İrəvan şəhərinin yerləşdiyi ərazi müxtəlif
zamanlarda Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər,
Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar,
Qacarlar dövlətlərinin tərkibinə daxil olmuşdur. İrəvan şəhərinin bir mərkəz
kimi sosial-iqtisadi inkişafı isə Çuxur-Səəd bəylərbəyliyi və İrəvan xanlığı
dövrlərinə aiddir. Orta əsrlər tarixi mənbələrində şəhərin adı Rəvan və İrəvan
kimi çəkilir.
Erməni tarixçiləri 1950-ci ildə İrəvan şəhərinin cənub-şərqindəki Qanlı təpədə
aparılan qazıntılar zamanı Urartu çarı I Argiştinin dövründə salınmış Erebuni
(İripuni) qalasının qalıqlarının tapılmasından sonra İrəvan şəhərinin tarixini
bununla bağladılar. Erebuni qalası yalnız hərbi-istehkam məqsədilə inşa
edilmişdir və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaşmamışdır.
Əslində, urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni
qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də tarixi baxımdan bir
əlaqəsi olmuşdur. Orta əsrlərdə artıq şəhər kimi formalaşan İrəvan yaşayış
məntəqəsi ilə 1950-ci ildə arxeoloji qazıntılar zamanı üzə çıxan Erebunu
qalası arasında xeyli məsafə olmuşdur. Yalnız XX əsrin ikinci yarısından sonra
İrəvan şəhərinin ərazisi genişlənərək Erebuni qalasının yerləşdiyi Qanlı təpəni
öz içərisinə almışdır. Urartululara aid mixi yazılardan aydın olur ki, e.ə. VIII
əsrin birinci rübündə Ağrı vadisi (Araz çayının sol sahili və Arpaçayın aşağı
axarı) urartulular tərəfindən işğal edilənədək həmin ərazi Aza xalqının ölkəsi
adlanmışdır.[9]
İrəvanın Urartu çarı I Argişti tərəfindən e.ə. 782-ci ildə əsası qoyulan Erebuni
(İrpuni) şəhəri ilə eyniləşdirilməsi tarixin saxtalaşdırılmasının bariz
nümunəsidir. Akademik Boris Piotrovskinin milliyyətcə erməni olan arvadının
xatirinə irəli sürdüyü “Ola bilər ki, Urartu şəhəri Erebuninin adı Ermənistanın
paytaxtı Yerevan (İrəvan) şəhərinin adında yaşamaqda davam edir” fərziyyəsi
ermənilərə imkan verdi ki, 1968-ci ildə Yerevanın 2750 illik yubileyini
təntənəli surətdə qeyd etsinlər. Bununla da ermənilər dünyaya car çəkdilər ki,
İrəvan şəhəri hətta qədim Romadan 30 yaş “böyük” imiş.
İrəvanın adının “ermənicə danışan” Nuh peyğəmbərlə bağlanması da erməni
tarixçilərinin yalan uydurmaqda necə mahir olmalarının göstəricisidir. Sən demə,
dünyanı su basarkən Nuh peyğmbərin düzəltdirdiyi gəmi Ararat dağının zirvəsinə
yan alıbmış. Su çəkiləndə Nuh peyğəmbərin quru sahə kimi gördüyü və ilk
söylədiyi ifadə “Yereval” (yəni ermənicə “Göründü”) olmuşdur. Həmin görünən yer
isə guya indiki İrəvan şəhəri imiş.
Məşhur
erməni yazıçısı Xaçatur Abovyan “İrəvan şəhərinin qısa tarixi oçerki”
məqaləsində yazır: “Erməni yazıçıları XIII əsrin əvvəllərinədək, İrəvan
şəhərinin adını belə çəkmirlər, bu zamandan, yəni 1209-cu ildən etibarən (milada
görə) oranı “kiçik yer” adlandırırlar. Xalq arasında gəzən əfsanəyə görə, guya
İrəvan adı erməni çarı Ervandın adından və yaxud yerevil,
yerevan, yəni gördü, göründü sözlərindən əmələ gəlib və
guya Nuh Araratın zirvəsindən ilk dəfə quru torpağı bu yerlərdə, yəni şəhərin
yerləşdiyi ərazidə görərkən onu belə adlandırmışdır. Bu, tamamilə uydurmadır.
