İrəvan şəhərində mövcud olmuş mülki memarlıq
nümunələrindən ən diqqətçəkəni İrəvan qalasındakı Xan sarayı, yaxud Sərdar
sarayı idi.
İstər Səfəvilər, istər Nadirşahlıq, istərsə də Qacarlar dövründə İrəvan
hakimlərinin, bəylərbəylərinin və xanlarının iqamətgahı İrəvan qalasında
olmuşdur. 1578-ci ildə İrəvan bəylərbəyi Toxmaq xan İrəvan qalası ilə üzbəüz
Zəngi çayının sağ sahilində bağ saldırmış və qalanın içərisində yeni xan sarayı
inşa etdirmişdi. XVII əsrin 40-cı illərində Cənubi Qafqazda səfərdə olmuş məşhur
türk səyyahı Övliya Çələbinin yazdığına görə, 1583-cü ildə Sulan III Murad xanın
dövründə türk qoşunlarının komandanı Fərhad paşa İrəvan qalasını və behiştə
bənzər Toxmaq xan sarayını uçurub, daşı daş üstə qoymamışdı. Sonra isə 45 gün
ərzində qalanı yenidən tikdirərək lazım olan sursat və hərbi ləvazimat ilə
təchiz etdirmişdi. [235]
Sonradan İrəvan əyaləti yenidən səfəvilərin hakimiyyəti altına keçir. Əmirgünə
xan Qacarın (1604-1625) İrəvanın hakimi olduğu dövrdə qala və Xan sarayı daha da
möhkəmləndirilmişdi. 1679-cu il zəlzələsindən sonra tamamilə dağılan İrəvan
qalası və o cümlədən, Xan sarayı Zal xan (1679-1688) tərəfindən yenidən bərpa
edilmişdir.
İrəvan əyalətinin Osmanlı hakimiyyəti altına keçdiyi dövrdə Rəcəb paşa
(1725-1728) tərəfindən İrəvan qalasındakı saray kompleksində xeyli quruculuq və
abadlıq işləri həyata keçirilmişdir. Hüseynəli xan Qacarın (1759-1783)
hakimiyyəti dövründə yeni Xan sarayı inşa edilmişdir. Hüseynəli xanın və oğlu
Məhəmməd xanın (1784-1805) hakimiyyəti dövrləri İrəvan şəhərinin və qalasının
çiçəklənmə dövrü hesab edilir.
Hüseynəli xan yeni iqamətgah inşa etdirmək üçün dövrün məşhur memarı Mirzə Cəfər
Xoylunu İrəvana dəvət etmişdir. XX əsrin əvvəllərinədək İrəvan qalasında
mövcudluğunu saxlayan Xan sarayı Mirzə Cəfər Xoylunun rəhbərliyi altında yenidən
qurulmuşdur. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan Qacar Güzgülü salonu
və Sərdar bağındakı Yay imarətini inşa etdirmiş, bununla da bu möhtəşəm tikili
memarlıq baxımından monumental saray kompleksi kimi tamamlanmışdır. Saray
kompleksi 1810-cu ildə Hüseynqulu xanın hakimiyyəti dövründə əsaslı təmir
edilmiş və ona bir sıra tikililər əlavə edilmişdir.
İrəvan
qalasının və Xan sarayının Rusiya işğalından sonra çəkilmiş cizgilərinin
(çertyojlarının) bir qismi hazırda İrəvan şəhər tarix muzeyində saxlanılır.
1837-ci ildə Sərdar sarayının tərtib edilmiş mükəmməl cizgisində göstərilən
miqyasa əsasən sarayın təqribən 1 hektar ərazini tutduğu aydın olur. Saray qala
kompleksinin şimal-qərb hissəsində yerləşmiş və qaladan saraya qapı
açılırmış.
Rəsmi tədbirlər üçün nəzərdə tutulmuş ikimərtəbəli saray binası trapesiya
formasında (ölçüləri 36x35x31x25 m) olmuşdur. Sarayın ortasında şahın təntənəli
qarşılanması üçün böyük eyvan olmuşdur. Eyvanın qurtaracağında Zəngi çayına
açılan və rəngli şüşələrlə bəzədilmiş, şəbəkələrlə ayrılan yataq yerləri –
taxçalar düzəldilmişdi. Xan sarayının Güzgülü zalında xanın taxtının önündə
müalicəvi xüsusiyyətli damarlı əqiq daşlardan (oniks) ulduzvari hovuz
düzəldilmişdi. Ortasında kiçik fontan olan hovuz rus rəssamı Q.Qaqarinin çəkdiyi
Güzgülü zalın rəsmində də öz əksini tapmışdır. Həmin hovuz hazırda İrəvan şəhər
Tarix Muzeyində saxlanılır.
Bunlardan əlavə, Xan sarayına bitişik daha iki bina – biri xanın yaxın ətrafının
yaşadığı bina, digəri yardımçı tikili olmuşdur.[236]
Bir-birinə bitişik olan və uzun fasada malik Xan sarayı və hərəmxanası vahid
memarlıq kompozisiyası təşkil edirdilər. Hərəmxana sarayla kiçik dəhliz
vasitəsilə birləşirmiş. Düzbucaqlı formada olan hərəmxananın uzunluğu 200 fut (1
fut = 0,3048 m), eni təqribən 125 fut olmuşdur. Hərəmxananın çoxlu otaqları və
dəhlizləri var idi. İrəvan qalasının rus qoşunları tərəfindən işğalından sonra –
yəni 1827-ci ildə hərəmxana hospitala çevrilmişdi. Sərdar hərəmxanasının mərmər
üzlük çəkilmiş, mozaikalı ornamentlərlə bəzədilmiş hamamı da öz təmtərağı ilə
seçilirdi. Hərəmxanın geniş yay hovuzu var idi. Uzunluğu 15 sajen (1 sajen =
2,1336 m), eni 4 sajen, dərinliyi 3 arşın (1 arşın = 71, 12 sm) olan hovuz və
hamam 1830-cu ilədək mövcud idilər. Bu tikililər qalanın “yenidənqurulması”
zamanı digər çoxsaylı tikililərlə birgə sökülərək məhv
edilmişdi.[237]
Mütəxəssislərin qənaətinə görə, İrəvan Xan sarayı memarlıq forması, biçimi, plan
quruluşu, daxili həcminin həlli və bədii tərtibatına görə Şərq memarlığının şah
əsərlərindən sayılan, 1483-cü ildə Ağqoyunlu hökmdarı Sultan Yaqub tərəfindən
Təbrizdə, 1669-cu ildə Şah Süleyman səfəvi dönəmində İsfahanda inşa edilən “Həşt
behişt” (“Səkkiz cənnət”, yəni 8 qatlı cənnət) adlandırılan
saray-komplekslərinin səciyyəvi xüsusiyyətlərini özündə əks etdirmişdir.
Digər maraqlı cəhət orasıdır ki, həm relyefinin seçilməsi baxımından, həm də
tikintinin arxitektura həlli baxımından Xoy, İrəvan və Şəki xanlarının sarayları
bir-birini sanki təkrar etmişlər. Bu, onu deməyə əsas verir ki, hər üç saray
dövrünün məşhur memarı Mirzə Cəfər Xoylu memarlıq məktəbinin üslubunda inşa
edilmiş və yaxud yenidən qurulmuşdur. Belə məlumat vardır ki, İrəvan xanı
Hüseynəli xan yeni saray tikdirmək istəyərkən Xoy xanı olan qohumu Əhməd xana
(1763-1786) müraciət etmişdir. Əhməd xan Hüseynəli xanın qızı ilə evlənmişdi.
