Abbas
Məhəmmədzadə
Təxminən
1864-ci ildə tacir ailəsində anadan olmuşdur. İsfahanda fars dilini öyrənmiş,
İrəvanda mədrəsədə təhsil almışdır. 1881-ci ildə İrəvanda açılan müəllimlər
seminariyasında ərəb və fars dillərindən dərs demişdir. Fars dilini mükəmməl
bildiyi üçün onu Fars Abbas deyə çağırırlarmış. 1912-ci ildə Bakıda “Orucov
qardaşları” mətbəəsində “Güldəstə” adlı dərsliyi fars dilində çapdan cıxmışdır.
1913-cü ildə onun eyni zamanda Bakıda, Tiflisdə və İrəvanda fars dilində
“Bədrağatül-Əftal”(“Balalara hədiyyə”), “Caмоучителъ фарсидкого языка для
русских” dərslikləri nəşr edilmişdir. 1918-ci ildə İrəvanda törədilən qırğınlar
zamanı Təbrizə pənah gətirmiş və bir il sonra orada vəfat etmişdir.
Onun böyük oğlu Cabbar Məmmədzadə (1882-1937) İrəvan müəllimlər seminariyasını
1902-ci ildə bitirmiş, 1907-ci ildən həmin seminariyada müəllim işləmişdir.
1918-ci ilin avqustunda müəllimlər seminariyası bağlandıqdan sonra Naxçıvana
gəlmiş, iki il oradakı ali ibtidai məktəbdə dərs demişdir. Həmin illərdə onun 3
kitabı (“Самоучителъ тюрского языка для русских”, “Самоучителъ русского языка
для тюрок”, “Самоучителъ русского языка для персов”) nəşr olununr. O, 1920-ci
ildə Bakıya köçmüş və ali məktəblərdə mühazirələr oxumuşdur. 1937-ci ildə
“Azərbaycanda tədris metodikası tarixi” adlı əsərinə görə ona pedaqoji elmlər
doktoru elmi dərəcəsi verilmişdir. Həmin ilin oktyabr ayında o, həbs olunmuş və
güllələnmişdir.
Mirzə Cabbarın oğlu Cəlal Məmmədov (1918-1983) Azərbaycan Dövlət Universitetinin
hüquq fakültəsini bitirsə də ədəbiyyata meyl etmişdir. Maarif Nazirliyində və
“Azərnəşr”də məsul vəzifələrdə işləmiş, sonralar Teleradio Dövlət Komitəsində
sədr müavini, “Kommunist” qəzetində redaktor müavini vəzifələrində calışmışdır.
1966-cı ildə “Azərbaycan” jurnalının baş redaktoru təyin edilmiş, 1975-ci ildən
ömrünün sonunadək isə Kitab Ticarəti, Poliqrafiya və Nəşriyyat işləri üzrə
Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində işləmişdir.
Cabbar
Əsgərzadə
Əsgərzadə Cabbar Əsgər oğlu1885-ci ildə İrəvan
şəhərində anadan olmuşdur.O, ilk təhsilini mollaxanada almış, on beş yaşından
isə evlərdə kiçik yaşlı uşaqlara dərs deməklə məşğul olmuşdur. “Qafqaz”
qəzetinin müxbirlərindən biri kimi jurnalistlik fəaliyyətinə başlamışdır. “Molla
Nəsrəddin” məcmuəsində də şeir və məqalələrlə çıxış etmişdir. İrəvan
qubernatorunun 21 yanvar 1914-cü il tarixdə Mirməhəmməd Mirfətullayev və Cabbar
Əsgərzadəyə verdiyi icazəyə əsasən onlar həmin il fevralın 22-də satirik
“Lək-lək” jurnalının ilk nömrəsini buraxmışdılar. “Lək-lək”in cəmisi 8 nömrəsi
işıq üzü görmüşdür. Dövri mətbuatda çıxan satirik şeirləri və publisistik
yazıları onu təqiblərə məruz qoymuşdur. Digər tərəfdən, xəstəliyi ilə əlaqədar
o, Cənubi Azərbaycanın Mərənd şəhərinə köçməyə məcbur olmuşdur və burada
Əhmədiyyə məktəbində müəllim işləmişdir. Sonra o, Təbriz şəhərinə dəvət
olunmuşdur. Burada uşaq bağçasının açılmasına kömək etmiş, kar və lal uşaqlar
üçün məktəb təşkil etmiş (1922-1927), Şirazda uşaq evində pedaqoji fəaliyyətini
davam etdirmişdir (1927-1933). Sonra Tehranda korlar və lallar üçün məktəb
açmışdır. Burada “Zəban” adlı pedaqoji jurnal nəşr etmiş (1942), eyni zamanda
ictimai, ədəbi və pedaqoji fəaliyyətini davam etdirmişdir. Onun çoxcəhətli
yaradıcılığı – pedaqogika, poeziya, incəsənət, musiqi, mədəniyyət və
səhiyyə ilə sıx bağlı idi. Ərəb, fars və rus dillərini mükəmməl bilmiş, xarici
ölkə xalqlarının seçmə poeziyasından tərcümələr etmişdir. Əsərlərini Azərbaycan
və rus dillərində yazmışdır. Lirik şeirlərini C.Əsgərzadə, Aciz, Bağçaban,
satirik şeirlərini isə “Məhkəmə pişiyi”, “Noxtalı”, “Leyləyin yuvadibisi”,
“Molla haray” və s. imzaları ilə çap etdirmişdir. Onun kiçik yaşlı uşaqlar və
məktəblilər üçün yazdığı mənzum hekayələri də nəşr olunmuşdur. Maarif
sahəsindəki xidmətlərinə görə Tehran Universiteti ona professor adı
vermişdir.
Cabbar Əsgərzadə 1966-cı ilin payızında Tehranda vəfat etmişdir.
Mirabbas
Mirbağırov
Mirbağırov Mirabbas Mirhüseyn oğlu Mirbağırov təqribən 1880-1885-ci illər
arasında İrəvan şəhərində doğulmuşdur. İrəvan gimnaziyasını bitirmişdir.
Mirabbas Mirbağırov gənc yaşlarından qardaşı Mirabdulla ilə birlikdə kitab
ticarəti ilə məşğul olmuşdur. Qardaşlar İrəvanda “Umud” kitab
mağazası açmışdılar. Onlar 1909-cu ildə Bakıya gəlmiş və 1914-cü ildə burada
yeni kitab mağazası açmışdılar.
Mirabbas Mirbağırovun ilk yazısı 19 iyun 1905-ci ildə “Həyat”
qəzetində dərc olunmuşdur. Onun 1905-1929-cu illər arasında 200-ə yaxın
publisist məqaləsi, xəbəri, bədii tərcüməsi işıq üzü görmüşdür. İlk vaxtlar
“Həyat” və “İrşad” qəzetləri ilə sıx əlaqələr quran
Mirbağırov sonralar “Təzə Həyat”, “Tərəqqi”, “Yeni
İrşad”, “İqbal”, “Sədayi-həqq” qəzetləri ilə də
yaxından əməkdaşlıq etmişdir. Ən çox işlətdiyi gizli imzası
“Nadi”dir.
Jurnalistlik fəaliyyətini sonrakı illərdə də davam etdirərək, Azərbaycan
Cümhuriyyəti dönəmində “Azərbaycan”, sovet hakimiyyəti dövründə
“Kommunist”, “Yeni yol” qəzetlərində, “Xalq
maarifi”, “Füqəra füyuzatı”, “Maarif və
mədəniyyət”, “Azərbaycan Ali İqtisad Şurasının əxbarı”,
“Xalq müəllimi”, “Qızıl qələm”, “Əkinçi”,
“Maarif işçisi”, “İqtisadi xəbərlər” jurnallarında
məqalələri dərc edilmişdir.
Mirabbas Mirbağırov da İrəvanda teatrın özülünü qoyanlardan biridir.
Mirabbas Mirbağırovun 1913-1914-cü illərdə 6-sı orijinal, 1-i tərcümə olmaqla 7
kitabı nəşr edilmişdir. O, “Osmanlı tarixinin mühüm səhifələri”
(Bakı, 1913), “Osmanlı hökumətinin qüdrətli günləri” (1913),
“Tarix səhifələri. I. İslam pulları. II. Misir ölkəsi və tarixi”
(1914), “Cənab Yusif və macərayi-məşhuru” (1914), “Osmanlı
marşları, Vətən və millət nəğmələri” (1914) və başqa kitabların
müəllifidir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə İrəvan quberniyası Həmyerlilər
Cəmiyyətinin qərarına əsasən və Azərbaycan hökumətinin tapşırığı ilə 1919-cu
ilin yanvarında yerli əhalinin problemlərini öyrənmək üçün M.Mirbağırovun
rəhbərliyi ilə Naxçıvana nümayəndə heyəti göndərilmişdir. Əhali Azərbaycan Xalq
Cümhuriyyətinin elçilərini böyük ruh yüksəkliyi ilə qarşılamışdı. 1919-cu il
fevralın 22-də M.Mirbağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvanda
ingilis general-qubernatoru ilə görüşərək, Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin Naxçıvanla bağlı mövqeyini onun diqqətinə çatdırmışlar. Naxçıvanda
hakimiyyətin sonrakı taleyi ilə bağlı Cəfərqulu xanın iqamətgahında keçirilən
görüşdə Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti ilə yanaşı, ingilis
general-qubernatoru da iştirak eetmişdir. Azərbaycan hökumətinin nümayəndələri
Cəfərqulu xanın başçılıq etdiyi hökuməti tanıdıqlarını bildirmişlər. Naxçıvanın
könüllü olaraq Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsi haqqında tərtib olunan
Aktın mətninin hazırlanmasında iştirak etmişdi. Siyasi, hərbi, iqtisadi, maddi
və mədəni məsələlərə aid bəndlərdən ibarət akt hökumət və Milli Şura üzvləri,
əhalinin nümayəndələri tərəfindən imzalanaraq, hökumət möhürü ilə təsdiq
edilmişdi. Nümayəndə heyətinin Naxçıvanda gördüyü işlər Azərbaycan tarixinə
“Mirbağırov missiyası” kimi daxil olmuşdur.
M. Mirbağırov sovet hakimiyyətinin ilk illərində ASSR Xalq Ərzaq Komissarlığı
sistemində, 1923-cü ildən “Kommunist”, 1924-cü ildən “Yeni
yol” qəzetlərində, 1925-ci ildən 1929-cu ilədək “Maarif
işçisi” jurnalında çalışmşdır.
Onun əsərləri indi də öz elmi dəyərini saxlayır. Bu əsərlər onun iqtisadçı,
etnoqraf, coğrafiyaçı, sənətşünas, ədəbiyyatşünas, dilçi, pedaqoq, tarixçi kimi
ensiklopedik biliyə malik olduğunu göstərir.
1930-cu ilin əvvəlində özünün və qardaşlarının ailəsi ilə birlikdə Türkiyəyə
köçdüyü güman edilir.
