Tarixi Azərbaycan şəhəri olan İrəvanın əhalisi
haqqında məlumatları XIX əsrin əvvəllərinədək ayrı-ayrı salnaməçilərin və
səyyahların yol qeydlərindən, Osmanlı işğalı dövründə tərtib edilmiş vergi
dəftərlərindən əldə etmək mümkündür. İrəvan xanlığının Rusiya qoşunları
tərəfindən işğalından sonra keçirilən kameral siyahıyaalmalar, statistik
hesabatlar, illik nəşr edilən təqvimlər şəhərin əhalisi haqqında kifayət qədər
dolğun məlumat verir. İlk mənbələr İrəvan şəhərində aborigen əhalinin tamamilə
Azərbaycan türklərindən ibarət olmasını təsdiq edir. Bəzi dövrlərdə şəhərin
əhalisi haqqında məlumatlarda kəskin fərqlərin ortaya çıxması şəhər uğrunda
Səfəvilərlə Osmanlılar arasında gedən müharibələrlə bağlı olmuşdur.
Məşhur türk salnaməçisi və coğrafiyaşünası Övliya Çələbi 1647-ci ildə Çuxur-Səəd
bəylərbəyliyini gəzmiş, İəvan qalasını və şəhəri öz “Səyahətnamə”sində ətraflı
təsvir etmişdir. O, şəhər içərisində təqribən 2060 üstü gillə örtülmüş evin
olduğunu, qalada isə 3000-ə qədər gözətçinin, 3 minlik xan ordusunun, 7000
əyalət əsgərinin olduğunu qeyd etmişdir.[15] Bu məlumat
əsasında təqribi hesablama apardıqda (hər ailədə 5-6 nəfər hesabı ilə) belə
qənaət hasil olur ki, həmin dövrdə İrəvan şəhərində qala ilə birlikdə təqribən
25 min əhali olmuşdur.
Fransız səyyahı Jan Şardən “Parisdən İsfana səyahət” əsərində 1673-cü ildə
İrəvanda gördüklərini geniş şəkildə təsvir etmişdir. İrəvan qalasını, Xan
sarayını təsvir edən Şardən yazır ki, təxminən 800 evdən ibarət olan qala kiçik
bir şəhərdən böyükdür, orada ancaq təmizqanlı səfəvilər yaşayırlar. Səyyah
qalanın müdafiəsi üçün iki min əsgər ayrıldığını
yazır.[16] Təmizqanlı səfəvilər dedikdə, müəllif İrəvanın şiə
məzhəbli türk qızılbaş əhalisini nəzərdə tuturdu.
“Qədim İrəvan” kitabında İrəvan əhalisindən bəhs edən Yervand
Şahəziz Şardənin İrəvan qalasında yaşayan əhali haqda məlumatını bir daha təsdiq
edərək yazır ki, qalada yalnız türklər yaşayırdılar, ermənilərin isə orada
yalnız dükanları var idi, onlar orada gündüzlər alver edir, axşamlar isə
dükanlarını bağlayıb evlərinə gedirdilər. [17]
Digər avropalı səyyah – 1700-cü ilin yazında İrəvanda olmuş alman səyyahı
Kaspari Şillinger də təsdiq etmişdir ki, İrəvan şəhərində sayca və siyasi
cəhətdən Azərbaycan türkləri tam üstünlük təşkil edirdilər. O, yazır: “İrəvan
şəhərinin daxilində (yəni şəhərin qala divarları içərisində – red.) yalnız
iranlılar (yəni Azərbaycan türkləri), şəhərin nisbətən iri
qəsəbəsində (görünür, Üçkilsədə) və müxtəlif yerlərdə kilsəyə xidmət
üçün erməni tacir və sənətkarları yaşayır. Onlar iranlılara (yəni Azərbaycan
türklərinə) vergi verirlər”.[18]
