XIX əsrin əvvəllərində Rusiyanın işğal etdiyi Şimali
Azərbaycan xanlıqları içərisində ən sonda süqut edən İrəvan xanlığı olmuşdur.
Lakin 150 ildən artıq idi ki, ermənilər Eçmiədzin kilsəsinin yerləşdiyi ərazini
əhatə edən torpaqlarda erməni dövlətinin yaradılması üçün Rusiya çarlarına
müraciət edir, hərbi əməliyyatlara başlamaq üçün onları müxtəlif vədlərlə
şirnikləndirirdilər.
Avropa dövlətlərinin real köməklik göstərə bilməyəcəyini dərk edən ermənilər,
qiymətli hədiyyələr vermək yolu ilə Rusiya çarlarının diqqətini çəkməyə
çalışırdılar. İpək ticarəti ilə məşğul olan Yeni Culfada yaşayan erməni Xoca
Zakar Sarhadov 1660-cı ildə çar Aleksey Mixayloviçə fil sümüyündən düzəldilmiş
“Almaz taxt” hədiyyə etmişdi. Hazırda Moskva Kremlinin “Silahlar palatası”nda
saxlanılan həmin taxtı bəzəmək üçün 897 almaz, 1298 yaqut, 18030 firuzə
dənəsindən istifadə edilmişdi.[52]
1666-cı ildə Qriqor Lusikovun başçılığı ilə Yeni Culfalı tacirlər qiymətli
hədiyyələrlə Moskvaya gələrək onları çara təqdim etmişdilər. Bir qədər sonra –
1667-ci ilin mayında erməni tacirlərinin Rusiya ilə əlaqələrinə böyük imkanlar
açan ticarət müqaviləsi imzalanmışdı.
1677-ci
ildə Eçmiədzin kilsəsi tərəfindən Avropaya göndərilən nümayəndə heyətinə qatılan
İsrael Ori adında erməni Avropa dövlətlərini gəzib dolandıqdan sonra onların
real köməklik göstərməyəcəklərinə əmin olmuş və 1701-ci ildə çar I Pyotrun
qəbuluna gəlmişdi. O da çara gözqamaşdıran hədiyyələr gətirmişdi. İ.Ori
Səfəvilər imperiyası ərazisində erməni dövləti yaradılması üçün proqramı çara
təqdim etmişdi.
1726-cı il fevralın 22-də imperatriçə I Yekaterina ermənilərin yüksək mərhəmətə
və himayəyə layiq görülmələri haqqında fərman
vermişdi. [53]
XVIII əsrin ikinci yarısında ermənilər yenidən fəallaşırlar. 1760-cı ildə
Hindistan ermənisi İosif Emin rus hökuməti və gürcü çarı ilə danışıqlar aparır,
İran və Türkiyəyə qarşı müharibədə ermənilərin köməyini
təklif edir. 1769-cu ildə Həştərxan ermənisi Movses Safarov Rusiya sarayına
layihə təqdim edir. O, layihədə rus ordusunun köməyi ilə “Ermənistanı azad
etməyi” və Rusiyanın himayəsində dövlət qurmağı təklif etmişdi. 1780-ci ildə
Rusiyadakı erməni yeparxiyasının başçısı İosif Arqutinski (Hovsep Arqutyan) və
Moskvada yaşayan erməni varlısı İvan Lazarev (Hovhannes Lazaryan – onun
atası Yeğiazar Lazaryan 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra
xəzinədən qiymətli daş-qaşları oğurlayıb Moskvaya qaçmışdı. Həmin
brilyantlardan ən böyüyü sonralar II Yekaterinaya hədiyyə edilmişdi və
hazırda Moskvada “Silahlar palata”sında saxlanılır) Rusiya hökumətinin
nümayəndələrinə təqdim etdikləri proqramda təklif edirdilər ki, Osmanlı
Türkiyəsi ilə İran sərhədlərinin kəsişdiyi ərazilərdə Rusiyanın protektoratlığı
altında müstəqil erməni monarxiyası yaradılsın. Yaradılması arzulanan “erməni
çarlığının paytaxtının Vağarşabad və yaxud Ani olması nəzərdə
tutulurdu.[54]
Bir müddət sonra Rusiya Qafqaza hərbi yürüş etməyi planlaşdırır. Erməni
dövlətinin yaradılması məqsədilə II Yekaterina ilə müzakirə aparmaq üçün
vasitəçi kimi danışıqlara qraf Qriqori Potyomkin və anasının erməni olduğu iddia
edilən rus sərkərdəsi Aleksandr Suvorov cəlb edilir. Ermənilər Suvorovu əmin
edirlər ki, Cənubi Qafqaza yürüş zamanı yerli ermənilər rus qoşunlarına fəal
köməklik göstərəcəklər.[55]
Valentin
Pikulun “Favorit” roman-xronikasında Qriqori Potyomkinlə II Yekaterinanın bir
dialoqu diqqəti çəkir. O, imperatriçəyə keçirəcəyi müşavirədə Suvorov, Lazarev
və Arqutinski ilə birlikdə ermənilərin məsələsini müzakirə edəcəklərini
söyləyir. Potyomkin əlavə edir ki, ermənilər diribaşdırlar, artıq özlərinə
paytaxt kimi, İrəvanı bəyəniblər. II Yekaterinanın “Ermənilərin ölkəsi yoxdur,
