Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri
olan İrəvan şəhərində doğulub boya-başa çatan yüzlərlə elm, mədəniyyət,
incəsənət, din xadimlərinin adları Azərbaycan tarixinə həkk olunmuşdur. Müxtəlif
vaxtlarda İrəvanda olmuş səyyahlar, salnaməçilər, tədqiqatçılar İrəvan şəhərini
Şərqin inkişaf etmiş elm və mədəniyyət mərkəzi kimi təsvir etmişlər. İrəvan
ziyalılarının, elm, mədəniyyət və din alimlərinin yaratdıqları əsərlər bu gün
dünyanın müxtəlif kitabxanalarında, arxivlərində və muzeylərində
saxlanılır.
Orta əsrlərdə İrəvanda bəylərbəylik və xanlıq üsul-idarələri bərqərar olduqdan
sonra elm və mədəniyyətin inkişafın üçün əlverişli şərait yaranmışdır. Təəssüf
ki, dağıdıcı müharibələr və təbii fəlakətlər nəticəsində baş vermiş miqrasiya
prosesləri nəticəsində həmin dövrdə yazılan əsərlərin az bir qismi günümüzə
qədər gəlib çatmışdır. XIX əsrin əvvəllərində İrəvan xanlığının Rusiya qoşunları
tərəfindən işğalından sonra İrəvanın imkanlı və ziyalı elitasının xeyli bir
qismi şəhəri tərk etmişdir. Əslən İrəvandan olan, xarici ölkələrdə “İrəvani”
soyadı və təxəllüsü ilə yazıb-yaradan onlarla elm və mədəniyyət xadimləri
haqqında məlumatlar mövcuddur. XIX əsrin sonlarında bir müddət İrəvanda işləyən
görkəmli Azərbaycan ədəbiyyatşünası və maarif xadimi Firudin bəy Köçərli İrəvanı
haqlı olaraq “mərkəzi-üləma, füzəla və şüəra” şəhəri – yəni üləmalar, fazillər
və şairlər şəhəri adlandırmışdı. [129]
İrəvan şəhərində elm və təhsilin vəziyyəti haqqında ayrı-ayrı müəlliflərin
əsərlərindən, o dövrün statistik məlumatlarından və arxiv sənədlərindən xeyli
məlumat əldə etmək mümkündür.
İstər xanlıqlar dövründə, istərsə də Rusiya işğalı dövründə xanların və
bəylərin, əyanların, din xadimlərinin övladlarının mükəmməl təhsil almalarına
xüsusi fikir verilirdi. Bir çox imkanlı ailələr öz uşaqlarını xarici ölkələrdəki
dünyəvi və yaxud ali dini məktəblərdə oxumağa göndərirdilər. İrəvanda şiəlik
məzhəbi bərqərar olduğu üçün varlı ailələrin övladları əsasən Bağdadda, Nəcəfdə,
Kərbəlada, Məşhəddə, Xorasanda, Təbrizdə, Qahirədə ali dini təhsil alırdılar.
Həmin şəhərlərdə əslən İrəvan şəhərindən olan “İrəvani” soyadını daşıyan onlarla
ayətullah, müctəhid, höccətül-islam titulunu daşıyan din xadimləri yetişmişdi.
Özlərindən sonra zəngin irs qoyan ayətullah Molla Məhəmməd bin Məhəmməd Bağır
İrəvani-Həcəfinin, ayətullah Seyyid Əbdülməcid İrəvaninin, ayətullah Seyyid Əli
İrəvaninin, ayətullah Mirzə Əbdülhüseyn İrəvaninin, Hacı Mirzə Əliağa
İrəvaninin, Mirzə Fəzləli ağanın adları məşhur islam alimləri sırasında
çəkilir.
“Fazil İrəvani” ləqəbi ilə şöhrət tapmış Ayətullahu’l-uzma Molla Məhəmməd
ibn Məhəmməd Baqir 1817-ci ildə İrəvan şəhərində doğulmuşdur. İrəvanda ibtidai
dini təhsil aldıqdan sonra Məhəmməd daha yüksək səviyyəli bilik əldə etmək
məqsədilə İraqa getmiş, Kərbəla şəhərində təhsilinin birinci mərhələsini başa
vurmuşdur.
Sonra Fazil öz dövründə cəfəri məzhəbinin elm paytaxtı sayılan Nəcəfi-Əşrəfə
köçmüş və böyük müctəhidlərin dərslərində iştirak etmişdir. Uzunmüddətli təhsil
və tədqiqatlardan sonra Fazil İrəvani özünü hərtərəfli müctəhid kimi sübuta
yetirərək, Nəcəf elm mərkəzində dərs deməyə başlamışdır. Şimali və Cənubi
Azərbaycandan dini təhsil almaq məqsədi ilə Nəcəfə gedən tələbələrin çoxu Fazil
İrəvaninin dərslərində iştirak edirdi.
Fazil İrəvani Nəcəf şəhərindəki Şeyx Tusi məscidində camaat namazına imamlıq
etmişdir.
Bu böyük şəxsiyyət ölçüyəgəlməz dərəcədə dərin dini biliyə malik olmuşdur. Fazil
İrəvani İslam maarifini yaymaq yolunda bütün ömrü boyu səylə çalışmış, qiymətli
kitablar yazmışdır. Mənbələrdə ona aid edilən 15-ə yaxın kitabın adı çəkilir.
Fazil İrəvaninin qələmindən çıxmış aşağıdakı əsərlər daha məşhurdur: “Beyzavi
təfsirinə haşiyə”, “İctihad və təqlid”, “Üsulu’l-fiqh”, “İstishab” və
s.
Fazil İrəvaninin Şeyx Cavad, Şeyx Mahmud və Şeyx Mürtəza adlı oğulları da
mükəmməl ruhani təhsili almışlar. Alimin qardaşı Şeyx Әli Әsgәr İrәvani də Nəcəf
və Kərbalada şəhərlərində məşhur alimlərdən dərs almışdır. Şeyx Әli Әsgәrin oğlu
Höccәtül-İslam Hacı Şeyx Musa Nәcәfi İrәvaninin də zәmanәsinin islam alimlәri
arasında özünәmәxsus böyük mәqamı olmuşdur.
Ömrünü İslam maarifinin çiçəklənməsinə və təbliğinə həsr etmiş
Ayətullahu’l-uzma Fazil İrəvani 1888-ci ilin noyabrında Nəcəf şəhərində
vəfat etmiş və elə orada da dəfn olunmuşdur.
İrəvan şəhərində anadan olmuş görkəmli Azərbaycan həкimi və alimi Hacı Sülеyman
Qacar İrəvaninin (XVIII əsr) fars dilində yazdığı “Fəvaidül-hiкmət” (“Hiкmətin
faydası”) əsəri nəinкi Azərbaycanda, еləcə də Оrta Asiyada və İranda böyüк
şöhrət qazanmışdı. Bu кitab оrta əsr əcazçılıq, еnsiкlоpеdiyasıdır və minlərcə
dərman bitkisinin, hеyvan və minеralın müalicəvi кеyfiyyətlərindən bəhs еdir.
“Fəvaidül-hiкmət” əsərinin nadir əlyazma nüsхələri Azərbaycan MЕA-nın Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda və еləcə də, İran və Misirdə saхlanılır.
Кitab iкi hissədən ibarətdir. Birinci hissədə dərman хassələrinin əlifba sırası
ilə siyahısı vеrilib. İкinci hissə isə оrta əsr farmaкоlоji tеrminlərinin izahlı
lüğətidir. Burada bitki, hеyvan və minеralların Azərbaycan, türк, ərəb, fars,
yunan, çin, hind və başqa dillərdə adları vеrilmişdir.
[130]
1782-ci
ildə İrəvan xanı Hüseynəli xan xanlığın rəsmi sənədlərini və şəxsi yazışmalarını
toplayıb qaydaya salmaq üçün Təbrizdən xəttat dəvət etmişdi. İrəvan xanlığının
və İrəvan şəhərinin tarixi üçün qiymətli mənbə olan həmin əlyazmaların
orijinalları “Hüseynəli xanın divanı” adı altında toplanaraq kitab şəklinə
salınmışdı. “Hüseynəli xanın divanı”nın yeganə əlyazma nüsxəsi hazırda
Ermənistan Dövlət Muzeyində saxlanılır. (Əlyazma №
5039/1121).[131]
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Elmi arxivində
“İrəvanlı Hüseynəli xanın məktubları” adlı əsərin əlyazması saxlanılır.(İş
7415). Əsəri Hüseynəli xanın dövründə əvvəlcə xanın divanxanasının mirzəsi,
sonra isə vəzir təyin olunan Məhəmməd Müslüm Qüdsi toplamışdır. “Məktublar”a
İrəvan xanlarının 1789-1791-ci illərdə Osmanlı sultanına, kartli-Kaxetiya çarı
II İraklyiə, Xoy xanı Əhməd xana , Qarabağ xanı İbrahimxəlil xana göndərdikləri
məktublar toplanmışdır. Məktublar İrəvan xanlığının siyasi, iqtisadi, ticarət
əlaqələri, idarəçilik sistemi mülkiyyət və vergi formaları haqqında geniş
məlumat verir.[132]
Erməni tarixçisi Tadevos Hakopyan yazır ki, 1923-cü ildə İrəvandakı məscidlərdən
və kilsələrədən əlyazmalar toplanaraq Eçmiədzin kilsəsindəki əlyazmalar fonduna
təhvil verilmişdir. Məscidlərdə saxlanılan əlyazmalar əsasən ərəb və fars
dillərində idilər. Onların böyük əksəriyyəti Quran və müsəlman dininə aid
kitablar idilər. Həmçinin əlyazmalar içərisində ərəb və fars qrafikası ilə
dünyəvi məzmunlu şeirlər və bədii yaradıcılıq nümunələri olmuşdu. Evlərdə
saxlanılan əlyazmalarda tarixə aid qiymətli məlumatlar var
idi. [133]
İrəvan şəhərində mövcud olmuş təhsil sistemi haqqında ən dolğun məlumat xanlığın
Rusiya tərəfindən işğalından sonra 1829-1831-ci illərdə həmin ərazidə kameral
siyahıyaalma keçirən rus tarixçi-statistiki İvan Şopenin 1852-ci ildə
Sankt-Peterburqda çap olunaraq “Erməni Vilayətinin Rusiyaya birləşdirilməsi
dövrünün tarixi yaddaşı” əsərində verilmişdir. Həmin məlumatlardan aydın olur
ki, İrəvan xanlığının ərazisindəki təhsil sistemi mahiyyət etibarılə
Azərbaycanın digər xanlıqlarındakı təhsil sistemindən fərqli olmamışdır.