Rus qoşunlarını Azərbaycan torpaqlarını işğal etməyə həvəsləndirmək üçün I
Pyotrun sarayına yol tapan erməni İsrael Ori 1701-ci il iyulun 25-də çara təqdim
edilməsi üçün tərcüməçiyə yazdırdığı yaddaş qeydlərinin 7-ci bəndində
Rəvan (İrəvan) qalasını ələ keçirmək yollarını göstərir və qeyd edirdi
ki, şəhərdəki barıt və digər hərbi sursat anbarı ermənilərin əlindədir, onlar
orada pul İran pulu kəsirlər. İ.Ori şəhərdə 300 nəfərdən artıq erməninin
yaşadığını və həmin ermənilərlə sövdələşməklə onların qalanın qapısını rus
qoşunların üzünə aça biləcəklərini, bununla da qəfil hücumla şəhərin ələ
keçirilə biləcəyini göstərir. [19]
Ermənilərin müxtəlif vaxtlarda İrəvan şəhərində məskunlaşmaları barədə
məlumatlar tarixdə öz əksini tapmışdır. 1736-cı ildə Muğanda keçirilən tacqoyma
mərasimindən sonra Nadir şah xanların hamısına götürdüyü erməni əsrlərini
paylamışdı. Nadir şahın qılığına girən Eçmiədzin katolikosu Abram Kretasi
müxtəlif yerlərdən əsir alınmış ermənilərin bir qisminin İrəvana göndərilməsinə
nail olmuşdu. 1740-cı ilin əvvəlində isə katolikos Qazar Çahçesinin təşəbbüsü
ilə “Rumdan və Kürdüstandan” (Şərqi Anadoludan) xeyli erməni
gətizdirilərək Eçmiədzində və ətraf bölgələrdə yerləşdirilmişdi.
[20]
Osmanlı işğalından sonra 1728-ci ildə tərtib edilən İrəvan əyalətinin müfəssəl
dəftərində İrəvan şəhərində 428 evli türk müsəlman, 224 evli və 9 subay xristian
qeydə alınmışdır. Evlilərin ailə tərkibi orta hesabla 5 nəfər götürdükdə şəhərdə
yaşayan 3369 nəfərin 63,5 % türk-müsəlman, 36,5 % isə xristian olduğu aydın
olur. Həmin vaxt şəhərdə 100 xristian qaraçı (boşa) ailəsinin (təqribən 14,9%)
yaşadığını nəzərə alsaq, onda erməni xronikalarının müəlliflərinin iddia
etdikləri kimi, İrəvan şəhərində ermənilər əksəriyyət deyil, əhalinin cəmisi
21,6 faizini təşkil etdiyi aydın olur. [21] İrəvan şəhərinin
əhalisi barədə məlumatları avropalı səyyahların, o cümlədən xristian
missionerlərinin həm də Eçmiədzin katolikosluğundan aldqlarını nəzərə alsaq,
onda bir çox hallarda həmin məlumatların bilərəkdən ermənilərin xeyrinə
saxtalaşdırılmasının səbəbləri də aydın olur. Məsələn, J.Şardən Parisdən
İrəvanadək erməni nökəri Allahverdi müşayiət etmiş, İrəvandan Təbrizədək isə
məlumatları erməni mehmandarı Arazindən almışdı. Lakin xristian səyyahların
yazdıqlarında məlumatlar nə qədər təhrif edilsə də yenə də görünən mənzərə odur
ki. İrəvan şəhərində və ətraf bölgələrdə azərbaycanlılar aborigen əhali olmuş,
ermənilər isə həmin ərazilərə sonradan axışıb gəlmişlər.
Ermənilərin İrəvan xanlığının ərazisinə kütləvi axını 1801-ci ildən rus
qoşunlarının İrəvan xanlığının ərazilərinə daxil olması anından etibarən kütləvi
xarakter almışdır.