təkcə paytaxtla nə olar” – sualına Potyomkin cavab verir: “İndi yoxdur,
bizdən sonra olacaq”.[56]
Azərbaycan xanlıqlarının öz aralarında gedən aramsız çəkişmələr və toqquşmalar
XVIII əsrin ikinci yarısından İrəvan xanlığını müəyyən fasilələrlə
Kartli-Kaxetiya çarlığından qismən asılı vəziyyətə salmış, onun daxili işlərinə
qarışmasına şərait yaratmışdı. 1783-cü ilin iyulunda Georgiyevsk şəhərində
imzalanan müqavilə ilə Kartli-Kaxetiya çarlığının Rusiyanın protektoratlığını
qəbul etməsi Rusiyanın Cənubi Qafqazda mövqeyini daha da gücləndirmişdi. Bundan
sonra Rusiyanın hakim dairələri tərəfindən Azərbaycanın bütün xanlıqlarına
Rusiyanın protektoratlığını qəbul etmələri üçün məktub və hədiyyələr
göndərilmişdi. Həmin ilin noyabrında qraf Apraksin Rusiya hökumətinin məktubunu
İrəvan xanı Hüseynəli xana təqdim etmişdi. Məktubda Hüseynəli xandan
Kartli-Kaxetiya çarı II İrakliyə itaət etmək təklif edilirdi. Rusiyanın bu
addımları Osmanlı Türkiyəsini ciddi narahat etmiş və Osmanlı sultanı Azərbaycan
xanlıqlarını Rusiya əleyhinə bişləşdirmək siyasəti yürütməyə
başlamışdı.[57]
XVIII
əsrin 90-cı illərin əvvəllərində Cənubi Azərbaycan xanlıqlarını özünə tabe edən
Ağa Məhəmməd xanın niyyəti Səfəvilər imperiyasını bərpa etmək idi. O, Şimali
Azərbaycan xanlıqlarının hamısını və Kartli-Kaxetiya çarlığını özünə tabe
etdirmək üçün 1795-ci ildə Cənubi Qafqaza yürüş etdi. Onun bu hücumu Rusiyanın
Cənubi Qafqazı ələ keçirmək planlarını pozurdu. 1796-cı ilin aprelində rus
qoşunları general Valerian Zubovun komandanlığı altında Cənubi Qafqaza hücum
etdi. Rus qoşunları qısa müddətdə Dərbəndi, Şamaxını, Gəncəni, Bakını zəbt etdi.
Növbəti hədəf İrəvan xanlığı idi. Lakin həmin ilin noyabrında II Yekaterinanın
ölümündən sonra rus qoşunlarının yürüşü dayandırıldı və qoşunlar geri
çəkildi.
1801-ci ilin fevralında Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi nəticəsində
İrəvan xanlığının şimal sərhədlərində yerləşən və Kartli-Kaxetiya çarlığından
asılı olan Pəmbək, Borçalı, Qazax və Şəmşəddil sultanlıqları da Rusiyanın
tabeçiliyinə keçmiş oldu. İrəvan xanının Pəmbək əyalətini geri qaytarmaq
cəhdləri uğursuzluqla nəticələnmişdi. 1802-ci ilin sentyabrında qəddarlığı ilə
ad çıxaran general Pavel Sisianovun (1724-cü ildə Kartli-Kaxetiya
çarlığından Rusiyaya köçən gürcü knyazları Çiçişvililərin törəməsi olan
Pavel Sisianov 1806-cı ilin fevralında Bakı üzərinə ikinci hücumu zamanı
Bakı xanının qardaşı oğlu tərəfindən qətlə yetirilmiş, başı kəsilərək Fətəli
şaha göndərilmişdi. Onun başsız bədəni Tiflisdə dəfn
edilmişdir) Qafqazdakı rus ordusunun baş komandanı təyin edilməsindən
sonra Şörəyel sultanlığı da işğal edilmişdi.
1804-cü
ilin yanvarında Gəncə xanlığının işğalından sonra rus qoşunlarının növbəti
hədəfi İrəvan xanlığı idi. Çünki İrəvan xanlığını ələ keçirməklə Rusiya
hərbi-strateji döyüş meydanı əldə etməklə yanaşı, İran və Türkiyə sərhədlərində
möhkəmlənmiş olurdu. Həmin il mayın 10-da P.Sisianov İrəvan xanı Məhəmməd xana
göndərdiyi məktubunda ondan öz möhürünü vurmaqla aşağıdakı şərtlərə razılıq
verdiyini ifadə edən məktub göndərməyi tələb edirdi: rus ordusu İrəvan qalasında
yerləşdirilməlidir, xan Rusiya imperatorunu öz padşahı kimi qəbul etməli və ona
sədaqət andı içməlidir və nəhayət, imperatora ildə 80 min rubl məbləğində xərac
verməlidir. Bu şərtlərin qəbul edildiyi təqdirdə, Sisianov xanın həyatının və
hakimiyyətinin həmişəlik toxunulmaz olacağını vəd edir.
[58] Lakin Məhəmməd xan Sisianovun təkliflərini qəbul etmir. O,
İrəvan qalasını daha da möhkəmləndirmək üçün ciddi tədbirlər həyata keçirir.
Qalanın müdafiəçilərinin sayı 7 min döyüşçüyə, qala bürclərindəki atəşə hazır
topların sayı isə 22-yə çatdırılır və xeyli ərzaq ehtiyatı tədarük edilir.