İ.Şopenin yazdığına görə, İrəvan xanlığının ərazisində təhsillə əsasən müəyyən
təhsil görmüş din xadimləri məşğul olurdular. Hər bir məscidin nəzdində böyük və
yaxud kiçik mədrəsə fəaliyyət göstərmişdir. Aşağı siniflərdə müəllimlər
müdərris, yuxarı siniflərdə isə vaiz adlandırılırdılar. Mədrəsələrdə geniş dərs
otaqları ilə yanaşı, tələbələrin yaşadıqları kiçik otaqlar – hücrələr olurdu.
Bəzi məscidlərdə adlı-sanlı müctəhidər dərs deyirdilər ki, onları dinləmək üçün
ölkənin hər yerindən dinləyicilər gəlirdilər. İrəvan xanlığının süqutu
ərəfəsində təkcə İrəvan şəhərindəki 8 məsciddə 200 şagird təhsil alırdı.
İ.Şopenin məlumatına görə, müsəlman alimləri bütün elmləri üç əsas sahəyə
bölürdülər: Əl-ərəbiət, Əl-şəruə və Əl-hakimə. Birincisi sahəyə əsasən ərəb
dilinin qaydaları, tarix və Quranın oxunması daxil idi. İkinci sahəyə Quranın
təfsiri, hədislərin öyrənilməsi, islam hüququnun əsaslarının və kəlamların
öyrənilməsi daxil idi. Üçüncü sahəyə isə məntiqin, riyaziyyatın, həndəsə və
astronomiyanın, tibbin və nəzəri fəlsəfənin öyrənilməsi daxil idi. İstər
məktəblərdə, istərsə də mədrəsələrdə hüsn-xəttə xüsusi diqqət
yetirilirdi. [134]
İrəvan xanlığının ərazisində məktəb və mədrəsələrdən başqa fərdi tədris növü də
mövcud idi. Xanın və yaxud sərdarın, əyanların və tacir uşaqlarının təhsili ilə
onların evində ayrıca müəllimlər məşğul olurdular.
İ.Şopenin verdiyi məlumata görə, hər bir müsəlmanın evində məktəblərdə tədris
olunan fənlərə, xüsusən də Qurana və şəriətə aid kitabların nüsxələrinə, özü də
hərəsindən bir neçə nüsxə rast gəlmək olar. Müəllif İrəvanda kalliqrafik xətlə
üzü köçürülmüş şeir kitablarının bahalı olduğunu, tarixə aid kitabların isə daha
da baha qiymətə satıldığını yazır. Onun yazdığına görə, ermənilər isə kitab
sarıdan kasaddırlar. Yalnız bəzi varlı ermənilərin evlərində «İncilə» və yaxud
dini ibadət qaydalarına aid hansısa kitaba nadir halda rast gəlmək olar.
[135] Bütün bunlar bir daha ona dəlalət edir ki, həqiqətən də
İrəvan şəhəri xanlıqlar dövründə Azərbaycanın inkişaf etmiş elm və mədəniyyət
mərkəzlərindən biri olmuş, təhsilə xüsusi fikir verilmişdir.
İrəvan progimnaziyasının hazırlıq sinfinin müəllimi olmuş Stepan Zelinskinin
(milliyyətcə erməni idi) “Qafqazın ərazi və tayfalarının təsviri materialları
məcmuəsi”ində dərc etdirdiyi “İrəvan şəhəri” məqaləsində göstərir ki, 1880-ci
ildə İrəvan şəhərindəki məscidlərdə 153 şagird təhsil alırdı ki, onların təlimi
ilə 8 müəllim məşğul olur. S.Zelinski yazır ki, bundan əlavə, İrəvanda ali dini
müsəlman məktəbi fəaliyyət göstərir və orada tələbələrdən təhsil haqqı alınmır,
əksinə təhsildə müvəffəqiyyətlərindən asılı olaraq məscid onlara 3 rubldan 10
rubladək mükafat verir. Müəllif ali dini müsəlman məktəbində əksəriyyətinin
kəndlərdən gələnlərdən ibarət olduğunu, hər il 60-a qədər tələbənin təhsil
aldığını, tam kursu bitirdikdən sonra onlara axund rütbəsi verildiyini və əmmamə
daşımaq səlahiyyətinə malik olduqlarını yazır. [136] S.Zelinski
ali dini məktəbin hansı məscidin nəzdində fəaliyyət göstərdiyini yazmasa da,
belə güman etmək olar ki, həmin məktəb şəhərin baş məscidi olan Cümə və yaxud
Hüseynəli xan məscidinin nəzdində fəaliyyət göstərmişdir.
Rusiya işğalı dövründə İrəvan şəhərində ilk dövlət ikisinifli qəza məktəbi 14
yanvar 1832-ci ildə açılmışdır. İrəvan qalasında yerləşən həmin məktəbin
təşkilatçısı və inspektoru Moskva universitetinin tələbəsi F.Zuboev olmuşdur.
1836-cı ildə Sankt-Peterburqda çap edilən “Qafqazdakı Rusiya torpaqlarının
icmalı” əsərində yazılır “İrəvan şəhərində 60 şagirdin təhsil aldığı bir xalq
məktəbi, Eçmiədzindən 1827-ci ildə köçürülmüş bir erməni və 8 tatar
(azərbaycanlı) məktəbi vardır. Bütün bu 9 məktəbdə 120-yə qədər şagird oxuyur
ki, onlar da imkanları nəzərə alınmaqla ayda 20 qəpikdən 1 gümüş rubladək vəsait
ödəyirlər.[137]15 mart 1868-ci ildə İrəvan qəza məktəbi
dördsinifli klassik progimnaziyaya çevrilmişdir. Azərabyacanlı uşaqların da
təhsil aldıqları bu məktəbdə din dərsləri, rus, tatar (Azərbaycan dili), erməni,
latın, fransız dilləri, tarix, coğrafiya, riyaziyyat və təbiətşünaslıq fənləri
tədris edilirdi. Stepan Zelinski yuxarıda adı çəkilən “İrəvan şəhəri”
məqaləsində (səh. 48) göstərir ki, 1850-ci ildən 1880-ci ilədək 30 il ərzində
İrəvan qəza məktəbini və progimnaziyasını üst-üstə 558 tatar (azərbaycanlı)
bitirmişdir.
Progimnaziya 31 mart 1881-ci ildə səkkizsinifli tam
gimnaziyaya çevrilmişdi və sonralar İrəvan Oğlan Gimnaziyası adlanırdı. 1 yanvar
1883-cü ilə olan məlumata görə, İrəvan gimnaziyasında təhsil alan 237 şagirddən
37-si azərbaycanlı olmuşdu. [138]
Əldə edilən məlumatlara görə, ilk dəfə İrəvan qəza məktəbi kimi fəaliyyətə
başladığı dövrdən 1918-ci il avqustun 6-da bağlanmasınadək keçən müddət ərzində
İrəvan Oğlan Gimnaziyasına şəriət dərslərini və Azərbaycan dili fənnini
1836-1856-cı illərdə Molla Tağı Mahmud oğlu, 1856-1885-ci illərdə Mirzə Ələkbər
Elxanov, 1885-1895-ci illərdə Firudin bəy Köçərli, 1895-1905-ci illərdə İsmayıl
bəy Şəfibəyov, 1905-1906-cı illərdə Mirzə Məhəmməd Şeyxzadə, 1907-1918-ci
illərdə Şeyx Abusəttar Kazımov tədris etmişlər. [139]
İrəvan Oğlani Gimnaziyası Azərbaycan ictimaiyyətinə, dövlətinə, elminə,
mədəniyyətinə incəsənətinə bir sıra görkəmli şəxslər bəxş etmişdir. Tanınmış
dövlət xadimlərindən Məmməd bəy Qazıyev, Teymur bəy Makinski, Əkbər ağa
Şeyxülislamov, Nəriman bəy Nərimanbəyov, Məhəmməd Məhərrəmov, Əziz Əliyev,
maarif və elm xadimlərindən Miryusif Mirbabayev, Mustafa bəy Topçubaşov, Əhməd
Rəcəbli, Maqsud Məmmədov, generallardan Həbib bəy Səlimov, Qambay Vəzirov İrəvan
gimnaziyasının məzunları olmuşlar. İrəvan gimnaziyasını bitirən azərbaycanlı
qızların bəziləri 1918-1920-ci illər soyqırımı nəticəsində İrəvandan didərgin
düşsələr də, yerdə qalanları Sovet hakimiyyəti illərində İrəvanda xalq maarifi
və savadsızlığın aradan qaldırılması istiqamətində mühüm işlər görmüşdülər.