İrəvan qalasının alınmasındakı xidmətlərinə görə fəxri “qraf Erivanski” tituluna
layiq görülən general İvan Paskeviçin dəvəti əsasında Sankt-Peterburqdan İrəvana
göndərilən və keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazisində yaradılan yeni
inzibati-ərazi “Erməni vilayəti”ndə 1829-1831-ci illərdə kameral siyahıyaalma
keçirən İvan Şopenin İrəvan şəhərinin əhalisi haqqında verdiyi statistik
məlumatlar “Müsəlmanlar”, “Yerli ermənilər”, “İrandan köçürülənlər” və
“Türkiyədən köçürülənlər” qrafaları altında verilmişdir. İ.Şopen yalnız Şəhər,
Təpəbaşı və Dəmirbulaq məhəllələrinin əhalisi haqqında məlumat vermiş, sırf
azərbaycanlıların yaşadığı Qala massivinin əhalisi haqqında məlumatı isə
siyahıya daxil etməmişdir. O, şəhərin yuxarıda adları sadalanan üç məhəlləsində
2751 ailənin (11463 nəfər), o cümlədən 1807 müsəlman ailəsinin (7331 nəfər), 567
yerli erməni ailəsinin (2369 nəfər), İrandan köçürülən 366 erməni ailəsinin
(1715 nəfər) və Türkiyədən köçürülən 11 erməni ailəsinin (48) nəfər, habelə 46
boşa (xristian qaraçıları) ailəsinin (195 nəfər) yaşadığını
göstərmişdir. [22]
İ.Şopenin “yerli ermənilər” qrafasında göstərdiyi ermənilərin əksəriyyəti
1801-ci ildən İrəvan qalasının işğalınadək olan dövrdə gəlib qaladan kənar
massivlərdə məskunlaşmışdılar.
İ.Şopenin şəhər əhalisinin müxtəlif təbəqələri haqqında verdiyi məlumatlar da
xüsusi əhəmiyyət daşıyır. Rusiya işğalından sonra xan nəslindən olanların,
imkanlı ailələrin, din xadimlərinin bir çoxu şəhəri tərk edərək, əsasən Cənubi
Azərbaycanın müxtəlif şəhərlərində məskunlaşmışdılar. Bununla belə, şəhərdə
imtiyazlı təbəqələr içərisində yenə də azərbaycanlılar çoxluq təşkil edirdi.
Həmin dövrdə İrəvan şəhərində 4 xan, 51 bəy, 19 mirzə, 50 molla, 39 seyid, 3
dərviş ailəsi yaşadığı halda, cəmisi 8 erməni məlik və bəy, 1 erməni mirzə, 13
keşiş ailəsi yaşayırdı. Deməli, bu təbəqələrdən ibarət 188 ailənin 166-sını
azərbaycanlı, 22-sini isə erməni ailələri təşkil
edirdi. [23]
Rusiya işğalı ərəfəsində İrəvan xanlığının xristian əhalisinin ümumi sayı 20
faizdən çox olmamışdır. Qərb tədqiqatçıları G.Bournoutian və R.Hewson
“Encyclopedia Iranica”da “The Persian khanate of Erevan” məqaləsində
göstərirlər: “Yüz illik müharibələr səbəbindən 1804-cü ildə İrəvan şəhərinin
əhalisi 6000 nəfərə qədər azalmışdı. 1827-ci ildə sonuncu xanın (Hüseynqulu
xan nəzərdə tutulur) hakimiyyəti dövründə əhali artaraq 20000 nəfəri
keçmişdi. Ermənilər əhalinin yalnız 20 faizini təşkil edirdilər. Türkmənçay
müqaviləsindən və ermənilərin İran və Türkiyədən immiqrasiyasından sonra şəhərin
erməni əhalisi 40 faizə yüksəlmişdi. Ümumi əhali isə farsların (yəni azərbaycanlıların) şəhəri tərk etməsindən
sonra təqribən 12 min nəfərə qədər azalmışdı.”
[24] Müəlliflərin yazdıqlarından belə nəticə çıxır ki, İrəvan
xanlığının rus qoşunları tərəfindən işğalından öncə şəhərin 20 min nəfər
əhalisinin 20 faizini – yəni 4 min nəfərini ermənilər, 16 min nəfərini isə
azərbaycanlılar təşkil etmişdir. İşğaldan sonra şəhərdə 12 min nəfər əhali
olmuşdur ki, onun da 40 faizini – yəni 4800 nəfərini ermənilər, qalan 7200
nəfərini isə azərbaycanlılar təşkil etmişlər. Deməli, işğaldan öncə şəhərdə
mövcud olmuş 16 min nəfər azərbaycanlıdan 8800 nəfəri şəhəri tərk edərək
müxtəlif yerlərə köçməyə məcbur olmuş və yaxud müharibə nəticəsində tələf
olmuşlar. Başqa sözlə, rus işğalından sonra şəhərin azərbaycanlı əhalisi
yarıbayarı azalmışdır.