Teymur xan
Makinski
Teymur xan Məhəmmədqulu xan oğlu Makinski 1874-cü ildə İrəvan şəhərində anadan
olmuşdur. İrəvanda yaşayan Maku xanlarının törəmələrindən olan Makinskilər nəsli
İrəvan xanlarının nəsil davamçıları İrəvanskilərlə yaxın qohum idilər.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Teymur xan Makinski
İrəvan gimnaziyasını, sonra isə Varşava Universitetinin hüquq fakültəsini
1916-cı ildə birinci dərəcəli diplomla bitirmişdir.
Teymur xan Makinski XX əsrin əvvəlində Azərbaycanda milli azadlıq hərəkatının
fəal iştirakçılarından biri olmuşdur. İctimai-siyasi xadim Teymur xan Makinski
Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının
süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü olmuşdur.
Milli Şuranın 19 noyabr 1918-ci il tarixli “Azərbaycan Məclisi-Məbusanının
(Parlamentinin) təsisi haqqında qanun”una əsasən, seçkisiz Azərbaycan Xalq
Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir. T.Makinski 1918 ilin
iyun-oktyabr aylarında Azərbaycan hökuməti ədliyyə nazirinin müavini, oktyabrın
20-dən dekabrın sonunadək Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan hökuməti
yanında diplomatik nümayəndəsi olmuşdur. O, İrəvan quberniyasında yaşayan
azərbaycanlıları erməni zülmündən qorunması məqsədilə 1919-cu ilin yanvarında
Bakıda təsis edilmiş İrəvan Quberniyası Həmyerliləri Cəmiyyətinin idarə
heyətinin sədri seçilmişdir.
Teymur xan Makinski 1918-ci il dekabrın 26-dan 1919-cu il martın 14-ə qədər
Fətəli xan Xoyskinin 3-cü hökumət kabinəsində ədliyyə naziri vəzifəsini icra
etmişdir. O, 1919-cu ilin iyunundan 1920-ci ilin yanvarına qədər Azərbaycan
hərbi məhkəməsinin sədri, 1920-ci ilin martından isə yenidən Azərbaycan Xalq
Cümhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 1920-ci il mayın 15-də
İrəvandakı diplomatik nümayəndəliyin fəaliyyəti Ermənistan hökuməti tərəfindən
dayandırılmışdır. Diplomatik nümayəndəliyin başçısı olduğu zaman Zəngibasarda
yaşayan soydaşlarımıza maddi yardım göstərdiyinə görə, T.Makinskiyə qarşı
Ermənistan prokurorluğu tərəfindən cinayət işi açılmış, lakin o, Gürcüstanın
İrəvandakı daimi nümayəndəliyinin yardımı ilə İrəvanı gizlicə tərk edərək mayın
28-də Tiflisə qayıda bilmişdi.
Təəssüf ki, Teymur bəy Makinskinin sonrakı taleyi haqqında səhih məlumat
yoxdur.
Teymur bəy Makinskinin əmisinin oğlu, 1908-ci ildə Peterburq Universitetinin
hüquq fakültəsini bitirmiş Abbasəli bəy Makinski Azərbaycan hökumətinin
İrəvandakı daimi nümayəndəliyində çalışmışdır. Rus, ingilis, fransız, və alman
dillərini bildiyi üçün diplomatik danışıqlarda azərbaycanlıların hüquqlarını
müdafiə etmişdir. Abbasəli bəy Makinski 1918-ci ilin payızında Naxçıvanda
qurulan Araz-Türk Hökumətinin fəallarından olmuşdur.
Rəşid bəy
İsmayılov
Tanınmış publisist, tarixşünas-alim və pedaqoq Rəşid bəy Əsəd oğlu İsmayılov
1877-ci ildə İrəvan şəhərində anadan olmuşdur. İrəvan Müəllimlər Seminariyasını
bitirmişdir. O, 1903-cü ildə “Şərqi-rus” qəzetində fəaliyyətə başlamışdır.
Bununla yanaşı, Qafqazda və Rusiyada çap olunan rusdilli mətbuatda
(“Sankt-Peterburqskiye vedomosti” və s.) məqalələr dərc etdirmişdir. Rəşid bəy
İsmayılov bir il “Tiflisskiy listok” qəzetində çalışmışdır. Dövrün görkəmli
şəxsiyyətləri Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağayev
(Ağaoğlu), Əlimərdan bəy Topçubaşov və başqaları ilə sıx əlaqələri olmuş,
onlarla birlikdə fəaliyyət göstərmişdir. “Şərqi-rus” qəzetinin nəşri
dayandırıldıqdan sonra “Novoye obozreniye” qəzetinin müsəlman həyatı və Yaxın
Şərq şöbələrinə rəhbərlik etmişdir. Rəşid bəy İsmayılov “Təzə zaman” adlı qəzet
nəşr etdirmək üçün Qafqaz canişininə ərizə ilə müraciət etsə də, onun
panislamist olmasını bəhanə gərirərək qəzetin nəşrinə icazə verilməmişdi.
Onun “Müxtəsər Qafqaz tarixi və Zaqafqasiyada zühur edən məşhur türk ədib və
şairlərinin müxtəsərən tərcümeyi-halları” kitabı 1904-cü ildə Tiflisdə
“Şərqi-rus” mətbəəsində Azərbaycan türkcəsində çap olunmuşdur. Bu kitabda
Qafqazın, o cümlədən Azərbaycanın XIX əsr tarixinin bəzi məsələləri öz əksini
tapmışdır. Rəşid bəy İsmayılov Zurab Antonovun “Koroğlu” pyesini gürcü dilindən
azərbaycancaya çevirmiş və həmin əsər Tiflis teatrında tamaşaya
qoyulmuşdu.
Rəşid bəy İsmayılov Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nazirlər Şurasında
məsul vəzifədə çalışmışdır. 1919-cu il yanvarın 15-də Bakıda İrəvan
quberniyasında yaşayan azərbaycanlıların fövqəladə iclası keçirilmiş və İrəvan
quberniyası müsəlmanlarının Həmyerlilər Cəmiyyəti təsis edilmişdir. Rəşid bəy
İsmayılov bu cəmiyyətin məsul katibi kimi səmərəli fəaliyyət göstərmişdir.
Rəşid bəy İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Bakıdakı 18
nömrəli məktəbdə tarix müəllimi işləmişdir.
Azərbaycan tarixinin elmi mənbələr əsasında araşdırılması sahəsində
A.A.Bakıxanovdan sonra ikinci təşəbbüsü Rəşid bəy İsmayılov göstərmişdir. Onun
Azərbaycanın tarixinin qədim dövrlərdən başlayaraq 1920-ci ilin aprelində sovet
hakimiyyətinin qurulmasınadək olan dövrünü işıqlandıran “Azərbaycan tarixi” adlı
kitabı 1923 ildə Bakıda çap olunmuşdur. Əsərdə “Mavərayi-Qafqazın
elani-istiqlalı” bölməsi Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsindəki
vəziyyətə, “Azərbaycan Cümhuriyyəti” bölməsi isə bilavasitə onun qurulmasına və
fəaliyyətinə həsr edilmişdir. Bu kitabda Qafqazın, o cümlədən Azərbaycanın XIX
əsr tarixinin bəzi məsələləri öz əksini tapmışdır.
Rəşid bəy İsmayılov1941-ci ildə Bakıda vəfat etmişdir.
Rəşid bəy İsmayılovun “Azərbaycan tarixi” əsəri 1993-cü ildə “Azərnəşr”
tərəfindən kiril əlifbası ilə yenidən çap edilmişdir.
Rəşid bəyin böyük qardaşı Kərim bəy İsmayılov 1892-ci ildə Qori Müəllimlər
Seminariyasını bitirmiş, “Molla Nəsrəddin” jurnalının əməkdaşı olmuşdu.
Əli Məhzun
Əli Hacı Zeynalabdin oğlu Rəhimov 1886-cı ildə İrəvan şəhərində anadan olmuşdur.
Mollanəsrəddinçi, şair, publisist özünə “Məhzun” təxəllüsü götürmüşdür. Yüksək
erudisiyaya malik ziyalı, istedadlı qələm sahibi Əlli Məhzun hələ yeniyetmə
çağlarından ədəbiyyata maraq göstərmişdir. Əsərləri “Molla Nəsrəddin”, “Məzəli”,
“Babayi-Əmir” jurnallarında, “İqbal”, “Sədayi-həqq” qəzetlərində və s. mətbuat
orqanlarında dərc edilmişdir.
Əli Məhzun “Anaş qurbağa”, “Yetim cücə” imzaları ilə yazılarını dərc etdirirərək
özünü qaragüruhçulardan qorumağa çalışırdı. 25 mart 1913-cü ildə Əli Məhzun
Rəhimzadə və Əsgər Axundov İslam Dram Şirkəti adlı bir şirkətin fəaliyyəti üçün
İrəvanın rəsmi dairələrindən icazə almışdılar. Öz ətrafında gənc aktyorları
birləşdirən bu şirkətin aktyorları qısa müddət ərzində “Kimdir müqəssir?”, “Pul
dalınca”, “Ac həriflər”, “Sevgili övlad”, “Millətpərəstlər, yaxud ürəfa
qiyafəsində süfəha”, “İbrahim bəy, yaxud istibdad qurbanı”, “Aldandılar”,
“Səfalətin sonu” əsərlərini tamaşaya qoymuşdular.
Əli Məhzunun müdir və redaktorluğu və İrəvanın nüfuzlu ziyalılarından Həsən
Mirzəzadə Əliyevin naşirliyi ilə 1917-ci il yanvarın 1-də “Bürhani-həqiqət”
məcmuəsi işıq üzü görmüşdür. İstiqaməti ədəbi, siyasi, tarixi, elmi və fənni
olan “Bürhani-həqiqət”in işıq üzü görməsi İrəvanın ictimai-siyasi həyatında,
ədəbi mühitində mühüm hadisə olmuşdur. İrəvandakı “Luys” mətbəəsində ayda iki
dəfə nəşr edilən məcmuənin cəmi 9 nömrəsi işıq üzü görmüşdür. Əli Məhzun İrəvan
şəhərində yaşayan müxtəlif ixtisaslı ziyalıları, İrəvan Müəllimlər
Seminariyasının tələbələrini xalqın maarifləndiriləsi məqsədilə məcmuə ilə
əməkdaşlığa cəlb etmişdi. “Bürhani-həqiqət” öz oxucusunu cəhalət zülmündən xilas
etməklə yanaşı, baş verən hadisələri həqiqətin dili ilə izah etmək, ayrı-ayrı
partiyaların və qurumların əsl məqsədini kütlələrə izah etmək, qətl və
qarətlərin, kütləvi qırğınların arxasında duran qüvvələri göstərmək, ermənilərin
İrəvandakı maddi-mədəniyyət abidələrimizin tarixini saxtalaşdırmaq cəhdlərinin
qarşısını almaq kimi bir missiyalar da daşıyırdı.
Ermənilərin1918-1920-ci illərdə İrəvanda azərbaycanlılara qarşı törətdikləri
qırğınlar zamanı Əli Məhzun şəhəri tərk edərək Azərbaycanda məskunlaşmış,
müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərmişdir.
Əli Məhzun 1934-cü ildə vəfat etmişdir.