Rus qoşunlarının İrəvan xanlığı üzərinə birinci yürüşü 1804-cü il iyunun 12-də
Sisianovun komandanlığında Gümrünü ələ keçirərək Abaran istiqamətindən İrəvan
qalası üzərinə hücumla başlanır. Qacarlar İranı da öz növbəsində Fətəli şahın
vəliəhdi Abbas Mirzənin komandanlığı altında İrəvan xanlığının ərazisinə qoşun
yeridərək rus qoşunlarını qabaqlamaq istəyirdi. İyunun 19-da rus qoşunları
Üçkilsəyə (Eçmiədzinə) çatanda artıq Abbas Mirzənin
qoşunu orada qərar tutmuşdu. Sisianovun Üçkilsəni ələ keçirmək üçün etdiyi
hücumlar bir nəticə vermir. Ruslar böyük itki verərək geri çəkilirlər. İyunun
25-də Sisianov İrəvan qalasına hücum əmrini verir. Eyni zamanda ruslar Abbas
Mirzənin qoşununu sıxışdıraraq Araz çayının əks tərəfinə çəkilməyə məcbur
edirlər. Ruslar İrəvan qalasını mühasirəyə alırlar. Sisianovun qalanı təslim
etmək barədə təhdid dolu məktublarına Məhəmməd xan diplomatik tərzdə cavablar
verərək vaxt udmağa çalışırdı. Rusların qalaya etdikləri həmlələr və satqın
ermənilərin yardımı heç bir nəticə vermirdi. Məhəmməd xan əmin idi ki, vaxt
uzandıqca rus qoşunlarının ərzaq ehtiyatı tükənəcək və qalanın mühasirəsi heç
bir nəticə verməyəcək. Belə də odu. Avqustun 31-də Sisianov hərbi şuranın
iclasını çağırdı. İclasda qalanın mühasirəsinə son qoyulması qərara alındı. 2000
rus hərbçisinin itirilməsi ilə nəticələnən uğursuz müharibəyə son qoyuldu.
Sisianovun fatehlik xülyası boşa çıxdı. Rus qoşunları sentyabrın 4-də gecə ikən
geri çəkilərək Gürcüstana qayıtdı.
Rusların İrəvan qalasına birinci yürüşü zamanı ermənilər yenə də satqınlıqlarını
göstərdilər. Qala mühasirədə olan zaman erməni casusları Sisianova xəbər
göndərmişdilər ki, qalanın şərq tərəfdən müdafiəsi zəifdir və ilk növbədə həmin
istiqamətdən hücuma keçsinlər. Qalanın mühasirəsinin gərgin günlərində Gürcüstan
ermənisi Rostam bəyin dəstəsi iki dəfə Tiflisdən Pəmbək-Abaran yolu ilə rus
qoşunlarına silah-sursat daşımış, üçüncü dəfə isə ələ keçmişdi. Digərlərinə dərs
olsun deyə, satqın Rostam bəy Təbrizdə edam
edilmişdi. [59]
1806-cı
ilin iyulunda Qafqazdakı rus qoşunlarının baş komandanı təyin edilən
general-feldmarşal İvan Qudoviçin qarşısında qoyulan vəzifələrdən biri də İrəvan
xanlığını işğal edib, ərazisini Rusiya torpaqlarına qatmaqdan ibarət idi. Lakin
Rusiyanın Qafqazda həyata keçirdiyi işğalçılıq siyasəti ilk növbədə Fransanı
ciddi narahat edirdi. Fransa İran və Türkiyədən Rusiyaya qarşı istifadə etmək
istəyirdi. 1806-cı ilin dekabrında Fransa həmin dövlətlərə çoxlu zabitlər və
mühəndislər göndərdi ki, orduların yenidən qurulması və müasir texnika ilə
təminatı məsələlərini həll etsinlər. 1807-ci ilin dekabrından İrəvan xanı olan
Hüseynqulu xan Qacar İrəvan qalasının möhkəmləndirilməsi üçün fransız
mühəndislərinin xidmətindən lazımınca istifadə etmişdi. İrəvan qalasında
toptökmə və barıt zavodları inşa edilmiş, əlavə qoşun hissələri toplanmış, qala
divarları möhkəmləndirilmişdi. Qudoviç İrəvan qalasını belə təsvir edirdi: Qala
bütün Avropa hərb qaydaları əsasında möhkəmləndirilmişdir, iki divarı vardır,
divarlarının qarşısında xəndəklər qazılmışdır, xəndəyin qarşısında isə torpaq və
qumdan ibarət təpələr əmələ gətirilmişdir ki, onun üzərində də toplar
quraşdırılmışdır, qalada əvvəllər mövcud olmayan fuqas bombaları
vardır.[60]
Rus
qoşunlarının İrəvan xanlığı üzərinə ikinci yürüşü 1808-ci il sentyabrın 25-də
baş tutdu. Qudoviç 6 minlik qoşun və 12 topla İrəvan üzərinə hücuma keçdi.