Rusiya ordusu Baş qərargahının kapitanı Pyotr Uslar tərəfindən tərtib edilən və
1853-cü ildə işıq üzü görən İrəvan quberniyasının hərbi-statistik icmalında
şəhərin əhalisi haqqında məlumatda göstərilir ki, orada 1437 tatar (yəni
azərbaycanlı) və 1169 erməni ailəsi yaşayır. Başqa sözlə, həmin vaxt şəhər
əhalisinin 55,2 faizini azərbaycanlı ailələri, 44,8 faizini isə erməni ailələri
təşkil etmişdir. Uslar, həmçinin şəhərdə 42 müsəlman ruhani, 3 xan, 48 bəy, 27
seyid və 3 dərviş ailəsi müqabilində cəmisi 33 erməni ruhani və 2 erməni məliyi
ailəsinin yaşadığını göstərir. [25]
İmperator Rus Coğrafiya Cəmiyyətinin 1865-ci ilə olan məlumatına görə, İrəvan
şəhərində 6900 tatar (yəni azərbaycanlı), 5770 erməni yaşamışdır. Faiz
etibarilə azərbaycanlılar 54,5, ermənilər isə 45,5 faiz təşkil etmişdir.
[26]
1886-cı ildə keçirilən siyahıyaalma zamanı İrəvan şəhərində 14738 nəfər (2968
ailə) qeydə alınmışdır. Şəhər əhalisinin 49,04 faizini (7228 nəfər)
azərbaycanlılar, 48,45 faizini (7142 nəfər) ermənilər təşkil etmişdir.
[27]
1897-ci ildə ilk dəfə olaraq əhalinin ümumrusiya siyahıya alınması keçirilmişdi.
Həmin vaxt İrəvan şəhərində 29006 nəfər əhali yaşamışdır ki, onun 43,15 faizini
(12516 nəfər) azərbaycanlılar, 43,19 faizini (12529 nəfər) ermənilər təşkil
edirdi. Statistika göstərir ki, İrəvan şəhərinin daxil olduğu İrəvan qəzasında
2542 nəfər əsilli zadəganlardan 59,04 faizini (1501 nəfər) azərbaycanlılar ,
12,03 faizini (306 nəfər) ermənilər təşkil edirdi.
XIX əsrin sonlarından etbarən Türkiyədə erməni üsyanlarının yatırılması
nəticəsində on minlərlə erməni ölkəni tərk edərək Cənubi Qafqaza axışmışdı.
Onların böyük bir qismi qaçqın kimi İrəvanda məskunlaşmışdı. Qaçqın erməniləri
daimi məskunlaşdırmaq məqsədilə İrəvanda 1905-1906-cı illərdə 4 dəfə qırğınlar
törədilmiş, azərbaycanlıların xeyli hissəsi ya məhv edilmiş, ya da evlərindən
didərgin salınmışdı.
1896-cı ildə Cənubi Qafqazda 900 min erməni yaşadığı halda, 1908-ci ildə 1301
min erməni yaşamışdır. 1914-1916-cı illərdə Cənubi Qafqaza daha 350 min erməni
Türkiyədən gəlib yerləşmişdi ki, onların da bir qismi İrəvanda məskunlaşdıqdan
sonra azərbaycanlıların vəziyyəti daha da ağırlaşmışdı. 1918-1920-ci illərdə
daşnak hökumətinin hakimiyyəti dövründə İrəvan şəhərində azərbaycanlılara qarşı
əsl soyqırım törədilmişdi. Şəhərdə tək-tük azərbaycanlı qalmışdı.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra
azərbaycanlıların az bir qismi öz evlərinə qayıda bilmişdi. 1922-ci ildə
İrəvanda cəmisi 5124 azərbaycanlı yaşadığı halda, ermənilərin sayı 40396 nəfərə
çatmışdı. İrəvan şəhərində 1926-cı ildə 4968 nəfər azərbaycanlı, 57295 nəfər
erməni, 1931-ci ildə 5620 nəfər azərbaycanlı, 80327 nəfər erməni yaşayırdı.
