İrəvan şəhəri və onun ətrafında mövcud olan
azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrindən yeganə salamat qalanı
şəhərin yaxınlığında, İrəvan-Eçmiədzin yolunun üstündə yerləşən Cəfərabad
kəndindəki Əmir Səəd məqbərəsidir. İrəvandakı Göy məsciddə aparılan təmir-bərpa
işlərindən sonra rəsmi İrəvan dairələri onu “İran məscidi” və yaxud “Fars
məscidi” adlandırdıqları kimi, Cəfərabad kəndindəki orta əsrlərə aid məqbərəni
də “Türkmən məqbərəsi” adlandırırlar.
Ermənilərin məqsədləri aydındır: tarixi Azərbaycan torpağı olan indiki
Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata
keçirdikdən sonra, onlara məxsus tarixi-memarlıq abidələrini də yer üzündən
silmək, bu da mümkün olmazsa, onların adlarını dəyişdirməklə izi azdırmaq.
Azərbaycan elminə və dövlətinə görkəmli şəxsiyyətlər bəxş edən Topçubaşovlar
(Topçubaşilər) nəslinin Cəfərabad kəndində əkin yerləri və ata-baba mülkləri
olmuşdur. Məşhur cərrah, akademik Mustafa bəy Topçubaşovun doğum
şəhadətnaməsində onun 1895-ci ildə Göykümbət kəndində doğulduğu qeyd edilmişdir.
Cəfərabad kəndi ona bitişik olan qədim Göykümbət kəndindən sonradan ayrılmışdır.
Əmir Səəd məqbərəsi yeni yaranan Cəfərabad kəndinin ərazisinə düşmüşdür.
Göykümbət kəndinin adı elə onun ərazisində yerləşən Əmir Səəd məqbərəsinin
günbəzinin göy rəngdə olması ilə bağlı olmuşdur. Bu kəndin adı bəzi mənbələrdə
Göygünbəz kimi çəkilir. Zəngibasar (Masis) rayonunun inzibati-ərazi bölgüsünə
daxil olan Cəfərabad kəndinin adını Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin
4 aprel 1946-cı il tarixli qərarı ilə dəyişdirərək Arqavand qoymuş, Göykümbət
kəndinin adını isə 1 dekabr 1949-cu ildən Gexanist adlandırmışlar.
Göykümbət kəndində Qaraqoyunlu tayfa birliklərinə
daxil olan Səədli tayfasının başçılarının qəbiristanlığı olmuşdur. Həmin
qəbiristanlıqda bir neçə türbə olmuşdur ki, onlardan da yalnız biri – Əmir Səəd
məqbərəsi günümüzə qədər gəlib çatmışdır.
Əmir Səəd məqbərəsi Qarqoyunlu əmirlərindən olan Əmir Səədin oğlu Pir Hüseyn
tərəfindən 1413-cü ildə inşa etdirilmişdir. Hələ Əmir Səədin sağlığında onun
hakimiyyəti altında olan ərazilər Çuxur Səəd, yəni Səədin çuxuru adlandırılırdı.