Hüseynqulu xan ertəsi gün 5 minlik qoşunla rusların qarşısını Abaranda almaq
istəsə də, buna nail ola bilmədi və geri çəkildi. Ruslar sentyabrın 27-də
Üçkilsə (Eçmiədzin) monastırını ələ keçirdilər sonra isə İrəvan ətrafında
düşərgə qurdular. Hüseynqulu xan qalada iki minlik qoşun qoyaraq onun
müdafiəsini qardaşı Həsən xana tapşırdı. Özü isə 5 minlik qoşunla qaladan çıxıb,
rus qoşunlarına arxadan zərbə endirmək məqsədilə Gedər çayın ətrafında düşərgə
saldı. Bayır şəhəri ələ keçirən, qalanı hər tərəfdən mühasirəyə alan general
Qudoviçin qalanı təslim etmək barədə bütün ultimatumlarını və şirnikləşdirici
vədlərini Həsən xan rədd edir və bildirir ki, qaladakı qarnizon son nəfəsinədək
vuruşacaqdır. Uzun müddət hazırlıqdan sonra rus qoşunlarının noyabrın 17-də
İrəvan qalasına başlanan növbəti hücumu iki həftə davam edir və yenə də
uğursuzluqla nəticələnir. Qudoviçin təşkil etdiyi dəstələr böyük itki verərək,
qala müdafiəçilərinin zərbələri altında geri çəkilməyə məcbur olurlar. Rus
ordusunun 300 nəfərə yaxın əsgər və zabiti ölmüş, 600 nəfərə qədər əsgər və
zabiti isə ağır yaralanmışdı. Qış yaxınlaşır, İrəvan qalasını mühasirədə
saxlayan rus qoşunlarının silah-sursatı və ərzağı tükənirdi. Nəhayət, noyabrın
30-da qalanın mühasirəsinə son qoyulmuşdu. Sisianov kimi lovğa və təkəbbürlü
olan general Qudoviçin komandanlığı altında rus qoşunu qarlı-şaxtalı havada min
nəfərdən artıq itki verərək Gürcüstana qayıtmışdı. Bununla da rusların İrəvan
qalasına ikinci yürüşü biabırcasına sonluqla başa çatmışdı.
[61] Rusiyanın İrəvan xanlığını işğal etmək niyyətindən əl
çəkmədiyini yaxşı bilən Hüseynqulu xan İrəvan qalasını möhkəmlətməklə yanaşı,
1815-1817-ci illərdə fransız mühəndislərinin iştirakı ilə bir qədər aralıda
Sərdarabad qalası adlanan möhtəşəm hərbi-istehkam kompleksi inşa
etdirmişdi.
1813-cü il oktyabrın 12-də Rusiya ilə İran arasında bağlanan Gülüstan
müqaviləsinə əsasən Şəmşədil, Loru-Pəmbək və Şörəyel əyalətləri Gəncə, Qarabağ,
Şəki, Şirvan, Bakı, Quba, Dərbənd, Talış xanlıqları və Dağıstan həmişəlik
Rusiyanın tərkibinə qatılsa da regionda sabitlik yaranmamışdı. Rusiya İrəvan və
Naxçıvan xanlıqlarını da ələ keçirməklə öz sərhədlərini daha da genişləndirmək,
regionda Fransanın yerinə aktiv rol alan İngiltərə isə İran və Türkiyəyə hərbi
yardım edərək isti dənizlərə çıxmaq niyyəti olan Rusiyanın Cənubi Qafqazdan
sıxışdırılıb çıxarılmasına nail olmaq istəyirdi. Ordusunun hazırlıq
səviyyəsindən razı olan vəliəhd Abbas Mirzə isə Rusiya ilə müharibədə qələbə
çalacağına əmin idi və ilk növbədə Qarabağ xanlığını işğaldan azad etmək üçün
1826-cı il iyulun 16-da hücuma keçmişdi. İrəvan xanı Hüseynqulu xan da Gülüstan
müqaviləsi ilə xanlığın itirilmiş ərazilərinin geri qaytarılması üçün müharibəyə
ciddi hazırlaşmış və iyulun 16-da Abaran mahalının Mirək kəndindəki rus
əsgərlərinin postuna hücum etmişdi. Hüseynqulu xanın qardaşı Həsən xan isə rus
qoşunlarının qərargahı yerləşən Böyük Qarakilsə (sonralar Kirovakan, indiki
Vanadzor şəhəri) üzərinə hücum edib avqustun 9-da onu ələ keçirir. Bundan sonra
Gümrü də xan qüvvələrinin əlinə keçir. Bununla da Şörəyel və Pəmbək əyalətləri
yenidən İrəvan xanılığının ərazisinə qatılır.
Həmin ərəfədə hakimiyyətə gələn I Nikolay Qafqazdakı rus qoşunlarının baş
komandanı Yermolova qısa müddətdə İrəvan xanlığını ələ keçirməyi
tapşırmışdı.
Sentyabrın birinci yarısında Abbas Mirzənin qoşunlarının Şəmkir Gəncə və Qarabağ
döyüşlərində məğlubiyyətindən sonra İrəvan xanının qoşunları Pəmbək və
Şörəyeldən geri çəkilmək məcburiyyətində qalır. Bundan sonra 1827-ci ilin
yazınadək rus qoşunları İrəvan üzərinə yürüşə hazırlaşır. Çar I Nikolay aprelin
1-nə kimi İrəvan xanlığı üzərinə yürüş etməyi Yermolova tapşırmışdı və ona görə
də Rusiya ordusunun baş qərargahının rəisi Dibiçi Tiflisə köməyə göndərmişdi.