İrəvan Oğlan Gimnaziyasının məzunlarının bir qismi qəza məktəblərində müəllim
işləmiş, bir qismi isə Rusiyanın müxtəlif ali məktəblərində təhsillərini davam
etdirmişdilər.
İrəvanda fəaliyyət göstərən məktəblərdən biri də Müqəddəs Ripsime qəzlar məktəbi
idi. 1850-ci il yanvarın 2-də Qafqazın canişini Mixail Voronsovun xanımı
Yelizaveta Voronsovanın təşəbbüsü və İrəvanda fəaliyyət göstərən Müqəddəs Nina
Xeyriyyə Cəmiyyətinin idarə heyətinin qərarı ilə Müqəddəs Ripsime qadın məktəbi
təsis edilmişdir. 9 iyul 1884-cü ildə bu məktəb üçsinifli qadın progimnaziyasına
çevrilmişdi. 30 may 1898-ci ildə isə progimnaziya hazırlıq sinfi də təşkil
edilməklə səkkizsinifli qadın gimnaziyasına çevrilmişdi. Ödənişli olan bu
məktəbdə imkanlı azərbaycanlıların qızları da təhsil alırdılar. Təkcə
1916-1918-ci illərdə Müqəddəs Ripsime gimnaziyasını 36 azərbaycanlı qız
bitirmişdi. [140] İrəvan quberniyasının 1914-cü ilə dair
“Yaddaş kitabçası”nda göstərilir ki, bu gimnaziyada şəriət dərslərini və
Azərbaycan dilini Haşım bəy Nərimanbəyov tədris etmişdir.
Azərbaycanlı uşaqlara ana dilinin tədrisi üçün dərslik yazılmasının ilk
təşəbbüskarı İrəvan Oğlan Gimnaziyasının Azərbaycan dili müəllimi Mirzə Ələkbər
Elxanov olmuşdur. Görkəmli rus pedaqoqu K.Uşinskinin pedaqoji ideyalarını
mənimsəyən M.Ə.Elxanov “Tatar (Azərbaycan) dili əlifbası” adlı Ana dili dərsliyi
yazmışdır. M.Ə.Elxanovun tərtib etdiyi dərsliyin əlyazması 25 iyun 1882-ci ildə
Qafqaz təhsil İdarəsi tərəfindən Rusiya Xalq Maarifi Nazirliyinə göndərilmiş, 2
may 1883-cü ildə nazirliyin Elm komitəsində müzakirə edilmiş, onun “Əlifba”sının
ibtidai müntəğabat kimi Azərbaycan dilini tədris etmək üçün tövsiyə olunmuşdu.
Təəssüf ki, çapa hazır olan həmin dərslik M.Ə.Elxanovun sağlığında işıq üzü
görməmişdir. [141]
Hələ XIX əsrin 50-60-cı illərindən etibarən İrəvan şəhərində özəl məktəblər də
fəaliyyət göstərməyə başlamışdı. Özəl məktəbləri yalnız Rusiya təbəəliyi olan
şəxslər Qafqaz Tədris İdarəsinin icazəsi ilə aça bilərdi. İki tip özəl məktəblər
mövcud idi. Birinci tip məktəblərə məscidlərin və ya kilsələrin nəzdindəki
müəllimlərin fərdi proqramı əsasında fəaliyyət göstərən ənənəvi mollaxana tipli
məktəblər, ikinci tip məktəblərə isə yeni açılan, lakin öz tədris proqramını
dövlət məktəblərinin proqramlarına uyğunlaşdıran məktəblər daxil idi. 1863-cü
ildə İrəvanda 15 özəl azərbaycanlı və erməni məktəbləri mövcud idi.
[142]
1865-ci ildə İrəvan şəhərində 9 müsəlman ruhani məktəbi fəaliyyət göstərmişdir
ki, orada 223 şagird təhsil almışdır. Həmin vaxt şəhərdəki 6 erməni ruhani
məktəbində 150 şagird təhsil alırmış. [143] 1866-cı ildə
məscidlərin nəzdindəki məktəblərdə şagirdlərin sayı 596 nəfərə çatırdı.
[144]
Əslən
İrəvandan olan və müxtəlif səbəblərdən Cənubi Azərbaycana köçən ailələr İrəvanla
bağlılıqlarını davam etdirirdilər. Azərbaycanlı maarifçi, ruhani, və
ictimai-siyasi xadim Mirzə Həsən Rüşdiyyə belələrindən idi. 1851-ci ildə
Təbrizdə ruhani ailəsində dünyaya gələn Həsən ilk təhsilini ərəb və fars
dillərini mükəmməl bilən atası Molla Mehdidən almış, sonra təhsilini İstanbulda
və Beyrutda davam etdirmişdi. Təbrizə qayıdan Həsən orada yeni tipli məktəb
(“üsuli-cədid” məktəbi) açmaq ideyasını gerçəkləşdirə bilmir. O, 1883-cü ildə
İrəvana gəlir və burada yaşayan qardaşı Mirzə Əlinin köməyilə yerli müsəlmanlar
üçün müasir tipli dünyəvi məktəb açır. Onun İrəvandakı ilk pedaqoji fəaliyyəti
uğurlu alınır. Türkiyədə açılan rüşdiyyə məktəblərinin adını özünə təxəllüs
götürən Mirzə Həsənin məktəbi qısa müddətdə xеyli nüfuz qazanır. Avropa
metodlarına uyğunlaşdırılmış bu məktəbdə ana dili ilə yanaşı, fars, rus və
fransiz dilləri, coğrafiya, həndəsə, kimya və s. fənlər də tədris edilirdi.
Savadlı yerli məmurların hazırlanmasında maraqlı olan çar hakimiyyəti də
Rüşdiyyənin fəaliyyətindən razı idi və ona lazımi yardım göstərirdi. 1888-ci
ildə Mirzə Həsən Rüşdiyyə Təbrizə qayıdaraq orada çox çətinliklə olsa da, ilk
müasir tədris məktəblərinin açılmasına nail
olmuşdu. [145] Məşhur Azərbaycan alimi, tənqidçisi pedaqoqu
Firudin bəy Köçərlinin 1885-ci ildə Qori Müəllimlər seminariyasını bitirərək
təyinatla İrəvan Oğlan Gimnaziyasında işləməyə göndərilmişdi. O,
maarifçi-demokrat kimi, ictimai bəlaların kökünü cəhalətdə, elmsizlikdə görür,
xalqın maarifləndirilməsi yolunda öz əməyini əsirgəmirdi. İrəvanda yeni tipli
məktəblərin açılmasında, onların tədris vəsaitləri ilə təmin olunmasında Firudin
bəyin müstəsna xidməti olmuşdu. İrəvanda işlədiyinin beşinci ilində – yəni
1890-cı ildə “İrəvandan məktub” başlıqlı məqaləsində Firudin bəy yazırdı: “Belə
ki, iki-üç sənə var ki, şəhərimizdə bir-iki qaydalı və səliqəli məktəb açılıb,
müsəlman balaları da sair millətlərin ətfalı (yəni uşaqları) təki təzə
üsul ilə elm və ədəb təhsil edirlər… Əlbəttə, bu məktəblərin bu halda
qüsurları da çoxdur, amma ümid var ki, İrəvan əhli hümmət edib az zamanda
məktəblərin hər bir maehtiyacını düzəldələr.[146]
Firudin bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” kitabında İrəvanda mövcud olan
bəzi məktəblər haqqında, o cümlədən İrəvanda məktəb açan Məşədi İsmayıl
Kazımzadə və Mirzə Kazım Əsgərzadə kimi ziyalılar haqqında ətraflı məlumat
verilir.
Firudin bəyin yazdığın görə, İrəvanın sərvət sahibi tacirlərindən biri olan
Məşədi İsmayıl Kazımzadə 1846-cı ildə İrəvanda anadan olmuşdur. O, həddi-büluğa
çatdıqdan sonra şair, jurnalaist və maarif xadimi kimi tanınan Mirzə Məhəmməd
Naxçıvaninin məktəbində təlim alaraq fars və türk dillərini mükəmməl öyrənmişdi.
1866-cı ildə Məşədi İsmayıl İrəvan şəhər məktəbində şəriət və türk dili müəllimi
işləməklə yanaşı, özü də məktəb açmışdır. F.Köçərli İrəvan gimnaziyasına müəllim
təyin edildikdən sonra tez-tez Mirzə İsmayılın yanına getdiyini, onun dərsləri
necə şövqlə tədris etdiyini müşahidə etdiyini yazır. Məşədi İsmayıl Kazımzadə
köhnə qayda ilə dərs verməyin qüsurunu anlayıb, üsuli-sövti (yəni hərflərin
söz kimi deyil, səs kimi tələffüz edilməsi) ilə təlim vermək üçün özü
bir əlifba tərtib etmişdi. Onun bu addımı köhnəliyin tərəfdarı olan
qaragüruhçular tərəfindən istehza və gülünc hədəfinə
çevrilsə də Məşədi İsmayıl öz işini davam etdirmişdi. “Bəzmi” təxəllüsü ilə
şeirlər yazan Məşədi İsmayıl Kazımzadə 1888-ci ildə İrəvanda vəfat
etmişdir.