Nəriman bəy
Nərimanbəyov
Nəriman
bəy Nərimanbəyov İrəvanda maarif fədaisi kimi ad qazanan Haşım bəyin ailəsində
1889-cu ildə anadan olmuşdur. Haşım bəy İrəvanda azərbaycanlılar üçün ana
dilində məktəblərin yaranmasında və xeyriyyə cəmiyyətinin təşkilində fəal
iştirak etmişdir. Haşım bəyin Azərbaycan məktəbləri üçün başqa müəllimlərlə
birlikdə tərtib etdiyi “Ana dili” kitabı hələ 1907-ci ildə İrəvanda, sonralar
isə üç dəfə Tiflisdə çapdan çıxmışdır. Onun mətbuatda xeyli məqaləsi, teatr
tamaşaları haqqında resenziyaları çap olunmuşdur.
Nəriman bəy orta təhsilini İrəvan gimnaziyasında başa vuraraq əvvəlcə Moskva
Universitetinin fizika-riyaziyyat fakültəsində, sonra isə Xarkov universitetinin
hüquq fakültəsində təhsil almışdır. N.Nərimanbəyov burada Azərbaycan Tələbə
Həmyerlilər Təşkilatının rəhbərliyinə seçilmiş və inqilabi fəaliyyətini davam
etdirmişdir.
Ali təhsilini 1915-ci ildə başa vurub İrəvana qayıdan Nəriman bəy Nərimanbəyov
vəkil işləməklə yanaşı, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyətinin rəhbərlərindən
biri olmuşdur.
1917-ci ildə Rusiyada fevral inqilabından sonra Bakıya köçən N. Nərimanbəyov
Müsavat partiyasının sıralarına daxil olmuşdur. O, həmin ilin aprelində Bakıda
çağırılan Qafqaz Müsəlmanlarının qurultayında, oktyabrında isə Türk
Ədəmi-Mərkəziyyət Müsavat Partiyasının birinci qurultayında fəal iştirak
etmişdir.
1918-ci ilin fevralında Nəriman bəy Nərimanbəyov Zaqafqaziya Seyminin üzvü
seçilmişdir. O, həmin il fevralın 28-də Seym tərəfindən təsdiq olunmuş Müsəlman
fraksiyasının tərkibindəki Müsavat və bitərəflər qrupunun üzvü, 1918-ci il mayın
28-də isə qəbul edilən Azərbaycanın İstiqlal bəyannaməsini imzalayanlardan biri
olmuşdur.
N.Nərimanbəyov həmin il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış
Azərbaycan parlamentinə üzv seçilmiş, parlamentdə Müsavat fraksiyasının
tərkibinə daxil olmuşdur.
Nəriman bəy Nərimanbəyov Azərbaycan Respublikası Nazirlər Şurasının sədri Nəsib
bəy Yusifbəyovun təşkil etdiyi kabinədə (14.IV.1919) dövlət nəzarətçisi
vəzifəsini icra etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Nəriman bəy Nərimanbəyov
müxtəlif idarələrdə hüquq məsləhətçisi və vəkil işləmişdir.
Öz dövrünün tanınmış siyasi və ictimai xadimi olan Nəriman bəy Nərimanbəyov
1937-ci ildə Stalin repressiyasının qurbanı olmuşdur.
Miryusif
Mirbabayev
Miryusif Mirabbas oğlu Mirbabayev 1889-cu ildə İrəvan şəhərində anadan olmuşdur.
İrəvan ziyalılarınnın tanınmış nümayəndələrindən olan Mirabbas Mirbabayev İrəva
şəhər Dumasının üzvü olmuşdur.
Miryusif Mirbabayev ilk təhsilini İrəvan rus-tatar məktəbində və
gimnaziyasında almışdır. O, 1916-cı ildə Moskva Universitetinin hüquq
fakültəsini bitirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra M.
Mirbabayev Azərbaycanın İrəvandakı diplomatik nümayəndəliyində öncə katib əvəzi,
sonra katib işləmişdir.
Miryusif Mirbabayev 1918-1920-ci illərdə İrəvan Müsəlman Milli şurasının
üzvü kimi, ermənilərin İrəvan quberniyasında törətdikləri qırğınların qarşısının
alınması üçün həm Azərbaycanın, həm Ermənistanın xarici işlər nazirliklərinə,
həm də Cənubi Qafqazdakı müttəfiq qoşunların komandanlığına müraciətlər
etmişdir.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra Miryusif Mirbabayev
Ermənistan İnqilab Komitəsinin Hərbi Tribunalında, Xalq Maliyyə Komissarlığında
məsul vəzifələrdə çalışmış, İrəvan pedaqoji texnikumunda tədris hissə müdiri,
fəhlə fakültəsinin rəhbəri vəzifələrndə işləmişdir. Miryusif Mirbabayev
Ermənistan EA Tarix İnstitutunda və Ölkəşünaslıq muzeyində elmi işçi olmaqla
yanaşı, Xalq Maarif Komissarlığı nəzdindəki Milli Azlıqlar şurasının, Yeni Türk
Əlifbası Komitəsinin üzvü kimi də ictimai işlərdə yaxından iştirak etmişdir.
1933-cü ildə Bakıya köçən poliqlot Miryusif Mirbabayev özünü dilçilik
sahəsində sınamışdır. O, bir müddət SSRİ Elmlər Akademiyasının Azərbaycan
Filialında elmi işçi olmuşdur. 1938-1941-ci illərdə Filialın Lüğətlər
İnstitutunda elmi katib vəzifəsində işləmişdir. Lüğətlər İnstitutu Dil İnstitutu
ilə birləşdirildikdən sonra Miryusif Mirbabayev yeni institutun Lüğət və
terminologiya şöbəsinin müdiri təyin olunmuşdur. 1944-cü ildə “Azərbaycan
dilinin erməni dilinə təsiri” mövzusunda dissertasiya müdafiə edərək filologiya
elmləri namizədi elmi adını almışdır. 1945-ci ildə Azərbaycan SSR Elmlər
Akademiyası Dil İnstitutunun ilk direktoru seçilmişdir.
Akademik Heydər Hüseynovun rəhbərliyi altında hazırlanmış (1940-1946) 4
cildlik «Rusca-azərbaycanca lüğət»ə görə 1948-də Stalin mükafatına layiq görülən
alimlərdən biri də Miryusif Mirbabayev olmuşdur. O, bir çox başqa sanballı
lüğətlərin də əsas tərtibçilərindən olmuşdur.
Miryusif Mirbabayev 1951-ci ildə Bakıda vəfat etmişdir.
Əkbər ağa
Şeyxülislamov
Dövrünün
tanınmış siyasi vә ictimai xadimi Әkbәr ağa İbrahim oğlu Şeyxülislamov 1891-ci
ildә İrəvan şəhərində anadan olmuşdur. Orta tәhsilini İrəvan gimnaziyasında başa
vurduqdan sonra, 1912-ci ildә Peterburq Yol Mühәndisliyi İnstitutuna daxil
olmuş, 1917-ci ildә Rusiyada fevral inqilabından sonra ali təhsilli mütəxəssis
kimi vәtәnә qayıtmışdır.
1918-ci ilin fevralında Ә.Şeyxülislamov Zaqafqaziya Seyminin üzvü seçilmişdir.
O, hәmin il fevralın 28-dә Seym tәrәfindәn tәsdiq olunmuş Müsәlman fraksiyasının
tәrkibindәki Hümmәt partiyasına daxil olmuşdur. Ә.Şeyxulislamov Zaqafqaziya
Seymi tәrәfindәn Türkiyә hökumәti ilә sülh danışıqları aparmaq üçün 1918-ci il
martın 1-dә yaradılmış nümayәndә heyәtinin tәrkibinә daxil olmuşdur. O, hәmçinin
Zaqafqaziya hökumәtindә daxili işlər nazirinin müavini vəzifəsini icra
etmişdir.
Ә.Şeyxülislamov 1918-ci il mayın 28-də qəbul edilən Azərbaycanın İstiqlal
bəyannaməsini imzalayanlardan biri olmuşdur. O, Fətəli xan Xoyskinin təşkil
etdiyi birinci hökumət kabinəsində əkinçilik naziri vəzifəsini tutmuşdur.
Ә.Şeyxülislamov 1918-ci il dekabrın 7-dә Bakıda açılmış Azәrbaycan parlamentinә
üzv seçilmişdir. O, parlamentdә sosialist fraksiyasının tərkibinə daxil
edilmişdir. Ә. Şeyxülislamov parlamentin açılışında daxil olduğu fraksiyanın
adından hərarətli nitq söyləmişdir.
O, görkəmli siyasi vә ictimai xadim Әlimәrdan bәy Topçubaşovun rəhbərliyi
altında Azərbaycan Respublikası nümayәndә heyətinin tәrkibindә 1919-cu ildә
açılaçaq Versal sülh konfransında iştirak etmәk üçün Parisә yola düşmüş və
1920-ci ilin aprelində Azərbaycan müstəqilliyini itirdikdən sonra orada
qalmışdır.
Әkbәr ağa Şeyxülislamov 20-ci illәrdә Azәrbaycandan II İnternasionalın üzvü
olmuşdur. Onun İkinci Dünya müharibәsinә qәdәr Parisdә rusca nәşr olunan
“Azәrbaycan” jurnalının 2-ci sayında dərc edilmiş “Azәrbaycan necә quruldu” adlı
mәqalәsi bu gün də öz aktuallığını saxlayır.
Әkbәr ağa Şeyxülislamov 1961-ci il martın 2-dә vәfat etmiş vә Parisin
yaxınlığındakı müsәlman qәbiristanlığında dәfn olunmuşdur.
Mustafa
bəyTopçubaşov
Topçubaşovlar nəsli Azərbaycan tarixinə
Sankt-Peterburq Universitetinin ilk azərbaycanlı professoru Mirzə Cəfər
Topçubaşov (1784-1869) və Azərbaycan Xalq Cümhuriyyəti ilk parlamentinin sədri
Əlimərdan bəy Topçubaşov (1862-1934) kimi görkəmli şəxsiyyətlər bəxş etmişdir.
Bu nəslin daha bir parlaq nümayəndəsi Mustafa Ağabəy oğlu Topçubaşov 1895-ci
ildə İrəvanda doğulmuşdur. Cərrah, ictimai xadim, tibb elmləri doktoru,
professor, əməkdar elm xadimi, Azərbaycan EA-nın və SSRİ Tibb EA-nın həqiqi
üzvü, Bolqarıstan EA-nın müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət
mükafatı laureatı olmuşdur. Orta təhsilini İrəvan gimnaziyasında almış, sonra
1919-cu ildə Kiyev Dövlət Universitetinin tibb fakültəsini bitirmişdir.
