfərini yerli ermənilər,
386 nəfərini isə İrəvana köçürülüb gətirilən ermənilər təşkil
edirdilər. [295]
İrəvanda hər bir ustanın demək olar ki, bir, yaxud iki şagirdi olurdu. Şagirdlik
adətən 12 yaşından başlanır, təqribən 10 ildən sonra ustalıq məqamına yetişirdi.
Usta öz şagirdinə əməkhaqqı deyil, şagirdlik pulu, paltar və yemək verirdi.
Ustalıq məqamına yüksəlmiş şagirdin belinə qırmızı kəmər bağlanır, bundan sonra
onun əməkhaqqı artırılırdı. Ustalar şagirdlərdən əlavə, işə günəmuzd fəhlələr də
götürürdülər. XIX əsrin əvvəllərində İrəvanda 722 usta, 667 şagird
çalışırdı.
İ. Şopenin XIX əsrin 30-cu illərində İrəvan şəhərində cəmisi iki rəssamın
qaldığını, himayədarlar (mesenatlar) tapılmadığından onların öz istedadlarını
reallaşdırmaq baxımından acınacaqlı vəziyyətə düşdüklərini yazır. İ. Şopen
İrəvan rəssamlarının öz sənətkarlıq məharətlərini güllərin, quşların
təsvirlərində, burma naxışlarda büruzə verdiklərini, onların ucuz qiymətə
müəyyən mərasimlər üçün peyzajlar, ov səhnələri, portretlər çəkdiklərini yazır.
Bununla belə, İ. Şopen İrəvan rəssamlarının əsərlərindəki təravəti və aydın
koloriti sevməməyin mümkünsüzlüyünü qeyd edir. [296]
İrəvanda mövcud olan tətbiqi sənət növlərinə Təbriz miniatür və xalçaçılıq
məktəblərinin böyük təsiri olmuşdur.
XIX əsrdə Qərbi Avropa və Rusiya bədii yaradıcılığının mütərəqqi ənənələri
Azərbaycan sənətkarlarının yaradıcılığına da öz təsirini göstərmişdir. Yeni
meyllər ilk növbədə rəssamların iş üslubunda və təsvir formasında özünü biruzə
verirdi. Şimali Azərbaycan təsviri sənətində realist meyllər XIX əsr
rəssamlığının görkəmli nümayəndələrindən sayılan Mirzə Qədim İrəvaninin
yaradıcılığında da öz əksini tapmışdır.
Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvani (1825-1875) hesab
edilir. İrəvanda varlı sənətkar ailəsində doğulan Mirzə Qədimdə rəssamlığa və
bəzək işlərinə olan həvəs hələ gənc yaşlarından yaranmışdı. O, taxta üzərində
oyma işləri aparan atası Məhəmməd Hüseyndən bu sənətin incləliklərini
öyrənmişdi. Mirzə Qədim Tiflisdə gimnaziyada təhsil aldıqdan sonra İrəvana
qayıtmış, ömrünün sonunadək teleqrafçı işləmişdir. O, fars, rus, fransız
dillərini də mükəmməl öyrənmişdir. Həmçinin Mirzə Qədim İrəvaninin zəngin
kitabxanası olmuşdur.
Mirzə
Qədim İrəvani irsini tədqiq edən akademik Rasim Əfəndi qeyd edir ki, Mirzə Qədim
rəssamlığın bir çox sahələrində fəaliyyət göstərən sənətkarlardan olmuşdur. O,
portret və ornamental kompozisiyalar sahəsində xüsusilə böyük məharət
göstərmişdir. Onun şüşə, dəri, parça üzərində işlənmiş əsərləri Bakıda
Azərbaycan Dövlət İncəsənət Muzeyində, Tiflisdə Gürcüstan Dövlət İncəsənət
Muzeyində və Sankt-Peterburqda Dövlət Ermitajında nümayiş etdirilir. Mirzə Qədim
ilk əsərlərini şüşə üzərində çəkməyi sevirmiş. Bunlar da əsas etibarilə gənc
qadın portretləri olmuşdur. Gənclik illərində Mirzə Qədim yerli təkəlduzçular
üçün nümunə- ornamental çeşnilər də hazırlayırdı. Zəmanəmizədək qalmış bu tipli
çeşni nümunələri göstərir ki, Mirzə Qədim Azərbaycan ornament sənətini dərindən
bilən sənətkar olmuşdur.