F.Köçərlinin İrəvanda məktəb açan Mirzə Kazım Əsgərzadə haqqında verdiyi
məlumatdan aydın olur ki, 1832-ci ildə Sərab şəhərinə yaxın Bərağuş qəsəbəsində
anadan olan M.K.Əsgərzadə ilk təlimini Təbriz şəhərində aldıqdan sonra, hələ
cavan ikən İrəvan şəhərinə gəlmiş, İranın orada yerləşən konsulluğunda
kargüzarlıq işlərinə baxmışdır. Sonra isə uşaqların təliminə meylli olduğu üçün
öz işindən əl çəkib, xüsusi məktəb açaraq müəllimlik etmişdir. Üsuli-sövti ilə
təlim verən Mirzə Kazım haqqında F.Köçərli yazır: “Mirzə Kazımın məktəbi cümlə
İrəvan əhlinin rəğbətini kəsb etmişdir və əlhəq (yəni şübhəsiz) ol
cənab şüğlü (yəni peşə) sənətində bir qüsur qoymayıb canü dildən təlimi
ətfala (yəni uşaqlara) qurşanmışdı”. F.Köçərli M.K.Əsgərzadə ilə yaxın
dost olduğunu, onun üsuli-təlimdə daha artıq bilik və məharət kəsb etməsi üçün
İrəvan Oğlan Gimnazitasımnın müdiri Brajinnikovun icazəsi ilə F.Köçərlinin
özünün və hazırlıq sinfinin çox qabiliyyətli və mahir müəllimi Çistyakovun
dərslərinə qulaq asdığını yazır. F.Köçərli Mirzə Abbas Məhəmmədzadəyə istinadən
Mirzə Kazımın 5 cild kitab yazdığını, onlardan dördünün uşaqların təliminə həsr
etdiyini yazır. Mirzə Kazımın çap olunmayan kitablarının adları belə idi:
“Elmi-hesab”, Sərfü nəhvi-farsi”, “Elmi-bəlağət”, “Teatr hekayəsi”,
“Vacibiyyati-şəriyyə”. F.Köçərli Mirzə Kazımın şəriət qaydalarına həsr etdiyi
kitabının həmin dövrdə məktəblərdə dərslik kimi tədris edilən “Camei-Abbasi”
kitabından üstün olması qənaətində olduğunu yazır. F.Köçərli Mirzə Kazımın bütün
bu kitablarından əlavə, ibtidai siniflərdə təlim etmək üçün türk dilində nəsrlə
və nəzmlə bir kitabça da tərtib etdiyini, həmin kitabçaya xırda-para hekayələri,
nağılları və özünün də yazdığı düzgüləri (uşaqlar üçün yazılan, lakin süjeti
olmayan, adların, hərəkətlərin, obrazların təkrar edildiyi şeir
forması) daxil etdiyini yazır.
F.Köçərli xüsusi olaraq vurğulayır ki, Mirzə Kazım ərəb əlifbasının
dəyişdirilməsi məsələsinin çox vacib məsələlərdən biri hesab edir, tərəqqi
yolunda geridə qalmağın səbəbini Mirzə Fətəli Axundov kimi, əlifbanın qüsurunda
görürdü. Mirzə Kazım 1892-ci ildə İrəvanda yayılan vəba xəstəliyindən vəfat
etmişdir.
F.Köçərli Axund Mirzə Əlinin də Mirzə Kazımla eyni vaxtda İrəvanda məktəb
açdığını yazır. Axund Mirzə Əli də Mirzə Kazım kimi, Çistyakovun yanına gedər,
ondan dünyəvi təhsil sisteminin tətbiq edilməsinin yollarını öyrənərmiş.
[147]
İrəvanda fəaliyyət göstərən özəl məktəblərdən biri də Sofiya Stasyuleviçin
1877-ci ildə açdığı pansion idi. S.Zelinski yuxarıda adı çəkilən “İrəvan şəhəri”
məqaləsində şəhərin ilk özəl pansionunun təsisçisinin ona söylədiklərini qələmə
almışdır (səh.52-53). S.Stasyuleviç Naxçıvanda yaşayarkən Kalbalı xan
Naxçıvanski ilə tanış olmuş və onun iki övladının təlimi ilə fərdi qaydada
məşğul olmuşdu. Ondan razı qalan Kalbalı xan Sofiyaya İrəvana getməyi və
müsəlman uşaqlarının tərbiyəsi ilə məşğul olmağı məsləhət görür. İrəvana gələn
Sofiya əvvəlcə yerli xanlara müraciət edir ki, müsəlman uşaqları üçün pansion
açmağa yardım etsinlər, lakin onlardan müsbət cavab almır. Zelinski daha sonra
yazır ki, xoşbəxtlikdən Şəfi bəy adlı birisi Sofiyaya təklif edir ki, əlavə
şagirdlər tapmaq şərtilə onun uşaqlarına pulsuz təlim keçsin. Sofiya ev
kirayələyir və tezliklə onun şagirdləri artır və ikinci ilin sonunda 15 nəfərə
çatır. Sofiyanın təlimdəki müvəffəqiyyəti və uşaqlara göstərdiyi analıq qayğısı
sayəsində onun pansionunda təlim-tərbiyə verdiyi müsəlman balalarının sayı daha
sonra 45 nəfərə çatır. Onun pansionundan progimnaziyaya daxil olan şagirdlər
oranın ən yaxşı şagirdləri kimi ad qazanırlar. Qazandığı uğurlarına görə
ermənilər və ruslar da öz uşaqlarının Sofiyanın pansionuna göndərirdilər.
1877-1880-ci illərdə S.Stasyuleviçin pansionunda 105 şagird təlim-tərbiyə
görmüşdü ki, onların 58-i azərbaycanlı, 43-ü erməni, 4-ü rus uşaqları idi.
1880-ci
ildə açılan İrəvan şəhər ibtidai məktəbi 1900-cü ildə üçsinifli Puşkin adına
məktəbə çevrilmişdi. 1901-ci ildə Puşkin adına məktəbin nəzdində bazar günü
məktəbi açılmışdı. Məktəbə milliyyətindən və dinin mənsubiyyətindən asılı
olmayaraq 16 yaşından 50 yaşınadək irəvanlılar qəbul edilirdilər. Puşkin adına
məktəbdə rus və digər dillərlə yanaşı, Azərbaycan dili də tədris edilirdi. Mirzə
Hüseyn Axundov məktəbin müsəlman bölməsinin müdiri olmaqla yanaşı, Azərbaycan
dili müəllimi kimi də fəaliyyət göstərmişdir. Ermənistanda sovet hakimiyyətinin
qurulmasında fəal iştirak etmiş Saleh Güllicinski Puşkin məktəbinin məzunu
olmuşdu.
1881-ci il noyabrın 3-də tərkibində iki sinif olmaqla İrəvan Müəllimlər
Seminariyasının I sinfinin açılışı olmuşdur. Seminariyanın ilk direktoru Yakob
Suşevskinin səyi nəticəsində birinci il seminariyaya 9 müəllim 42 şagird cəlb
edilmişdi. 1882-ci ildə seminariyanın II sinfi, 1883-cü ildə III sinfi
açılmışdır. Qafqazda olan bütün müəllimələr seminariyası kimi, İrəvan müəllimlər
seminariyası da 4 sinifdən ibarət olmuşdur.
İrəvan Müəllimlər Seminariyasının pedaqoji kontingentinin formalaşmasında əsasən
Qori müəllimlər seminariyasının məzunlarından istifadə edilmişdir. Seminariyanın
əsasnaməsinə görə, bu təhsil ocağına ancaq oğlanlar qəbul oluna bilərdilər.
Seminariyanın nəzdində həmçinin ibtidai məktəb fəaliyyət göstərirdi.
Seminaristlər pedaqoji təcrübələrini həmin məktəbdə keçirdilər. Ordubad şəhər
məktəbi həmin seminariyanın təcrübə məktəbi hesab olunurdu. Seminariyada
müxtəlif fənlər tədris edilməklə yanaşı, bir sıra peşələr – xarratlıq, cildçilik
işi, tərəvəzçilik və ipəkçilik fənləri də könüllü olaraq tədris
olunurdu.[148] Qafqaz məktəbləri üçün müəllimlər hazırlayan
İrəvan Müəllimlər Seminariyasının 1895-ci ildəki vəziyyətinə aid hesabatda
göstərilir ki, 1884-cü ildəki ilk buraxılışından 1895-ci il buraxılışı arşında
olan müddətdə seminariyanı 123 nəfər bitirmişdir ki, onlardan 25 nəfərini
azərbaycanlılar, qalanlarını digər millətlərin nümayəndələri təşkil etmişlər.
İrəvan müəllimlər seminariyasının direktoru V.Dobrıninin 1918-ci ildə yazdığı
hesabatdan aydın olur ki, 1915-16-cı tədris ilində seminariyanı 19 nəfər,
1916-17-ci tədris ilində 22 nəfər, sonuncu – 1917-18-ci tədris ilində isə
23 nəfər azərbaycanlı bitirmişdir. Ümumiyyətlə, üç il ərzində seminariyanı 316
nəfər bitirmişdi ki, onlardan 64 nəfərini azərbaycanlılar, 2 nəfərini isə
türklər təşkil etmişdi. [149]
İrəvan Müəllimlər Seminariyasında ilahiyyat, rus dili, hesab, həndəsə,
coğrafiya, tarix və biologiya fənləri ilə yanaşı, tatar (Azərbaycan dili)
dərsləri də keçirilirdi. Axund Məhəmmməd Bağır Qazızadə uzun müddət İrəvan
Müəllimlər Seminariyasında şəriət müəllimi, Ələsgər Kərimov, Rəhim Xəlilov,
Rəşid bəy Şahtaxtinski, Mirzə Cabbar Məmmədov Azərbaycan dili müəllimi
işləmişdilər.
İrəvan Müəllimlər seminariyasının ilk buraxılışı 1884-cü ildə olmuşdur. Həmin il
məktəbin 5 nəfər məzunu olmuşdu. XIX əsrin sonlarında Zaqafqaziyada işləyən kənd
məktəblərinin müəllimlərinin və müdirlərinin xeyli hissəsi ekstern yolu ilə
imtahan verərək müəllimlik hüququ əldə etmişdilər.