Daha doğrusu, bu şəhər 1441-ci ildən, Cahan şah dövründə farslar (yəni
Qaraqoyunlu əmirləri) buranı zəbt etdikdən sonra məşhurlaşmışdır. O
dövrdən 1827-ci ilədək İrəvan gah farslar, gah da türklər tərəfindən zəbt
olunmuş, aramsız olaraq bir xalqın əlindən digər xalqın əlinə keçirdi…
Sonuncu İrəvan sərdarı da daxil olmaqla, İrəvan şəhərini və onun qəzasını
müxtəlif zamanlarda türklər tərəfindən 10 paşa və farslar tərəfindən 33 xan
idarə etmişdir…” [10]
İrəvan
əyaləti 658-ci ildə ərəb qoşunları tərəfindən işğal edilmişdir. Xilafət dövründə
Cənubi Qafqaz əmirliklərinin idarəçiliyi bir qayda olaraq türklərə həvalə
edilmişdir. (Ərəb xilafəti dövründə İrəvan əyalətinin kimlər tərəfindən
idarə olunması haqqında kitabda ayrıca siyahı verilir)
Məşhur türk səyyah-coğrafiyaşünası Övliya Çələbi İrəvanı yaşayış məntəqəsi kimi
XV əsrin əvvəllərinə aid edir. Onun yazdığına görə, hicri təqvimi ilə 810-cu
ildə (1407-1408) Əmir Teymurun tacirlərindən Xacə xan Ləhicani adlı tacir çox
münbit Rəvan torpağına qədəm qoymuş, öz ailə üzvləri ilə burada sakin olmuş və
düyü əkini hesabına gündən-günə varlanaraq bu böyük kəndin əsasını qoymuşdur.
Övliya Çələbi daha sonra əlavə edir ki, Səfəvilər dövlətinin başçısı Şah İsmayıl
hicri 915-ci ildə (1509-1510) qala salınması barədə öz vəziri Rəvanqulu xana
göstəriş vermiş, o da öz növbəsində 7 ilə qalanı tikdirərək adını “Rəvan”
qoymuşdur.[11]
Bəzi tədqiqatçılar İrəvan şəhərinin və qalasının salınmasının tarixçəsi ilə
bağlı Övliya Çələbinin yazdıqları ilə razılaşır, bəziləri isə şəhərin tarixinin
daha qədim olması haqqında yazan digər müəllifləri haqlı hesab edirlər. Fakt
odur ki, Şah İsmayıl 1501-ci ildə İrəvan şəhərini fəth etdikdən sonra sərkərdəsi
Rəvanqulu xana Zəngi çayının sahilində strateji əhəmiyyətli yerdə qala
tikdirməyi həvalə etmişdir. Rəvanqulu xan da qalanı 7 ilə tikdirərək başa
çatdırmışdır.
Osmanlı
və Səfəvi imperiyaları arasında gedən müharibələr nəticəsində İrəvan şəhəri 14
dəfə əldən ələ keçmişdir. Hər dəfə də müəyyən dağıntılara məruz qalmış, sonradan
yenidən bərpa edilmişdir. 1554-cü ildə Osmanlı qoşunları İrəvanı darmadağın
edərək ələ keçirmişdir. 1580-ci ildə Osmanlı vəziri Lələ Mustafa paşa yenidən
İrəvanı işğal etmişdir. Bir çox səyyah və tarixçilərin təsvir etdikləri İrəvan
qalası köhnə qalanın yerində, Osmanlı işğalı dövründə Fərhad paşa tərəfindən
1582-1583-cü illərdə inşa edilmişdir. Uzunluğu 850 m, eni 790 m olan qala
təqribən kvadrat formasında olub, 7 ha ərazini əhatə edirdi. İkiqat qala
divarlarının hündürlüyü 10,5-12 m idi. Qalanın birqat divarı Zəngi çayının
divarlarını yuduğu qayalıq üstündən keçirdi. Qalanın üç qapısı var idi: cənubda
Təbriz qapısı, şimalda Şirvan qapısı (yaxud Meydan qapısı) və Körpü qapısı.