Çüxur-Səəd əmirliyinın tabeçiliyində olan ərazilərə hazırda Türkiyənin İqdır
vilayətinin düzənlik ərazisini əhatə edən və o zaman Sürməli adlanan ərazi və
Ağrı dağı vadisi daxil olmuşdur. Pir Hüseynin idarəçiliyi dövründə əmirliyin
sərhədlərinə Qars şəhəri və onun ətraf əraziləri də daxil olmuşdur. Erməni
tarixçisi A.D.Papazyanın yazdığına görə, Çuxur-Səəd adına ilk dəfə erməni
mənbələrində Matenadaranda saxlanılan 1428-ci ilə aid alqı-satqı sənədində rast
gəlinir. Üçkilsə (Vağarşabad, indiki Eçmiədzin) kəndinin alqı-satqısına aid
həmin sənəddə qeyd olunur ki, Üçkilsə kəndi Karpi nahiyəsinin kəndlərindən
biridir, hansı ki, Azərbaycan ölkəsinin Çuxur-Səəd vilayətində yerləşir. Ərəbcə
tərtib edilən həmin sənəddə şahidlər özlərini “səədilər”
adlandırmışlar.[275]
Qaraqoyunlu tayfa birliklərinin başçısı Qara Yusif Əmir Teymurun vəfatından bir
il sonra, yəni 1406-cı ildə onun nəvəsi Əbu Bəkiri Çüxur-Səəddə məğlubiyyətə
uğradır və onu qaçmağa məcbur edir. Bununla da teymurilərin hakimiyyətinə son
qoyulur. Qara Yusif bölgənin idarəçiliyini yenidən səədli tayfasının başçısı və
həmin bölgəni XIV əsrin sonlarından idarə edən Əmir Səədə həvalə edir. 1411-ci
ildə Əmir Səəd vəfat edir. Onun yerinə hakimiyyətə oğlu Pir Hüseyn keçir. Pir
Hüseynin hakimiyyəti dövründə Çuxur-Səəddə və Əmir Teymurun hücumundan sonra
dağılan Qarsda xeyli abadlıq və quruculuq işlərinin həyata keçirildiyini orta
əsr müəllifləri təsdiqləyir. 1414-cü ildə Pir Hüseynnin vəfatından sonra
hakimiyyətə onun oğlu Pir Qaib (bəzi müəlliflər onun adını Pir Yaqub kimi
çəkirlər), sonra isə digər oğlu Pir Əvdül gəlmişlər.
Əmir Səədin vəfatından iki il sonra – yəni 1413-cü ildə Pir Hüseyn atasının
məzarı üzərində həmin məqbərəni tikdirmişdir. Bu abidəni digər orta əsr
abidələrdən fərqləndirən əsas cəhət ondan ibarət idi ki, o kərpicdən deyil,
yerli qırmızı tuf daşdan inşa edilmişdir. Azərbaycan memarlıq tarixinin görkəmli
tədqiqatçısı professor Leonid Bretaniski 1939-cu ildə Q.Yelkin, L.Mamikonov
D.Motislə birgə Əmir Səəd məqbərəsində ölçmə işləri aparməşlar. L. Bretaniski
Əmir Səəd məqbərəsini Möminə-xatun məqbərəsinin kərpic memarlığı formasından daş
memarlığa “keçidin” özünəməxsus forması
adlandırmışdır. [276]
Naxçıvan memarlıq məktəbinə aid edilən düzgün onikiüzlü Əmir Səəd məqbərəsinin
hündürlüyü günbəzi nəzərə alınmamaqla 12 metr, yerin səthindən yuxarıda qalan
hissəsində içəridən diametri 5 metrdir. Kürsülükdən 12 daş yuxarıda içəriyə işıq
düşməsi üçün biri şimal, digəri isə cənub tərəfə iki balaca deşik qoyulmuşdur.
Məqbərənin tağlı qapısı cənuba baxır və oyma naxışla haşiyələnmişdir.
Məqbərənin karnizinin altında 50 sm enində, 22 metr
uzunluğunda friz üzərində nəsx xətti, süls elementləri ilə Qurandan ayələr həkk
olunmuş və məqbərənin kim tərəfindən inşa etdirildiyi qeyd edilmişdir.
Məqbərənin ərəb dilində olan kitabəsindəki yazının birinci hissəsi rəhmli
Allahın adı ilə və bir çox sərdabələrdə rast gəlinən “Quran-i Kərim”in 2-ci
surəsinin 255-ci ayəsi ilə başlayır. Sonra isə Azərbaycan Qaraqoyunlu dövlətinin
bir sıra tarixi şəxsiyyətlərinin adları çəkilir. Kitabədə yazılır: «Bu müqәddәs
qübbәli sәrdabә әn böyük, әn gözәl, әn nәcib, xoş xasiyyәtli padşaһların vә
sultanların dayağı, fәqirlәrin, sәfillәrin arxası, aqillәrin vә biliklәr üçün
susamışların һimayәçisi, yoxsullara vә iztirab çәkәnlәrә әl tutan, dövlәtinә eşq
olmuş Әmir Sәədin oğlu Pir Hüseynin buyruğu ilә ucaldılmışdır. Qoy onun
әdalәtli, idarә üsulu var olsun. Qoy mәrһәmәtli, mәrһum, mәrһәmәtlilәrin ağuşuna
atılmış Әmir Sәədin torpağı pak olsun. Qoy Allaһ böyük padşaһın һökmranlıqı
dövründә, alicәnab xaqan, Şәrqin vә Qәrbin şaһlar şaһı, dövlәtin vә dinin dayağı
Pir Budaq xan vә Yusif noyənin һakimiyyәtini әbәdi etsin, – 816 hicri,
rәcәb ayının 15-i”.