[28]
1939-cu ildə əhalisinin sayı 200 min nəfərə çatan İrəvanda azərbaycanlılar 3,3
faiz (6569 nəfər) təşkil edirdi. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti
” Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən
Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul
etmişdi. Xaricdən Ermənistana köçürülüb gətirilən ermənilərin
məskunlaşdırılmasına xidmət edən bu qərar kənd rayonlarında yaşayan azərbaycanlı
əhaliyə şamil olunmalı olduğu halda, fürsətdən istifadə edən Ermənistan
rəhbərliyi İrəvan şəhərində yaşayan azərbaycanlıların əksəriyyətinin deportasiya
edilməsinə nail oldular. 1959-cu ildə keçirilən siyahıyaalma zamanı təqribən
yarım milyon əhalisi olan İrəvanda cəmisi 0,7 faiz (3413 nəfər) azərbaycanlı
qeydə alınmışdı. Halbuki, 1939-cu ildən ötən 20 il ərzində təbii artımla
İrəvanda yaşayan azərbaycanlıların sayı azı 10 min nəfəri ötməli idi.
1979-cu ildə keçirilən siyahıyaalma zamanı əhalisinin sayı 1 milyon nəfəri ötən
İrəvan şəhərində azərbaycanlılar 0,2 faiz (2341 nəfər), ermənilər 95, 8 faiz
(974176 nəfər) təşkil etmişdi.
Ermənistanda gedən proseslərdən fərqli olaraq Azərbaycanda, o cümlədən Bakı
şəhərində ermənilər münbit şəraitdə yaşayır, onların sayı ilbəil artırdı.
Xüsusilə, 1920-ci ildə sovet hakimiyyətinin qurulmasından sonra ermənilərin
Bakıya vә digәr bölgәlәrә axını sürәtlәnmişdi. Bakıda ermәnilәrin sayı 1970-ci
ildә 207,5 min nәfәrә, 1979-cu ildə 215,8 min nәfәrә çatmış, 1914-cu ildәki 9281
nəfər daimi yaşayanlara nisbәtәn müvafiq surәtdә 22,3 dәfә vә 23,3 dәfә artım
olmuşdu. Bakıda yaşayan ermәnilәrin xüsusi çәkisi 1914-cü ildәki 6,7 faizdәn
artaraq, 1979-cu ildә 14,1 faizә çatmışdı. [29]
1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni separatizminin baş
qaldırmasından sonra nəinki təkcə İrəvan şəhərindən, bütövlükdə Ermənistandan
azərbaycanlıların etnik təmizlənməsinə başlanıldı və həmin ilin sonunda demək
olar ki, başa çatdırıldı. Rəsmi Ermənistanın Dağlıq Qarabağı ilhaq etmək üçün
hərbi təcavüz yolunu tutmasından sonra Bakıda yaşayan ermənilər çıxılmaz
vəziyyətə düşdülər və şəhəri tədricən tərk etmək məcburiyyətində qaldılar.
1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Azərbaycan SSR-in
Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında vəziyyətə həsr edilmiş iclasında çıxış
edən İrəvan dövlət universitetinin rektoru akademik Sergey Ambarsumyandan
Sov.İKP MK-nın Baş Katibi Mixail Qorbaçov XX ərin əvvəlində İrəvanda
azərbaycanlı əhalinin neçə faiz təşkil etdiyini soruşmuşdu. Rektor “Deməyə
çətinlik çəkirəm” cavabını verəndə, Qorbaçov demişdi: “Siz bunu bilməlisiniz.
Mən sizə xatırladıram – əsrin əvvəlində Yerevanda azərbaycanlılar 43 faiz
təşkil edirdi. Bəs indi azərbaycanlılar neçə faizdir?” sualına S.Ambarsumyan
“İndi çox azdır. Yəqin ki, bir faiz olar” cavabını
vermişdi. [30]
Bütün yuxarıda deyilənlərdən belə nəticə hasil olur ki, azərbaycanlılar XIX
əsrin əvvəllərində İrəvan şəhərinin əhalisinin 80 faizini, həmin əsrin sonunda
təqribən yarısını təşkil etdiyi halda, XX əsrin 80-ci illərin sonlarında həyata
keçirilən etnik təmizləmə nəticəsində İrəvanda bir nəfər də olsun azərbaycanlı
qalmamışdır.
Şəhərin əhalisi
Nazim
Mustafa
tarix üzrə fəlsəfə doktoru