Hüseynəli xan 1783-cü ildə vəfat etmiş, onun yerinə oğlu Qulaməli xan
hakimiyyətə keçmişdi. 1784-cü ildə Qulaməli xan qətlə yetirildikdən sonra kiçik
qardaşı Məhəmməd xan İrəvan xanı olmuşdu. Əhməd xan İrəvan xanı üzərində
təsirini daha da artırmaq üçün 1785-ci ildə 30 yaşlı qızını 12 yaşlı Məhəmməd
xana ərə vermişdi. [238]
Azərbaycan xanları içərisində böyük nüfuza və təsir dairəsinə malik olan Xoy
xanı Əhməd xanın hakimiyyəti dövründə Xoy şəhərində ətrafı dərin xəndəklə əhatə
olunan ərazidə – İrəvan qalasının yerləşdiyi əraziyə bənzər yerdə qala və
onun içərisində saray inşa edilmişdi. Sarayın memarı Mirzə Cəfər Xoylu idi.
Əhməd xan Mirzə Cəfəri Hüseynəli xanın xahişi ilə İrəvana göndərmişdi ki, Xan
sarayının inşasına rəhbərlik etsin.
Şəki xan
sarayı 1762-ci ildə inşa edilsə də, İrəvan xan sarayı ilə Şəki xan sarayının
Güzgülü salonlarının tamamilə bir-birinə bənzəməsi onu deməyə əsas verir ki,
onların memarı eyni şəxs və yaxud eyni memarlıq məktəbinin nümayəndəsi olmuşdur.
Görünür, Xoylu Əhməd xanın oğlu Cəfərqulu xan 1806-cı ildə Şəki xanı olduqdan
sonra İrəvan xan sarayındakı Güzgülü salonun memarlığı üslubunda salon
tikdirmişdi. Şəki xan sarayının divarında kalliqrafik xətlə yazılan “Usdad Mirzə
Cəfər” adı çox güman ki, Xoyda və İrəvanda xan saraylarını inşa etdikdən sonra
Səki xan sarayının tikintisində də memarlıq edən həmin Mirzə Cəfər Xoyluya
aiddir.
Fransız səyyahlarından Jan Batist Tavernye 1655-ci ildə, Jan Batist Şardən isə
1673-cü ildə İrəvan şəhərində olmuş, onun qrafik təsvirlərini çəkmişlər. Həmin
təsvirlərdə İrəvan qalası və qalanın içərisindəki tikililər və Xan sarayı
göstərilmişdir. Onlar mahir rəssam olmadıqlarından rəsmlərində qeyr dəqiqlik
nəzərə çarpır.
J.Şardən incəsənəti və elmi sevən Səfiqulu xanın sarayda qonaqların şərəfinə
təşkil etdiyi məclisləri ətraflı nəql edir. Məclisdəkiləri əyləndirmək üçün
güləşçilərin, rəqqasların, müğənnilərin və çalğıçıların necə ustalıqla öz
məharətlərini göstərdiklərini təsvir edir. Müəllif musiqiçilərin və rəqqasların
mimik hərəkətlərlə göstərdikləri tamaşanı Şərqin operası
adlandırır.[239]
1817-ci
ildə Aleksey Yermolovun başçılığı altında İrana səfər edən Rusiya nümayəndə
heyətinin tərkibində İrəvan xanlığında olmuş alman əsilli hərbçi Moritz
fon Kotzebue İrəvan qalasındakı Sərdar sarayını və Sərdar bağındakı
Yay köşkünü ətraflı təsvir etmişdir. Kotzebue yazır: Sarayın divarlarından
müxtəlif formalı balaca güzgülər, rəngbərəng güllər və kiçik şəkillər
asılmışdı… Girişin qarşı tərəfində şah (yəni Fətəli şah) və oğlu Abbas
Mirzənin portretləri ilə birlikdə ov yarışlarını əks etdirən şəkillər və bir
neçə qadın şəkli diqqəti cəlb edir… Zalın açıq tərəfi ilə üzbəüz,
içərisində ağ mərmərdən kiçik hovuz və fontanlar olan pavilyon var. Bu pavilyon
açıqdır və təzə salınmış gözəl bir bağa baxır. Zəngi çayı düz pəncərənin
altından axır: onun sahilləri boyunca hündür ağaclar cərgələnir və bir neçə
tağdan ibarət olan yaraşıqlı daş körpünün digər qurtaracağı Ağrı (Ararat) dağına
söykənmiş sahilə aparır”… [240] Daha sonra Kotzebue Xan
sarayı ilə üzbəüz, Zəngi çayının sağ sahilində salınmış Xan bağındakı Yay
köşkündən bəhs edir. Onun yazdığına görə, Asiya memarlıq üslubunda inşa edilən
köşkün ortasında fontanlı mərmər hovuz vardır və su şırnaqlarının üzərindən
asılmış balaca zənglərin çıxardığı incə səslər xanın zövqünü
oxşayırdı. [241] Deməli, hələ XIX əsrin əvvəllərində İrəvan
xanının köşkündə müasir anlamda musiqili fontan mövcud olmuşdur. İrəvan xanları
asudə vaxtlarını həmin köşkdə keçirər, musiqiçilərə qulaq asarmış. Sözün həqiqi
mənasında gözəlliyinə görə mükəmməl incəsənət əsəri hesab edilən güllü-çiçəkli
Xan bağında xarici qonaqlar üçün məclislər təşkil edilərmiş.