İmperatorun 27 mart tarixli əmri ilə Yermolovun yerinə general-adyutant İvan
Paskeviç təyin edildi. Martın 30-da Tiflisdə rus qoşunlarının tərkibində İrəvan
xanlığının üzərinə hücumda iştirak etmək üçün hazırlanan erməni könüllü
dəstələrinin paradı keçirildi. Aprelin əvvəlində general-adytant Konstantin
Benkendorfun komandanlığı, Arxiyepiskop Nerses Aştarakesinin müşayiəti ilə rus
qoşunlarının Borçalı üzərindən İrəvan xanlığı üzərinə sayca üçüncü yürüşü
başlandı.
Benkendorfun avanqard dəstənin tərkibində 5 minə yaxın piyada, min nəfərə qədər
kazak döyüşçüsü və 12 top var idi. Rus qoşunları aprelin 13-də ciddi müqavimətə
rast gəlmədən Üçkilsə (Eçmiədzin) monastırına çatdıqdan sonra ərzaq çatışmazlığı
ilə üzləşdi. Nerses Aştarakesinin ermənilərin rus qoşunlarını ərzaqla təmin
edəcəyi haqda verdiyi vədlər yalan çıxdı. Çünki xanlığın ərazisində rus
qoşunlarını bir neçə günlüyə də olsa ərzaqla təmin edə biləcək sayda ermənilər
yaşamırdı. Azərbaycanlı əhali isə döyüşlər başlanmazdan öncə xan tərəfindən
Arazın əks tərəfinə köçürülmüşdülər. Ayın 16-da Benkendorf Sərdarabad qalasına
hücum etdi. Qala qarnizonuna Həsən xanın 16 yaşlı nəvəsi Fətəli xan komandanlıq
edirdi. Həsən xanın süvariləri rusları təqib edir, onların qalaya yaxınlaşmasına
imkan vermirdi. Lakin rusların toplar sarıdan üstünlüyü Həsən xana qələbə
çalmağa imkan vermirdi. Benkendorfun Sərdarabad qalasını təslim etmək barədə
məktubuna Fətəli xan kəskin rədd cavabı vermişdi. Paskeviçin Tiflisdən
göndərdiyi 10 günlük ərzaq ehtiyatı Eçmiədzinə çatdıqdan sonra Benkendorf İrəvan
qalasının üzərinə hücum əmri verdi.
Aprelin 25-dən etibarən İrəvan qalasının mühasirəsi başlandı. Benkendorfun
qalanı ələ keçirmək cəhdləri heç bir nəticə vermədi. Qala mərdliklə müdafiə
olunurdu. Qalada 26 top yerləşdirilmiş, qarnizonuin sayı 5 min döyüşçüyə
çatdırılmış, kifayət qədər ərzaq ehtiyatı toplanmışdı. Qalanın içərisindən
rusların mövqelərinə toplardan ağır zərbələr endirilirdi. Xan döyüşçüləri kiçik
dəstələr halında qaladan çıxaraq ruslara qəfil zərbələr endirir və sürətlə geri
çəkilirdilər. Hüseynqulu xana qalanın təslim edilməsi barədə Benkendorf
tərəfindən göndərilən ultimatumlar və şirnikləşdirici vədlər də kara gəlmirdi.
Həsən xan isə Arazın o
tayındakı düşərgəsində öz dəstəsini möhkəmləndirdikdən sonra Benkendorfun
qoşununa arxadan aramsız zərbələr endirməklə qardaşı Hüseynqulun xana yardım
edirdi. Getdikcə güclənən istilər və yayılan xəstəliklər Benkendorfun qoşununu
günü-gündən taqətdən salır, qalanın işğalını mümkünsüz edirdi.
İyunun 1-də Tiflisdən 5 minə yaxın piyada, 800 süvari, 3 min qeyri-nizami atlı
dəstəsi və 26 topla yola düşən Paskeviç iyunun 8-də Üçkilsəyə çatmışdı. İrəvanın
mühasirəsini yoxlayan Paçkeviç əmin olmuşdu ki, cəsarətsiz Benkendorfun
komandanlığı altında İrəvanı ələ keçirmək mümkün olmayacaq. İyunun 19-da
Paçkeviç İrəvanın mühasirəsini general Afanasi Krasovskinin komandanı olduğu
diviziyaya həvalə etmişdi. Elə həmin gün Naxçıvana yola düşən Paskeviçin məqsədi
Naxçıvanı və Abbasabad qalasını ələ keçirməklə Abbas Mirzənin qoşunu ilə İrəvan
xanlığının əlaqəsini kəsməkdən ibarət idi. Rus qoşunları iyunun 26-da Naxçıvanı,
iyulun 7-də isə Abbasabad qalasını ələ keçirir. İrəvan qalasının mühasirəsinin
davam etməsinin heç bir nəticə vermədiyini görən Krasovski havalar
sərinləşənədək və Tiflisdən göndərilən ağır silahların gəlib yetişməsinədək
mühasirəni götürmək və qoşunu Abaranda yerləşən düşərgəyə çəkmək barədə iyunun
22-də əmr verir.[62]
Hüseynqulu xan bilirdi ki, rus qoşunları müvəqqəti uzaqlaşır və Paskeviçin
qoşunu Naxçıvandan qayıtdıqdan sonra yenidən İrəvan qalasına hücum edəcək.
Fürsətdən yararlanan Hüseynqulu xan qalanın daha da möhkəmləndirilməsi üçün
ciddi tədbirlər görür. Qala ətrafındakı istehkam qurğuları təkmilləşdirilir,
qaladan tüfəng atəşi məsafəsində olan bütün tikililər məhv edilir, qalanın
ətrafını daha yaxşı müşahidə etmək üçün torpaq istehkam xeyli ucaldılır, qala
ilə şəhər arasında yerləşən xanın hərəmxanasına məxsus bağın ağacları tamamilə
kəsilir ki, ətrafı daha yaxşı müşahidə etmək mümkün olsun.