1679-cu ildə Meydan qapısı ilə Köhnə şəhər arasında Zəngi çayının üzərində
Qırmızı körpü adlanan körpü salınmışdı.
1604-cü
ildə I Şah Abbasın qoşunu İrəvan şəhərini türklərin əlindən alsa da, əks hücum
nəticəsində geri çəkilərkən “yandırılmış torpaq” siyasəti yeritmiş, Çuxur-Səəd
bəylərbəyliyinin bütün əhalisini, o cümlədən İrəvanın əhalisini Arazın o tayına
köçürmüşdür.
1635-ci ildə Osmanlı qoşunları yenidən İrəvanı ələ keçirir. 1639-cu ildə
Səfəvilərlə Osmanlılar arasında bağlanan Qəsri-Şirin müqaviləsinə əsasən İrəvan
əyaləti, o cümlədən İrəvan şəhəri yenidən Səfəvilərin hakimiyyəti altına keçir.
Səfəvilərin süqutundan sonra şəhər 1723-cü ildə türklər tərəfindən işğal edilir.
1733-cü ildə Nadir İrəvanı Osmanlılardan azad edir. 1747-ci ildə Nadir şah
Əfşarın öldürülməsindən sonra müstəqil xanlıqlar yaranır. İrəvan şəhəri eyniadlı
xanlığın mərkəzi olur.
İrəvan qalasında və şəhərdə nadir memarlıq inciləri hesab edilən məscidlər,
karvansaralar, hamamlar, istirahət parkları inşa edilmişdi. Şəhərə Qırxbulaq
yaylasından içməli su çəkilmiş, yeni suvarma kanalları sayəsində İrəvan bağlar
diyarına çevrilmişdi.
1679-cu il iyunun 4-də İrəvanda baş verən zəlzələ şəhərin bütün tikililərini
darmadağın etsə də, Naxçıvan, Gəncə, Qarabağ, Təbriz və Maku bəylərbəyliklərinin
köməyi ilə tezliklə bərpa edilmişdi.
Şərqin nadir memarlıq incilərindən hesab edilən Xan sarayı, yaxud Sərdar sarayı
İrəvan sərdarı Əmirqunə xan Qacar (1605-1625) tərəfindən ucaldılmış,
1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762-1783) tərəfindən
təkmilləşdirilmişdi. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784-1805)
sarayın Şüşəbənd adı ilə tanınan Güzgülu salonu və Yay imarətini inşa
etdirmişdi.
Avropa səyyahları Jan Tavernye, Jan Şardən, Kerr-Porter, Ceyms Morier, Monpere,
Kameron, Linç və başqaları müxtəlif vaxtlarda İrəvanda olmuş, Xan sarayını, onun
Güzgülü salonunu, qaladakı və şəhərdəki məscidləri, hovuz və hamamları, Zəngi
çayından enib keçən yeraltı mərmər pilləkənli yolu öz əsərlərində təsvir
etmişlər.
İrəvan şəhəri 4 massivdən ibarət olmuşdur: Qala, Şəhri (yaxud Köhnə şəhər),
Təpəbaşı (hazırda Kond adlanır) və Dəmirbulaq (hazırda Karanki tağ adlanır)
massivləri. Qala ilə digər yaşayış massivləri arasında Bazar meydanı yerləşirdi.
Şəhri məhəlləsi Qırxbulaq çayının sağ sahili ilə İrəvan qalasına kimi uzanırdı.
Şəhərin mərkəzi bazarı və bütün meydanları, bir çox karvansaraları və hamamları
bu hissədə yerləşirdi. Təpəbaşı məhəlləsi Zəngi çayı ilə Şəhri məhəlləsinin
arasındakı təpəlikdə yerləşirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən
İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Hüseynqulu xana
məxsus məşhur Xan bağı və yay köşkü Zəngi çayının sağ sahilində yerləşirdi.