Bu tarix miladi təqvimi ilə 11 oktyabr 1413-cü ilə təsadüf edir.
Əmir
Səəd məqbərəsini 1950-ci illərin sonlarında tədqiq edən erməni tarixçisi
A.Papazyan kitabədə Pir Budaq xanın adının Qaraqoyunlu hökmdarı Qara Yusifin
adından öncə çəkilməsini məşhur tarixçi V.Minorskiyə istinadən onunla izah edir
ki, Qara Yusif 1409-cu ildə Təbrizdə oğlu Pir Budağı taxta çıxartdıqdan sonra
özü səltənətin naibi (regent) və kimi qalmışdı. Ona görə də, Əmir Səəd
məqbərəsindəki kitabədə Əmir Yusufin adı Pir Budağın adından sonra çəkilmiş və
o, “Yusif noyən” kimi – yəni qoşunların baş komandanı kimi təqdim
edilmişdir.
Erməni tarixçisi Akop Papazyan daha sonra yazır ki, yerli sakinlərin verdikləri
məlumata görə, Əmir Səədin sülaləsinə məxsus məqbərədən başqa, həmin ərazidə
nisbətən kiçik həcmdə günbəzvari daha iki məqbərə olmuşdur ki, sonradan sökülən
həmin məqbərələrin daşlarından yaxınlıqdakı tikililərdə istifadə edilmişdir.
A.Papazyan hesab edir ki, Pir Hüseyn məqbərəsi ilə sökülən məqbərələr eyni
dövrdə inşa edilmişdir. Səədli əmirlərinin ailə qəbiristanlığının İrəvana bu
qədər yaxın olmasını A.Papazyan onunla izah edir ki, Əmir Səədin hakimiyyəti
dövründən İrəvan şəhəri səədlilərin iqamətgah yeri olmuşdur. Məqbərənin içərisi
yer səthi səviyyəsində torpaqla örtüldüyündən onun sirri hələ də tam
açılmamışdır. A. Papazyan məqbərənin daxilinin tədqiqi zamanı döşəmənin
ortasında getdikcə genişlənən və yonulmuş daşla hörülmüş yeraltı sərdabəsi
mövcuddur. Onun yazdığına görə, çox ehtimal ki, həmin yeraltı tikilinin qərb
divarında qapı yeri olmalıdır ki, qəbirüstü kitabələrin də orada olması güman
edilən sərdabəyə keçmək mümkün olsun. [277]
1961-cı ildə Azərbaycanın ilk qadın epiqrafçı alimi Azərbaycan SSR Elmlər
Akademiyasının Tarix İnstitutunun əməkdaşı Məşədixanım Nemət də Ermənistan SSR
Elmlər Akademiyasının Arxeologiya İnstitutunun əməkdaşları ilə birgə Əmir Səəd
məqbərəsini tədqiq etmişdir. Yerli sakinlərin onlara verdikləri məlumata görə,
həmin kənddə orta əsrlərdən qalma çox böyük qəbiristanlıq və daha iki mavzoley
olmuşdur. Lakin M. Nemət həmin qəbiristanlıqda Pir Hüseyn məqbərəsindən başqa
heç bir qəbirüstü abidəyə rast gəlmədiklərini yazır.
[278]
Məşədixanım Nemət Əmir Səəd məqbərəsini həmin yerlərin tarixi keçmişindən söhbət
açan yeganə tarixi abidə və sənət əsəri adlandırır.