[63]
Qalanın
divarlarında 52 top yerləşdirilmişdi. Bayır şəhərdən və ətraf bölgələrdən 18 min
nəfər köçrülərək qalada yerləşdirilmişdi. Onların bir neçə aylıq ərzaq təminatı
məsələsi həll edilimişdi.[64]
Avqustun 4-də Abbas Mirzənin təxminən 30 minlik qoşunu Üçkilsə (Eçmiədzin)
ətrafında mövqe tutur. Vəliəhdin qoşunu ilə Krasovskinin qoşunu avqustun 17-də
Əştərəklə Üçkilsə arasında yerləşən Üşəyən (indiki Oşakan) kəndi ətrafında
üz-üzə gəlirlər. Rus qoşunları böyük itki verir. General Krasovski kontuziya
alsa da xoş təsadüf nəticəsində salamat qalır. Abbas Mirzənin qoşunu döyüşdən
sonra Zəngi çayının sahilində düşərgə salır. Rusların məğlubiyyəti xəbərini
eşidən Paskeviç bir dəstəni Naxçıvanda qoyub, qoşunla Üçkilsəyə (Eçmiədzinə)
qayıdır. Abbas Mirzənin qoşunu Arazın əks tərəfinə çəkilir.
Paskeviç İrəvan qalasına hücum etməzdən öncə Sərdarabad qalasını və orada
toplanan ərzaq ehtiyatını ələ keçirmək istəyir. Sentyabrın 13-də Paskeviçlə
Krasovskinin qoşunları iki qoldan Sərdarabad qalasına hücuma keçirlər. Qala
qarnizonunda 2 min döyüşçü və 14 top var idi. Sentyabrın 15-də gecə İrəvan
xanının qardaşı Həsən xan da öz dəstəsi ilə hiss edilmədən qalaya daxil olur və
onun müdafiəsinə rəhbərlik edir. Lakin ruslarin topları qalanın cənub
divarlarını dağıtdıqdan sonra onun müdafiəsi mümkünsüz hala gəldi və sentyabrın
20-nə keçən gecə Həsən xan dəstəsi ilə qaladan çıxaraq İrəvana tərəf üz tutdu.
Qala süqut etdi. Paskeviç səhər tezdən qalaya daxil oldu. Ruslar qaladan 6 aylıq
ərzaq ehtiyatı və misdən tökülmüş 13 top və xeyli miqdarda barıt və sursat ələ
keçirdilər.[65]
Erməni tarixçisi V.Parsamyanın yazdığına görə, Həsən xanın qalanı tərk
etməsindən sonra ermənilər qalanın qapılarını rus qoşunlarının üzünə açmışdılar.
[66]
Sərdarabad qalasının süqutundan sonra Hüseynqulu xan İrəvan qalasının
müdafiəsini döyüşlərdə göstərdiyi igidliyə görə Fətəli şah tərəfindən “Səraslan”
(yəni “Aslanlarbaşı”) adına layiq görülən qardaşı Həsən xana həvalə edərək, 1200
döyüşçü ilə özü qaladan çıxmış, yeni qüvvələr toplayıb ruslara arxadan zərbə
vurmaq məqsədilə Türkiyə sərhədinə çəkilmişdi. Abbas Mirzə qoşununun bir
hissəsini Naxçıvan üzərinə yönəltdi ki, rus qoşunlarını İrəvan üzərinə hücumdan
yayındırsın. Sentyabrın 23-də Paskeviç İrəvan qalasının iki verstliyinə gəlib,
Müxənnəttəpə adlanan yüksəklikdə mövqe tutmuşdu. Ertəsi gün qalanın
mühasirəsinin cənub-şərq tərəfdən başlanması qərara alındı. Ayın 25-də
Müxənnəttəpədən qalaya mərmilər yağdırılır. Ertəsi gün səhərdən qala bürclərində
qoyulan toplardan rusların mövqeləri güclü yaylım atəşinə tutulur. Rus
toplarından atılan mərmilərdən biri qaladakı böyük məscidin minarələrindən
birini dəlib keçmiş, digər bir mərmi isə Sərdar sarayına düşmüşdü. Ruslar bütün
gecəni səhərədək qalanı toplardan atəşə tuturlar.
Sentyabrın 27-si bütün gün qalanı 18 top atəşə tutur. Günün sonunda qalanın
müdafiəçiləri istehkamın rusların atdıqları mərmilərdən zədələnmiş yerlərini
bərpa edirlər. Ertəsi gün yenə toplar qalanı atəşə tuturlar. Ayın 29-da səhər
divardağıdan topların güclü atəşindən sonra qalanın şərq qülləsi və ona bitişik
divarlar uçulur. Paskeviç Həsən xana 6 saat vaxt verərək qalanı təslim etməyi
tələb edir. Lakin Həsən xan Paskeviçə heç bir cavab verməyərək vaxt udmaq
istəyirdi. O gözləyirdi ki, Abbas Mirzənin və qardaşı Hüseynqulu xanın qoşunları
ruslara arxadan zərbələr endirəcəklər, bununla da qalanın mühasirəsinə son
qoyulacaq. Lakin Paskeviç qabaqlayıcı tədbir görərək onların İrəvan qalasına
yollarını kəsmişdi.