Tanınmış Rusiya yazıçısı və diplomatı Aleksandr Sergeyeviç
Qriboyedov Rusiyanın İrandakı nümayəndəliyinin katibi kimi, 1819-cu
ilin fevralında İrəvan xanının sarayında olmuşdur. Qriboyedovun bu ölkədə (yəni
İrəvan xanlığında – N.M.) Allahdan sonra birinci, qacarlar dövlətində isə
nüfuzuna görə üçüncü adam hesab etdiyi sərdar Hüseynqulu xan mövcud ənənəyə
görə, qonaqların şərəfinə ziyafət təşkil etmişdir. Qriboyedovun ağlına belə
gəlməzdi ki, 1827-ci ilin oktyabrında İrəvan qalasının süqutundan bir qədər
sonra məhz həmin Güzgülü salonda onun məşhur “Ağıldan bəla” əsərini rus
zabitləri onun özünün iştirakı ilə tamaşaya qoyacaqlar. Qriboyedov Hüseynqulu
xanın qonaqları qəbul etdiyi Güzgülü salonu ətraflı təsvir etmişdir. O, salonun
döşəməsinin bahalı, naxışlı xalçalarla döşəndiyini, tavanının və salonunun
divarlarının yapon naxışları ilə bəzədildiyini, bütöv divar boyu olan
pəncərəsinin çərçivəsinin şəbəkə üslubunda işləndiyini və onlara rəngli
şüşələrin pərçimləndiyini, salonun girişi ilə üzbəüz buxarının yerləşdiyini,
qabarıq şəkilli tavanın kiçik güzgü parçaları ilə örtüldüyünü, bütün divarların
iki cərgə ilə şəkillərlə bəzədildiyini yazır. [242]
İrəvan xanlığı Rusiya işğalından sonra bir sıra Avropa və Rusiya
tədqiqatçılarının diqqət mərkəzinə olmuşdur. Fransız səyyahı, geoloq və
rəssamı Fredrik Düyuba de Monpere 1833-cü ildə Qafqaza səyahət
etmiş və 1839-1843-cü illərdə Parisdə onun 6 cilddən ibarət “Qafqaz ətrafına
səyahət” kitabları işıq üzü görmüşdür. Müəllif həmçinin həmin kitablara əlavə
olaraq xəritələri, planları və rəsmləri əhatə edən 5 hissədən ibarət atlaslar
çap etdirmişdir. Qravüraçı rəssam Nikole Erkül Fredrik Monperenin çəkdiyi
rəsmlərin qravüralarını hazırlamışdır. Həmin atlasların 3-cü hissəsində Sərdar
sarayının Güzgülü zalının interyerinin, Güzgülü zalın divarlarındakı rəsmlərin
və divar naxışlarının, sərdar Hüseyn xanın hərəmxanasının həyətinin içərisindən
həmin tikilinin şəkilləri öz əksini tapmışdır. [243]
Rusiya
işğalından sonra xan sarayında əvvəlcə İrəvan müvəqqəti idarəsi, sonra isə
İrəvan və Naxçıvan xanlıqlarını birləşdirən “Erməni vilayəti”nin
administrasiyası yerləşmişdi.
Rusiya imperatoru I Nikolayın 23 ildən artıq müddətdə müəyyən fasilələrlə rus
qoşunlarının hücumlarına tab gətirən, “alınmaz qala” kimi şöhrət qazanan
əfsanəvi İrəvan qalasını görmək arzusu 1837-ci ildə gerçəkləşdi. Çar Xan
sarayında gecələmiş, ondan xatirə qalsın deyə, Güzgülü zalın divarına öz adını
yazmışdı. Sonradan divarın həmin hissəsi çərçivəyə alınmışdı. I Nikolay Güzgülü
zalda İrəvan şəhərinin əhalisinin müxtəlif təbəqələrdən olan nümayəndələrini
qəbul etmişdi.
İrəvan Xan sarayını 1843-cü il avqust ayının 27-də İrəvan qalasında olmuş alman
səyyahı Avqust fon Haksthauzen də ətraflı təsvir etmişdir.
Haksthauzen yazır: “Keçmiş İrəvan sərdarının sarayının yerləşdiyi qala
tənəzzüldədir, İran (İrəvan xanlığı –N.M.) əyanlarının sarayları xarabalıqlar
içərisindədir, məscidlərdən biri Yunan-Rus kilsəsinə, digəri silah anbarına
çevrilmişdir. Sərdar sarayı salamatdır, lakin onun əlavə tikilisi olan hərəmxana
hospitala çevrilmişdir. Arxitektura baxımından saray o qədər də əzəmətli deyil.
Onun çox da böyük olmayan həyətləri və bağçaları, fontanları, süni gölləri,
bütün bunlar o dərəcədə miniatürdürlər ki, müəyyən xarakter kəsb etmirlər. Lakin
bütün bunlarla yanaşı, bəzək-düzəkləri, pəncərələri, qapıları, tağları gözəldir.
Müasir Asiya tikililərini Əlhambra kimi (XIII əsrdə İspaniyanın Qranada
şəhərində inşa edilən və tarixi-memarlıq abidəsi olaraq restavrasiya
edilərək hazırda muzey kimi mühafizə edilən, İslam mədəniyyətinin ən məşhur
tikililərindən biri sayılan Əlhambra sarayı nəzərdə tutulur. Bu saray da Xan
sarayı kimi yüksəkilkdə, qala divarlarının içərisində tikilmişdir. İrəvan
xan sarayının daxili tərtibatı Əlhambra sarayının daxili tərtibatı kimi
mürəkkəb formada olmuşdur-N.M.) təsəvvür etmək olmaz. Yalnız Sərdar
sarayının qəbul zalı əzəmətlidir. Onun həyətə baxan tərəfi açıqdır və divar
əvəzinə gözəl şəbəkə ilə bağlanmışdır, hansı ki, onu bütövlükdə və ya qismən
çıxartmaq mümkündür. Həmin şəbəkə götürüldükdə qəbul zalı böyük və açıq qalereyaya
çevrilir. Zalın arxa divarında onun üçdə ikisini tutan rəngli şüşələrlə
bəzədilmiş böyük pəncərə vardır ki, onun da hər ki tərəfində çox da böyük
olmayan kabinetlər vardır. Zalın ortasında çox da böyük olmayan fontanlı hovuz
vardır. Divarlar və tavan güzgülər və tablolarla bəzədilmişdi. İslam dininin
qaydalarının ziddinə olaraq, rəsmlərin bir qismi axırıncıdan əvvəlki şahın (yəni
Fətəli şahın – N.M.), onun oğlu Abbas Mirzənin, sonuncu sərdarın (yəni
Hüseynqulu xanın – N.M.), onun hələ də sağ olan qardaşının (yəni Həsən
xanın – N.M.), digər qismi İranın Rüstəm, İsfəndiyar və s. qəhrəmanlıq dövrünün
hadisələrini özündə əks etdirirdi. Bundan başqa, divardan yaşlı bir kişinin ona
bir qədəh şərab verən gənc qıza göstərdiyi iltifat səhnəsini təsvir edən şəkil
asılmışdır. Firdovsinin “Şahnamə” əsərinin əlyazmalarında gördüyümüz həmin
koloritli rəsmlərin əsasında çəkilən divar rəsmlərində Avropa rəssamlığının
təsiri duyulur. Rus məmurları nadir hallarda tarixi binaların və abidələrin
qorunması hissinə hakim olurlar.” [244]
1864-cü
ildə İrəvan qalasının hərbi-istehkam qalası kimi istifadəsinə son qoyulmuşdur.
1865-ci ildə İrəvan qalasının ərazisinin bir hissəsini Nerses Tahiryan adlı
erməni taciri satın alaraq orada konyak zavodu inşa etdirmişdir. Hazırda İrəvan
konyak zavodunun ərazisinin bir hissəsi Xan sarayı kompleksinin ərazisinə
düşür.