Tanınmış
simalardan Haşım bəy Vəzirov, Həmid ağa Şahtaxtinski, Tağı bəy Səfiyev, İbadulla
Muğanlinski, Şamil Mahmudbəyov, Cabbar Məmmədov İrəvan Müəllimlər
Seminariyasının məzunları olmuşlar. İrəvan Müəllimlər Seminariyasının
azərbaycanlı məzunları quberniyanın ərazisində mövcud olan rus-tatar
məktəblərinə müəllim təyin edilirdilər.
Haşım bəy Vəzirov 1868-ci ildə Şuşa şəhərində anadan olmuş, orada şəhər realnı
məktəbini bitirdikdən sonra, İrəvan Müəllimlər Seminariyasında oxumuşdu.
Müəllimlər Seminariyasını bitirdikdən sonra əvvəlcə Böyük Vedi kəndində, sonra
isə Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Köynük, Cavanşir qəzasının
Bərdə kəndlərində müəllim və məktəb direktor işləmişdi. Haşım bəy Vəzirov
1907-1916-cı illərdə Bakıda “Tazə həyat”, “İttifaq”, “Səda”, “Sədayi-vətən”,
“Sədayi-həqq”, “Kavkazets” (rusca) qəzetlərini və “Məzəli” satirik jurnalını
nəşr etdirmişdir.
İrəvan Müəllimlər Seminariyasını 1899-cu ildə bitirən Həmid ağa Şahtaxtinski elə
həmin seminariyada Azərbaycan və rus dili müəllimi işləmiş, İrəvan Müsəlman
Xeyriyyə Cəmiyyətinin fəallarından olmuşdur. O, 1912-ci ildə Odessada hüquq
fakültəsini bitirdikədən sonra Gəncədə və Bakıda fəaliyyət göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyət dövründə Parlamentin üzvü olan Həmid ağa
Şahtaxtinski 2-ci, 3-cü və 4-cü hökumət kabinələrində maarif nazirinin müavini.
5-ci kabinədə isə maarif və dini etiqad naziri olmuşdur. Azərbaycanda sovet
hakimiyyəti qurulduqdan sonra təhsil sistemində müxtəlif məsul vəzifələrdə
çalışan Həmid ağa Şahtaxtinski 1941-ci ildə repressiyaya məruz qalmış və 1944-cü
ildə Arxangelsk vilayətində sürgündə vəfat
etmişdir. [150]
1918-ci ilin mayında İrəvan quberniyasının ərazisində ilk erməni dövləti –
Ermənistan (Ararat) Respublikası qurulduqdan sonra İrəvan Müəllimlər
Seminariyasının fəaliyyətinə son qoyulmuşdur.
Dövrünün tanınmış pedaqoqlarından olan Əkbər Mehdi oğlu Əkbərov 1898-ci ildə
İrəvandakı rus-tatar məktəbinə daxil olmuş, oranı 1903-cü ildə bitirmişdir.
Əkbər Əkbərov 1907-ci ildə İrəvan müəllimlər seminariyasını bitirdikdən sonra
Haşım bəy Nərimanbəyovun məktəbinə müəllim təyin olunmuşdur. Sonra o, Təbrizə
getmiş bir müddət orada müəllimlik etmişdir. 1911-ci ildə İrəvana qayıdan Əkbər
Əkbərov İrəvan müsəlman məktəbinin müəllimi işləmişdir. Əkbər Əkbərovun 1913-cü
ilin iyununda görkəmli Azərbaycan ədibi və pedaqoqu Abdulla Şaiqə göndərdiyi
məktubundan aydın olur ki, o, “Müxtəsər hesab qaydaları” adlı yazdığı dərsliyi
çap etdirmək üçün Cabbar Məmmədzadənin vasitəsilə Bakıya göndərmişdir. 1912-ci
ilin sonlarında göndərilən həmin kitabın redaktəsini Əkbər Əkbərov Abdulla
Şaiqdən xahiş etmişdir. Dəfələrlə müraciətdən sonra Abdulla Şaiqdən bir cavab
ala bilməyən Əkbər Əkbərov “Sədayi həqq” qəzeti vasitəsilə Abdulla Şaiqə
müraciət etmişdir ki, çap olunması üçün göndərdiyi kitabı geri qaytarsın. Əkbər
Əkbərovun həmin müraciəti “Açıq məktub” başlığı ilə “Sədayi həqq” qəzetinin 1
iyul 1913-cü il tarixli sayında dərc olunmuşdur. Təəssüf ki kitabın aqibəti
haqqında məlumat yoxdur. Əkbər Əkbərovun bir neçə tənqidi məzmunlu məqaləsi
“İqbal” qəzetində dərc olunmuşdur. [151]
1882-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirən Haşım bəy
Nəriman bəy oğlu Nərimanbəyov 1896-cı il oktyabrın 21-də İrəvanda rus-tatar
(Azərbaycan) məktəbi açmışdır. İlk dəfə məktəbə nəzərdə tutulan 70 şagird
əvəzinə 110 şagird qəbul edilmişdi. Rusiya Xalq Maarif Nazirliyi tərəfindən
təsdiq edilən Məktəbin tədris planına Azərbaycan, rus, fars, ərəb dilləri,
şəriət və hesab daxil idi. Ana dili səs üsulu ilə A.Çernyayevsakinin “Vətən
dili”, fars dili Sədi Şirazinin “Gülüstan”, rus dili M.Volperin “Rus dili”,
hesab Yevtuşevskinin “Məsələlər kitabı”, şəriət dərsləri isə Firudin bəy
Köçərlinin tərtib etdiyi kitab üzrə tədris edilirdi. Rus-tatar (Azərbaycan)
məktəbini təsis edən komissiyanın tərkibinə Abbasqulu xan İrəvanski (sədr),
İrəvan gimnaziyasının Azərbaycan dili müəllimi İsmayıl bəy Şəfibəyov, İrəvan
Müəllimlər Seminariyasının Azərbaycan dili müəllimi Rəhim Xəlilov və başqaları
daxil idi. İrəvan ziyalıları məktəbə tez-tez kömək edirdilər. Şəhər teatr
həvəskarları tez-tez tamaşalar göstərərək, toplanan vəsaiti Rus-Azərbaycan
məktəbinin nəfinə verirdilər. İrəvan quberniya məscidi də məktəbə maddi yardım
edirdi.
1899-cu ildə H.Nərimanbəyovun təşəbbüsü ilə onun məktəbinin nəzdində yaşlı
müsəlmanlar üçün axşam kursları açılmışdı. Orada rus dili, hesabdan dörd əməli
və ana dili dərsləri keçilirdi. Rus dili və hesabı H.Nərimanbəyovun özü, ana
dilini isə Mirzə Məmmədvəli Qəmərlinski keçirdi. 1990-cü ildə İrəvana gələn
Müzəffərəddin şah Qacar Rus-Azərbaycan məktəbinin şagirdlərinə 300 manat ianə
vermişdi. [152] “İrəvan quberniyasının 1906-cı il üçün yaddaş
kitabçası”nda göstərilir ki, rus-tatar ibtidai məktəbinin himayəçisi Abbasqulu
xan İrəvanski, müdiri Haşım bəy Nərimanbəyov, müəllimləri Həmid ağa
Şahtaxtinski, Mustafa Rəcəbov, şəriət müəllimləri Məmməd Qazıyev və Mirzə
Məmmədvəli Qəmərlinskidirlər. [153] Həmin seriyanın 1914-cü il
buraxılışında İrəvan ikisinifli rus-tatar oğlan ibtidai məktəbinin müdiri Haşım
bəy Nərimanbəyovun, müəllimlərinin isə Yevsyukov, Məmmədvəli Qəmərlinski və
Vasilyev, şəriət müəlliminin Axund Abdulla Qazıyevin olduqları
göstərilmişdir.
1902-ci ildə İrəvanda rus-tatar (Azərbaycan) oğlan məktəbinin təcrübəsi əsasında
rus-tatar (Azərbaycan) qızlar məktəbi açılmışdı. Axund Məmmədbağır Qazızadənin
evində yerləşən ikisinifli rus-tatar (Azərbaycan) qızlar məktəbinin himayəçisi
knyagina Yelena Çaqodaeva (İrəvan quberniyasının vise-qubernatoru knyaz Aleksey
Çaqodayevin arvadı), müdiri Antonina Kalinina, müəllimi Pxakadze, şəriət
müəllimi olmuşdur. Həmin kitabçada İrəvanda daha bir ibtidai rus-tatar qızlar
məktəbinin mövcudluğu göstərilsə də, onun müəllimləri haqqında məlumat
verilməmişdir. [154]
Mirzə
Məmmədvəli Qəmərlinski İrəvanda təhsilin inkişafında xüsusi xidmətləri olan
pedaqoqlardan olmuşdur. Onun atası Əli Qəmərlinski çar ordusunun, 1915-ci ildə
Türkiyəyə mühacirət edən böyük oğlu Hüsüeynəli Qəmərli isə türk odusunun
generalı olmuşdur. İkinci oğlu Əli Qori müəllimlər seminariyasını, digər
oğlanları Paşa, Adil və Mahmud isə gimnaziya bitirərək müəllim işləmişlər.