Dəmirbulaq məhəlləsi Şəhri məhəlləsindən cənub-şərqdə, İrəvan qalasının şərqində
yerləşirdi. Cəfər bəy məscidi və hamamı, həmçinin Həsənəli hamamı və Susuz
karvansarayı da burada yerləşirdi.
Osmanlı dövləti ilə Qacarlar dövləti arasında
strateji mövqedə yerləşən İrəvan qalasını ələ keçirmək Rusiya üçün də böyük
əhəmiyyət kəsb edirdi. Lakin rus qoşunlarının 1804-cü və 1808-ci illərdə İrəvan
qalasını ələ keçirmək cəhdləri puç olmuşdu. 20 ildən artıq müddətdə rus
qoşunlarının fasilələrlə hücumuna igidliklə tab gətirən İrəvan qalası, nəhayət
1827-ci il oktyabrın 1-də ermənilərin qala divarlarının zəif yerlərini rus
komandanlığına nişan verməsi nəticəsində süqut etdi. İrəvan şəhərinin qara
günləri başlandı.
Qalanın işğalından dərhal sonra, ilk olaraq Osmanlı sərkərdəsi Rəcəb paşa
tərəfindən 1725-ci ildə inşa etdirilmiş məscidin günbəzindəki ayparanı çıxararaq
onun yerinə xaç asmış, minarəsində isə kilsə zəngi quraşdıraraq pravoslav
kilsəsinə çevirmişdilər. Qaladakı Sərdar məscidini rus qoşunlarının arsenalına
çevirmiş, xanın hərəmxanasını isə hospital etmişdilər. İrəvan xanlığının
süqutundan sonra Xan sarayında yeni yaradılan “Erməni vilayəti”nin inzibati
binası yerləşirdi. Rusiya çarı I Nikolayın Şimali Azərbaycan xanlıqlarının
axırıncı istehkamı olan əfsanəvi İrəvan qalasını görmək arzusu 1837-ci ildə
reallaşdı. Xan sarayında qalan I Nikolay şəhərin müxtəlif təbəqələrinin
nümayəndələrini orada qəbul etmişdi.
1853-cü ildə baş verən zəlzələ nəticəsində İrəvan qalasının divarları yenidən
uçmuşdur. 1864-cü ildə İrəvan qalasından hərbi məqsədlər üçün istifadəyə son
qoyulmuşdur. 1868-ci ildən Xan sarayının Sərdar zalında İrəvan şəhər polis
idarəsi yerləşirdi. İrəvan qubernatorunun vəsatəti əsasında Qafqaz canişinliyi
Sərdar zalının (Güzgülü salon) təmiri üçün 1867, 1871, 1874, 1880-ci illərdə
vəsait ayırmışdı. [12]
1865-ci ildə İrəvan qalasının ərazisinin bir hissəsini Nerses Tahiryan adlı
tacir satın alaraq orada şərab zavodu (indiki konyak zavodu) inşa etdirmişdir.
İrəvan şəhərinin texniki B.Mehrabovun 1906-1911-ci illərdə tərtib etdiyi planda
şəhərdə 8 məscidin (Təpəbaşı, Şəhər (Zal xan), Sərtib xan, Göy məscid (Hüseynəli
xan), Hacı Novruzəli bəy, Qala məscidi (Abbas Mirzə məscidi), Dəmirbulaq, Hacı
Cəfər) mövcudluğu göstərilir.
Həmin dövrdə İrəvan şəhərində azərbaycanca səslənən küçə adları belə idi:
Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan,
Qəriblər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib,
Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Kətan, Dükanlı, Sallaxlar və
s.[13]
İrəvanda çoxsaylı karvansaralar da mövcud olmuşdur: Əfşar, Sərdar, Şeyxülislam,
Tağlı, Sulu, Susuz, Hacı Əli, Kömürçü, Gürcü, Culfa, Hacı İlyas və s.
Azərbaycanlılara məxsus bu karvansaraların hamısı yer üzündən silinmişdir.