1880-ci ilin oktyabrında məşhur Rusiya arxeoloqu qrafinya Praskofya
Aleksandrovna Uvarova İrəvan qalasında olmuş, uçulub dağılan Xan
sarayının vəziyyətini təsvir etmişdir. Erməni tədqiqatçısı Yervand Şahəziz
1931-ci ildə İrəvanda çap edilən “Qədim İrəvan” kitabında P.Uvarovanın Qafqaz
ekspedisiyasının nəticələri haqqında dərc etdirdiyi “Qafqaz. Yol qeydləri”
(Moskva, 1887) kitabının birinci cildindən aşağıdakı sitatı gətirir: “Qala
divarlarının və qüllələrinin içərisində Zəngi çayının altından yeraltı keçidi,
fontanlı həyətləri, hamamları, hərəmxanası və iki məscidi olan Sərdar imarəti
(yəni Xan sarayı kompleksi – N.M.) yerləşir. Bütünlüklə sırf Şərq
üslubunda naxışlarla, güzgülərlə və rəsmlərlə bəzədilmiş, sanki bəzəkli çay
qutusuna bənzər Sərdar imarətindən yalnız qəbul zalı (yəni Güzgülü zal –N.M.)
salamat qalıb. Zalın ortasında mərmər fontan vardır və onun pəncərəsi rəngarəng
ağac şəbəkələrlə bəzədilmişdir. Oradan Zəngi çayına, Ağrı (Ararat) və Ələyəz
dağlarına çox gözəl mənzərə açılır. Zal şimal tərəfdən açıq imiş və pərdələrlə
örtülürmüş. Hansı ki, pərdənin izləri, halqaları və asılqanlarının yeri həm
tavanda, həm də bünövrədə görünür. Zalın hər iki tərəfində kiçik otaqlar vardır
və zirzəmisində buzxana yerləşir.
Sarayla
Zəngi çayını birləşdirən yeraltı keçiddən yalnız onun qapısı və daş pilləkənləri
qalmışdır. Halbuki, bir qədər əvvəl həmin keçiddən çayın altı ilə qarşı tərəfə
keçmək olardı.” [245]
Məşhur Britaniya səyyahı, coğrafiyaşünası və ictimai xadimi Henri
Linç (Linçin nənəsi Bağdadda yaşayan bir erməninin qızı
olmuşdur. İngilis qoşunlarının zabiti olan babası isə Bağdadda olarkən
onunla tanış olmuş və sonradan evlənmişlər) 1893-cü ilin avqustundan
1894-cü ilin mart ayınadək və 1898-ci ilin avqustunda Şərqi Anadoluda və Cənubi
Qafqazda səfərdə olmuşdur. O, səfərlərinin nəticəsi olaraq ikicildlik “Armenia.
Səyahət və araşdırma” əsərini yazmışdır. Müəllif 1901-ci ildə Londonda çap
edilən əsərinin I cildində indiki Ermənistan ərazisində gördüklərini ətraflı
təsvir etmişdir.
Linçin təsvir etdiyi Xan sarayının divarlarındakı rəsmlər və pəncərə şəbəkələri
sarayın XIX əsrin ikinci yarısında aparılan restavrasiyadan sonrakı dövrünə
təsadüf edir. Bunu nəzərdə tutan Linç yazır ki, kətan üzərində çəkilmiş rəsmlər
orijinal deyil. H.Linç Xan sarayının Güzgülü salonunu belə təsvir edir:
«Şəbəkəli tağların saysız-hesabsız güzgüləri ətrafa büllur kimi şölə saçır.
Salonun tavanı başdan-başa bəzəyə qərq olubmuş. Tavanın aşağısı bolluca nəbati
naxışlarla bəzənib ki, bunlar da əsasən süsən və qızılgüllərdən
ibarətdir».
H.Linç Güzgülü zalın divarlarında kətan üzərində işlənmiş 8 tablo gördüyünü və
onlardan ikisinin – İrəvan xanı Hüseynqulu xanın və onun sağında farsların
qəhrəmanı Fəraməzin tablolarının öz kitabına daxil etdiyi şəkildə əks olunduğunu
yazır. Müəllif divarlardakı digər portretlərdə Fətəli şahın, onun oğlu Abbas
Mirzənin, İrəvan xanı Hüseynqulu xanın qardaşı Həsən xanın, qəhrəman döyüşçü
personajları olan Zöhrabın və Rüstəm Zalın, habelə cəngavər bir qadının
(amazonun) obrazlarını əks etdirən portretlərinin təsvir olunduğunu yazır.
[246]
Həmin dövrdə təsviri incəsənətin ən geniş yayılmış və inkişaf etmiş sahəsi
memarlıq abidələrində öz əksini tapan divarüstü boyakarlıq olmuşdur. Avropa
səyyahlarını və rəssamlarını valeh edən, tərif dolu təəssüratlarını yazmağa
vadar edən də Xan sarayının memarlığından daha çox, onun zəngin bədii tərtibatı,
divarlarını bəzəyən portret və süjetli kompozisiyalardan ibarət monumental
boyakarlıq əsərləri olmuşdur.
İrəvan Xan sarayının daxili tərtibatı haqqında şahidlərin təsvirləri, rus
rəssamı akademik Vladimir Moşkovun, həvəskar etnoqraf və rəssam knyaz Qriqori
Qaqarinin, fransız səyyahı və rəssamı Düyuba de Monperenin çəkdikləri rəsm
əsərləri, fotoqraf Dmitri Yermakovun, ingilis səyyahı Henri Linçin çəkdikləri
fotolar sarayın bədii tərtibatı, divar rəsmlərinin məzmunu, forma və üslubu,
professional sənətkarlıq və estetik xüsusiyyətləri haqqında fikir söyləməyə
imkan verir.
Sənətşünaslıq elmləri doktoru Kərim Kərimov
İrəvandakı Xan sarayının müxtəlif rəssamlar və fotoqraflar tərəfindən çəkilmiş
şəkilləri əsasında sarayın memarlıq xüsusiyyətlərini və bədii tərtibatını
sənətşünaslıq nöqteyi-nəzərindən təhlil etmişdir. K.Kərimov “İrəvan sərdarının
sarayı” məqaləsində göstərir ki, sarayın Güzgülü zalının və Yay köşkünün
divarlarını bəzəyən ilkin rəsmlərin müəllifi bəlli deyil. Dekorativ və süjetli
divar rəsmləri həmin dövrdə mövcud olmuş kanonlara və ənənəyə əsaslanır. Bir
qayda olaraq divarların paneldən yuxarı səthində tağçalarda və tağçalararası
pannolarda həndəsi və stilizə edilmiş nəbati motivlərdən ibarət dekorativ
kompozisiyalar, gül və çiçəklərin, heyvan və quşların canlı, real təsvirləri
verilmişdir. Sarayın bədii tərtibatının əsasını portret təsvirləri və çoxfiqurlu
süjetli kompozisiyalar təşkil edir.
K.Kərimov daha sonra yazır ki, XIX əsrin ikinci yarısında həyata keçirilən təmir
işlərinədək Xan sarayının bədii tərtibatında portret rəsmləri və onların
arasında Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında ov və döyüş, kef
məclisləri və məhəbbət səhnələrini əks etdirən süjetli kompozisiyalar daha çox
olmuşdur. Həmin kompozisiyaların birində Rüstəm Zalın gənc döyüşçü ilə
vuruşması, digərində onun tanımadan öz oğlunu öldürməsi, başqa bir rəsmdə
Rüstəmin İsfəndiyarla döyüşü, daha bir başqasında onun divlə vuruşması və s.
təsvir edilirdi. [247]
İrəvan
Xan sarayındakı təsviri sənət nümunələrinin təhlili göstərir ki, istər portret
rəsmlərində, istərsə də süjetli və dekorativ kompozisiyalarda ənənəvi Şərq
motivləri ilə yanaşı, həmin dövrün Qərbi Avropa və Rusiya bədii yaradıcılığının
mütərəqqi ənənələri öz təsirini göstərmişdir. Bu təsir XIX əsrin ikinci
yarısında Xan sarayında aparılan təmir-bərpa işlərindən sonra daha aydın şəkildə
özünü büruzə vermişdir.