Yerli sakinlərin verdikləri məlumata görə, belə şayiə yayılıbmış ki, məqbərənin
günbəzi inşa edilərkən onun ən yuxarı hissəsində xeyli qızıl qoyularaq üstü
bağlanmışdır. Hətta belə bir deyim formalaşmışdı: “Dələrsən qafa tasını,
taparsan qızıl yuvasını”. Əsrlər boyu bu deyim nəsillərdən nəsillərə
ötürülmüşdü. Söylənilən qızıla sahib olmaq üçün XX əsrin ortalarında ermənilər
xəlvəti qaldırıcı kran gətirərək onun günbəzini deşmişdilər. Oradan qızıl
tapdıqlarını kimsə görməyib. Ancaq məqbərənin günbəzinin deşik olduğunu çoxları
görmüşdü.
1991-ci
ildə SSRİ-nin süqut etməsi nəticəsində yeni yaranan müstəqil dövlətlərdən
bəzilərinin arasında ciddi problemlər meydana çıxmış, Sovet hakimiyyəti
illərində İttifaq büdcəsindən aldığı dotasiya ilə dolanan Ermənistan isə
Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi ucbatından ciddi iqtisadi böhranla
üzləşmişdi. Uzun müddət Rusiya və Gürcüstan üzərindən Türkmənistandan qaz alan
və onun dəyərini isə ödəyə bilməyən Ermənistan rəhbərliyi Türkmənistan
hökumətinin güzəştə getməsi üçün yollar axtarırdı. Xəzər dənizindəki “Kəpəz”
karbohidrogen yatağının istismarı ilə əlaqədar Azərbaycanla Türkmənistan
arasında narazılıq yaranmışdı. Türkmənistanın həmin yatağa əsassız iddiası
səbəbindən yaranan narazılıqdan Ermənistan rəhbərliyi faydalanmaq fürsəti əldə
etmişdi. Bu zaman ermənilərin ağlına gəldi ki, İrəvan yaxınlığındakı Əmir Səəd
məqbərəsini “türkmən abidəsi” kimi təqdim etsinlər və onu “göz bəbəyi kimi
qoruduqlarını” Türkmənistan prezidenti Saparmurad Niyazovun nəzərinə
çatdırsınlar. 1996-cı ilin martında S.Niyazovun Ermənistana rəsmi səfərə gəlməsi
ermənilərin hiyləgər niyyətlərini gerçəkləşdirməyə imkan verdi. “Zvartnos”
aeroportunda rəsmi qarşılanmadan sonra prezidentlərin kartejləri oradan birbaşa
Cəfərabad kəndinə yollandı. Türkmənistan prezidentinin tarixlə bağlı
məlumatsızlığından istifadə edən Ermənistan prezidenti Levon Ter-Petrosyan bəyan
etdi ki, 1413-cü ildə “türkmən əmiri” Pir Hüseyn tərəfindən inşa edilən bu abidə
türkmən-erməni dostluğunun simvoludur. Elə oradaca Ermənistan prezidenti türkmən
həmkarına təklif etdi ki, abidənin araşdırılması üçün arxeoloqlardan və
tarixçilərdən ibarət birgə işçi qrupu yaradılsın. Ermənilərin müsəlman
abidələrinə qarşı belə yüksək “qayğıkeşliyindən” riqqətə gələn S.Niyazovun həmin
səfəri zamanı Ermənistan üçün bir neçə sərfəli müqavilə imzalandı.
Üstəlik, Ermənistanın Türkmənistandan qaz idxalından yaranan 34 milyon ABŞ
dolları həcmində borcu 5 illiyə ertələnərək, çox əlverişli şərtlərlə kreditə
bağlandı.
1997-ci ildə Levon Ter-Petrosyan Türkmənistanda səfərdə olarkən yenə də “türkmən
abidəsi” Əmir Səəd məqbərəsinin qorunması üçün Ermənistan hökumətinin necə böyük
fədakarlıqlar göstərdiyini Türkmənistan rəhbərlərinin diqqətinə çatdımışdı.