XX əsrin əvəllərinədək İrəvanın küçələri qaz və kerosin fənərləri ilə
işıqlandırılırdı. 1907-ci ildə İrəvanın varlı sakini Hacı İbrahim oğlu Zəngi
çayı üzərində su elektrik stansiyası tikilməsi təşəbbüsü ilə çıxış etmişdi.
1909-cu ildə şəhərin daha bir varlı azərbaycanlısı – mühəndis Xəlil bəy
Qasımbəyov həmkarı Arşak Malxasyanla birgə qurduqları “Kooperasiya” şirkətinin
adından su elektrik stansiyasının tikilməsi üçün şəhər idarəsinə müraciət
etmişdilər.
1911-ci ildə İrəvandan təqribən 19 km məsafədən Gedər çayının mənbəyindən
(Qırxbulaqdan) şəhərə su kəməri çəkilmişdi. Bu kəmərin çəkilməsində Abbasqulu
xanın İrəvanskinin müstəsna rolu olmuşdu. [14]
1918-ci il mayın 28-də cənubi Qafqazda üç müstəqil dövlət – Azərbaycan,
Gürcüstan, Ermənistan dövlətləri yarananda Azərbaycan Milli Şurası 29 may
tarixli qərarı ilə İrəvan şəhərini ermənilərə paytaxt kimi güzəştə getmişdir.
Lakin 1918-1920-ci illərdə mövcud olmuş daşnak hakimiyyəti dövründə İrəvan
şəhərində azərbaycanlılara qarşı soyqırım, onlara məxsus maddi-mədəniyyət
abidələrinə qarşı isə vandalizm aksiyaları həyata keçirilmişdir. Məscidlərə od
vurulmuş, azərbaycanlıların evləri talan və zəbt edilmişdi.
Sovet hakimiyyəti illərində də azərbaycanlıların diskriminasiyası və
deportasiyası rəsmi Ermənistanın siyasətinin tərkib hissəsi olmuşdur. 1924-cü
ildə Aleksandr Tamanyanın layihəsi əsasında həyata keçirilən İrəvan şəhərinin
rekonstruksiyası, əslində azərbaycanlıların izini silməyə xidmət edirdi. Göy
məsciddə İrəvan şəhər Tarix Muzeyi yerləşdirilmiş, Zal xan (Şəhər) məscidi
Rəssamlar İttifaqının sərgi salonuna çevrilmiş, yeganə olaraq Dəmirbulaq
məscidindən başqa qalan bütün məscidlər yerlə yeksan edilmişdi. Dəmirbulaq
məscidi isə 1988-ci ilin martında erməni vandalları tərəfindən yandırılmışdı.
Sərdar sarayı, İrəvan qalasının divarları sökülərək daşlarından Sahil bulvarının
salınmasında istifadə edilmişdi. Köhnə şəhər massivində azərbaycanlılar yaşayan
məhəllələr sökülərək yerində parklar, kinoteatrlar, meydanlar salınmışdı.
İrəvan şəhəri dünya paytaxtları arasında yeganə şəhərdir ki, onun qədimliyi ilə
öyünüldüyü halda, orada mövcud olan tarixi-memarlıq abidələrinin yaşı 200 ildən
artıq deyil. Çünki İrəvanda mövcud olmuş qədim tarixi-memarlıq abidələrinin
hamısı azərbaycanlılara məxsus olduğuna görə, ermənilər onların hamısını yer
üzündən silmişlər. İrəvan şəhərinin adı isə indiyədək iki dəfə dəyişdirilmişdir.
Birinci dəfə rusların işğalından sonra 1828-ci ildə Erivan (Эривань), ikinci
dəfə isə 1936-cı ildə dəyişdirilərək Yerevan (Ереван) adlandırılmışdır.
Acı reallıq odur ki, vaxtilə aborigen əhalisi tamamilə azərbaycanlılardan ibarət
olan İrəvan, hazırda monoetnik erməni şəhərinə çevrilmişdir.
Şəhərin tarixi
Nazim
Mustafa
tarix üzrə fəlsəfə doktoru