1864-cü ildə İrəvan qalasının hərbi istehkam obyekti kimi istifadəsinə son
qoyulmasından sonra baxımsızlıq üzündən yararsız hala düşən, nəmişlikdən divar
rəsmləri korlanan, karniz və tavanın güzgüləri qopub tökülən Xan sarayının
Güzgülü zalının əsaslı təmiri üçün dəfələrlə dövlət xəzinəsindən vəsait
ayrılmışdı. İrəvan qubernatorunun vəsatəti əsasında Qafqaz Canişinliyi Sərdar
zalının təmiri üçün 1867-ci ildə 1200 rubl, tufan nəticəsində qopmuş dəmir
örtüyün bərpası üçün 1871-ci ildə 1112 rubl 28 qəpik, zalın uçmuş divarlarının
bərpası üçün 1874-cü ildə 354 rubl 86 qəpik, Qafqaz canişinin sərəncamı ilə
Sərdar zalının əsaslı təmiri üçün 1880-ci ildə 1978 rubl 78 qəpik, İrəvan şəhər
idarəsi isə həmin məqsədlə 1770 rubl vəsait
ayırmışdı. [248]
Verilən məlumata görə, Xan sarayında bərpa işlərininin bir qismini Azərbaycan
dəzgah boyakarlığının banisi hesab edilən Mirzə Qədim İrəvani (1826-1875) həyata
keçirmişdir. İrəvan şəhərində anadan olan Mirzə Qədim 15 yaşında Tiflisdəki
gimnaziyanı bitirmişdir. Fars, rus və fransız dillərini mükəmməl öyrənən Mirzə
Qədim İrəvana qayıtdıqdan sonra ömrünün sonunadək poçtda teleqrafçı vəzifəsində
çalışmışdır. Deyilənlərə görə, Mirzə Qədimin atası Məhəmməd Hüseyn məşhur şəbəkə
ustası olmuşdur. Mirzə Qədimdə rəssamlığa meyl hələ Tiflisdə gimnaziyada oxuduğu
vaxt yaranmışdı. Əvvəlcə şüşə və parça üzərində şəkillər çəkən Mirzə Qədim
sonralar portret və ornamental kompozisiyalar ustası kimi məşhurlaşmışdır.
İrəvan Xan sarayının Güzgülü zalındakı portretlərin və ornamental
kompozisiyaların bərpası Mirzə Qədimə həvalə edilmişdi. O, Güzgülü zaldakı divar
rəsmlərinin əksəriyyətini bərpa etmişdir. Görünür, 1867-1874-cü illərdə Xan
sarayında dəfələrlə aparılan bərpa işlərini Mirzə Qədim həyata keçirmişdir.
Rəssamın yağlı boya ilə çəkdiyi “Fətəli şah”, “İrəvan sərdarı”, “Həsən xan”,
“Rüstəm Zal” portretləri hazırda Tiflisdə Gürcüstan Dövlət İncəsənət Muzeyində,
“Abbas Mirzə” portreti isə Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.
[249]
Sarayın bərpadan əvvəlki və sonrakı tərtibatına aid əyani materialın müqayisəli
təhlili göstərir ki, divar rəsmlərinin ancaq bir hissəsi portretlər və dekorativ
pannolar bərpa edilmişdir. Ov, döyüş və məhəbbət səhnələrini bərpa etmək mümkün
olmadığından, onların yerində yeni ornamental-dekorativ pannolar çəkilmişdi.
Portretləri bərpa edərkən M.Q.İrəvani işə mexaniki yanaşmamış, yeni texniki
vasitələrlə, əvvəlkilərdən fərqlənən yeni əsərlər yaratmışdır. Böyük ölçülü
kətan üzərində yağlı boyalarla işlənilib sonradan divara yapışdırılmış bu
əsərlər, əslində realist monumental boyakarlığın ilkin nümunələri idi. Məhz buna
görədir ki, bu əsərlər yüksək qiymətləndirilir və “Asiya boyakarlığının ən
yüksək nümunəsi” hesab edilir. [250]
Memarlıq
tarixi üzrə tanınmış Azərbaycan alimi L.S.Bretaniskinin verdiyi məlumata görə,
Sərdar sarayının Güzgülü zalının şimal istiqamətindəki açıq interyerinin
pərdələrinin məhv edilməsindən sonra, 1886-cı ildə həyata keçirilən təmiri
zamanı zalın interyeri Şəki Xan sarayının vitrajına (qapıya, pəncərəyə və
sairəyə salınan rəngli şüşələrdən düzəldilmiş şəkil və ya naxışlar) bənzər
şəbəkə üslubunda işlənmişdir. Lakin interyerin qapı və pəncərələri daha kobud
formada bərpa edilmişdir. İrəvan Xan sarayının Güzgülü zalının Q.Qaqarin və
Dyuba de Monpere tərəfindən çəkilmiş rəsmləri ilə, sarayın XIX əsrin ikinci
yarısında aparılan bərpa işlərindən sonra çəkilmiş fotoları arasında fərqlər
aydın görünür. Q.Qaqarinin rəsmlərində portretlər və divar rəsmləri daha zəngin,
daha nəfis və daha rəngarəng təsir bağışlayır.
Xan sarayının qorunub saxlanılması məsələsində o dövrün mütəxəssislərinin
rəyləri də birmənalı olmamışdır. İmperator Arxeoloji Komissiyasının (İAK)
restavrasiyaya həsr olunmuş xüsusi iclaslarında iki dəfə – 6 oktyabr
1910-cu il və 17 may 1912-ci il tarixlərində İrəvan qalasındakı Sərdar sarayının
məsələsi müzakirə edilmişdir. İclasın 6 oktyabr 1910-cu il tarixli “İrəvan
şəhəri. XVIII əsr Sərdar sarayı” başlıqlı protokolundan aydın olur ki, İAK 15
iyul 1910-cu il tarixdə Qafqaz hərbi dairəsinin mühəndis idarəsinə Sərdar sarayı
barəsində sorğu göndərmişdir. Bununla bağlı İAK-a göndərilən cavabda, İmperator
Moskva Arxeoloji Cəmiyyətindən xahiş edildiyi bildirilmişdir ki, Sarayın
qorunması və bərpası üçün vəsait tapsın. Lakin bu məsələ həll edilməmişdir.
Protokolda daha sonra qeyd olunur: “12 yanvar 1910-cu ildə İrəvanda baş verən
güclü və davamlı zəlzələ nəticəsində sarayın divarlarındakı köhnə çatlar daha da
böyümüş, və uçmaq təhlükəsi yaranmışdır. Güzgülü zalın tavanının və divarlarının
suvağı ciddi ziyan çəkmişdir, pəncərələrarası pilyastrlar, divarlardakı tağçalar
və stakalatitə bənzər karnizlər, güzgülərin əksər hissəsi qopmuş və sınmışdır.