Sentyabrın 30-da rusların mövqelərinə yeni top
batareyaları gətirilir. Qalanın müdafiəçiləri rusların top atəşlərinə fasiləsiz
olaraq cavab verirlər. Ruslar gecə ikən qalanın uçmuş yerlərini genişləndirərək
içəri daxil olmaq istəyirlər. Rusların 40 topu bütün gecəni qalanı atəşə tutur.
Həsən xan rusların mühasirəsini yarıb qaladan çıxmaq istəsə də buna müvəffəq
olmur.
Oktyabrın1-də səhər tezdən qala əhalisi gördülər ki, ruslar qalanın divarları
boyu qazılmış xəndəklərə doluşmuşlar. Ruslar güllə yağışı altında qalanın
cənub-qərb qülləsini ələ keçirirlər. Bu zaman rusların başqa bir dəstəsi qalanın
şimal darvazası (Şirvan darvazası) önündə mövqe tutur. Rus toplarının
zərbələrindən canlarını qurtarıb qaçmaq istəyən qala əhalisi darvaza önünə
toplaşmışdı. Lakin darvazanın ağzı içəridən daşla doldurulmuş və torpaqla
örtülmüşdü. General Krasovskinin darvazanı açmaq tələbindən bir qədər sonra
qapılar sındırılır və rus qoşunu qalaya daxil olur. [67]
Qalanı işğalından sonra Paskeviç I Nikolaya göndərdiyi raportunda yazırdı ki,
İmperatorun bayrağı artıq İrəvan qalasının divarlarında dalğalanır, çox məşhur
qalanın açarları əlindədir, bütün qarnizon əsir götürülmüşdür, Həsən xan bu dəfə
mühasirəni yarıb keçərək qaçmağa müvəffəq olmamışdır, 4 bayraq (bu
bayraqlardan ikisi hazırda Azərbaycan Milli Tarix Muzeyində
saxlanılır), 37 top, 2 qaubisa (qısalüləli ağır top), 9 mortir
(qısalüləli top), 50-yə qədər falkonet (kiçik çaplı top) qənimət kimi ələ
keçirilmişdir. [68]
Rusların qalaya daxil olmasından sonra Həsən xan döyüşçüləri ilə birlikdə
qaladakı məscidlərdən birinə çəkilir. Məscidə daxil olan general Krasovski
ruslara atəş açmamağı əmr edir. O özü Həsən xanın silahını alaraq onu tərksilah
edir. Həsən xan Krasovskidən qalanı tərk etmək istədiyi vaxt itirdiyi qılıncın
tapılıb özünə qaytarılmasını xahiş edir. Əmir Teymura məxsus olan və sonradan
Səfəvi hökmdarlarının sarayını bəzəyən həmin qılıncı Həsən xana döyüşlərdə
göstərdiyi igidliklərə görə Fətəli şah bağışlamışdı. Krasovski həmin qılıncı
qiymətli hədiyyə müqabilində aldırtdırır və Həsən xana qaytarır. Lakin qiymətli
daş-qaşlarla bəzədilmiş qılıncın dəstəyi qopub itmişdi. Dəstək qızıldan
düzəldilərək bərpa edildikdən sonra Həsən xanın istəyi ilə Krasovski həmin
qılıncı Şərqin fatehi Əmir Teymurun qüdrətli qılıncı kimi xarakterizə edərək
İmperator I Nikolaya hədiyyə olaraq göndərir.
Təqribən 23 il rus ordusunu lərzəyə salan, ələkeçməz, qəhrəmanlığı ilə adı
dillər əzbəri olan görkəmli sərkərdə Həsən xanla rus generalları çox nəzakətli
davranırlar. Onun gələcək taleyi haqqında Paskeviç heç bir nəticəyə gələ bilmir.
Ona görə də qərara alınır ki, Həsən xanı I Nikolayın hüzuruna göndərsinlər və
son qərarı İmperatorun özü versin. Paskeviçin tapşırığı ilə Həsən xan xüsusi
kareta ilə əvvəlcə Tiflisə, oradan isə Peterburqa yola salınır. Rus hərb
tarixçisi V.Pottonun yazdığına görə, siyasi şərait Həsən xanın Peterburqa
çatmasına imkan vermir, o, Terek çayı üzərindəki Yekaterinoqrad şəhərində
ləngiyir. Bundan sonra Həsən xanın taleyi haqqında müəllif heç bir məlumat
vermir. [69]
Digər məlumatlara görə, İrəvan xanlığının işğalından sonra imzalanan Türkmənçay
(fevral, 1828) müqaviləsinin on üçüncü maddəsinə əsasən hər iki tərəfdən olan
əsirlər öz ölkələrinə qaytarılır, o cümlədən Həsən xan da azad edilir.
Qovanlı-Qacar sülaləsinə mənsub olan Həsən xan İrana gəlir. 1828-ci ildə Fətəli
şah Qacar Həsən xanı Xorasanda baş vermiş iğtişaşları yatırmaq üçün göndərir.
Həsən xan 1830-cu ilədək oranı idarə edir. Sonra Fətəli şah general Həsən xanı
Tehrana çağırır. Həsən xan 1848-ci ildən Yəzd, Kirman və Bəlucistan
əyalətlərinin hakimi olur. Həsən xan 1856-ci ildə Kirmanda vəfat edir, Nəcəf
şəhərində dəfn olunur.