Məmmədvəli Qəmərlinskinin özü 1898-ci ildə İrəvanda rus-tatar məktəbini
bitirmiş, 1900-cü ilin martında İrəvan quberniya məclisində imtahan verərək
müəllim adı qazanmışdır. O, 1901-1911-ci illərdə İrəvanda rus-tatar məktəbinin
müəllimi olmuşdur. Onun yazdığı “Atalar sözü” kitabı 1889-cu ildə İrəvanda
“Edilson” mətbəəsində çap olunmuşdur. 1907, 1908 və 1911-ci illərdə çap edilən
“Ana dili” dəsrsliyinin müəlliflərindən biri Mirzə Məmmədvəli Qəmərlinski
olmuşdur. Mirzə Məmmədvəli 1906-cı ildə Bakıda keçirilən müəllimlərin
qurultayında iştirak edərkən Nəriman Nərimanov onu İrəvan Çuxurunun görkəmli
maarifpərvərlərindən biri kimi Mirzə Ələkbər Sabirlə tanış etmiş. İrəvanda
mövcud olan məktəblər haqqında şairə məlumat vermişdi. Mahmud Qəmərlinin atası
haqqında yazdığı “Atamın xatirələrindən” adlı yazıda həmin hadisəni atasının
dilindən təsvir edərək yazır: “Rəhmətlik Sabirin sevincdən gözləri yaşardı və
mənə xüsusi meyl, rəğbət bəsləyərək uzun-uzadı dərdləşdik. Mən Sabiri İrəvana
qonaq dəvət etdim. Lakin ikimiz də bir dərddə, bir vəziyyətdə idik. Bizim İrəvan
xərcimizi N.Nərimanov ödədi. Qurultay qurtarandan sonra biz İrəvana getdik.
Rəhmətlik Sabir Həşim bəy Nərimanbəyov, Həmid bəy Şahtaxtinski, Sultanov,
Qaziyevlər və başqaları ilə tanış olarkən dedi: “Mirzə, sizin bu müəllimlər,
məktəblər, dərs üsulunuz, xüsusən də müsəlman qız məktəbi məni valeh etdi. Yaxın
gələcəkdə bizim millətin də ön sırada olacağına əmin olmaq olar.”
[155]
Görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadi 1905-1906-cı illərdə
ermənilərin Cənubi Qafqazda azərbaycanlılara qarşı törətdikləri qırğınlardan
bəhs edən “Qanlı sənələr” əsərində Məhəmmədqulu bəy Kəngərlinskinin Qafqazda ilk
dəfə olaraq İrəvanda müsəlman leyli (qızlar) məktəb-pansionunu açdığını yazır.
1864-cü ildə Naxçıvanda hərbçi Şəfi bəy Kəngərlinin ailəsində doğulan
Məhəmmədqulu bəy Sankt-Peterburqda ali topçu məktəbini bitirmiş, ordudan
istefaya çıxdıqdan hüquq fakültəsini bitirmişdi. Naxçıvana qayıdan Məhəmmədqulu
bəy bir müddət orada yaşadıqdan sonra İrəvana gəlmiş, şəhərin müsəlman
əhalisinin pozulan hüquqlarını müdafiə etmək üçün imtahan verərək vəkillik
hüququ qazanmışdı. Məmmədqulu bəyin İrəvanda məktəb açmasına İrəvan qubernatoru
21 sentyabr 1903-cü ildə icazə vermişdir. Məmmədqulu bəy Peterburqdan Nikolay
İvanoviç Pivenşteyn və Luiza
Fay adında iki ali təhsilli müəllim dəvət etmişdi. Məhəmmədqulu bəyin İrəvan
qızlar məktəbindən çəkilən fotosunu M.S.Ordubadi “Qanlı sənələr” kitabına daxil
etmişdir. 1905-ci ilin martında Məhəmmədqulu bəy Peterburqa gedərək Qafqaza yeni
canişin təyin edilən qraf İllarion Voronsov-Daşkovla görüşmüş, İrəvan
quberniyası müsəlmanlarının problemlərini canişinin diqqətinə çardırmışdı. Həm
vəkillik, həm də məktəb müdirliyi edən Məhəmmədqulu bəyi erməni terrorçu
təşkilatları hədəfə götürmüşdülər. 1905-ci il iyunun 1-də Məhəmmədqulu bəy
erməni terrorçularının təhdidinə dözməyərək məktəbi bağlamaq məcburiyyətində
qalmış, Parisə gedərək hüquqşünas kimi fəaliyyətini orada davam etdirmək
qərarına gəlmişdi. Erməni terrorçuları 1905-ci il avqustun 31-də Parisə getmək
istəyən Məhəmmədqulu bəyi Batumda yaxalayaraq küçənin ortasında qətlə
yetirmişdilər. Məhəmmədqulu bəyin qətli ilə bağlı “Kaspi” və “Həyat”
qəzetlərində nekroloq dərc edilmişdi. Məhəmmədqulu bəy Kəngərli Cəlil
Məmmədquluzadənin 1904-cü ildə Tiflisdə vəfat edən həyat yoldaşı Nazlı xanımın
qardaşı idi. Onun cənazəsi Tiflisə gətirilərək bacısının məzarının yanında dəfn
edilmişdir. [156] İrəvan Müəllimlər Seminariyasının 1902-ci il
məzunlarından olan İbadulla bəy Muğanlınski də İrəvanda pansion açmışdı.
Görkəmli ədəbiyyatşünas alim Əziz Şərif 1906-1908-ci illərdə İrəvanda İ.
Muğanlinskinin pansionunda və İrəvan gimnaziyasının hazırlıq sinfində təhsil
almışdı. O, öz xatirələrində yazır ki, onun oxuduğu pansiondan əlavə, İrəvanda
Cəfər bəy Cəfərovun da pansionu fəaliyyət göstərirdi. İrəvanda Daşlı küçədə
yerləşən İ.Muğanlinskinin pansionunda Cabbar Məmmədov Azərbaycan dilini tədris
edirmiş. İkimərtəbəli pansionunun birinci mərtəbəsində sinif otaqları, ikinci
mərtəbəsində isə yataq otaqları yerləşirmiş. Ə.Şərif oxuduğu pansionda ciddi
nizam-intizamın və ciddi tələbkeşliyin olduğunu yazır.
[157]
Cəfər bəy Cəfərbəyov 1897-ci ildə İrəvan Oğlan Gimnaziyası nəzdində hazırlıq
məktəbini bitirmişdi. O, 1901-ci ildə İrəvan Müəllimlər Seminariyasını
bitirdikdən sonra Məhəmmədqulu bəy Kəngərlinskinin məktəbinə tərbiyəçi təyin
edilmişdi. Daha sonralar Yengicədə və Aleksandropolda müəllim işləmişdi. Qafqaz
popeçitelinin İrəvan quberniyası xalq məktəbləri direktoruna göndərdiyi 20
noyabr 1907-ci il tarixli məktubunda qeyd edilir ki, Cəfər bəy Cəfərbəyova
üçüncü dərəcəli xüsusi təhsil müəssisəsi (türk dilindən başqa qalan fənlərin rus
dilində tədris edilməsi şərtilə) açmağa icazə
verilmişdir.[158]
İrəvanda fəaliyyət göstərən özəl məktəblərin və mədrəsələrin hamısında şəriət
dərsləri ilə yanaşı, fars dili dərsləri dərs vəsaiti kimi Sədi Şirazinin
“Gülüstan” əsəri əsasında tədris edilirdi. Cabbar Məmmədovun atası Mirzə Abbas
Məhəmmədzadə fars dilini və qrammatikasını gözəl bildiyindən onun yanına
quberniyanın müxtəlif yerlərindən bu dili öyrənməyə gələrdilər. Əziz Şərif də
fars dilini Mirzə Abbasdan “Gülüstan” kitabının sözbəsöz tərcüməsi yolu ilə
öyrənmişdi. Mirzə Abbas həmçinin rus dilini də mükəmməl öyrənmişdi.
İrəvan
Oğlan Gimnaziyasında dərs deyən Abbas Məhəmmədzadə bir sıra dərsliklərin
müəllifi idi. 1912-ci ildə Bakıda “Orucov qardaşları” mətbəəsində Mirzə Abbas
Məhəmmədzadənin “Güldəstə” adlı kitabı nəşr olunur. Üzərində “İrəvanda satış
üçün” sözləri yazılmış bu kitaba Sədinin, Caminin tərbiyəvi əhəmiyyət kəsb edən
nəsihətamiz şeirlərindən nümunələr daxil edilmişdi. Mirzə Abbas “Güldəstə”
kitabına həmçinin özünün “Razi” imzası ilə yazdığı xalqı elmə, maariflənməyə
çağıran şeirlərini də daxil etmişdi. 1913-cü ildə Mirzə Abbas Məhəmmədzadənin
yazdığı “Bədrağatül-Ətfal” (Balalara hədiyyə”) dərsliyi Bakıda, Tiflisdə və
İrəvanda çap olunmuşdu. 1913-cü ildə Mirzə Abbasın “Самоучитель фарсидского
языка для русских” adlı daha bir dərsliyi Bakıda yenə də “Orucov qardaşları”
mətbəəsində çap olunmuşdu. 1918-ci ildə ermənilərin İrəvanda törətdikləri
qırğınlardan canını qurtararaq Təbrizə gedən Mirzə Abbas bir il sonra orada
vəfat etmişdir. [159]
1913-cü ildə İrəvan şəhərində daha bir ibtidai azərbaycanlı qızlar məktəbi
açılmışdı. Bu məktəbin maddi-maliyyə təchizatı şəhər idarəsinin üzərində idi.
(Акопян Тадевос. Очерк истории Еревана. с.287).