Saray hazırda viranəliyi xatırladır və sıldırımlı qayalığın altında çimən
insanlar üçün təhlükəlidir. Sarayın bərpası üçün 11500 rubl və müvəqqəti
saxlanılması üçün isə 1000 rubl smeta hesablanmışdır. 28 fevral 1910-cu ildə
mühəndis dairəsinin rəisi Moskva Arxeoloji Cəmiyyətinə təklif etmişdir ki,
sarayın qalıqlarını öz sərəncamına götürsün, əks təqdirdə o, binanın sökülməsi
məsələsini qaldıracaqdır. Buna cavab olaraq, Cəmiyyət xahiş etmişdir ki, sarayın
planının surətini ona göndərsin və söküləcəyi təqdirdə şəkillərin, portretlərin
və Sarayın digər bəzək-düzəyinin haraya veriləcəyi haqqında məlumat verilsin. 3
avqust 1910-cu ildə sarayın çertyoju Arxeoloji Cəmiyyətə göndərilmiş və
bildirilmişdi ki, sarayın balaca mərmər hovuzunun, bütün portretlərin, divardakı
“Min bir gecə” səhnəsinin kaşı ilə işlənilmiş divar lövhəsinin bir hissəsinin və
güzgülü karnizlərin nümunələrinin Qafqaz hərb-tarix muzeyinə verilməsi nəzərdə
tutulmuşdur”… 1910-cu ilin mayında Qafqaz canişinin hərb məsələləri üzrə
köməkçisinin xahişi ilə İmperator Hərb-Tarix Cəmiyyətinin fəxri üzvü general
A.Z.Mışlaevski Saraya baxış keçirmiş və belə rəy vermişdir ki, guya bu binanın
heç bir tarixi dəyəri yoxdur və onun bərpasına çox böyük izafi məsrəf
çəkməkdənsə, sökülməsi məsləhətdir. Mışlaevski Sarayın bəzi əşyalarının Tarix
muzeyinə, portretlərin isə Qafqaz Hərb-Tarix muzeyinə verilməsini tövsiyə
etmişdir.
Daha sonra protokolda hərbçi mühəndis kapitan Bresslerin sonuncu İrəvan xanının
nəslinin nümayəndəsi Abbasqulu xan İrəvanskiyə istinadən verdiyi məlumat öz
əksini tapmışdır. Abbasqulu xanın söylədiyinə görə, Sərdar sarayı 1725-ci ildə
türklərin hakimiyyəti dövründə inşa edilmişdir. Onun sözlərinə görə, bir neçə
tikilidən ibarət olan Sərdar sarayı hərbi xəstəxana (yəni sarayın
hərəmxanası ) ilə məscid (yəni Sərdar, yaxud Abbas Mirzə
məscidi) və Zəngi çayı arasında xeyli geniş ərazini əhatə etmişdir ki,
bunların içərisində Güzgülü zal təntənəli qəbullara xidmət edirdi. Saray 1756-cı
ildə Hüseynəli xan tərəfindən əsaslı təmir edilmiş, daha sonra 1779-cu ildə və
nəhayət, 1810-cu ildə sonuncu xan Hüseynqulu xan tərəfindən təmir
edilmişdir.
Protokolda qeyd edilir ki, Hüseynqulu xanın dövründə saray müasir görkəmə malik
idi. Rusların hakimiyyəti dövründə isə saray tədricən tənəzzülə doğru
gedir.
Daha
sonra protokolda qeyd edilir ki, İrəvan quberniya idarəsindən cənab Bresslerə
verilən məlumata görə, saray 1868-ci ilədək hərbi müəssisəyə tabe olmuş, sonra
şəhər polisinin sərəncamına keçmiş, 1890-cı illərdən isə mühəndis təsisatına
tabe edilmişdir. Sərdar sarayının sökülməsində maraqlı olanlar onun 1850-ci ildə
baş verən zəlzələdən ciddi ziyan görməsini arqument kimi irəli sürmüşdülər.
Həmçinin protokolda qeyd edilirdi ki, 1865-ci ildə baş verən güclü tufan
nəticəsində sarayın şimal eyvanının pərdələri parça-parça olmuş, bir çox
yerlərdən divarın suvağı güzgülərlə birgə qopub tökülmüşdür. Sarayın təmiri üçün
dəfələrlə vəsatət qaldırılmış, nəhayət 1868-ci ildə divarlarının suvağının,
pərdəsinin və dam örtüyünün bərpası üçün 1200 rubl vəsait ayrılmışdır. 1886-cı
ildə Qafqaz canişinin qarşısında yeni vəsatətlər qaldırıldıqdan sonra şəhər
büdcəsinin vəsaiti hesabına Sərdar sarayı təmir edilmiş, o cümlədən sarayın
divarlarındakı 8 portret restavrasiya edilmiş, zal yenidən güzgülərlə
bəzədilmişdir. Daha sonra isə sarayın damı dəmir təbəqə ilə örtülmüş, pərdələri
isə şəbəkə üslubunda pəncərələrlə əvəzlənmişdir. Sarayın “Min bir gecə”
səhnələrini xatırladan divar rəsmlərinin əvvəlki görkəmini alması, Şah Abbasın,
sonuncu sərdarın və onun yaxınlarının portretlərinin, mərmər fontanın qorunub
saxlanılması da protokolda öz əksini tapmışdır. Müzakirələrdə çıxış edən
B.Farmakovski bildirir ki, ona sarayın elə fotoları məlumdur ki, həmin
fotolardan sarayın içərisinin çox maraqlı qədim abidə olduğu bəlli olur. Qraf
A.Bobrinski öz növbəsində qeyd edir ki, o, sarayı 1883-cü
ildə görmüşdür və həmin vaxt saray binası ona orijinal tikili kimi çox maraqlı
gəlmişdir.
Müzakirənin nəticəsi olaraq İmperator Arxeoloji Komissiyası qərara alır: 1)
saraya texniki baxış haqqında akt çatdırılsın; 2) N.Y.Marrdan xahiş edilsin ki,
saraya yerində baxsın. [251]
İrəvan Sərdar sarayının vəziyyəti haqqında məsələ növbəti dəfə İmperator
Arxeoloji Komissiyasının 17 may 1912-ci il tarixli iclasında müzakirə
edilmişdir. Məsələ ilə bağlı iki məruzə dinlənilmidir. Birinci məruzə Qafqaz
Hərb Dairəsinin baş komandanının daxili işlər nazirinə göndərdiyi 18 aprel
1912-ci il tarixli müraciətinə rəy verilməsi ilə bağlı olmuşdur. Müraciətdə
məsələ belə qoyulmuşdu ki, Sərdar sarayı ya təmir edilərək İmperator Arxeoloji
Komissiyasının ixtiyarına verilsin, ya da yoldan keçənlər üçün təhlükəli
olduğunu nəzərə alaraq sökülmək şərtilə satılsın. Məruzədə həmçinin qeyd
edilirdi ki, 1909-cu ildə sərdar sarayının təmiri üçün 12000 rubl vəsait
ayrılmışdır ki, hazırda həmin vəsait iki dəfə artırılmalıdır.
Gündəliyin ikinci məsələsi kimi, İmperator Arxeoloji Komissiyasının 6 oktyabr
1910-cu il tarixli iclasının qərarına əsasən akademik N.Marrın 1911-ci ilin iyul
ayında Xan sarayına keçirdiyi baxışın nəticəsi haqqında yazdığı rəy müzakirə
edilmişdir.