M.A.Topçubaşov 1920-30-cu illərdə Azərbaycan Dövlət Tibb Universitetində
cərrahiyyə klinikasında ordinator və assistent olmuşdur. 1930-1975-ci illərdə
Azərbaycan Dövlət Tibb Universitetinin cərrahiyyə kafedrasının müdiri, eyni
zamanda 1945-1948-ci illərdə EA-nın Eksperimental Təbabət İnstitutuna rəhbərlik
etmişdir. M. Topçubaşov 7 monoqrafiya, 5 cilddə “Xüsusi cərrahlıq”
dərsliklərinin, ümumilikdə 160 elmi işin müəllifidir. Onun redaktəsi ilə
kombinasiyalı ağrısızlaşdırma ilə bağlı üç elmi iş toplusu çap olunmuşdur. Əsas
elmi tədqiqatları “Ürək-damar xəstəlikləri və onların profilaktikası”, “Xüsusi
cərrahlıq”, “Yad cisimləri çıxaran aparat və onun tətbiqi”, “Normal hipertenziya
və onun cərrahi müalicəsi”, “Uzunmüddətli analgeziyanın tibbdə tətbiqi”
əsərləridir. M. Topçubaşov Ümumittifaq Cərrahlar Cəmiyyətinin, Azərbaycan
Cərrahlar və Uroloqlar Cəmiyyətinin fəxri sədri olmuşdur. Dəfələrlə Azərbaycan
Ali Sovetinə deputat seçilmiş, 1955-1959-cu illərdə Ali Sovetin sədri olmuşdur.
Bir sıra orden və medallarla təltif olunmuşdur.
Mustafa bəy Topçubaşov 1981-ci ildə Bakıda vəfat etmişdir. Azərbaycan EA-nın
Elmi-Tədqiqat Eksperimental Klinik Təbabət İnstitutuna və küçələrdən birinə onun
adı verilmişdir.
Onun oğlu İbrahim Topçubaşov tibb elmləri doktoru, məşhur cərrah olmaqla bərabər
, həm də bəstəkar olmuşdur.
Əziz Əliyev
Əziz
Məmmədkərim oğlu Əliyev 1897-ci ildə İrəvanda anadan olmuşdur. İlk təhsilini
İrəvanda Abdulla bəy Muğanlinskinin pansionatinda almışdır. O, İrəvan
gimnaziyasını 1917-ci ildə qızıl medalla bitirdikdən sonra Peterburqda
Hərbi-Tibb Akademiyasına daxil olmuşdur. 1918-ci ildə ermənilərin İrəvanda
törətdikləri qırğınlarla bağlı o, ailəsini əvvəlcə Naxçıvanın Şahtaxtı kəndinə,
oradan isə İrana aparmağa məcbur olmuşdur. 1921-ci ildə yenidən Şahtaxtiya
qayıdaraq iki il orada həkim köməkçisi işləmişdir. 1923-cü ilin mayında Bakıya
köçmüş və Xalq Komissarları Şurasında işləmişdir. Bununla yanaşı Tibb
İnstitutunda təhsil almış və oranı 1927-ci ildə bitirmişdir.
1928-1930-cu illərdə Xalq Səhiyyə Komissarlığında müalicə şöbəsinin müdiri və
Klinik İnstitutun direktoru vəzifəsində çalışmışdır. 1932-1934-cü illərdə Tibb
İnstitutunun direktoru, sonra isə Bakı şəhər səhiyyə şöbəsinin rəisi işləmişdir.
1936-1937-ci illərdə Tibb İnstitutunun direktoru və ADU-nun rektoru
vəzifələrində çalışmış, həmin ildə doktorluq işini müdafiə etmişdir.
1938-1939-cu illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi,
1939-1941-ci illərdə xalq səhiyyə komissarı, 1941-ci ilin martından 1942-ci ilin
sentyabrınadək Azərbaycan KP MK-nın katibi, 1948-ci ilin dekabrınadək isə
Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində işləmişdir.
1949-1950-ci illərdə İctimai Elmlər Akademiyasında dinləyici, sonra isə ÜİK(b)P
MK-nın inspektoru olmuşdur. 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti
sədrinin birinci müavini vəzifəsində işləmişdir. O zaman Azərbaycan KP MK-nın
birinci katibi olan Mir Cəfər Bağırov Əziz Əliyevə qarşı qısqanclıq edərək onun
vəzifədən uzaqlaşdırılmasına nail olmuşdur. Ə.Əliyev 1952-1956-cı illərdə
Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru və Sabunçu
rayon xəstəxanasında baş həkimin müavini, 1956-cı ildən ömrünün sonunadək
Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru işləmişdir.
Əziz Əliyev dəfələrlə SSRİ, RSFSR, Azərbaycan SSR və Dağıstan MSSR Ali
Sovetlərinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur. O, 1962-ci
ilin iyul ayının 27-də vəfat etmiş Fəxri xiyabanda dəfn olunmuşdur. Azərbaycanda
və Dağıstanda bir sıra küçələr onun adı ilə adlandırılmışdır.
Qızı Zərifə Əliyeva Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri
doktoru, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olmuşdur. Azərbaycan
xalqının görkəmli oğlu Heydər Əliyevin həyat yoldaşı, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin anası Zərifə xanım 1985-ci il aprel ayının 15-də
Moskva şəhərində vəfat etmişdir. Onun cənazəsi 1994-cü ildə Moskvanın
Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının
qəbiri yanında dəfn olunmuşdur.
Böyük oğlu Tamerlan Əliyev tibb elmləri doktoru, professor, respublikanın baş
terapevti idi. Uzun müddət Tibb Universitetində daxili xəstəliklər kafedrasının
müdiri, müdafiə şurasının sədri olmuşdur.
Kiçik oğlu Cəmil Əliyev tibb elmləri doktoru, professordur. Azərbaycan Milli
Elmlər Akademiyasının, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, əməkdar
elm xadimidir. Cəmil Əliyev Azərbaycan Respublikası Prezidentinin Tibb
Xidmətinin rəisi, Milli Onkologiya Mərkəzinin baş direktorudur. Akademik Cəmil
Əliyevin elmi əsərləri təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda
da geniş yayılıb, müəllifinə nüfuz qazandırıb.
Maqsud
Məmmədov
Maqsud
Məmməd oğlu Məmmədov 1897-ci ilin dekabrında İrəvan şəhərində anadan olmuşdur.
İrəvanın məşhur ziyalılarından olan Abbas Məhəmmədzadənin qardaşı oğludur.
İrəvan kişi gimnaziyasını bitirmişdir. Azərbaycan Politexnik İnstitutunda, Yakov
Sverdlov adına Kommunist Universitetində təhsil almışdır.
Əmək fəaliyyətinə 1915-ci ildə İrəvan şəhərində müəllim kimi başlamışdır.
1920-1923-cü illərdə Bakı Şəhər Xalq Ərzaq Komissarlığı İdarəsinin rəisi
vəzifəsində çalışmışdır. 1925-1927-ci illərdə Naxçıvan Muxtar Respublikası
Fövqəladə Xalq Maliyyə Komissarlığında işləmiş, 1929-1930-cu illərdə Azərbaycan
Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) rektoru olmuşdur.
1930-1931-ci illərdə Azərbaycan xalq maarifi komissarı vəzifəsində çalışmışdır.
Maqsud Məmmədov Azərbaycan xalqının təhsil və mədəni səviyyəsinin yüksəlməsi
üçün böyük enerji sərf etmişdir.
1931-ci ildə Azərbaycan K(b)P MK-nın katibi təyin edilən Maqsud Məmmədov 1933-cü
ilə kimi bu vəzifədə çalışmışdır.
1933-1934-cü illərdə Azərbaycan Partiya Tarixi İnstitutunun direktoru
olmuşdur.
Partiya işində zəngin təcrübəsini nəzərə alaraq onu yenidən Mərkəzi Komitədə
işləməyə dəvət etmişlər. 1936-1937-ci illərdə Azərbaycan K(b)P MK-nın şöbə
müdiri işləmişdir. 1937-ci il iyulun 29-dan sentyabrın 19-na qədər
“Azərnəşr”in direktorunun səlahiyyətlərini icra etmişdir.
Maqsud Məmmədov Azərbaycan K(b)P MK-nın büro üzvü seçilmiş, 1933-cü ildə
Azərbaycan Dövlət Nəşriyyatında ilk dəfə Azərbaycan dilində nəşr olunan
V.İ.Leninin “Seçilmiş əsərləri”nin redaktor və tərcüməçilər qrupunun
tərkibində təmsil olunmuşdu.
1920-ci ilin sentyabrından Azərbaycan Kommunist Partiyasının üzvü olan Maqsud
Məmmədov, 1925-1927-ci illərdə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin,
1930-1934-cü illərdə Azərbaycan K(b)P Bakı Komitəsinin, 1931-ci ildən Azərbaycan
K(b)P MK-nın, 1931-1933-cü illərdə Ümumittifaq K(b)P Zaqafqaziya Diyar
Komitəsinin üzvü seçilmişdi.
Repressiya qurbanlarından olan Maqsud Məmmədov 1937-ci ilin sentyabrında Xalq
Daxili İşlər Komissarlığı tərəfindən həbs olunmuş və güllələnmişdir. Ona 1957-ci
ildə bəraət verilmişdir.
Əhməd Rəcəbli
Əhməd
Cabbar oğlu Rəcəbli 1898-ci ildə İrəvanda doğulmuşdur. 1923-cü ildə İtaliyada
Ali Eksperimental Aqrar Kral İnstitutunu bitirmişdir. Seleksiyaçı genetik alim,
professor, Kənd Təsərrüfatı Akademiyasının (VASXNİL) akademiki olmuşdur. Rus,
alman, fransız, ispan, italyan, fars və yunan dillərini bilmişdir.
Əhməd Rəcəbli 1924-1930-cu illərdə genetika elminin yaradılması ilə məşğul
olmuş, 1930-1936-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kafedra
müdiri olmuşdur. 1937-ci ildə Stalin repressiyasının qurbanı olmuş, 8 il
Kolımada sürgündə olmuş, burada istilik təsərrüfatı yaradaraq tərəvəz
yetişdirmiş və yeni sortlar almışdır. 1945-ci ildə Ə. Rəcəbli respublikaya
qayıtmış, müəllimlik və elmlə məşğul olmuşdur. 1950-ci ildə təkrarən repressiya
olunaraq Qazaxıstana sürgün olunmuşdur. Stalinin ölümündən sonra bəraət alaraq
Vətənə qayıdıb elmlə məşğul olmuşdur. O, yüzdən artıq elmi işin, 24
monoqrafiyanın müəllifidir. “Azərbaycanda məhsuldarlıq” kitabı iki
dəfə nəşr olunmuşdur. Ə. Rəcəblinin apardığı elmi təcrübələr nəticəsində
subtropik bitkilərin, qozun, çəyirdəkli və dənli, qozmənşəli meyvələrin yeni
sortları əldə edilmişdir.
Əhməd Cabbar oğlu Rəcəbli 1963-cü ildə Moskvada vəfat etmiş, Bakıda dəfn
edilmişdir.
Məhəmməd
Ağaoğlu
Məhəmməd Ağaoğlu 1896-cı ildə İrəvanda doğulmuşdur. 1916-cı ildə Moskva Dövlət
Universitetini, 1926-cı ildə Vyana Universitetinin şərqşünaslıq fakültəsini
bitirmişdir. Azərbaycan, ərəb, fars, rus, ingilis, alman, fransız, yunan
dillərini bilmişdir.