İrəvan xanı Hüseynqulu xanın aqibəti haqqında isə ziddiyyətli məlumatlar
mövcuddur. İ.Şopenin verdiyi məlumata görə, taleyin dönüklüyü ilə üzləşən
Hüseynqulu xan Qacar 1834-cü ildə kasıbçılıq həddində Cənubi Azərbaycanda vəfat
etmişdir. [70] Hüseynqulu xanla Fətəli şahı qohumluq əlaqələri
də birləşdirirdi. Belə ki, Fətəli şah Hüseynqulu xanın bacısı ilə və Abbas Mirzə
isə Hüseynqulu xanın qızı ilə evlənmişdi. Erməni əsilli Amerika tədqiqatçısı
Corc Burnoutyan İran tədqiqatçısı M. Bamdada istinadən məlumat verir ki,
xanlığın işğalından sonra da Hüseynqulu xan Fətəli şah tərəfindən müxtəlif
vəzifələrə təyin edilmiş və 1831-ci ildə 90 yaşında zəngin adam kimi vəfat
etmişdir. [71]
“Alınmaz qala” adlandırılan İrəvan qalası rus döyüşçülərinin fasilələrlə 23 il
apardıqları müharibələr nəticəsində işğal olunması ilə Şimali Azərbaycan
xanlıqlarının hamısı Rusiya işğalı altına düşdü. İrəvan qalasının alınmasında
yenə də erməni xəyanəti və satqınlığı mühüm rol oynamışdı. Regionun relyefinə
bələd olan ermənilər rus hərbçilərinə bələdçilik edir, qalanın zəif müdafiə
olunan yerlərini rus hərbçilərinə nişan verir, casusluq fəaliyyəti
göstərirdilər. Tiflisdə təşkil olunmuş erməni könüllü dəstələri rus qoşunlarının
tərkibində İrəvan xanının qoşunlarına qarşı vuruşurdular. İrəvan qalasının ələ
keçirilməsinin ləngidiyini görən arxiyepiskop Nerses Aştarakesi sentyabrın 27-də
və 28-də xanlığın ərazisində yaşayan ermənilərə müraciət etmişdi ki, dərhal rus
ordusuna köməyə gəlsinlər. Qalanın içərisində olan ermənilər hər vasitə ilə
qalanın süqutuna çalışırdılar. Qalanın təslim edilməsinə çalışan Astvasaturyan
soyadlı bir ermənini etdiyi xəyanətinə görə, sərdarın əmri ilə topun lüləsinə
bağlayaraq atəş açmışdılar ki, digər satqın ermənilərə dərs olsun.
[72]
Qaladan kənardakı düşərgəsində olan Paskeviçə İrəvan qalasını alınması xəbəri
çatanda artıq rus əsgərləri talana başlamışdılar. Qaladakı evlərin hamısı top
mərmilərindən yerlə yeksan olmuş, küçələr meyitlərlə dolmuşdu. Oktyabrın 2-də
qalanın cənub darvazasının önündə qələbə paradı keçirilmişdi. Zəfər marşı
çalınmış və toplardan yaylım atəşləri açılmışdı. Bu zaman zədələnmiş qala
divarlarının bir hissəsi uçmuş və çoxlu insan tələf olmuşdu.
İrəvan qalasının alınmasına görə Paskeviç imperator tərəfindən “Qraf Erivanski”
tituluna və II dərəcəli Müqəddəs Georgi ordeninə layiq görülmüşdü. Digər
generallar da yüksək mükafatlar almışdılar. Bir müddət sonra “İrəvan qalasının
alınması uğrunda” xüsusi medal da təsis edilmişdi. İmperator buyruğu ilə
arxiyepiskop Nerses İrəvan xanlığının işğalı zamanı xidmətlərinə görə Müqəddəs
Aleksandr Nevski ordeni ilə təltif edilmişdi.
İrəvan qalasının alınması xəbəri Rusiya İmpreratoru I Nikolaya Riqada olarkən
çatdırılmışdı. Həsən xanın qılıncını çara təqdim etmişdilər. Çar da öz
növbəsində həmin qılıncı Riqada olmasının xatirəsi olaraq şəhər ratuşuna
bağışlamışdı. (Həmin qılınc hazırda Kremlin “Silahlar Palatası”nda
saxlanılır.) Peterburqa qayıtdıqdan sonra İmperator noyabrın 8-də
ailəsi ilə birlikdə Qış sarayındakı kilsəyə gedərək İrəvan qalasının alınması
münasibətilə dualar etmişdilər. İrəvan qalasının işğalı zamanı götürülmüş
açarları və 4 bayrağı paytaxt sakinlərinin alqış sədaları altında küçələrdə
gəzdirilmişdi. [73]
İrəvan qalasının süqutundan ruhlanan rus qoşunları 1827-ci ilin sonu, 1828-ci
ilin əvvəllərində Cənubi Azərbaycanın Təbriz, Xoy, Urmiya, Səlmas və Ərdəbil
şəhərlərini də ələ keçirirlər. 1828-cil fevralın 10-da Təbriz-Tehran yolunun
üzərindəki Türkmənçay kəndində imzalanan müqavilə ilə İrəvan xanlığının Rusiyaya
ilhaq edilməsi rəsmiləşdirilir.
Şəhərin süqutu
Nazim
Mustafa
tarix üzrə fəlsəfə doktoru