İrəvan məktəblərinin bir çox azərbaycanlı məzunları sonradan Rusiyada və xarici
ölkələrdə ali təhsil almışdılar. Həbib bəy Səlimov Peterburq Hərb Akademiyasını,
Nəriman bəy Nərimanbəyov əvvəlcə Moskvada Dövlət Universitetin fizika-riyaziyyat
fakültəsini, sonra Xarkovda hüquq fakültəsini, Ruqiyyə və Kubra xanım
Mirbabayeva bacıları İsveçrədə tibb və humanitar fənlər fakültələrini, Miryusif
Mirbabayev, Məmməd bəy Qazıyev, Teymur bəy Makinski, Adil bəy və Əkbər bəy
Qazıyev qardaşları Moskva Dövlət Universitetinin hüquq fakültəsini, Əkbər ağa
Şeyxülislamov Peterburq Yol Mühəndisləri İnstitutunu, Mustafa bəy Topçubaşov
Kiyev Dövlət Universitetinin tibb fakültəsini, Abbas ağa Fərəcov Almaniyada
Leypsiq universitetini bitirmişdi. [160]
Ermənilərin 1918-1920-ci illərdə İrəvanda həyata keçirdikləri soyqırım
azərbaycanlı məktəblərinin hamısının bağlanması ilə nəticələndi. İrəvan
ziyalılarının bir qismi erməni vəhşiliklərinin qurbanı oldular. Bir çox
ziyalılar isə İrəvan şəhərindən didərgin düşdülər. İrəvanlı ziyalıların bir
qismi İrana, bir qismi Türkiyəyə qaçdılar, böyük bir qismi isə Azərbaycanda
özlərinə yeni yurd-yuva qurdular. Yüz illər boyu formalaşmış adlı-sanlı
nəsillərin hərəsi bir tərəfdə özlərinə sığınacaq tapdı, qohumluq bağları
qırıldı, yeni mühitdə yeni adət-ənənələrə uyğunlaşmaq məcburiyyətində
qaldılar.
Daşnakların hakimiyyəti dövründə şəhəri tərk etmiş azərbaycanlıların yalnız bir
qismi Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra İrəvana qayıda bilmişdi.
Bütün zamanlarda bu ərazidə çoxluq təşkil edən azərbaycanlılar öz doğma
yurd-yuvalarında “milli azlığa” çevrilmişdilər. Ermənistan Xalq Komissarları
Soveti 1920-ci il dekabrın 9-da məktəblərin kilsədən və məsciddən ayrılması və
dövlətin ixtiyarına verilməsi barədə dekret vermişdi. Ermənistan Xalq Maarif
Komissarlığının 17 dekabr 1920-ci il tarixlı əmrində təlimin məktəblərdə ana
dilində və pulsuz olacağı qərara alınmışdı. Ermənistan XMK-nin 23 aprel 1921-ci
il tarixli qərarına əsasən azərbaycanlıların öz dillərində təhsil alması, erməni
və xarici dillərdən birinin məcburi tədris edilməsi təsbit edilmişdi.
Ermənistanda yaşayan digər xalqların arasında aparılan mədəni-maarif işlərinə
rəhbərlik etmək üçün 1921-ci ilin sonlarında Ermənistan K(b)P MK-nın
təbliğat-təşviqat şöbəsinin nəzdində azlıqda qalan millətlərlə işi gücləndirmək
üçün türk bölməsi yaradılmışdı. Həmin bölməyə əvvəlcə sabiq İrəvanlı,
Azərbaycandan gəlmiş Məmmədəli Nasir, sonra isə 1921-ci ildə Azərbaycandan
rəhbər vəzifəyə göndərilən, Ermənistan xalq daxili işlər komissarının müavini,
daha sonra isə xalq ictimai təminat komissarı olmuş Bala Əfəndiyev rəhbərlik
etmişdi. Sonralar Ermənistan Xalq Maarif Komissarlığının nəzdində fəaliyyət
göstərən “Azlıqda qalan millətlər bürosu” 1932-cü ilin iyunundan “Azlıqda qalan
millətlər şurası”na çevrilmişdi. Ermənistanda yaşayan azərbaycanlılar arasında
savadsızlığın ləğv edilməsində “Azlıqda qalan millətlər şurası”nın xüsusi rolu
olmuşdu. 1924-cü il aprelin 28-də İrəvanda Yeni Türk Əlifba Komitəsi
yaradılmışdı. Bala Əfəndiyevin rəhbərlik etdiyi Yeni Türk Əlifba Komitəsi
Ermənistanda azərbaycanlı əhali arasında savadsızlığın ləğv edilməsində çox iş
görmüşdü.
Ermənistanda sovet hakimiyyətinin qurulmasından sonra təhsilin inkişafı üçün
əməli tədbirlər həyata keçirilməyə başlanılmışdı. Azərbaycanlı məktəblərinin
müəllimə olan ehtiyacını təmin etmək üçün qısa müddət ərzində İrəvanda və
Gümrüdə kurslar təşkil edilmişdi. Bəzi müəllimlər ixtisaslarını artırmaq üçün
Bakıya göndərilmişdilər. Əgər 1922-ci ildə Ermənistanda təhsil Azərbaycan
dilində olan 32 məktəb var idisə, 1923-24-cü tədrisi ilində onların sayı 104-ə
çatmışdı. [161]
Sovet
hakimiyyətinin ilk illərində İrəvan şəhərində azərbaycanlı qızlar məktəbində,
keçmiş Haşım bəy Nərimanbəyovun məktəbinin bazasında fəaliyyət göstərən Məşədi
Əzizbəyov adına məktəbdə (bu məktəbi irəvanlılar Haşım bəyin məktəbi
adlandırırdılar), əvvəllər S.M.Kirov adına olan və sonralar Mizə Fətəli
Axundovun adını daşıyan məktəbdə və şəhərdəki digər iki beynəlmiləl məktəbdə
azərbaycanlı uşaqları təhsil alırdılar. İrəvan şəhərində savadsızlığı ləğvetmə
kursları açılmışdı. 1923-cü ildən fəaliyyət göstərən İrəvan Qadınlar Klubu
savadsızlığın ləğv edilməsində və evdar qadınlara peşə öyrədilməsində xeyli iş
görmüşdü.
1925-ci il mayın 30-da Əzizbəyov adına məktəbdə Ermənistandakı azərbaycanlı
məktəblərinin müəllimlərinin respublika müşavirəsi keçirilmiş, yeni əlifbanın
təlim üsullarının bəzi cəhətlərinə aydınlıq gətirilmişdi. Həmin il avqustun
25-də Leninakanda (Gümrüdə) Ermənistandakı azərbaycanlı məktəblərinin
müəllimlərinin qurultayı keçirilmişdi.
1930-cu ildə ümumicbari ibtidai təhsilin tətbiqinə başlanılmışdı. 1930-1931-ci
tədris ilində Ermənistanda 971 məktəb mövcud idi ki, orada 132300 şagird təhsil
alırdı. Bunlardan 162-si azərbaycanlı məktəbi idi və onlarda 9536 şagird təhsil
alırdı. 1936-cı ildə Ermənistandakı azərbaycanlı məktəblərində işləyən 541
müəllimdən yalnız 5-nin ali təhsili var idi ki, onlar da İrəvan şəhərindəki
məktəblərin müəllimləri idilər. 1935-ci ildə Leninakanda (Gümrüdə) Azərbaycan
dilində qiyabi ikiillik Müəllimlər İnstitutu açılmışdı. Sonradan həmin institut
Dilican şəhərinə köçürülmüş və daha sonra bağlanmışdı. İkiillik Müəllimlər
İnstitutunda Bakıdan göndəriləm müəllimlər dərs
deyirdilər. [162]
Ermənistanda sovet hakimiyyəti qurulsa da azərbaycanlılara qarşı məkrli siyasət
üstüörtülü şəkildə davam etdirilirdi. Ermənistanın kommunist qiyafəsinə bürünmüş
millətçi rəhbərləri milli ayrıseçkilik edir, azərbaycanlı əhalini başsız qoymaq
üçün ilk növbədə onların ziyalılarını müxtəlif yollarla sıradan çıxarırdılar. XX
əsrin 20-30-cu illər repressiyası bütöv Ermənistanda olduğu kimi, İrəvanda
yaşayan azərbaycanlı ziyalıların və din xadimlərinin də sıralarının seyrəlməsinə
səbəb olmuşdu. Ermənistan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları
Şurasının 18 iyun 1928-ci il tarixli qərarı ilə azərbaycanlıların dini
mərasimlərinin istər məscidlərdə, istərsə də digər dini ibadət
yerlərində keçirilməsinə qadağa qoyularaq cinayət əməli hesab edilmişdi. Bundan
sui-istifadə edən Ermənistanın hüquq-mühafizə orqanları yüzlərlə azərbaycanlı
din xadimini saxta ittihamlarla repressiyaya məruz qoyulmalarına nail
olmuşdular. İlk təhsilini İrəvanda alan, sonra Bağdadda və Nəcəfdə təhsilini
davam etdirən, ərəb və fars dillərinə mükəmməl yiyələnən məşhur şərqşünas,
“Hadi”, “Səfa” təxəllüsü ilə ərəb, fars və Azərbaycan dilində şeirlər yazan
Mirzə Hüseyn ağa repressiyaya məruz qoyularaq 1938-ci ildə Rusiyanın Kaluqa
şəhərinə sürgün edilmiş, təqribən 70 yaşında orada vəfat etmişdir. Hüseyn
Cavidlə, Bəkir Çobanzadə ilə dostluq edən, Rusiya və İrandakı şərqşünaslarla
məktublaşan Mirzə Hüseyn ağanın irsini də ermənilər müsadirə edərək məhv
etmişdilər. [163]
İrəvanlı ziyalılardan “Qızıl şəfəq” qəzetinin redaktoru Mustafa Hüseynov saxta
ittihamla həbs edilərək güllələnmiş, qəzetin digər əməkdaşlarından İbrahim
Əliyev, şair Abbas Azəri, İsmayıl Əliyev, Abdulla Mirzəyev repressiyaya məruz
qoyulmuşdular. 1930-1935-ci illərdə İrəvan Türk Pedaqoji texnikumunun 102 nəfər
tələbə və müəllimləri “bəy”, “xan”, “mülkədar”, “qolçomaq”, “kulak” damğası ilə
repressiyaya məruz qoyulmuşdular. [164]
1924-cü ildən fəaliyyət göstərən, Ermənistandakı azərbaycanlı məktəbləri üçün
müəllimlər hazırlayan internat tipli İrəvan Türk Pedaqoji Texnikumunun məzunları
arasından onlarla akademik, elmlər doktorları, yüzlərlə maarif fədailəri
yetişmişdir. Bu təhsil ocağına müxtəlif vaxtlarda Mehdi Kazımov, Bəhlul Yusifov,
Həmid Məmmədzadə kimi tanınmış maarif xadimləri rəhbərlik etmişlər. 1936-cı
ildən İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi adlanan həmin təhsil ocağı Azərbaycan
elminə və maarifinə görkəmli xadimlər bəxş etmişdir. Azərbaycan SSR Elmlər
Akademiyasının prezidenti olmuş Yusif Məmmədəliyev Azərbaycan Ali Pedaqoji
İnstitutu bitirdikdən bir qədər sonra, 1928-1929-cu illərdə
İrəvan Pedaqoji Məktəbində və fəhlə fakültəsində müəllim işləmişdir. O, İrəvan
azərbaycanlılarının ictimai həyatında da fəal iştirak etmişdir. Y.Məmmədəliyev
həmin dövrdə Ermənistanda azlıqda qalan millətlərlə iş komissiyasının üzvü
olmuş, kütlənin hüquqi vəziyyəti, gənclərin, xüsusən də qızların təhsilə cəlb
edilməsi ilə əlaqədar mətbuat səhifələrində çıxış
etmişdir. [165]
1926-cı ilin ortalarından etibarən İrəvan Yeni Türk Əlifba Komitəsi və
Ermənistan Xalq Maarif Komissarlığının nəzdindəki Azsaylı xalqlarla iş şöbəsinin
birgə orqanı olan “Xalq maarifı” adlı pedaqoji məcmuə ayda bir dəfə işıq üzü
görməyə başlayır. Bala Əfəndiyevin və Mehdi Kazımovun təşəbbüsü sayəsində nəşr
edilən “Xalq maarifı” jurnalı əsasən azərbaycanlı müəllimlərin mədəni-maarif və
pedaqoji tələbatını ödəmək, tədrisin yeni metod və üsullarla aparılmasına yardım
etmək məqsədi daşıyırdı. Jurnalın ayda bir dəfə nəşr edilməsi nəzərdə tutulsa
da, 1926-cı ildən 1932-ci ilə qədər cəmi 9 nömrəsi işıq üzü görmüşdür.