MDU-nu bitirdikdən sonra Məhəmməd Ağaoğlu şərq mədəniyyəti və islam incəsənətini
öyrənmək üçün Türkiyə, İran, Suriya və Orta Asiyaya səfərə çıxmışdır.
1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında fəal iştirak
etmişdir. Bakıda “İstiqbal” muzeyi yaratmış, arxeologiya və etnoqrafiya
cəmiyyətlərinin təşkilində iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti süqut
etdikdən sonra Türkiyə, Avstriyaya, 1929-cu ildə ABŞ-a köçərək ömrünün sonunadək
orada yaşamışdır. Elə o ildə Detroyt Universitetində islam mədəniyyəti şöbəsini,
sonra islam incəsənəti qalereyasını yaradır. 1933-1938-ci illərdə M. Ağaoğlu bu
universitetdə Şərq xalqları mədəniyyəti kafedrasının professoru, 1934-cü ildə
“Art İslamica” (“İslam incəsənəti”) jurnalını təsis edərək ömrünün sonunadək
onun redaktoru olmuşdur. M. Ağaoğlu 50-dən artıq elmi əsərin, habelə “İslam
incəsənəti tarixi” (İstanbul, 1928), “XV əsrdə İranda kitab çapı” (Miçiqan,
1935), “Səfəvilər dövrünün manufaktura və xalçaları” (Nyu-York, 1941)
monoqrafiyalarının müəllifidir.
Məhəmməd Ağaoğlu 1949-cu ildə ABŞ-ın Kolumbiya ştatında vəfat etmiş, orada dəfn
olunmuşdur.
Məmmədəli
Nasir
Məmmədəli Hacı Məmməd oğlu 1899-cu ildə İrəvan
şəhərində anadan olmuşdur. Məmmədəlinin atası Hacı Məmməd kişi dini təhsil
almış, ərəb, fars dillərini öyrənmişdi. Məmmədəli 1908-1914-cü illərdə İrəvan
gimnaziyasında təhsil almış, fars dilini mükəmməl öyrənmişdi.
Nasir təxəllüsü ilə 1912-ci ildə mətbuata gəlmiş gənc Məmmədəli yazılarını
Bakıda nəşr olunan “Sədayi-həqq”, “İqbal” qəzetlərində dərc etdirirdi. 1914-cü
ildə İrəvanda Azərbaycan dilində “Lək-lək” satirik jurnalı nəşrə başlayanda o,
həmin jurnalda “Şeytan”, “Dul toyuq” imzası ilə şeirlər və məqalələrlə çıxış
etmuişdir.
Məmmədəli Nasir 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində məsləkdaşları
M.Mirfətullayev, T.Rzayevlə birgə İrəvanda “Cavanlar şurası” adlı siyasi,
ictimai, ədəbi bir qəzet açmağa müvəffəq olmuşdur. Bu qəzet daşnakların çirkin
əməllərini pisləyir, xalqı ayıq və səfərbər olmağa səsləyirdi. Bu səbəbdən də
qəzetin nəşrinə imkan verilməmiş, 3-4 sayından sonra bağlanmışdı. Bundan sonra
o, “Açıq söz” qəzetində çıxışlarını davam etdirmişdir. M.Nasir Hüseynağa
Şahtaxtlının rəhbərliyi ilə İrəvanda qurulan “Müdafeyi-məzluman” təşkilatının
fəallarından olmuşdur.
M.Nasir daşnakların təqibindən yaxa qurtararaq 1918-ci ildə Gəncəyə gəlmiş,
1920-ci ildə onun redaktorluğu ilə “Qırmızı Gəncə” qəzeti nəşr olunmuşdur. Onun
yazdığı “Bədbəxt ailə” pyesi 1919-cu ildə Gəncədə tamaşaya qoyulmuşdur.
1917-ci ildən Kommunist Partiyasının üzvü olan Məmmədəli Nasir 1921-ci ildə
Ermənistana rəhbər işə dəvət edilmiş, 1922-ci ilin yanvarınadək Ermənistan KP
MK-nın təbliğat-təşviqat şöbəsinin nəzdində Türk seksiyasının müdiri vəzifəsində
işləmiş, sonra isə “Rəncbər” qəzetində çalışmşdır.
1922-1923-cü illərdə Qafqaz Bürosu M.Nasiri Gürcüstanın Azqur, Borçalı və
Qarayazı rayonlarında partiya komitəsinin katibi vəzifəsinə işə təyin etmişdir.
1926-cı ildə Qafqaz Bürosunun təyinatı ilə Zaqatalada Siyasi maarif şöbəsinin
müdiri işləyən M.Nasiri bir il sonra Bakıda “Kommunist” qəzetinə işə dəvət
edilmişdir. O, burada bir neçə il təlimatçı, Qəzalarla iş şöbəsinin müdiri
vəzifəsində çalışmışdır. M.Nasir 1931-1934-cü illərdə Dəvəçidə (“Yüksəliş”),
Laçında (“Şura Kürdüstanı”), Ağdamda (“Ağdam kolxozçusu”), Bərdədə (“Qızıl
Bərdə”), Əli Bayramlıda (indiki Şirvan şəhəri – “Pambıq zərbəçisi”), Qasım
İsmayılovda (indiki Goranboy – “Qasım İsmayılov kolxozçusu”) rayon qəzetlərinin
məsul redaktoru kimi fəaliyyət göstərmişdir.
1935-ci ildə “Yeni yol”da məktublar şöbəsinin müdiri işləmişdir. 1936-cı il
iyulun 18-də repressiyaya məruz qoyularaq həbs olunmuş, 10 illik sürgün həyatına
məhkum edilmişdir. 1956-cı ildə bəraət almış, həmin ildən vaxtilə işlədiyi
“Kommunist” qəzetində təşkilatçı müxbir kimi fəaliyyətini davam etdirmişdir.
Eyni zamanda “Ədəbiyyat və incəsənət”, “Kommunist”, “Bakı” qəzetlərində,
“Azərbaycan”, “Kirpi” kimi jurnallarda çıxışlar etmişdir
Məmmədəli Nasir 1982-ci il aprel ayının 14-də 83 yaşında vəfat etmiş, Bakının
şəhər qəbiristanlığında dəfn olunmuşdur.
Səid Rüstəmov
Səid Əli
oğlu Rüstəmov 1907-ci ildə İrəvanda doğulmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət
Konservatoriyasının xalq musiqisi fakültəsini, 1932-ci ildə Azərbaycan Pedaqoji
Institutunu bitirmişdir. Bəstəkar, dirijor, Azərbaycanın xalq artisti, SSRİ
Dövlət mükafatı laureatı olmuşdur.
Səid Rüstəmov 1931-ci ildən Azərbaycan radiosunun xalq çalğı alətləri
orkestrinin konsertmeysteri, 1935-ci ildən isə direktoru və bədii rəhbəri
olmuşdur. O, 1940-1949-cu illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii
rəhbəri və direktoru, 1943-48-ci illərdə Azərbaycan Radio Komitəsinin musiqi
verilişləri redaksiyasının rəhbəri olmuşdur. S. Rüstəmov “Azərbaycan rəqs
melodiyaları”, “Beş yüz Azərbaycan xalq mahnıları”, “Azərbaycan aşıq mahnıları”,
“Azərbaycan xalq mahnıları”, “Azərbaycan xalq rəngləri” kitablarında musiqi
işləmələri apararaq onları nəşr etdirmişdir. 1948-1952-ci illərdə Azərbaycan
bəstəkarlar ittifaqının sədri olmuş, 1928-ci ildən Bakı musiqi məktəbində,
1958-1983-cü illərdə Azərbaycan dövlət konservatoriyasında tar sinfində dərs
demişdir. S. Rüstəmovun əsas əsərləri “Beşmanatlıq gəlin”, “Durna” və “Rəisin
arvadı” komediyaları, solo, xor və orkestr üçün “Azərbaycan” kantatası, xalq
çalğı alətləri üçün “Bayatı kürd” fantaziya – kantatası, tar və orkestr
üçün konsert, Azərbaycan mahnı, rəqs və xalq çalğı alətləri orkestri üçün
“Günəşli Azərbaycan” musiqili dramatik kompozisiya və başqalarıdır. Dramatik
səhnə əsərlərinə musiqilər yazmışdır. S. Rüstəmovun “Alagöz”, “Sürəyya”,
“Gəlmədin”, “Həkim qız” mahnıları lirik və qəlboxşayandır.
Səid Əli oğlu Rüstəmov dəfələrlə Azərbaycan Ali Sovetinə deputat seçilmiş, orden
və medallarla təltif olunmuşdur. 1983-cü ildə Bakıda vəfat etmişdir.
Heydər
Hüseynov
Heydər
Nəcəf oğlu Hüseynov 1908-ci ildə İrəvanda doğulmuşdur. 1918-ci ildə ermənilərin
İrəvanda törətdikləri qırğınlar zamanı onların ailəsi əvvəlcə Batum şəhərinə,
sonra isə Stavropola köçmüş, nəhayət 1920-ci ildə Bakıya gəlmişdir. 1931-ci ildə
Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra aspiranturaya daxil olmuşdur.
1935-ci ildə onun “Dialektik materializm” adlı ilk fəlsəfi əsəri dərc
olunmuşdur. Alim-filosof, ədəbiyyatçı, ictimai xadim, Azərbaycan EA-nın
akademiki, SSRİ Dövlət Mükafatı laureatı olmuşdur.
Heydər Hüseynov 1936-1940-cı illərdə SSRİ EA-nın Ensiklopediya və Lüğətlər
İnstitutu filialının direktoru, 1940-1945-ci illərdə SSRİ EA Azərbaycan
filialının sədr müavini, eyni zamanda Azərbaycan KP(b) MK nəzdində Partiya
Tarixi Institutunun direktoru olmuşdur. 1939-cu ildə M. F. Axundovun fəlsəfi
görüşləri haqqında namizədlik dissertasiyası müdafiə etmişdir. Uzun illər ADU-da
fəlsəfə kafedrasına rəhbərlik etmişdir. 1944-cü ildə fəlsəfə elmləri doktoru
adına layiq görülmüş və bir il sonra Akademiyanın həqiqi üzvü seçilmişdir.
1945-ci ildən etibarən Azərbaycan SSR Elmər Akademiyasında rəhbər vəzifələrdə
çalışmış, Akademiyanın vitse-prezidenti, ictimai elmlər şöbəsinin sədri
olmuşdur.
Heydər Hüseynov “M. F. Axundovun fəlsəfi görüşləri”,
“Nizaminin ictimai görüşləri”, “Görkəmli Azərbaycan alimi A.
Bakıxanov” monoqrafiyalarını və Füzuli, M. Kazımbəy, Zərdabi, Vazeh, S.