Akademik Marrın məruzəsində qeyd edilirdi ki, o, iki gün ərzində Sərdar sarayına
baxış keçirmiş və bəzi şəxslərlə görüşərək onun üçün qaranlıq olan məsələlərə
aydınlıq gətirmişdir. Marr sərdar sarayının dağılmasında həm zəlzələnin, həm
ötən illərin təsirinin olduğunu qəbul etməklə yanaşı, həm də son iki onillikdə
bu gözəl abidənin qorunmasına cüzi də olsa diqqət yetirilmədiyini qeyd etmişdir.
O, əks prosesin getdiyini, yəni sarayın tez bir zamanda dağıdılmasında maraq
olduğunu, özü də insan əli ilə dağıdıldığını qeyd edir.
Güzgülü zaldakı 7 portretin aqibətini təsvir edən akademik yazır ki, onlar
divardan vəhşicəsinə qoparılıb çıxarılmış və kənarlarının kiçik parçaları
qalmışdır. O, zalın tavanındakı, həmçinin karnizindəki güzgülərin daşla vurulub
sındırıldığını, sındırılmış şüşə parçalarından döşəmədə ayaq qoymağa yer
olmadığını qeyd edir. Zalın hər iki tərəfindəki yan otaqlar ayaqyoluna
çevrilmişdir. Halbuki, həmin otaqlardan birində vaxitilə imperator I Nikolay
gecələmiş və öz dəst-xətti ilə adını divara yazmışdı.
Daha sonra Marr qeyd edir ki, Sarayın şimal-qərb hissəsinin altı Şustovun konyak
zavodu tərəfindən qazılmışdır. (Həmin zavodu 1898-ci ildə Nerses Tahirovdan rus
şərab istehsalçısı Nikolay Şustov satın almış və Xan sarayının tikililərinin
hesabına zavodun ərazisini daha da genişləndirmişdi). Bunun nəticəsində Saraya
bitişik əlavə tikili uçub dağılmışdı.
Akademik Marr iki il öncə Güzgülü zalın Zəngi çayı tərəfə baxan hissəsinin
şüşəbəndinin darmadağın edildiyini, zalın döşəməsinin açıq-boz rəngli
plitələrinin, cilalanmış mərmərdən düzəldilmiş fəvvarəli hovuzun da vəhşicəsinə
sındırıldığını qeyd edir..
Marr
daha sonra yazır: “Sorğu-suallardan sonra saraydan çıxarılmış dekorativ
hissələrinin taleyi haqda bəzi şeylər öyrənə bildim. Dörd portret mühəndis
xidmətinin rəisinin evində aşkar olundu: ikisi şimal-qərb tərəfindən idi (onlar
xəsarət almışdir), ikisi – cənub-şərq tərəfindən. Çıxarılmış mərmər fəvvarənin
hissələri də orada saxlanılır.”
Marr yazır ki, Sərdar sarayının sistematik dağılmasının günahkarlarının kimliyi
sualı qalxanda, onda həvəslə dağıdıcı zaman, təbii fəlakətlər (zəlzələlər,
yanğınlar) səbəb kimi göstərilir, kənar səbəblər kimi Sərdar sarayının
ərazisində yerləşən Müqəddəs Hripsime cəmiyyəti və oradakı xüsusi mülkiyyətçilər
göstərilir, lakin qanunla onun qorunmasına məsuliyyət daşıyanların adları
çəkilmir. O, sonuncu onilliklər ərzində bu qədim abidəyə heç bir kəsin nəzarət
etmədiyini, əksinə nə isə əks prosesin – yəni dağıdıcı prosesin getdiyini qeyd
etmişdir. Marr əvvəllər sarayın divarlarından iki pəhləvanın portretlərinin
oğurlanmasından sonra axtarıldığını, lakin tapılmadığını yazır. Portetlərin
bərpası üçün səksəninci illərdə saraydakı portretlərin fotosunu çəkmiş erməni
fotoqrafı Tatyana müraciət etmiş, onun çəkdiyi şəkillər əsasında portretlərin
yenidən işlənilib yerlərindən asılması barədə göstəriş verilmişdi.
Akademik Marr Sərdar sarayının nümunəsində bütün Cənubi Qafqazda müsəlman tarixi
abidələrinin qorunmasına laqeyd münasibət bəslənildiyini yazır.
Daha sonra akademik Marr Sərdar bağındakı Yay köşkünün vəziyyətini ürək ağrısı
ilə təsvir edir. O, Yay köşkündən ancaq bir xatirə qaldığını yazır. Marr qeyd
edir ki, o, Yay köşkünün fotoqraf Tatyanın ot tayasının üstündən çəkdiyi şəklini
görmüşdür və onun daxili divarları Molla Nəsrəddinin lətifələrinin mövzusuna
uyğun rəsmlərlə bəzədilmişdi. Məruzəçi İrəvan şəhər rəhbərliyinin 1892-ci ildə
Yay köşkünü partlatmaq qərarına gəldiyini və bu işi barbarcasına həyata
keçirilməsini podratçılara həvalə etdiyini qeyd etmişdir.
Akademik Marrın uzaqgörənliklə söylədiyi “Görünür, biz yerli qədim abidələrin
sistematik dağıdılması ilə üzləşmişik. Təbiidir ki, bu dağıdıcı fəaliyyət son
nəticədə qədim abidələrin izlərini itirməyə yönəlib” sözləri təbii ki, İrəvan
quberniyası ərazisində azərbaycanlılara məxsus tarixi abidələrə aid idi. Təbii
ki, heç bir xalq öz maddi-mədəniyyət abidələrini barbarcasına dağıtmaz, onların
yer üzündən silinməsinə çalışmaz.
İrəvan qalasındakı digər tikililərin vəziyyətini təsvir edən akademik Marr
məruzəsini aşağıdakı ifadələrlə bitirir: “Bütün bu tarixi abidələr çox yaxşı
qoruna bilərdi. İndi də qalanları qorumaq mümkündür və lazımdır: Arxeologiyada
xarabalıqlar da böyük əhəmiyyət daşıyır və ola bilər ki, axıradək dağılmasının
qarşısı alınsın. İlk növbədə mühafizə lazımdır: hasarı olmalı (hansı ki,
darvazası ilə qismən mövcuddur) və gözətçisi olmalı, dağılmaya və çirklənməyə
yol verilməməlidir. Yuxarıda sadalanan abidələrin sırf elmi əhəmiyyəti ilə
yanaşı dövlətin digər maraqları nöqteyi-nəzərindən də diqqət yetirilməlidir. Bir
mədəni Qərb ölkəsi kimi Rusiyanın nüfuzu tələb edir ki, əgər onun adına layiq
Şərq mədəni regionunda mədəniyyət sahəsində heç bir yaxşı iş görülmürsə, heç
olmazsa, dağıdıcı kimi adını batırmaq lazım deyil. Ölkənin ləyaqətinin
qorunmasına zərurəti abidələrin müsəlmanların əksəriyyət təşkil etdiyi bir
məntəqədə (yəni İrəvan şəhərində- N.M.), İranla Türkiyənin yaxın qonşuluğunda
mövcud olmaları daha da gücləndirir. Sərdar sarayına qayğılı münasibəti,
yuxarıda göstərildiyi kimi, Rusiya imperatorunun (yəni I Nikolayın) və rus
yazıçısı (yəni A.S.Qriboyedovun) xatirələri diktə edir. Yeri gəlmişkən, belə bir
rəvayət mövcuddur ki, “Ağıldan bəla” komediyasının ilk tamaşalarından biri
Sərdar sarayında göstərilmişdir.” [252]
Akademik N.Marrın məruzəsində işlətdiyi “darmadağın etmişlər”, “sındırmışlar”,
“oğurlamışlar”, “insan əli ilə dağıdılmışdır”, “barbarcasına” ifadələri təbii
ki, ermənilərə aiddir və onlar belə “təriflərə” layiq olduqlarını yetərincə
sübut etmişlər.