Ermənistanın şovinist rəhbərliyi azərbaycanlıların mədəni inkişafının qarşısını
almaq üçün heç bir əsas olmadan bu jurnalın da fəaliyyətini əvvəlcə əngəlləmiş,
sonra isə tamamilə dayandırmışdı. [166]
1928-ci ildən İrəvanda Kənd Təsərrüfatı Texnikumunun azərbaycanlı bölməsi
fəaliyyətə başlamış, 1933-cü ildən həmin bölmə müstəqil İrəvan Azərbaycanlı Kənd
Təsərrüfatı Texnikumuna çevrilmişdi. 1937-ci ildən İrəvan Pedaqoji İnstitutunun
3 fakültəsində azərbaycanlı bölməsi (dil-ədəbiyyat, fizika-riyaziyyat,
tarix-coğrafiya) mövcud idi. “Könüllü köçürülmə” adı altında həyata keçirilən
azərbaycanlıların Ermənistandan 1948-1953-cü illər deportasiyası nəticəsində
azərbaycanlı məktəblərinin şəbəkəsi ciddi dağıntıya məruz qoyuldu. İrəvan
Pedaqoji Texnikumu 1948-ci ildə tələm-tələsik Azərbaycanın Xanlar (indiki
Göygöl) rayonuna köçürüldü. İrəvan Dövlət Pedaqoji İnstitutunun və Erməni Dövlət
Qiyabi Pedaqoji İnstitutunun azərbaycanlı bölmələri (dil-ədəbiyyat, tarix,
fizika-riyaziyyat) müvafiq olaraq Bakıdakı pedaqoji institutlara köçürüldü.
Həmin dövrdə İrəvan şəhərində təlim Azərbaycan dilində olan iki orta məktəbin
– Kirov adına qızlar və Əzizbəyov adına oğlanlar orta məktəblərinin
müəllim və şagird kontingentinin xeyli hissəsi Azərbaycana köçmək
məcburiyyətində qalmışdı. Bununla da azərbaycanlı pedaqoji kadrların İrəvan
şəhərindən uzaqlaşdırılmasını istəyən Ermənistan rəhbərliyinin çoxdankı arzusu
həyata keçmiş oldu.
Yalnız 1954-cü ildə tərkibində iki fakültə (fizika-riyaziyyat və Azərbaycan dili
və ədəbiyyatı) olmaqla İrəvan Pedaqoji İnstitutunda yenidən azərbaycanlı bölməsi
açıldı. İnstitutda yalnız Azərbaycan dili və ədəbiyyatı kafedrası müstəqil
fəaliyyət göstərirdi. Kafedraya əvvəlcə tanınmış elm xadimi Əkbər Yerevanlı,
onun vəfatından sonra isə Knyaz Mirzəyev rəhbərlik etmişdi. İnstitutun
azərbaycanlı bölməsində müəyyən fənlərin tədrisi üçün Bakıdan müvafiq ixtisaslı
alimlər dəvət edilirdi. 1961-ci ildə İrəvan Pedaqoji İnstitutunda
Fizika-riyaziyyat və Ədəbiyyat-tarix fakültələri ləğv edilmiş, əvəzində 25
tələbənin təhsil aldığı İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsi
açılmışdı.
1970-ci ildə İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsi də ləğv
edilmiş, əvəzində 25 tələbə qəbul edilən Ədəbiyyat-tarix fakültəsi
açılmışdı.
1960-cı
illərin ortalarından etibarən erməni şovinizminin yenidən baş qaldırması və
qədim azərbaycanlı məhəllələrində kompakt şəkildə yaşayan azərbaycanlı
ailələrinin şəhərin kənarında salınan yeni qəsəbələrə pərakəndə halında
köçürülmələri, azərbaycanlı balalarının şəhərin ucqarlarından mərkəzdəki
azərbaycanlı məktəblərinə gedib-gələ bilməmələri azərbaycanlıları ailələrini
İrəvan şəhərindən köçüb getməyə məcbur edirdi. Bəzi azərbaycanlı ailələri öz
uşaqlarını şəhərdəki rusdilli məktəblərdə oxutdurmaq məcburiyyətində qalırdılar.
Bütün bunlar öz növbəsində İrəvan şəhərində azərbaycanlı şagird və müəllim
kontingentinin azalmasına səbəb olurdu. Ermənistan SSR Maarif Nazirliyinin
1981-1982-ci illərdə təlim Azərbaycan dilində aparılan və beynəlmiləl məktəblər
haqqında verdiyi məlumata görə, Ermənistanda 155 sırf azərbaycanlı və
azərbaycanlı siniflərinin də mövcud olduğu 38 beynəlmiləl məktəblərdə cəmi 48812
azərbaycanlı şagird təhsil almışdır. Həmin dövrdə İrəvan şəhərində mövcud olan
bir səkkizillik və bir azərbaycanlı orta məktəbində cəmisi 176 şagird təhsil
almışdır. Onlardan 36-sı Əzizbəyov adına səkkizillik məktəbdə, 140-ı isə Axundov
adına orta məktəbdə oxuyurdular. [167]
İrəvan şəhəri Azərbaycan elminə bir sıra görkəmli şəxsiyyətlər bəxş etmişdir.
Uzun müddət Ermənistan SSR Maarif Nazirliyi sistemində işləmiş Nurəddin
İbrahimovun tərtib etdiyi siyahıdan məlum olur ki, sovet hakimiyyətinin
süqutunadək əslən İrəvan şəhərindən olan, elmin müxtəlif sahələrini əhatə edən 6
akademik, akademiyanın 3 müxbir üzvü, 27 elmlər doktoru və 73 elmlər namizədi
yetişmişdir. Bir ənənə olaraq Ermənistan SSR maarif nazirinin müavinlərindən
biri azərbaycanlı olurdu. Bu vəzifədə müxtəlif vaxtlarda Rəhim Allahverdiyev,
Rza Vəlibəyov, Suren Şərifov, İsrafil Məmmədov işləmişlər.
1988-ci ildə Dağlıq Qarabağda erməni separatizminin baş qaldırması Ermənistanda
azərbaycanlıların tamamilə deportasiya olunması və bununla da zəngin ənənəyə
malik olan təhsil ocaqlarının birdəfəlik məhv edilməsi ilə nəticələndi. 1988-ci
ilin fevralında M.F.Axundov adına İrəvan şəhər azərbaycanlı orta məktəbinin
binası erməni vandalları tərəfindən yandırıldıqdan sonra məktəbdə tədris
prosesinə son qoyuldu. Ümumiyyətlə, 1988-1989-cu illərdə təlim Azərbaycan
dilində aparılan 155 məktəb və 38 beynəlmiləl məktəblərdəki azərbaycanlı bölməsi
bağlandı. 48681 şagird və 3992 müəllim Ermənistandan zorakılıqla deportasiya
edildi.
Tarixən Azərbaycanın elm, maarif və mədəniyyət mərkəzlərindən biri olan İrəvan
şəhəri XX əsrin sonlarında etnik təmizlənməyə məruz qoyularaq sırf erməni
şəhərinə çevrildi.
Elm və təhsil
Nazim
Mustafa
tarix üzrə fəlsəfə doktoru