Vurğun, C. Cabbarlı, Ə. Şıxlinski və onlarla dahi şəxsiyyətlərin həyat və
yaradıcılığından bəhs edən əsərlər yazmışdır. H. Hüseynov 4 cildlik
“Rusca-Azərbaycanca lüğət”in müəlliflərindən biridir. Bu lüğətin müəllifləri
1948-ci ildə Dövlət mükafatına layiq görülmüşdülər. Onun “Azərbaycanda XIX
əsr ictimai və fəlsəfi fikir tarixindən”(1949) adlı sanballı
monoqrafiyasında Azərbaycan xalqının ictimai-siyasi və fəlsəfi fikrinin inkişaf
mərhələləri təhlil edilmişdir. Bu əsər 1950-ci ildə Stalin mükafatına layiq
görülmüşdür. Lakin monoqrafiyanın müəllifi Mircəfər Bağırovun qəzəbınə tuş gəlir
və təqib olunur. Beləliklə, XX əsrdə Azərbaycanın ən böyük aliminə qarşı
iftiralar baş qaldırır. Heydər Hüseynov özünün həbs olunmağını gözləməyib,
1950-ci ildə böhtanlara dözməyərək, özünü intihar etmişdir.
Cəfər Xəndan
İrəvan
xanlarının törəmələrindən olan Hacıyev Cəfər Zeynal oğlu1910-cu il mayın 8-də
İrəvan şəhərində müəllim ailəsində doğulmuşdur. 1918-ci ildə ailəsi Gəncəyə
köçmüş, 1925-1929-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil
almışdır. İnstitutun dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra 1932-1941-ci
illərdə aspiranturaya daxil olmuş, eyni zamanda institutun ədəbiyyat
kafedrasının assistenti, sonra dosenti kimi fəaliyyət göstərmişdir. M.F.Axundov
adına Müəllimlər İnstitutunun dil və ədəbiyyat fakültəsinin dekanı, Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun kafedra müdiri, Azərbaycan Elmlər Akademiyasının
Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri, həm də Azərbaycan Yazıçılar
İttifaqında təşkilat katibi, «Ədəbiyyat qəzeti» redaksiyasının məsul katibi,
«Gənc işçi» redaksiyasında ədəbiyyat şöbəsinin müdiri vəzifələrində işləmişdir.
1939-cu ildə namizədlik, 1948-ci ildə isə doktorluq dissertasiyaları müdafiə
etmişdir. 1941-ci ildə səfərbərliyə alınmış, Cənub-Qərb, Şimali Qafqaz
cəbhələrində siyasi şöbənin baş təlimatçısı, cəbhə qəzetlərində məsul redaktorun
müavini olmuşdur. Ordu sıralarından tərxis olunandan sonra Azərbaycan Dövlət
Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında dosent, eyni zamanda
«Kommunist» qəzetində mədəniyyət və məişət şöbəsinin müdiri (1946-1947)
işləmişdir. Universitetdə filologiya fakültəsinin dekanı (1947-1950), sonra
rektoru (1950-1954) vəzifələrində çalışmışdır. 1954-1961-ci illərdə yenidən
Azərbaycan Dövlət Universitetinin sovet ədəbiyyatı kafedrasının müdiri
olmuşdur.
1961-ci ildə Bakıda vəfat etmişdir. Bakı küçələrindən biri onun adını daşıyır.
Həsən Seyidov
Həsən
Mirəli oğlu Seyidov 1910-cu ildə İrəvanda tacir ailəsində anadan olmuşdur.
1918-ci ildə İrəvanda Körpübulağı məhəlləsindəki məktəbin birinci sinfinə daxil
olmuş, elə həmin ildə ermənilərin İrəvanda törətdikləri qırğınlardan canını
qurtaran Seyidovlar ailəsi Qarsa qaçmışdır. Atasının orada vəfatından sonra
ailəsi Tiflisdə yaşayan dayılarının yanına gəlmişdir. H. Seyidov Tiflisdə
Əncümən məktəbində oxumuşdur. 1925-ci ildə onun ailəsi Bakıya köçmüşdür. 1931-ci
ildə Sənaye İnstitutunun kənd təsərrüfatı fakültəsini bitirmuşdir.
Təhsilini davam etdirmək üçün H.Seyidov Moskvaya aspiranturaya göndərilir.
1934-cü ildə namizədlik dissertasiyası müdafiə edərək kənd təsərrüfatı üzrə ilk
elmlər namizədi kimi Bakıya qayıdır. 1937-ci ildə Pambıqçılıq İnstitutunun
direktoru,. 1941-ci ildə Kənd Təsərrüfatı İnstitutunun rəhbəri təyin edilir.
1943-cü ildə Azərbaycan KP MK-nın kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində
işləyir, bir il sonra MK-nın 3-cü katibi, 1946-cı ildə isə MK-nın 2-ci katibi
seçilir. 1950-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini
təyin edilir.
H. Seyidov 1952-ci ildə Bakı şəhər icraiyyə komitəsinin sədri, bir il sonra isə
Dövlət Plan Komitəsinin sədri vəzifəsinə təyin edilir. 1960-1961-ci illərdə
yenidən Pambıqçılıq İnstitutunun direktoru, sonra isə Plan Komitəsi sədrinin
müavini olmuşdur. 1970-ci ilədək Dövlət Tərəvəzçilik və Meyvəçilik Komitəsinin
sədri vəzifəsində işləmişdir.
H.Seyidov təqaüdə çıxdıqdan sonra 1972-ci ildə doktorluq dissertasiyası müdafiə
etmiş, Yer Quruluşu Layihə İnstitutunda şöbə müdiri vəzifəsində işləmişdir.
Hüseyn
Seyidzadə
Hüseyn
Mirəli oğlu Seyidzadə 1912-ci ildə İrəvanda anadan olmuşdur. Həsən Seyidovun
kiçik qardaşıdır. 1927-ci ildə Bakıda tikiş fabrikində əmək fəaliyyətinə
başlamış, sonra fəhlə teatrına daxil olmuş, aktyor köməkçisi kimi fəaliyyət
göstərmişdir. Bir ildən sonra o, Gənc işçi teatrının aktyoru olmuşdur. 1930-cu
ildə Leninqrqadda rejissorluq kursunu bitirmiş və Bakıya qayıtmışdır. 1936-cı
ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinorejissorluq
fakültəsini bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında
işləmişdir. 1938-ci ildə “Bakılılar”, “Böyük şəfəq”, 1939-cu ildə “Ayna”
filmlərinin çəkilişində rejissorluq etmişdir. Sonra o, “Lenfilm” studiyasında öz
peşəsini təkmilləşdirmişdir.
1943-cü ildə rejissor Niyazi Bədəlovla birgə müharibəyə sovqat göndərən
insanların vətənpərvərlik duyğularından söhbət açan “Sovqat” filmini
çəkmişdir. 1956-cı ildə Bakının kinoteatrlarında ekrana Hüseyn Seyidzadənin
“O olmasın, bu olsun” filmi çıxarıldı. Azərbaycanda elə bir kino
əsəri yoxdur ki, “O olmasın, bu olsun” qədər məşhur aktyor ansamblı
toplaya bilsin. Dünyanı dolaşan bu film Hüseyn Seyidzadə yaradıcılığının şah
əsərlərindəndir.
Hüseyn Seyidzadə 1969-cu ildə İsmayıl Şıxlının eyniadlı romanı əsasında yazdığı
“Dəli Kür” ssenarisini ekranlaşdırıldı.
“Yenilməz batalyon” (1965), “Koroğlu” (1960), “Var
olun qızlar” (1972), “Qayınana” (1978) bədii filmləri
H.Seyidzadənin ən yaxşı rejissor işlərindəndir.
Hüseyn Seyidzadə mübariz sənətkar idi. O, sözünü açıq deməyi xoşlayırdı.
O, 1970-ci ildə Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi adına layiq
görülmüşdür.
Son vaxtlar Natəvan haqqında film çəkmək istəyirdi. Ancaq amansız ölüm buna
imkan vermədi. Hüseyn Seyidzadə 1979-cu il iyunun 2-də vəfat etmişdir.
Bakıda küçələrdən biri onun adını daşıyır.
Bağır
Seyidzadə
Bağır
Qasım oğlu Seyidzadə 1912-ci-ildə İrəvanda anadan olmuşdur. Ermənilərin 1918-ci
ildə törətdikləri qırğınlar səbəbindən seyidzadələr ailəsi Tiflisə köçməyə
məcbur olurlar. B.Seyidzadə burada Əncümən məktəbində təhsil almışdır. O,
1925-ci ildə Bakıya gələrək toxuculuq fabrikində işləmiş və fəhlə fakültəsində
oxumuş, sonra Sənaye İnstitutuna daxil olmuşdur.
B. Seyidzadə 1932-39-cu illərdə “Gənc işçi” qəzetində işləmişdir. 1939-40-cı
illərdə həmin qəzetin məsul katibi və redaktoru olmuşdur. O, 1940-43-cü illərdə
Azərbaycan Gənclər İttifaqının katibi seçilmişdir. Moskvada bir illik
diplomatiya kursunu bitirdikdən sonra 1944-49-cu illərdə İranın Maku və Təbriz
şəhərlərindəki Sovet konsullqlarında vitse-konsul və baş konsul vəzifələrində
çalışmışdır. Təbrizdən qayıtdıqdan sonra kinematoqrafiya naziri və mədəniyyət
nazirinin müavini, sonra isə Poliqrafiya və Nəşriyyat İdarəsinin rəhbəri
olur.
B. Seyidzadə sonralar Radio Verilişləri komitəsində işləmiş, ömrünün son
illərində isə Nazirlər Soveti yanında Teleqraf Agentliyində direktor müavini
vəzifəsində çalışmışdır. O, rus, fransız və fars dillərini mükəmməl
bilirdi.
B. Seyidzadə 1968-ci ildə Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn
olunmuşdur.
Qızı, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə hazırda Azərbaycan
Respublikası Prezidentinin Katibliyinin rəisi vəzifəsində işləyir.
Əhməd Cəmil
Əhməd
Səttar oğluCəmilzadə 1913-cü il oktyabrın
20-də İrəvan quberniyasının İrəvan şəhərində sənətkar ailəsində doğulmuşdur.
İbtidai və orta təhsilini Gəncədə almışdır. «Gözəl Qafqaz» adlı ilk şeiri
1928-ci ildə «Qızıl Gəncə» jurnalında dərc olunmuşdur. Azərbaycan Proletar
Yazıçılar Cəmiyyətinin Gəncə bölməsində fəal iştirak etmişdir. Sonra Bakıda Ali
Pedaqoji İnstitutun ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir
(1930-1933). Şəmkir rayonunun Zəyəm kəndində (1933-1936), sonra Gəncədə
(1936-1940) orta və ali məktəb müəllimi, metodist olmuşdur. 1940-cı ilin
sentyabr ayından Azərbaycan Sovet Yazıçılar İttifaqında poeziya bölməsində
məsləhətçi, «Ədəbiyyat qəzeti»ndə ədəbi işçi, məsul katib işləmiş, sonra
ittifaqın məsul katibi seçilmişdir (1940-1942). İkinci Dünya müharibəsi
illərində Şimali Qafqaz və Krım cəbhə qəzetləri redaksiyalarında çalışmışdır
(1942-1943). O, 1944-1948-ci illərdə Yazıçılar İttifaqı İdarə Heyətinin məsul
katibi vəzifəsində işləmişdir. 1950-ci ildə Azərbaycan Yazıçılar İttifaqında
məsləhətçi, 1951-ci ildə «Ədəbiyyat qəzeti»ndə müvəqqəti redaktor işləmişdir.