Üstəlik, L.Ter-Petrosyan Ermənistan milli bankında saxlanılan, içərisində
qiymətli daş-qaşlar olan qutuları S.Niyazova göstərmişdi. Türkmənbaşı qutuları
bir-bir açaraq, ən gözəl üzüklərdən birini çıxarıb öz barmağına taxmışdı. Bundan
sonra yenə də bir müddət Ermənistanın qaz idxalından yaranan borc məsələsi
gündəlikdən çıxmışdı.[279]
Əmir Səəd məqbərəsinin “qorunması” hesabına Türkmənistandan yardım qoparmaq
ənənəsi Robert Koçaryanın prezidentliyi dövründə də da davam etdirilmişdi.
2000-ci ilin aprelində Türkmənistanın Ermənistandakı səfirliyinin dəvəti ilə
Aşqabaddan gələn tarix elmləri doktoru Xamra Yusupovanın və erməni
tarixçilərinin iştirakı ilə dəyirmi masa keçirilmişdi. Dəyirmi masada məqbərənin
restavrasiyası məsələsi müzakirə edilmişdi. Səfir Toylu Qurbanov bildirmişdi ki,
türkmən-erməni dostluğunun simvolu kimi bu abidəyə xüsusi status verilməsi
qərara alınmışdır.
2001-ci ilin sonunda Türkmənistanın Ermənistandakı səfirliyinin vəsaiti hesabına
Əmir Səəd məqbərəsinin ətrafında abadlıq işləri aparılmışdır. 2002-ci il
yanvarın 11-də bütün ermənilərin katolikosu II Qareginin və bir çox rəsmi
şəxslərin iştirakı ilə Əmir Səəd məqbərəsinin önündə qoyulan xatirə lövhəsinin
açılışı olmuşdur. 2002-ci il yanvarın 17-də Pobert Koçaryanla Saparmurat Niyazov
arasındakı telefon danışığında Türkmənistan prezidenti İrəvan yaxınlığındakı
“türkmən mədəniyyət abidəsinin” qorunmasına, ətrafının abadlaşdırılmasına və
xatirə lövhəsinin qoyulmasına görə erməni həmkarına minnətdarlıq etmişdi.
Fürsətdən istifadə edən Ermənistan prezidenti, bunun qarşılığında yenə də
Türkmənistandan idxal edilən qazın həcminin artırılmasına nail
olmuşdu. [280]
Qəribə orasıdır ki, ermənilər nəinki Türkmənistanın dövlət başçısını, hətta
türkmən tarixçilərini də sözün həqiqi mənasında naşı yerinə qoymuşdular.
Yuxarıda qeyd etdiyimiz kimi, Əmir Səəd məqbərəsi Qaraqoyunlu hökmdarı Qara
Yusifin teymurilər üzərində qələbəsindən və onların həmin ərazidə varlığına son
qoyulmasından bir neçə il sonra inşa etdirilmişdi. Məntiqlə, Əmir Səəd məqbərəsi
Əmir Teymurun düşmənlərinin məzarı üzərində ucaldılan tarixi abidədir. Digər
tərəfdən, orta əsr ərəbdilli mənbələrdə bütün türk-oğuzlar “türkman”, yaxud
“tərakumə” adlandırılmışdır ki, bu, müasir Türkmənistan ərazisində yaşayan
türkmən etnosu anlamına gəlmir. Türkmənbaşının yazdığı “Ruhnamə” kitabında digər
türkdilli xalqları aşağılayan ifadələrə yer verilməsi də ermənilər üçün
göydəndüşmə olmuşdu. 2005-ci ilin martında “Ruhnamə”nin erməni dilinə
tərcüməsinin İrəvanda təntənəli təqdimat mərasiminin keçirilməsi S.Niyazovun
ermənilərin dəyirmanına su sökməsinin qarşılığında atılan addım idi.
Türkmənistan rəhbərlərinin və alimlərinin orta əsrlər tarixinə “biganəlikləri”
ermənilərə imkan verirdi ki, bu fürsətdən lazımınca faydalansınlar.