Onun ornamental çeşniləri orijinal kompozisiyası və müxtəlifliyi ilə diqqəti
cəlb edir. Mirzə Qədimin divar boyakarlığı üçün yaratdığı ornamental çeşniləri
də məlumdur. Bu tipli ornamental çeşnilərin əksəriyyətini simmetriya əsasında
qurulmuş, nəbatat və yaxud heyvanat aləmindən götürülmüş motivlər təşkil edirdi.
Canlılar aləmindən götürülmüş motivlər içərisində bülbül, qaranquş, tovuz quşu,
nəbati ornamentlərdə isə ot kolları, qızılgül, nar gülü əsas yer tuturdu.
Bu baxımdan Mirzə Qədimin hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində
saxlanılan qızılgül şaxəsi üzərində oturan bülbül rəsmi xüsusilə diqqəti cəlb
edir. Bu motiv Mirzə Qədim yaradıcılığında müxtəlif kompozisiya və ayrı-ayrı
materiallar üzərində (şüşə, dəri, parça, kağız) dönə-dönə təkrar
olunmuşdur. [297]
XIX əsrin 50-ci illərində baxımsızlıq üzündən yarasız hala düşən, nəmişlikdən
divar rəsmləri korlanan, karniz və tavanın güzgüləri qopub tökülən Xan sarayında
qismən də olsa bərpa işləri aparılmışdır. 1867-1874-cü illərdə Xan sarayında
dəfələrlə aparılan bərpa işlərini Mirzə Qədim həyata keçirmişdir. O, Güzgülü
zaldakı divar rəsmlərinin əksəriyyətini bərpa etmişdir. Görünür, rəssamın yağlı
boya ilə çəkdiyi “Fətəli şah”, “İrəvan sərdarı”, “Həsən xan”, “Rüstəm
Zal” portretləri hazırda Tiflisdə Gürcüstan Dövlət İncəsənət Muzeyində, “Abbas
Mirzə” portreti isə Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.
Tədqiqatçı N.Miklaşevskaya qeyd edir ki, Mirzə Qədim İrəvani Sərdar sarayı üçün
2m x1 m ölçülərində bir neçə böyük portretlər çəkmişdir. N Miklaşevskaya kətan
üzərində yağlı boya ilə çəkilmiş portretləri mahiyyət etibarilə Azərbaycan
dəzgah rəssamlığının ilk əsərləri hesab edir. Tədqiqatçı qeyd edir ki, 1914-cü
ildə Sərdar sarayı dağıdılan zaman həmin portretlər divarlardan qoparılmış,
Tiflisə aparılmış və hazırda Gürcüstanda muzeydə
saxlanılır. [298]
Bu portretləri Azərbaycan incəsənəti tarixində yağlı boya ilə çəkilmiş ilk
əsərlərdən saymaq olar. Hazırda Mirzə Qədimin 23 əsəri məlumdur. Onun sulu boya
və qələmlə çəkilmiş 20 ədədi Bakıda Azərbaycan Dövlət İncəsənət Muzeyində
nümayiş olunur. Mirzə Qədimin əsərlərinin gözəl xüsusiyyətlərindən biri ondadır
ki, onların əksəriyyətində müəllifin imzası vardır.