Azərnəşrdə baş redaktor, redaktor (1953-1955), Azərbaycan Mədəniyyət
Nazirliyində məsləhətçi (1956-1959), «Azərbaycan» jurnalının redaktoru
(1959-1960), Azərnəşrin baş redaktoru (1962-1963), Gənclik nəşriyyatında
redaktor (1964-1967), «Ulduz» jurnalında baş redaktor işləmişdir (1973-1977).
Rus, gürcü, Ukrayna, erməni, özbək, belorus, tacik və s. dillərdən Azərbaycan
dilinə tərcümələr etmişdir.
Əhməd Cəmil 1977-cı ildə Bakıda vəfat etmişdir.
Əfşan
Qədimbəyova
Mirzə
Qədim İrəvaninin Qədimbəyov soyadını daşıyan törəmələri içərisində bir çox
parlaq şəxsiyyətlər olmuşdur. Onların arasında 1915-ci ildə İrəvan şəhərində
anadan olmuş Əfşan xanım xüsusilə seçilir. O, 1929-cu ildə İrəvan Pedaqoji
Texnikumunu bitirdikdən sonra 1931-1935-ci illərdə Azərbaycan Pedaqoji
İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) pedaqoji fakültəsində
təhsilini davam etdirmişdir. Ana dili ilə yanaşı, rus və ingilis dillərini
mükəmməl bilən Əfşan xanım iki il Moskvada Pedaqoji İnstitutun aspiranturasında
təhsil aldıqdan sonra Bakıya qayıtmış, 1942-ci ildə Azərbaycan Gənclər
İttifaqının üçüncü katibi seçilmiş və dörd il həmin vəzifədə çalışmışdır.
Daha sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin partiya
komitəsinin katibi, Azərbaycan KP MK-da şöbə müdirinin müavini vəzifələrində
fəaliyyət göstərən Ə. Qədimbəyova, 1949-1956-cı illərdə Azərbaycan Dövlət Xarici
Dillər İnstitutunun rektoru işləmişdir. Əfşan xanım 1953-cü ildə həm də
Azərbaycan SSR Ali Soveti sədrinin müavini seçilmişdir.
1965-ci ildə “1920-1941-ci illərdə Azərbaycanda məktəbəqədər tərbiyənin
inkişafı mövzusunda” namizədlik dissertasiyası müdafiə etmişdir.
Ə.Qədimbəyova dəfələrlə Azərbaycan Ali Sovetinə deputat seçilmişdir.
Ə.Qədimbəyova 1968-ci ildən 1978-ci ilə qədər Azərbaycan Pedaqoji İnstitutunda
kafedra müdiri vəzifəsində çalışmış və 1980-ci ildə dünyasını dəyişmişdir.
Mirzə Qədim İrəvaninin rəssamlıq ənənəsini onun nəticəsi, Əməkdar incəsənət
xadimi İsmət Axundov davam etdirmişdir. 1925-ci ildə İrəvan şəhərində anadan
olmuş İ. Axundov ilk təhsilini İrəvanda almış, sonra Ə. Əzimzadə adına Rəssamlıq
Məktəbini bitirmişdir. İ. Axundov əsasən mənzərə janrında əsərlər
yaratmışdır.
Qədimbəyovlar nəslinin daha bir nümayəndəsi Zaur Qədimbəyov sanballı jurnalist
kimi keçmiş İttifaqda yaxşı tanınırdı. O, uzun illər “İzvestiya”nın
xüsusi müxbiri kimi fəaliyyət göstərmişdir.
Bu ziyalı nəslin başqa bir nümayəndəsi Şaiq Qədimov 1926-cı ildə İrəvanda anadan
olmuş, orta təhsilini burada almış, Azərbaycan Dövlət Tibb İnstitutunu
bitirmişdir. O, 1974-cü ildə müdafiə edərək tibb elmləri namizədi adını
almışdır. “Qan qohumluğu” (1989) “Mustafa Topçubaşov”,
(1989) “Ailənin intim dünyası” (1990), “İnsanlar üçün
bəla” (1990), “Xalq təbabətinin ensiklopediyası” (1997)
əsərlərinin müəllifi olan Ş.Qədimov həm də bədii və publisistik yaradıcılıqla
məşğul olmuşdur.
Ş.Qədimovun bacısı Siddiqə Qədimova (1912-1986) “Sovet Ermənistanı”
qəzetində çalışmış, SSRİ Ali Sovetinin deputatı seçilmiş, İrəvanda ilk dəfə
olaraq Azərbaycan dilində radio verilişlərini hazırlamış, ömrünün son günlərinə
qədər həmin redaksiyada şöbə müdiri olmuşdur.
Əkbər Yerevanlı
(İrəvanlı)
Əkbər
Yıınis oğlu Süleymanov 1921-ci il iyulun 17-də İrəvan şəhərində anadan olmuşdur.
Burada orta məktəbi bitirmiş, 1943-1948-ci illərdə İrəvan Dövlət Universitetinin
filologiya fakültəsinin Şərq şöbəsində təhsil almışdır. Əmək fəaliyyətinə
1938-ci ildə İrəvanda Azəbaycan dilində nəşr edilən “Kommunist” (1939-cu ildən
«Sovet Ermənistanı») qəzetinin redaksiyasında başlamış, ədəbi işçi, məsul katib,
tərcüməçi vəzifəsində işləmişdir. 1951-ci ildə Ermənistan EA M.Abeğyan adına
Ədəbiyyat İnstitutunun aspiranturasna daxil olmuş, 1954-cü ildə «Erməni və
Azərbaycan xalqlarının dostluq ideyasının ədəbiyyatda inikası» movzusunda
namizədlik dissertasiyası müdafiə etmişdir. 1950-1965-ci illərdə İrəvan Dövlət
Universitetində Azərbaycan ədəbiyyatı müəllimi olmuş, 1956-cı ildən X.Abovyan
adına İrəvan Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının
müdiri işləmişdir. Erməni və Azərbaycan qarşılıqlı ədəbi əlaqələri sahəsində
ardıcıl tədqiqat aparmış, bir sıra erməni yazıçılarının əsərlərini Azərbaycan
dilinə tərcümə etmişdir. Onun erməni dilində «Erməni və Azərbaycan xalqlarının
dostluğunun ədəbiyyatda inikası» (1955), «Cəlil Məmmədquluzadə və erməni xalqı»
(1966), «Nəsimi» (1973), «Xatabala» həftəlik qəzeti və «Azərbaycan» (1974)
kitabları çap olunmuşdur.
Əkbər Yerevanlının “Azəri-erməni ədəbi əlaqələri. Qədim dövrdən XVIII əsrin
sonuna qədər” mövzusunda doktorluq dissertasiyası 554 səhifə həcmində
monoqrafiya şəklində 1968-ci ildə İrəvanbda “Hayastan” nəşriyyatında çap olunsa
da, ömrünün sonuna kimi onu müdafiə etməyə qoymamışdılar.
Əkbər Yerevanlının İrəvan şəhərində Azərbaycan dilində “Erməni-Azərbaycan şifahi
xalq ədəbiyyatı əlaqələri” (1958, 270 səh.), “Sabir və erməni xalqı” (1962, 45
səh.), “Hovanes Tumanyan və Azərbaycan ədəbiyyatı” (1974, 131 səh.), “Avetik
İsahakyan və Azərbaycan ədəbiyyatı” (1975, 192 səh.) tədqiqat əsərləri və bədii
yaradıclıq nümunələri toplanmış bir neçə kitabı çap olunmuşdur.
Cəfakeş tədqiqatçı, nasir, dramaturq Əkbər Yerevanlı 1981-ci ildə İrəvan
şəhərində vəfat etmiş, valideynlərinin yanında dəfn olunmuşdur.
Əkbər Yerevanlının Sabir Rizayevlə birgə yazdıqları 165 səhifəlik illüstrasiyalı
“Yunis Nuri” kitabı 1982-ci ildə Ermənistan Teatr Cəmiyyəti tərəfindən İrəvanda
çap olunmuşdur.
Əkbər Yerevanlının atası Yunis Nuri İrəvanda Azərbaycan teatrının banisi olmuş,
18 yaşından etibarən təqribən 50 il ərzində teatr kollektivinə rəhbərlik
etmişdir. Yunis Nurinin oğlu Əziz Süleymanov 1967-1968-ci illərdə teatrın
direktoru işləmişdir. 1984-cü ildən teatr bağlananadək Əkbər Yerevanlının oğlu
Yunis Süleymanov İrəvan Azərbaycan Dövlət Dram Teatrının direktoru işləmişdir.
Mirəli Mirələkbər oğlu Seyidov 1918-ci ildə İrəvanda anadan olmuş, ibtidai
təhsilini burada almışdır. 1938-ci ildə Bakıda hidromeliorasiya texnikumunu
bitirmişdir. 1938-1944-cü illərdə İrəvan Pedaqoji İnstitutunun azərbaycanlı
bölməsində təhsil almışdır. Eyni zamanda, 1941-1945-ci illərdə İrəvan Dövlət
Universitetinin Şərqşünaslıq fakültəsində oxumuşdur.
Həmin illərdə “Sovet Ermənistanı” qəzeti redaksiyasında korrektor,
ədəbi işçi, şöbə müdiri, məsul katibin müavini vəzifələrində işləmişdir.
1945-1953-cü illərdə AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin orta əsrlər
Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, 1953-1960-cı illərdə Nizami adına Dil və
Ədəbiyyat İnstitutunda orta əsrlər şöbəsində baş elmi işçi, 1960-1967-ci illərdə
ədəbi əlaqələr şöbəsində baş elmi işçi, 1967-1980-ci illərdə şöbə müdiri,
1980-1988-ci illərdə Azərbaycan mifologiyası və orta əsrlər folkloru şöbəsinin
müdiri işləmişdir.
1953-cü ildə “Sayat Novanın həyat və yaradıcılığı” mövzusunda namizədlik,
1969-cu ildə isə “Azərbaycan-erməni ədəbi əlaqələri (ən qədim dövrdən
XVIII əsrin sonunadək)” mövzusunda doktorluq dissertasiyasını müdafiə
etmişdir.
Mirəli Seyidovun 1954-cü ildə “Sayat Nova”, 1963-cü ildə “Qövsi Təbrizi”,
“Qafqaz xalqlarının nəğməkarı”, 1969-cu ildə “Azərbaycan-erməni ədəbi əlaqələri”
(rusca), 1976-cı ildə “Azərbaycan-erməni ədəbi əlaqələri – orta əsrlər”
kitabları çap olunub.
Müəllifin “Azərbaycan mifik təfəkkürünün qaynaqları” (1983), Qızıl döyüşçünün
taleyi” (1984), “Azərbaycan xalqının soykökünü düşünərkən” (1989), “Yaz bayramı”
(1990), “Qam-şaman və onun qaynaqlarına ümumi baxış” (1994), “Böri-qurt” (2006)
kitabları işıq üzü görmüşdür.
Mirəli Seyidov Əməkdar elm xadimi adına layiq görülmüşdür.
1992-ci il aprelin 26-da Bakıda vəfat etmiş, ikinci Fəxri xiyabanda dəfn
olunmuşdur. Bakının küçələrindən biri onun adını daşıyır.