Erməni
mətbuatının yazdığına görə, erməni-türkmən birgə ekspedisiyası Əmi Səəd
məqbərəsinin içərisində hissə-hissə qazıntı işləri aparmışdır. Məlum olmuşdur
ki, sərdabənin yeraltı hissəsi kvadrat formasındadır, divarları tağlarla
bəzədilmişdir. Məqbərənin şimal divarında sərdabəyə enmək üçün pilləkənli giriş
qapısı olmuşdur.
Lakin görünür, hər iki tərəfə – ermənilərə və türkmənlərə sərf etmədiyi
üçün arxeoloji qazıntıların nəticələri, sərdabənin içərisində olan sənduqənin
üzərindəki yazılar haqqında indiyədək heç bir məlumat veilməmişdir.
2001-ci ildə şəhərin mərkəzindəki “Yerevan” hoteli ilə üzbəüz, Abovyan küçəsi-3
ünvanında aparılan qazıntı işləri zamanı (həmin ünvanda hazırda “Alen &
Elen” disko-klubu yerləşir) yerin altında qədim müsəlman sərdabəsi
aşkarlanmışdır. Ermənilər bunu da “türkmən abidəsi” kimi sırımağa cəhd
göstərdilər. Tuf daşdan yonulmuş, dövrün memarlıq üslubu ilə bəzədilmiş,
divarları şirli daşlarla örtülmüş bu sərdabənin 1319-cu ildə inşa edildiyi bəlli
olmuşdur. Erməni arxeoloqları bu memarlıq abidəsini əvvəlcə “türkmən abidəsi”
adlandırsalar da, sonradan ağ elədiklərini anlayıb, onu “monqol abidəsi”
adlandırmağa başlamışlar.
Ermənilərin mövqeyi belədir ki, İrəvan ərazisində mövcud olan və bugünədək gəlib
çatan azərbaycanlılara məxsus abidələr tarixi saxtalaşdırmaq yolu ilə qoy
“fars”, “türkmən”, “monqol” abidəsi adlandırılsın, bununla da həmin abidələrin
əsl sahiblərinin kimlər olduğu ört-basdır edilsin. İndi ermənilər Abovyan
küçəsində aşkarlanan həmin sərdabəni “monqol abidəsi” adı altında Ermənistan
hökuməti tərəfindən qorunan tarixi abidələr siyahısına daxil
etmişlər. [281]
Rəsmi İrəvan “türkmən abidəsi” kartından Türkmənistanın yeni prezidenti
Qurbanqulu Berdıməhəmmədovun İrəvana rəsmi səfəri zamanı da istifadə etmişdir.
2012-ci il noyabrın 28-də İrəvandakı Böyük konsert zalında Qurbanqulu
Berdıməhəmmədovun erməni dilinə tərcümə edilmiş üç kitabının («Полет небесных
скакунов», «Туркменистан» и «Туркменистан – край исцелений») təqdimat mərasimi
keçirilmiş, ertəsi gün Türkmənistan prezidentini Cəfərabad kəndinə apararaq
“türkmən abidəsi” kimi Əmir Səəd məqbərəsini necə mühafizə etdiklərini
göstərmişlər. Ermənilərin bu “qayğıkeşliyindən” riqqətə gələn Türkmənistan
prezidenti öz ölkəsi üçün heç bir geosiyasi və iqtisadi əhəmiyyət kəsb etməyən
Ermənistanla müxtəlif sahələrdə tərəfdaşlıq müqavilələri imzalamış, hətta
Türkmənistanın Ermənistana elektrik enerjisi ixrac etmək niyyətində olduğunu
bildirmişdir. [282]
Azərbaycan Qaraqoyunlu dövlətinin yadigarı olan Əmir Səəd məqbərəsi hazırda
“türkmən əmirləri ailəsinə məxsus mavzoley” adı altında Ermənistanda qorunan
tarixi abidələr siyahısına daxil edilmişdir.
Əmir Səəd məqbərəsi
Nazim
Mustafa
tarix üzrə fəlsəfə doktoru