Rəssamın hazırda Sankt-Peterburq Dövlət Ermitajında saxlanılan bir əsəri olduqca
diqqətəlayiqdir. Bu əsər qovluqşəkilli bir hədiyyədir. Qovluğun içərisində sağda
güzgü bənd edilmiş, sol tərəfinə isə bir kişi portreti çəkilmişdir. Portretin
altındakı yazıdan (“General Karvilin üçün”) bəlli olur ki, Mirzə
Qədim bu əsərini o vaxtlar Qafqazda olan bir rus generalına hədiyyə etmişdir
Ornamental bəzəklər qovluğun alt və üst qabığında yerləşdirilərək dəbdəbəli bir
xalça kompozisiyasını andırır. Bu ornamental kompozisiyanın ən gözəl hissəsini
onun geniş ara sahəsində yerləşən bəzəklər təşkil edir. Burada şəffaf boyalarla,
süsən və qızılgüldən böyük bir dəstə, onun da üzərində bülbül təsvir
edilmişdir.[299]
Təəssüf
ki, Mirzə Qədim İrəvaninin əsərlərinin böyük bir qismi günümüzədək gəlib
çatmamış, İrəvanda qalan irsi isə erməni vandalları tərəfindən məhv
edilmişdir.
İrəvan xanlığında müxtəlif dekorativ sənət növləri arasında xalçaçılıq xüsusi
yer tuturdu. Bunların bir qismi əhalinin şəxsi ehtiyaclarını ödəmək, bir qismi
də xarici bazarlara çıxarmaq üçün toxunurdu. Xalça, kilim, palaz, şəddə və s.
toxumaq ermənilərin milli mentalitetinə yad xüsusiyyətdir. XIX əsrin
əvvəllərindən etibarən İrəvan şəhərinə köçürülərək gətirilən ermənilər əsasən
ticarətlə məşğul olur, pinəçilik və bərbərlik edirdilər. Digər tərəfdən,
ermənilər əsasən donuzçuluqla, azərbaycanlılar isə qoyunçuluqla məşğul
olurdular. Ona görə də toxuculuq və xalçaçılıq sənəti məhz azərbaycanlı
mühitində bərqərar olmuşdu. O dövrün səyyahları yerli əhalinin qoyun saxladığını
və qoyun yunundan gözəl xalçalar, kisə, palaz, çul, qışda geyinmək üçün isti
paltar, əlcək, corab toxuduğunu qeyd etmişlər.
İrəvan xalçaları xovlu (xalça, xalı, gəbə və s.), və xovsuz (palaz, kilim,
cecim, sumağı, zili və s.) olmaqla naxışlarının incəliyi, rənglərinin zənginliyi
ilə seçilirdi. Xalçaların üzərində türk mifologiyasından gələn damğalar və
müxtəlif atributlar, çox zaman onun toxunma ili və toxuyanın adı öz əksini
tapırdı.
İrəvan
şəhərinin zəngin təbiəti bu bölgənin xalçalarına xüsusi çalarlar vermiş, onun
rəng kompozisiyalarının həllinə çoxçeşidli boyalar bəxş etmişdir. Al-əlvan
boyalar bu bölgənin xalçalarını digərlərindən fərqləndirən əsas xüsusiyyətdir.
Xalçaların naxış-kompozisiya seçimində də yerli əhalinin təsəvvürü, mifik
görüşləri, inancları mühüm yer tutmuş, onların ifadəsi xalçalarda öz əksini
tapmışdır. [300]
İrəvan xalçalarının özləri də ornamentli və süjetli xalçalar olaraq iki qrupa
bölünürdü. Xüsusi kolorit zənginliyi və naxış rəngarəngliyi ornamentli xalçalara
xas idi və onlar daha çox toxunurdu.
Qarabağ və Təbriz xalçaçılıq məktəbinə daha yaxın olan İrəvan xalçaçılıq
məktəbinin nümunələri zaman-zaman xarici ölkələrə daşınmış, erməni
kolleksionerlərinin malına çevrilmişdir. Bu gün “Yerevan xalçası”, yaxud “erməni
xalçası” adı altında dünya bazarlarına çıxarılan xalçaları azərbaycanlı ilmə
ustaları toxumuşlar.
Sənətkarlıq və incəsənət
Nazim
Mustafa
tarix üzrə fəlsəfə doktoru