Kamil Əliyev
Kamil
Müseyib oğlu Əliyev 1921-ci- ildə İrəvan şəhərində anadan olmuşdur. Dəfələrlə
talelərinə qaçqınlıq faciəsi yazılan Əliyevlər ailəsi 30-cu illərdə Bakıya
köçmüşdür.
K.Əliyev Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirdikdən sonra “Azərxalça”.
İstehsalat Birliyində rəssam işləmişdir. İkinci Dünya müharibəsinin iştirakçısı
Kamil Əliyev 1946-cı ildə ordudan qayıtdıqdan sonra Xalça İsehsalat Yaradıcılıq
Kombinatında rəssam işləmiş, bir müddət Respublika Bədii Fonduna rəhbərlik
etmiş, sonralar Bakı zərgərlik fabrikində direktor vəzifəsində çalışmışdır.
1950-ci illərdən etibarən Kamil Əliyevin yaradıcılığında süjetli xalıların və
portret-xalçaların yaradılması aparıcı mövqe tutmuşdur. Bu illərdə sənətkar
bir-birinin ardınca yüksək professionallıqla Azərbaycan klassiklərindən
Füzulinin. Nizaminin, Nəsiminin, Mirzə Fətəli Axundovun, görkəmli dövlət
xadimləri İndira Qandinin, Atatürkün, Heydər Əliyevin, Süleyman Dəmirəlin, Bill
Klintonun, Vladimir Putinin portretlərini yaratmışdır.
Kamil Əliyev Azərbaycan xalçaçılığını yeni-yeni nəbati, həndəsi ornamentlərlə,
yeni-yeni rəng qammaları ilə daha da zənginləşdirmişdir. Rəssamın əsərləri
Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa
şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilərək, tamaşaçıların
hüsn-rəğbətini qazanmışdır. “Azərxalça” Birliyinin baş direktoru Kamil Əliyevin
böyük və zəngin yaradıcı əməyi layiqincə qiymətləndirilmişdir. O, Azərbaycan
Respublikasının Xalq rəssamı adına, ölkənin ən yüksək mükafatı olan
“İstiqlal” ordeninə layiq görülmüşdür. Xalq dekorativ-tətbiqi sənəti
sahəsində gördüyü səmərəli elmi işlərə görə ona professor elmi adı verilmişdir.
Kamil Əliyev sağlığında muzeyi açılan ilk xalça ustası sayılır.
Professor Kamil Əliyev 2005-ci ildə Bakıda vəfat etmişdir.
Sabir Rizayev
Görkəmli
kinoşünas və teatrşünas, sənətşünaslıq elmləri doktoru Sabir Əkbər oğlu Rizayev
17 aprel 1924-cü ildə İrəvan şəhərində ziyalı ailəsində anadan olmuşdur.
İrəvandakı Puşkin adına yeddiillik məktəbi bitirmişdir. Atası Əkbər Rizayev
həmin vaxt Moskvada “İnostrannaya literatura” jurnalının redaksiyasında Türk
ədəbiyyatı şöbəsinin müdiri işləyirdi. Sabir orta məktəbi Moskvada bitirmiş,
1942-ci ildə könüllü olaraq müharibəyə getmişdir. İkinci Dünya müharibəsi
qurtardıqdan sonra İrəvana qayıtmış və “Kommunist” qəzetində işləmişdir. 1948-ci
ildən teatr tamaşaları və filmlər haqqında tənqidi məqalələri mətbuatda dərc
olunmağa başlamışdır.
Sabir Rizayev 1951-ci ildə İrəvandakı Teatr İnstitutunu bitirmişdir. O, 1954-cü
ildə Leninqradda (Sankt-Peterburq) Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun
aspiranturasını fərqlənmə diplomu ilə bitirdikdən sonra “Armenfilm”
kinostudiyasında ssenarı şöbəsinə rəhbərlik etmiş, Ermənistan Dövlət
Kinematoqrafiya Komitəsində baş redaktor işləmişdir. 1965-ci ildən ömrünün
sonunadək Ermənistan Elmlər Akademiyasının İncəsənət İnstitutunun direktor
müavini və Ermənistan Kinematoqrafçılar İttifaqının idarə heyətinin katibi
vəzifəsində işləmişdir. Onun səyi nəticəsində İncəsənət İnstitutunda Kino şöbəsi
yaradılmış, bir sıra monoqrafiyalar yazılmışdı.
Erməni dilini mükəmməl bilən Sabir Rizayev əsərlərini rus dilində
yazmışdır.
Sabir Rizayevin ömrünü teatra, incəsənətə bağlamasında onun valideynlərinin
müstəsna xidmətləri olmuşdu. Onun atası Əkbər Rzayev hələ İrəvan gimnaziyasında
oxuyarkən “Könülsüz nikah” adlı komediya yazmış və həmin əsər İrəvan teatr
həvəskarları tərəfindən tamaşaya qoyulmuşdu. Daha sonralar Əkbər Rzayev
Ermənistan komsomolunun Mərkəzi Komitəsində və Ermənistan Kommunist Partiyası
Mərkəzi Komitəsində məsul vəzifələrdə işlədiyi vaxtlarda İrəvan teatrını
yaşatmaq üçün tamaşalarda rollar ifa etmişdir. Anası Firəngiz Rzayeva İrəvanda
səhnəyə çıxan ilk ziyalı azərbaycanlı qadınlardan olmuşdur.
Sabir Əkbər oğlu Rizayev 1975-ci ildə Ermənistan SSR-in Əməkdar incəsənət xadimi
adına layiq görülmüşdür. Müasir erməni sənətşünasları Sabir Rizayevi erməni
kinoşünaslığının banisi adlandırırlar. O, bir sıra filmlərin ssenari müəllifi
olmuşdur. Sabir Rizayevin qələmindən çıxan “Erməni bədii kinematoqrafiyası”
(1963), “Raçya Nersesyan” (1968), “Vardan Əcəmyan” (1978) monoqrafiyaları
sənətşünasların stolüstü kitablarına çevrilmişdir.
Onun müəllifi olduğu İrəvan Azərbaycan Dram Teatrı haqqında ilk tədqiqat əsəri
1963-cü ildə Bakıda rus dilində “Ermənistanda Azərbaycan teatrı” adı altında çap
olunmuşdur. İrəvan teatrının banisi Yunis Nuri haqqında Sabir Rizayevlə aktyorun
oğlu Əkbər Yerevanlının birgə yazdıqları 165 səhifəlik illüstrasiyalı “Yunis
Nuri” kitabı 1982-ci ildə Ermənistan Teatr Cəmiyyəti tərəfindən İrəvanda
azərbaycanca çap olunmuşdur.
Ümumiyyətlə, Sabir Rizayevin müəllifliyi və tərtibçiliyi ilə 28 kitabı çap
olunmuşdur. Onlardan 14-ü rus dilində, 13-ü erməni dilinə tərcümə olunaraq, 1-i
isə azərbaycanca çap olunmuşdur.
Sabir Rizayevin yazdığı əsərlər bu gün də öz aktuallığını saxlamasının
göstəricisidir ki, onun rus dilində yazdığı məqalələrinin bir qismi toplanaraq
2009-cu ildə İrəvanda “Избранные работы: о театре и кино” adı ilə 280 səhifə
həcmində nəfis şəkildə çap edilmişdir.
Sabir Rizayev yaradıclılğının çiçəkləndiyi bir vaxtda həyatla vidalaşmışdır. O,
20 dekabr 1978-ci ildə İrəvanda keçirilən konfrans zamanı məruzə edərkən infarkt
keçirmiş və məruzəsini tamamlaya bilməyərək gözlərini əbədi yummuşdur.
Sabir Rizayev böyük izdihamla İrəvan şəhər qəbiristanlığında dəfn edilmişdir.
Zərifə
Budaqova
Zərifə
İsmayıl qızı Budaqova (Əliyeva) 1929-cu ildə İrəvan şəhərinin Dəmirbulaq
məhəlləsində anadan olmuşdur. O, 1946-cı ildə İrəvan Pedaqoji Məktəbini bitirmiş
və həmin ildə İrəvan Pedaqoji İnstitutunun azərbaycanlı bölməsinin filoloji
fakültəsinə daxil olmuşdur. 1948-ci ildə Ermənistandan deportasiya olunan Zərifə
xanım təhsilini Azərbaycan Pedaqoji İnstitutunda davam etdirərək 1950-ci ildə
oranı bitirmişdir. Azərbaycan EA Dilçilik İnstitutunun aspiranturasına daxil
olan Zərifə xanım təhsilini Moskvada davam etdirmişdir. O,1953-cü ildə Moskvada
namizədlik, 1963-cü ildə doktorluq dissertasiyaları müdafiə edərək dilçi
azərbaycanlı qadınlar arasında ilk filologiya elmləri namizədi və doktoru
olmuşdur.
1955-ci ildə Dilçilik İnstitutunda Müasir Azərbaycan dilçiliyi şöbəsinin müdiri
təyin edilir və ömrünün sonunadək həmin şöbəyə rəhbərlik edir. 1980-ci ildə
Zərifə xanım Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1987-ci ildə
Dilçilik İnstitutunun direktoru seçilmişdir. Zərifə xanım 1989-cu ilin
noyabrında Bakıda vəfat etmişdir.
Z.Budaqova 150-dən artıq əsərin müəllifidir. Onun rəhbərliyi ilə 10 elmlər
doktoru, 25 elmlər namizədi yetişmişdir. Onun rus dilində yazdığı “Грамматика
aзербайджанского языка” monoqrafiyası bir sıra xarici dillərə tərcümə
edilmişdir.
Zərifə xanım akademik, Azərbaycan Milli Elmlər Akademiyası Həsən Əliyev adına
Coğrafiya İnstitutunun direktoru Budaq Budaqovun həyat yoldaşı idi.
Bölməyə dair istfadə
olunmuş ədəbiyyat: Azərbaycan Xalq Cümhuriyyəti ensklopediyası,
I, cild, Bakı, 2004; Azərbaycan Xalq Cümhuriyyəti
ensklopediyası, II cild, Bakı, 2005; Azərbaycan
tarixi. V cild, Bakı, 2001; Azərbaycan Demokratik
Respublikası. Bakı, 1990; Məmmədov
İ. Tariximiz, torpağımız, taleyimiz. Bakı,
2002; Zeynalov Ə. İrəvan ziyalıları. Bakı,
1999; Talıblı T. Əziz Əliyev. Bakı, 1997; Əsədov
S. Heydər Hüseynov. Bakı, 1998; Əbdülhüseyn Ənbiya
oğlu. XX əsrin 100 görkəmli azərbaycanlısı. Bakı,
2002; Əhmədov T. XX əsr Azərbaycan yazıçıları. Bakı,
2004; Керимова Т. Из истории национальной Академии Наук
Азербайджана, Баку, 2005.
İrəvanlı ziyalılar haqqında bioqrafik məlumatların hazırlanmasında həmçinin
tədqiqatçılardan Ədalət Tahirzadənin, Şəfəq Nasirin məqalələrindən istifadə
edilmişdir.