İmperator Arxeoloji Komissiyasının iclasının sonunda akademik Marr qəti şəkildə
bəyan etmişdir ki, saray həddindən artıq baxımsız vəziyyətdədir, lakin onun
tezliklə dağılmaq təhlükəsi yoxdur. V.V.Suslov qeyd etmişdir ki, vacib olan
sarayın orta hissəsidir və öz görkəmini tamamilə saxlamış vəziyyətdədir, sarayın
yan hissələrinin vəziyyəti aydın deyil, əgər onlar uçmayıblarsa, onda abidə
əhəmiyyətini itirməmişdir. A.A.Spisın xatırlatmışdır ki, hələ də saraya əsalı
texniki baxış keçirilməmişdir.
İmperator Arxeoloji Komissiyasının iclaslarının sonrakı illərdəki iclaslarının
protokollarında (axırıncı iclas 1918-ci ildə keçirilmişdir) İrəvan Sərdar sarayı
ilə bağlı məsələnin müzakirəsinə rast gəlinmədi. Görünür, hökumət tərəfindən
lazımi tədbirlər görülmədiyindən, Xan sarayının erməni vandalları tərəfindən
dağıdılmasının qarşısı alınmadığından saray növbəti illərdə yerlə yeksan
edilmişdir.
Sənətşünas alim N.Miklaşevskayanın yazdığına görə, Sərdar sarayı 1914-cü ildə
dağıdılmışdır və Mirzə Qədim İrəvaninin XIX əsrin ikinci yarısında sarayın
divarlarında 2 x 1 m ölçüdə çəkdiyi portretlər divardan qopardılaraq Tiflisdəki
Hərb-Tarix muzeyinə təhvil verilmişdir. Həmin portretlər Gürcüstanda sovet
hakimiyyəti qurulduqdan sonra Gürcüstan SSR Dövlət Muzeyinə, sonradan isə
Gürcüstan Incəsənət Muzeyinə verilmişdir. [253]
Belə nəticə hasil olur ki, Mirzə Qədim İrəvaninin Xan sarayının Güzgülü zalında
çəkdiyi 7 portretdən 4-ü (“Fətəli şah”, “İrəvan sərdarı”, “Həsən xan”, “Rüstəm
Zal”) Tiflisdəki, 1-i (“Abbas Mirzə”) isə Bakıdakı muzeylərdə saxlanılır.
Deməli, qalan iki portret erməni vandalları tərəfindən məhv edilmişdir.
Fotoqraf D.Yermakovun XIX əsrin 80-ci illərində çəkdiyi İrəvan Xan sarayının
bütün detallarını əhatə edən fotoşəkilləri hazırda Gürcüstan Dövlət Muzeyində
D.Yermakova aid kolleksiyada saxlanılır. Həmin fotoşəkillərin surətinin
çıxarılıb Azərbaycana gətirilməsi məsələsi həll edilməlidir.
Köhnə İrəvana aid şəkillər içərisində İrəvan qalasının və Xan sarayının 1916-cı
ildə çəkilmiş fotoşəkilləri mövcuddur. Görünür, Xan sarayının 1918-ci ildə yer
üzündən silinməsi haqqında bəzi müəlliflərin yazdıqları həqiqətdir. Çünki
1918-ci ildə İrəvan quberniyası ərazisində erməni-daşnak hökuməti qurulmuş,
azərbaycanlılara qarşı soyqırım həyata keçirilmişdi. İrəvan şəhərində
azərbaycanlılara məxsus olan bir çox tarixi-memarlıq abidələri də məhz həmin
dövrdə yer üzündən silinmişdir.
Xan sarayı erməni vandalları tərəfindən Yer üzündən silinsə də, günümüzədək
gəlib çatan məlumatlar, arxiv sənədləri, rəsm əsərləri, fotolar İrəvan Xan
sarayı kompleksinin tam mənzərəsini yaratmağa imkan verir.
İrəvanda Xan sarayının üslubunda inşa edilmiş tarixi-memarlıq abidələrindən biri
də Pənah xan Makinskinin evi idi. İrəvan şəhər Dumasının deputatı, kollej
müşaviri Süleyman xanın oğlu Pənah xana məxsus yaşayış kompleksi onun adını
daşıyan meydanda, Nalbandyan küçəsi-19 (keçmiş Ter-Qukasov küçəsi) ünvanında
yerləşirdi. Kompleksə xanın ikimərtəbəli evi, mətbəx, anbar, ayrıca həyətlərdə
nökərlər üçün birmərtəbəli ev və tövlələr daxil idi. Pənah xanın evi İrəvanda
dövlət tərəfindən qorunan memarlıq abidələri siyahısına salınsa da, ötən əsrin
60-cı illərində onun da aqibəti azərbaycanlılara məxsus digər tarixi-memarlıq
abidəsi kimi olmuş, dağıdılaraq yer üzündən
silinmişdir. [254]
İrəvan xan sarayı kompleksinin həmyaşıdları – Bakıda Şirvanşahlar sarayı, Şəkidə
Xan sarayı kompleksləri bu gün də yaşayır, keçmişdən bu günə soraq verirlər.
İrəvanda isə keçmişdən soraq verən bircə dənə də olsun tarixi abidə qalmamışdır.
İrəvan rəsmiləri bu gün xaricdən gələn qonaqlara və tədqiqatçılara “qədim erməni
torpağında” və onun “qədim paytaxtında” yaşı 200 ildən yuxarı bircə dənə də
olsun tarixi abidə göstərə bilmirlər.
Azərbaycanlılara məxsus əsrlər boyu yaranmış tarixi-memarlıq abidələrinin izini
silən ermənilər, indi biznes şəbəkəsi qurmaq məqsədilə “İrəvan qalası” layihəsi
hazırlamışlar. Şəhər ətrafında – keçmişdə Təzəkənd adlanan, indi isə
ermənilərin Noraqyuğ adlandırdıqları massivdə 184 hektar ərazidə inşa edilməsi
nəzərdə tutulan layihənin ilkin smeta dəyəri 6-7 milyard ABŞ dolları
civarındadır. Həmin layihədə ticarət obyektləri, karvansaralar, Şərq hamamları
ilə yanaşı mini “Sərdar sarayı” da inşa edilməsi də nəzərdə tutulur. Həmin
layihə başa gəlsə belə, onun tarixi-memarlıq baxımından heç bir qiyməti ola
bilməz. Çünki Şərq memarlığının nadir incisi hesab edilən İrəvan xanlarının
saray kompleksi ermənilərin dağıdıcı fəaliyyətləri nəticəsində yüz ildir ki,
tarixin yaddaşına köçüb.
Xan sarayı
Nazim
Mustafa
tarix üzrə fəlsəfə doktoru